ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

 
145 
 
...Sən  demə  doğma  xırnazlılarımdan  məni  dəli  hesab 
edənlər  varmış  və  məndən  buna  görə  gen  gəzirmişlər.  Sən 
demə bu sirri onlardan gizlətdiyim üçün mənim “Qazel”im-
lə xlor daşımaqdan qaçırmışlar... 
Tək  ümidim  sənsən  Allah,  insafa  gəl,  qaytar  xırnazlı 
günlərimizi... 
 
Epiloq 
 
Bir  gün  televiziyanın  “Xəbərlər”  proqramında  belə  bir 
xəbər  yayıldı,  –  “Azərbaycanlı  mülki  şəxs  erməni  tərəfə  ke-
çərkən  əsir  düşmüşdür.  Həmin  adamın  şəxsiyyəti  və  düş-
mən tərəfə keçməsi faktı MTN tərəfindən araşdırılır...”.  
Bu  xəbərdən  üç  gün  sonra  isə  Dostəlinin  “Qazel”ini 
“Haramı düzü”ndə tapmışdılar. 
 Kim bilir, bəlkə elə Xırnazı yağılardan təmizləmək üçün 
gedirmiş? Axı o hamımızdan bacarıqlıydı. Və onsuz da o hər 
şeyini itirmişdi...  
Amma artıq iki ildir ki, ondan heç bir səs-soraq yoxdur. 
Bəlkə  də  gizlətdiyi  qızıllarına  qovuşmaq  üçün  gedibmiş,  – 
belə deyən xırnazlılar da var. Kim bilir... 
Bizə  qalan  elə  Dostəlinin  yazdığı  bu  gündəlik  oldu  – 
keçən xoş günlərimizin yarımçıq qalan gündəliyi... 
 
24 dekabr 2010-08 fevral 2011  
 
 
 


 
146 
 
 
 
 
 
 
İşıq pulu 
 
 
 
Bu  hekayə,  “OxuZali.az”  saytının  keçir-
diyi “Ədəbi Azadlıq – 2012” müsabiqəsinin ilk 
onluğuna  düşərək  “Finalçı”  mükafatını  qazan-
mışdır.  
 
– Yatmırsan? Niyə gözlərini kor eliyirsən bu qaranlıqda? 
Uşağı güclə yatırmışam, bu saat işığa duracaq...  
– Uşaqlar xalasıgildən nə vaxt qayıdırlar? 
– Mən nə deyirəm, bu nə soruşur... Sabah gəlirlər. 
– Bir-iki dəqiqəyə gəlirəm gülüm, az qalıb... 
–  Sabah  işıq  pulu  gələndə  deyəcəksən  ki,  –  “Bu  qədər 
işıq pulu olar..!?”. Gəlib oyadacaqsan məni də, tez ol bir az... 
Möhsün başını qaldırmadan yazı makinasında yazmaq-
da davam edərək: 
– Get gəlirəm, mane olma! 
Aşanın sifəti yenə bozardı – Möhsünün də qorxduğu elə 
bu  idi.  Ürəyində,  –  “Gorgörmüş  sifəti  yenə  bozardı”  –  dü-
şündü.  


 
147 
 
– Yazdığı da bir şey ola barı... Cəhənnəmə gəl səni, boş-
boş  şeylərlə  başını  qatırsan.  Kağız-qələmə  verdiyin  pullarla 
bir ayın çörəyini almaq olardı. Kaş biləydim nə yazırsan! 
–  Bunun  üçün  yazdıqlarımı  oxumağın  lazımdır...  Baş-
lama  yenə...  –  başını  yazı  makinasından  qaldırmadan mızıl-
dandı. 
– Bilsəm ki, maraqlı bir şey yazırsan oxuyaram. 
–  Oxumaq  üçün  savad  lazımdır,  –  elə  bil  Möhsün  də 
inadına düşmüşdü. 
–  Oxuyub  nə  olmusan  ki,  axırda  maşını  da  satdın  – 
qaldıq  piyada.  Sabah  Yeni  İl  gəlir.  Sən  isə  heç  bazarlıq  da 
eləməmisən... 
– Əlli dərənin suyunu bir-birinə qatma. Hələ bir gün var 
bayrama,  bazar  dağılmadı  ki.  Sınıq-salxaq  maşındandırsa, 
olmamağı daha yaxşıdır. Neynirəm maşını – getdiyim mək-
təb,  gəldiyim  evdir.  Evlər  it  kökündədir,  təmir  olunmalıdır. 
Sabah-birigün  qızına  elçi  gələcək,  oğul  evləndirəcəksən. 
Maşının qiyməti günü-gündən düşür, – Möhsünün soyuq və 
vecsiz cavabları Aşaya od qoyurdu. 
– Ondasa, rahat yaz qəzəllərini! 
– Qəzəl deyil, elmi işdir. 
–  Paho,  bizim  Cəbiş  müəllim  uşaqları  acından  qırdırıb 
elmi iş yazır ay ellər! Kül bu elmi işi oxuyacaq adamın başına 
ki, bir qram ağlı yoxdu onun. 
–  Yaxşı  get,  gəlirəm...  –  arvadının  üzünə  yazıq-yazıq 
baxdı. 
– Gəlib neynəyəcəksən? Əlindən bir şey gələnlər kimi də 
elə deyir ki, eşidən deyəcək ki, bu saat çarpayını aslanlar ki-
mi dişiylə, caynaqlarıyla didib-dağıdacaq... 
– Allah ləzzətini qaçırsın sənin! 


 
148 
 
–  Axırıncı  dəfə  ləzzətin  dadını  nə  vaxt  aldığımı  unut-
muşam, enlikürək kişim mənim! 
– Offf, off...! 
– Qarayara of, qara qulğuna of! 
–  Niyə  mənim  qara taleyimə  sən  qismət  oldun  axı  Aşa. 
Sizi görüm dərin yatasınız ay ata-anam... 
– Lampanı yandır qaranlıq taleyin işıqlansın! Sənin kimi 
korafəhim  ərdəndirsə,  heç  olmasaydı  yaxşıdır.  20  ildir  ki, 
mənim səmərəmə ev-eşik sahibi olmusan, burnundan gəlsin 
sənin! 
–  Bəlkə  evi sən  almısan,  sənin  çörəyini  yeyirəm  ay  qız? 
Çərənləməkdən başqa nəyə yarayırsan axı! 
–  İndi  ki  belə  oldu,  yazdıqlarını  apar  sat  və  qarnını 
doyur.  Görüm  bu  qədər  yazdıqlarına  bir  qara  qəpik  verən 
axmaq  tapa  biləcəksənmi!  Sən  bu  dünyada  sağ  qalmış  axı-
rıncı  axmaqsan  ay  bədbəxt,  bundan  xəbərin  var  sənin?  Ca-
maat qaz vurub, qazan doldurur ey! Səninsə yazmaqdan bar-
maqların qız əllərinə dönüb. 
–  Əlimdən  bu  gəlir  Aşa,  səni  and  verirəm  gorbagor 
atanın qəbrinə get yat, mən də gəlirəm. Axşam-axşam məni 
it kimi hürdürmə, qonum-qonşudan ayıbdır! 
–  Gəlmə,  yolunu  gözləyən  yoxdur  sənin.  Gəlib  dalını 
çevirib yatacaqsan da... 
Möhsün hövsələsini basmağa, sülh yaratmağa çalışdı: 
–  Başa  düş,  axı  bu  acı  dilindən  sonra  səni  qucaqlayıb 
öpməyimi, səni sevdiyimi deməyimi eşitmək istəyirsən? Axı 
sən  niyə  belə  oldun  gözümün  qarası?  Niyə  o  mülayim  xa-
siyyətin,  qayğıkeş  ürəyini  kir-pasaq  örtdü  sənin?  Bu  dün-
yaya  bir  dəfə  gəlirik,  axı  niyə  bu  ömrümü  zəkkuma  çevirir-
sən, nəyin əskikdir sənin? Nəyin dərdini çeynəyib durmusan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə