6
də ermənilər "Qafqaz evi" ideyasına münasibətdə destruktiv mövqe tutduqlarına görə, bu nəcib məqsədin
reallığa çevrilməsi istiqamətində irəliləyiş əldə edilməmişdi.
Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərkin fəaliyyəti öz bəhrəsini verdi - 1920-ci il yanvarın
12-də Versal konfransının Ali Şurası Azərbaycanın və Gürcüstanın de-fakto tanınması barəsində qərar qəbul
etdi. Həmin tarixi hadisənin iştirakçılarından biri olan Miryaqub Mirmehdiyev yazırdı: "Bu iki ölkənin
nümayəndəsi xarici işlər nazirliyinə dəvət olundu, orada müsyö Kambon konfrans adından onlara hörmət
əlaməti olaraq öz minnətdarlığını bildirdi. Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan
respublikaları rəsmi olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə müstəqil dövlətlər kimi tanınmışlar. Bu
andan başlayaraq hər iki ölkə rəsmi şəkildə Ali Şura ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata
alınmalarını, konfransın iclaslarında qanuni haqlarını, bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan
başqa Kambon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiyadan
ayrılmalarının tanınması ilə müşayiət olunmalıdır. Buradan çıxış edərək demək olar ki, Azərbaycan və
Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər hesab ediləcək".
Bir həftə sonra - yanvarın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasında bu qərar
bir daha təsdiqləndi. Həmin iclasda çıxış edən Azərbaycan Nümayəndə heyətinin başçısı Ə. M. Topçubaşov və
nümayəndəliyin müşaviri M. Məhərrəmov Avropanın müəyyən hərbi və iqtisadi yardım göstərəcəyi təqdirdə
Azərbaycan Cümhuriyyətinin öz müstəqilliyini qoruyub saxlamağa qadir olduğunu bildirdilər. Tarixçi professor
C. Həsənlinin belə bir fikri ilə razılaşmaq lazımdır ki, "1920-ci ilin yanvarında Paris sülh konfransında
Azərbaycan Respublikasının siyasi cəhətdən tanınması Ə. M. Topçubaşov başda olmaqla Azərbaycan
nümayəndələrinin uğurlu diplomatik fəaliyyəti hesab olunmalıdır".
Nümayəndə heyətinin taleyi
Nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, Azərbaycan xalqının yüz illik rus əsarətindən sonra
nəhayət ki, müstəqil yaşayacağına, öz dövlətini quracağına, öz torpağının və taleyinin sahibi olacağına bəslənən
ümidlər doğrulmadı. "Vahid və bölünməz Rusiya" qayəsində ağqvardiyaçılarla bir mövqedə dayanan
bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər. Bir ildən artıq Parisdə Azərbaycan davası aparan
Nümayəndə heyətinin vətənə gedən yolları həmişəlik bağlandı. Lakin 1920-ci il mayın ortalarında Parisdə
aldıqları acı xəbər onları müstəqillik qayəsindən çəkindirmədi, mübarizə əzmindən döndərmədi.
Artıq sentyabr ayında Ə. M. Topçubaşov Cenevrədə, Millətlər Cəmiyyətinə təqdim etdiyi
memorandumda öz müstəqilliyini elan etmiş və bir sıra dünya dövlətləri tərəfindən de-fakto tanınmış
Azərbaycan Cümhuriyyətinin bolşevik rus qüvvələri tərəfindən işğalı faktına diqqəti cəlb edir və Cəmiyyətin bu
məsələyə öz münasibətini bildirməsini zəruri sayırdı. həmin ilin noyabrında o, Cenevrədə Millətlər
Cəmiyyətinin yığıncağında çıxış edərək yenidən Azərbaycanın istilası məsələsinə toxunmuşdu. Ə. M.
Topçubaşovun 1922-ci ildə Genuya və Lozanna, 1923-cü ildə London konfranslarında hərbi təcavüzə uğramış
Azərbaycan dövlətinin təmsilçisi kimi etiraz çıxışları nəticəsiz qalmamışdı. Məsələn, Genuya konfransı
bolşeviklərin Azərbaycan adından danışmağa heç bir səlahiyyətlərinin olmadığını bəyan etmişdi.
20-ci illərdə Fransada keçmiş Rusiya imperiyasından olan siyasi mühacirlərin liderlərindən biri kimi
tanınan Ə. M. Topçubaşov bir tərəfdən dünya ictimaiyyətinin diqqətini Azərbaycanın tapdalanmış haqlarına
cəlb etməyə çalışır, o biri tərəfdən isə hər vasitə ilə siyasi mühacirətin, ilk növbədə də keçmiş Qafqaz
respublikaları təmsilçilərinin iş birliyini qurmağa səy göstərirdi. Onun təşəbbüsü və rəhbərliyi ilə artıq 1921-ci
ilin iyununda Azərbaycanın, Gürcüstanın və Ermənistanın səlahiyyətli nümayəndələri öz aralarında siyasi və
iqtisadi ittifaq yaratmağın zəruriliyi qərarına gəlmişdilər.
Bu illərdə Azərbaycan siyasi mühacirəti arasında birliyin və həmrəyliyin əldə olunmasında da Ə. M.
Topçubaşov mühüm rol oynamışdı. O, Avropadakı azərbaycanlı siyasi mühacirlərlə Türkiyədəki Azərbaycan
Milli Mərkəzi arasında yaranmış ixtilafın aradan qaldırılmasına hər vasitə ilə çalışmış, 1928-ci ildə Parisə gələn
M. Ə. Rəsulzadə ilə danışıqlardan sonra rəhbərlikdəki paralelliyə son qoya bilmiş, mühacirətin vahid mərkəzdə
birləşməsi ideyasına tərəfdar çıxmışdı. Ə. M. Topçubaşov Azərbaycanın müstəqilliyini görə bilməsə də, 1905-ci
ildən etibarən uğrunda ardıcıl və dönmədən mübarizə apardığı ideyaların birinin gerçəkləşməsinin şahidi
olmuşdu -1934-cü ilin iyununda onun da iştirakı ilə mühacirətdəki azərbaycanlı, erməni, gürcü, dağlı və başqa
Qafqaz xalqlarının təmsilçiləri Qafqaz Konfederasiyası Paktının yaradılması barəsində saziş imzalamışdılar.
1934-cü il noyabrın 5-də Parisdə dünyaya gözlərini yuman Ə.M. Topçubaşovun ölümü milli mənsubluğundan
asılı olmayaraq bütün mühacirət dairələrini eyni dərəcədə kədərləndirmişdi. Siyasi mühacirətin müştərək orqanı
olan "Prometey" jurnalı onun ölümünə ayrıca nömrə həsr etmişdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 1993-
cü ilin dekabrında Fransada rəsmi səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev bu görkəmli dövlət
xadiminin və Cümhuriyyətin qurucularından birinin Parisin Sen - Klu məzarlığındakı qəbrini ziyarət etmişdir.
1919-cu ilin avqustunda iki aylıq ezamiyyətlə Bakıya gələn Nümayəndə Heyəti sədrinin müavini M. H.
Hacınski bir daha geriyə - Parisə dönməmişdi. Ə. M. Topçubaşov Nazirlər Şurası sədrinin adına göndərdiyi
məktubda Bakıda onun üzərinə heç bir funksiya və vəzifə qoyulmamağını, iki aydan sonra geriyə