ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   66   67   68   69   70   71   72   73   ...   88

 
273 
 
sata bilmişdim. Piyada o qədər gəzmişdim ki, dizlərim məni 
götürmürdü,  ayaqlarım  sözümə  baxmırdı.  Gəzib-dolaşıb 
“Yalama”  keçid  məntəqəsinədək  gedib  çıxmışdım.  Acından 
qarnımda “orkestr simfoniya çalırdı”. Bağdakı yeməkxanada 
oturub küftə sifariş verdim. Yeməyin ortasında ağ saqqalın-
dan nuranilik yağan, gözləri gülümsəyən 75-80 yaşlı bir qoca 
stoluma yaxınlaşdı. Əlində dermantin üzlü qədimi – 70-80-ci 
illərin istehsalı olan bir çamadan vardı. Belə üzlü çamadanın 
balacasını  məni  sünnət  edən  dəllək  Möhübbət  kişidə  gör-
müşdüm. Saqqalı və boynunun tükü pencəyinin yaxasını və 
boyunluğunu əməllicə yağlavca ilə kirlətmişdi. Paltarları da 
çamadanı  kimi  nimdaş  idi.  Təravəti,  yalnız  daim  gülüm-
səyən nurani üzündəydi.  
– Salamun əleyküm oğul, oturmaq olar? – soruşdu. 
– Buyurun dayı, əyləşin, – dedim. 
Yeməkpaylayan  qulluqçu  stola  yaxınlaşıb  qocadan  so-
ruşdu, – “Nə yeyəcəksiniz baba?” 
– Mənə də küftə ver bala, bir az da göy soğan. 
– Baş üstə. 
– Başın var olsun oğul. 
Qulluqçu yemək dalınca gedəndə soruşdum: 
– İnşallah yolunuz haradır dayıcan? 
– Ağdaşa gedəcəyəm qadan alım – dedi. 
–  Hə..,  Ağdaşın  zığ-palçığının  ən  yaxşı  vaxtıdır,  –  de-
yəsən  zarafatım  yersiz  oldu.  Jiletinin  cibindən  cib  saatını 
çıxarıb  qapağını  açdı,  –  “Qatar  neçədə  yola  düşəcək  görə-
sən?” – soruşdu. 
– Hələ 45 dəqiqəmiz var. 
–  Hə,  onda  rahat  yeməyimizi  yeyə  bilərik.  Bəs  siz,  in-
şallah harasa gedirsiniz? 


 
274 
 
– Bakıya. 
– Lap yaxşı, yolumuz yarıyadək birdir demək. Əgər bi-
let  almamısınızsa  yanımda  boş  yer  var,  birlikdə  qulaq  yol-
daşı  olarıq.  Onsuz  da  qatar  boş  gedir,  mən  11-ci  vaqon-
dayam. 
– Məmnuniyyətlə dayıcan. 
Onun  yeməyini  bitirməsini  gözlədim.  Sonra  birlikdə 
qalxıb  qocanın  kupesinə  keçdik.  Kupeyə  şərab  qoxusu  çök-
müşdü.  Kişiyə  bir  də  diqqətlə  baxdım  –  amma  içənə  heç 
bənzəmirdi. Pəncərəni açıb kupeni havalandırmaq istədim. 
Qoca: 
– Otaq yoldaşlarım yaman oğlanlar idi. Zalımlar o qədər 
içiblər ki, qoxusu çöküb eləmi? 
– Hə, çaxır qoxusu hopub içəri. Desənə, zəhləni yolboyu 
töküblər. 
–  Əsla!  Əksinə  namaz  qılan  olsam  da  heç  ruhum  da 
incimədi.  Bütün  sutkanı  elə  şən  gəlmişik  ki,  heç  vətənə  nə 
vaxt  çatdığımı  da  bilmədim.  İçmək  haram  olsa  da,  içməyin 
qaydasını  bilən  ustalar  da  varmış  bala.  İçib  ağzının  sözünü 
bilməyənlərə,  aslana  dönüb  insanı  qarışqa  görənlərə  ha-
ramdır  içki.  Yoxsa  bu  zəhrimarı  vaxtilə  Nuh  da,  İsa  da  içib. 
Əşşi, bir konsert veriblər Allah saxlamışlar... Qoy qatar yola 
düşsün,  hamısını  danışacağam.  Yazsan,  yaxşı  bir  dastan 
çıxar. 
Qocanın  üzü  gülümsədikcə,  ona  gülməyin  necə  yaraş-
dığına  valeh  olmuşdum.  Amma  bu  gülümsəmədə  bir  həya, 
gizli bir nisgil vardı. Qocaya ürəyim isinmişdi. 
–  Heç  tanış  olmadıq,  mənim  adım  Şəmşiddir  –  gü-
lümsəyib əlini mənə uzatdı. 
– Mənimki isə Valid – mən də onun əlini sıxdım. 


 
275 
 
–  Şad  oldum  oğul.  Bilməmiş  deyilsən  yəqin,  deyir,  – 
“yol  yoldaşı  dostluğun  yarısı  deməkdir”.  Soruşurlar  ki,  – 
“Qardaşın  necə  adamdır?”,  deyir,  –  “Yol  yoldaşı  olma-
mışam”.  
Qatar  fit  verib  ağır-ağır  ləngər  vurdu.  Qoca,  –  “Allah, 
Məhəmməd,  ya  Əli.  Allah  özün  iş  avandlığı  ver”  –  deyib 
çamadanın düymələrini basıb açdı. İçindən birdəfəlik plastik 
stəkanları  və  çay  termosunu  çıxarıb  qabaq  stolunun  üstünə 
qoydu, – “Çay istəsən utanma, mən çox çay içənəm...” – dedi 
və  oturacağı qaldırıb nimdaş çamadanını baqaja yerləşdirdi. 
Çamadan  eynən  dəllək  Möhübbətinki  kimi  içi  ipək  astar-
lıydı.  Hələ  qamış,  “rivanol”  dərmanı  və  ülgüc  qoyduğu  bir 
cüt yanaşı cibə gözüm sataşanda, lap gülməyim gəldi. Çün-
ki,  pis  çıxmasın,  mənim  sünnətimi  edən  zaman,  o  kəsha-
kəsdə  gözümə  görünən  bircə  Möhübbətin  o  çamadanı  ol-
muşdu.  Hələ  ülgücü  pülüyümə  çəkəndə  gözlərim  bərələrək 
həmin  çamadana  elə  baxmışdı  kı,  ömrümboyu,  üzü  üzlər 
görmüş,  neçə  oğlanı  müsəlman  etmiş  o  çamadanı  heç  vaxt 
unutmaram. Uzun ayrılıqdan sonra belə çamadanın eynisinə 
rast gəlməyim məni uşaqlıq xatirələrimə apardığı üçün Şəm-
şid  kişidən  icazə  alıb  o  nimdaş  çamadana  xeyli  toxunmaq 
istərdim.  Qucağına  oturduğum  Qəşəm  kirvəmin  yanağını 
ağzıma  yığıb  elə  gəmirmişdim  ki,  məndən  axan  qan,  kir-
vəmin  üzündən  gilələnən  qanın  yanında  heç  nəydi.  Dəllək 
qamışları  sıxdıqca  mən  də  çənələrimi  sıxırdım.  Zavallı  kir-
vəmin yanağındakı dişlərimin izi o ölənədək qalmışdı. 
Şəmşid kişinin səsi məni xəyallarımdan ayırdı. 
–    Hə,  bayaqkı  yol  yoldaşlarımdan  danışım...  Üç  nəfər 
cavan  oğlan  idi.  Kiyevdə  birlikdə  minmişdik  qatara.  “Trus-
kovets”  sanatoriyasından  istirahətdən  gəlirdilər.  Çox  şən, 


 
276 
 
mehriban  uşaqlarıydılar.  Nabrana  –  evlərinə  qayıdırdılar. 
Qohumuydular – Cavid, Əsgər və Ülvi. Dəmiryol vağzalında 
–  “Duty  free”dən    hərəsi  iki  qutu  araq  götürdü  –  əmisi-
uşaqlarının toyunda təmiz araq içsinlər deyə. Bax bu yandakı, 
–  arxasındakı  kupeni  işarə  etdi  –  qonşu  kupedə  təzəcə 
nişanlanmış  bir  cüt  mələk  var.  Adam  bu  cavanlara  baxmaq-
dan  doymur.  Elə  şirin,  gözəl,  nur  parçası  kimi  uşaqlardır  ki, 
Aya deyir, – “sən tez bat, sabah Günəşin yerinə biz çıxacağıq”. 
...Dünən  axşamüstü  Cavid  gəldi  ki,  –  “Ayə  əmioğlu, 
qonşu  kupedə  bizimkilərdən  biri  bir  ukrayanalı  qız  alıb. 
Bacım  olsun,  qız  elə  bil  mələkdir.  Qurana  and  olsun,  qızın 
əynindəki uzun ətəkli paltarı, üzündəki incə, bəzəkli türbanı, 
çalmanın  üstündəki  brilyant  qaşlı  qızıl  sancağı    görsən 
ağlamağın gələr. Oğlan da elə bil ay parçasıdır. Allah haqqı 
bir-birinə  elə  yaraşırlar  ki,  bu  cavanlara  baxmaqdan  heç 
doymuram  ey..!  Adam  nə  qədər  şirin  olar,  nə  qədər  bir-bi-
rinə  yaraşar...  Təsəvvür  edirsən,  bizim  qaqaş  bir  xristianı 
müsəlman edib sonra da onunla evlənir! Ukraynada belə bir 
gözəlin ikincisi qalıbsa, mənə min lənət!”. Cavid o qədər dil-
dil ötdü ki, o biriləri də həvəsləndi. İndiki cavanları bilirsən 
– utanmaq, çəkinmək yox – üçü də keçib yan kupenin qapı-
sından  maddım-maddım  bu  cavanlara  baxdı.  Qayıdanda 
gördüm  ki,  Cavidin  dediyi  təsiri  o  birilər  də  eyni  şəkildə  
alıblar. Açığı, mənim də bu cütlüyə baxmağa marağım oyan-
dı.  Nəysə,  bir  xeyli  bu  cavanları  vəsf  elədilər.  Hətta,  şeirə 
keçdilər,  qəzəllər  dedilər...  Yol  bağlamalarını  açıb  stolun 
üstünü  doldurdular.  Mənim  yanımda  içməyə  çəkindilər. 
İçlərində yaşlısı olan Əsgər utana-utana: 
– Şəmşid baba, icazə versəydin yan kupedəki cavanların 
şərəfinə boğazımızı yaşlayardıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə