Hamının Sevimlisi
49
Məktəbdə dərslər 1901-ci il sentyabrın 7-də başlamışdı. Sentyabrın 9-da isə
dərs-açılış bayramı edildi. Krımdan, Özbəkistandan, Peterburq və başqa yerlərdən
çoxlu təbrik teleqramı gəlir. Peterburqdan senator Yankovski Tağıyevə yazırdı:
“Sizin xərciniz və sizin səyyiniz sayəsində açılan məktəbə müvəffəqiyyət
arzulayırıq”. Tağıyev yığıncaqdakı çıxışında deyir: “Bu qız məktəbini gələcəkdə
gimnaziyaya çevirməliyik, bu mənim arzum və amalımdır.”
Bu şənlik münasibətilə öz sevincini bildirənlərdən biri də Həsənbəy Zərdabi
idi. O atəşin çıxışını bu sözlərlə tamamlayır: “Çox yaşa, Hacı!”
Çox keçmədi ki, Rusiya imperiyasının başqa yerlərində - Tiflisdə, Kazanda,
Başqırdıstanda və Dağıstanda da müsəlman qız məktəbləri açıldı. 1915-ci ildə Bakıda
5 qız məktəbi vardı. Onlardan biri də Balaxanıda idi.
Bakıda ilk dəfə açılan Aleksandra Fyodorovna adına qız məktəbini Dl Bay adlı
bir fransız Parisdə buraxdığı kitabda əcayib, ağlasığmaz bir möcüzə adlandırırdı.
Bakı rus-müsəlman qız məktəbinin şagirdləri üçün Dağıstan qızlarının geyimi
rəsmi libas kimi qəbul edilmişdi. 1909-cu ildən isə bu məktəbin rəsmi paltarı rus qız
məktəblərinin paltarı ilə əvəz edildi. Abı rəngli parçadan don, ağ fartuk, bir də
pelorına. Gündəlik geyimdən başqa bayram və mərasim libası da vardı. Imtahan
vaxtı, bayram günləri, teatra və gəzməyə gedəndə mərasim libasını geyirdilər. 4 illik
məktəb 2 ildən sonra oldu 5 illik, sonra 6 illik, axırda da seminariya. Hacı banka
100.000 manat 5 faizli qızıl pul verib məktəbi seminariyaya çevirtdirmişdi. Onu da
qeyd etmək vacibdir ki, təkcə məktəb binası tarixi sənədlərə görə 183.533 manat qızıl
pula tamam olmuşdu. Tədris avadanlığına əlavə qızıl pulla 29.000 manat
xərclənmişdi. Bankda da 125.000 manat toxunulmaz kapital 5 faiz gəlirlə saxlanılırdı
ki, məktəbin xərclərini təmin etsin. Məktəb seminariyaya çevriləndən sonra vəsait
225.000 manat olmuşdu.
Binanın zirzəmisi Orucov qardaşlarına mətbəə üçün kirayəyə verilmişdi ki,
buradan da əldə edilən pul yenə qız məktəbinin ehtiyacına sərf edilirdi. Həmin
məktəbin nəzdində arvad müəllimlər üçün iki illik hazırlıq kursu açılmışdı.