deyildi, söz əvəzinə adamın boğazından qatma-qarışıq səslər çıxırdı, elə bil
boğazında su qaynadırdı.
Həyətdə polsi maşını dayandı, ona ağzını açmağa imkan vermədən qollarından
yapışıb maşına mindirdilər.
Yalnız maşınla polis şöbəsinə gedəndə onu şöbədə nələr gözlədiyini təsəvvür
eləməyə başladı.
Dərisinə saman təpəcəkdilər, nəinki işi əldən çıxartmış, hələ üstəlik polisin iki min
manatının da başına daş salmışdı.
Gözlədiyinin tam əksinə olaraq onu əqrəbin yox, rəisin yanına apardılar. Rəisin kefi
saz idi, gözləri gülürdü, dovşan, demək, qayıtdın. Bizim pulumuza kef çəkdin. Bir
şeyi unutdun, biz xəyanət eləyənləri bağışlamırıq.
Bakıda 3-cü mikrorayon bazarında bizim rayondan bir nəfər dalaşıb, onu tutmaq
istəyən polisi bıçaqla vurub, aradan çıxıb. Polisi xəstəxanaya çatdıra bilməyiblər,
yolda keçinib.
Səni yola salırıq Bakıya, get və polisi bıçaqlayan həmən adam olmadığını sübut elə.
Ağzı açıla qalmışdı, nə bazar, nə polis, mən heç kafedən çıxmamışam.
Rəis sifətini turşutmuşdu, bunları orda danışarsan, mən sənə inanmıram, amma
bəlkə orda inanan tapıldı.
Rəisin kabinetindəcə qollarını qandalladılar. Otaqdan çıxarıb polis maşının
arxasındakı kameraya saldılar.
Kamerada istidən boğulur, havası çatmırdı, amma dəmir qapını nə qədər döysə də
maşını saxlamır, heç olmaya bir az hava dəyişsin deyə kameranın qapısını
açmırdılar.
Bakıya çatanda huşunu itirmək üzrə idi, polis şöbəsinin həyətində onu maşından
düşürdəndə sudan çölə atılmış balıq kimi ağzını açıb yumur, gözləri axırdı.
Onu az qala sürüyərək içəri apardılar, geniş, işıqlı otaqdı. Burda ona su verdilər, suyu
acgözlüklə içir, çənəsiylə su axırdı.
Özünə gələndən sonra özünü müstəntiq kimi təqdim eləyən cavan oğlan onu sorğu-
suala tutdu. 5 sentyabrda Bakıda olubsan? Niyə gəlmişdin, kimlə gəlmişdin?
O da suallara cavab verir, hər şeyi olduğu kimi deyirdi, yalnız necə gəlməsini gizlətdi.
Səfərin maşınıyla yox, avtobusla gəldiyini dedi. Sonra isə əcaib suallar başladı.
- Balıq satanı çəki daşıyla niyə vurdun?
- Balıq satanı? – gözlərini döyürdü.
- Hə.
- Çəki daşıyla?
- Hə.
- Nə balıq satan, nə çəki daşı?! Siz nə danışırsız?!
Müstəntiq işarə elədi, orta yaşlı, paltarları əzik-üzük olan birisini gətirdilər, adam
balıq qoxusu verirdi, boğunuq, isti kabinadan sonra qoxumuş balıq qoxusu ona lap
pis təsir eləyir, ürəyini bulandırırdı.
Çəki daşıyla vurulanın məhz bu adam olduğuna heç şübhəsi qalmadı.
Adama qarşı qəlbində nifrət hissi baş qaldırmışdı, adam bu nə qoxusudu, indiyə kimi
nə qədər balıq satıbsansa, hamısının qoxusunu canına çəkibsən, qoxudursan aləmi.
- Səni vuran buydu? – müstəntiq soruşdu.
- Yox, mən bunu ilk dəfədi görürəm.
Müstəntiq işarə elədi, adamı apardılar, amma balıq qoxusu çəkilmirdi.
Bir azdan balıq satanı gətirdilər, baş-gözü qızarmışdı, saçları dağınıq idi, gözlərində
vahimə ifadəsi var idi. Heç müstəntiqin soruşmasını gözləmədən sözləri bir-birinə
qataraq onu çəki daşıyla vuranın məhz o olduğunu təsdiqlədi.
Mənə dedi, balıq qoxuyub, sən niyə qoxumuş balıqları adamlara sırıyırsan? Mən də
dedim, kişi ol, böhtan atma, mən heç vaxt qoxumuş balıq satmaram.
Dedi, tfu sənin sifətinə, sən nə həyasız, oğraş adamsan! «Orasını düz deyib! –
müstəntiq onun sözünü kəsdi. – Çox da dərinə getmə, qısa elə». «Sonra da çəki
daşını götürüb başıma vurmaq istədi, başımı əydim, daş çiynimə dəydi. Səs-küy
düşdü, bu qaçdı, polis də arxadan onu qovurdu».
Sonra qarpız satanı gətirdilər, adam qarpız yox, biyan qoxusu verirdi, dovşanın
gözləri önündə intəhasız Muğan çölü canlanır, bu çöldə səhra küləkləri əsir, biyanlar
soyuqdan üşüyürmüş kimi titrəşirdilər.
Biyan qoxulu adam da əvvəlcə onu ilk dəfə gördüyünü dedi, sonra beş-on dəqiqəliyə
harasa aparıb, baş-gözü qızarmış halda qaytarıb gətirəndən sonra, tutquşu kimi
ötməyə başladı.
Bu qaçırdı, arxadan da polis qovurdu. Mən qarpız kəsmək üçün istifadə eldiyim iri
bıçağı piştaxtanın üzərinə qoymuşdum.
Gəlib mənim bərabərimə çatanda əl atıb bıçağı götürdü və geri dönüb arxadan gələn
polisin sinəsindən vurdu. O danışdıqca Muğan çölündə külək daha sərt əsir, biyanlar
tir-tir titrəşirdilər.
Sonra da başladılar onu dindirməyə, bircə tələbləri var idi, polisi niyə və necə
vurduğunu etiraf eləsin. Danmağın mənası yoxdur, deyirdilər, onsuz da şahidlər
məhkəmədə üzünə dirənəcəklər.
Dindirir, amansızcasına döyür, aparıb qaranlıq, dəmir qapılı, divarları beton olan
balaca otağa atırdılar. Qaranlıq otaqda sümükləri sızıldayır, azadlıqda olduğu günləri
həsrətlə xatırlayırdı.
Nə qədər qəribə olsa da, məhz bağda armud kötüyünün üzərində oturub meyvələri
gəlinciklərdən, quşlardan gözlədiyi anların həsrətini çəkirdi.
Oturursan kötüyün üstündə, yağışlardan sonra göyərmiş çəmənliyin üzərində ilıq
payız havası ilğımlanır, havadan yağış qoxusu gəlir, torpaqdan buğ qalxır, yaşıl
otların arasından utancaq payız çiçəkləri boylanır. Ara-sıra da qonşu qız çəpəri keçir,
yasəmən kolunun dibində oturub öpüşürdülər.
Dovşan onuncu gün birdən sanki yuxudan ayıldı, düz deyirdilər, danmağın mənası
yox idi, nahaq yerə özünü şikəst elətdirirdi.
Onsuz da məhkəmədə şahidlər üzünə dirənəcəkdilər, günahını boynuna almadığı
üçün məhkəmə ona daha ağır cəza verəcəkdi.
Elə həmən gün polisi öldürdüyünü etiraf elədi, müstəntiq nə yazırsa, qol çəkir,
kamera qarşısında dayanıb polisi necə öldürdüyünü ətraflı təsvir eləyirdi.
İndi ona münasibət tamam dəyişmişdi, dəmir çərçivəli, geniş pəncərəsi bağa baxan
işıqlı, tərtəmiz otaqda qalır, normal yemək yeyirdi, daha onu döymür, incitmirdilər.
Düzdür, burda da iş rəvan getmirdi, bəzən müstəntiqin ona kəlmə-kəlmə
əzbərlətdirdiklərini qarışdırırdı.
- Mən onu nəylə vurdum?
- Kimi? – müstəntiq sifətini turşudurdu.
- Əşşi, bu qoxumuş oğraşı da.
- Ay quşbeyin, çəki daşıyla!
- Çəki daşıyla niyə?
- Vuran sənsən, özündən soruş!
- Elədir, - nəhayət yadına salırdı. – Vuran mənəm, çəki daşıyla vurdum.
Bəzən də gözlərini döyüb yazıq-yazıq soruşurdu:
- Mən onu bıçaqla vurdum, hə?
- Hə.
- Bıçaqla niyə?
- Biz nə bilək, vuran sənsən.
- Elədir, - təsdiq eləyirdi, - mən bilmirəmsə, siz hardan biləsiz.
Dostları ilə paylaş: |