10
Bir az kənarda duran caydaq bir oğlan: «Onun canı bir güllədir…» deyə qar
topunu Araksinin sinəsinə vurdu. Araksi özünü müdafiə etmək üçün qollarını, quru
taxta kimi sinəsində çarpazlayıb, dodaq altından nə isə dedi.
«Ərə, siz öləsiniz, bu taygöz bizi söyür», deyə caydaq, xatagün uşaq yenə
Araksiyə qar topu atanda, yoldaşı qoymadı. «Yazıqdır, dəymə. Sənin anan belə
olsa xoşuna gələrmi?..» deyə vurub qar topunu onun əlindən saldı.
Araksi birdən başını geri atdı, şaqqa çəkib güldü. Sonra ağladı. Onun gülüşü
ilə göz yaşları bir-birinə qarışdı. O, birdən çevrilib, tumanı ayaqlarına dolaşa-
dolaşa küçə aşağı qaçmağa başladı.
Uşaqlar dəstə ilə, hay-küy sala-sala Araksinin dalınca düşdülər. Kimi onu
qar topuna, kimi daşa basdı, kimi qışqırıb fit çaldı…
Qabaqdan, küçə yuxarı gələn Arzo dəcəllərə acıqlandı: «Ədəbsizlər,
qanacaqsızlar… yazıqla nə işiniz var. Sürükün burdan!»
Uşaqlar geri qayıtdılar.
Araksi ürkək-ürkək ətrafına baxa-baxa yoluna davam etdi. Qoca Arzo bir an
yerində dayanıb fikrə getdi. Sonra dərindən köksünü ötürüb öz-özünə dedi:
«Zəmanənin üzü dönsün. Yazıq Armenakın ocağını söndürdülər…».
…Araksi həyətə girdi. O yana, bu yana nəzər saldı. Elə bil, kimi isə, nəyi isə
axtarırdı. Gözünə ağ çətir kimi görünən tək alma ağacından başqa, heç nə dəymədi.
Qara bata-bata gedib ağaca yanaşdı. Başını onun yaş gövdəsinə söykəyib, sakit
dayandı.
Biçarə arvad, yenə öz evinə, həyətinə gəlmisən. Ondan əl çəkə bilmirsən.
Doğma yurd-yuva şirin olar. Lakin, sən bu xərabə evində kimi tapacaqsan?..
Yoxsa, ərinin və qızının meyitini axtarırsan? Karo və Samvel gecə yarısı səni
saçlarından tutub sürüyə-sürüyə həbsxanaya apardılar. Səhər mehriban qonşun
Arzo kişi sizə gəldi. Hamı sənin fəlakətindən xəbərdar oldu. Qonum-qonşu ağladı,
yas tutdu. Ərinin və qızının meyitini camaat basdırdı…
Ürəyinin hər guşəsində min dərd, min qəm olan Araksi ağacın altında çox
dayanmadı. Qapısı tay-batay açıq olan ev sanki onu çağırdı. Bədəni buza dönmüş
qadın içəri girdi. İçərisi qarla dolmuş evinə baxdı. Birdən əlini əlinə vurub qəhqəhə
çəkdi. Həmişə ocaq qalayıb, qazan asdığı bucağa getdi, çöməltmə oturub, dizlərini
qucaqladı, başını çiyninə qoyub gözünü bacaya zillədi.
Kim bilir o, nələr düşünürdü… Fırtınalı dənizi andıran dəli könlündən
kimlər gəlib keçirdi…
Saatlarla eləcə oturan Araksi başını çiynindən, əllərini dizlərindən götürdü.
Hisdən, tüstüdən qaralmış, yastı ocaq daşını əyilib öpdü, sonra başını onun üstünə
qoyub uzandı. Gözündən gilə-gilə yaş tökə-tökə oxudu:
Saraldı gülüm,
Uçdu
bülbülüm,
Mən niyə qaldım?
Hardasan,
ölüm?..
11
Karo dörd-beş saat yatandan sonra oyandı. Yerinin içində əsnədi, gərnəşdi.
«Çox içmək də bir şey deyil, adam ləms olur» deyə geyindi. Əl-üzünü yudu.
Bayırda qapının ağzında dayanmış Aşotu içəri çağırdı.
Aşot otağa girib rəsm-təzim etdi:
- Qulluğunda hazıram, ağa!
- A cırtdan, get Nvard xanıma de ki, ağam durub, çay istəyir. Sonra Saakı
yanıma gətir.
- Baş üstə, ağa! – Aşot getdi.
Karo, sənədlər saxlanan qovluğu siyirtmədən götürüb, stolun üstə qoydu…
Çox keçmədən Aşot Saakı gətirdi. Bayıra çıxmaq istərkən, Karo ona
Karpovu çağırmağı əmr elədi. Aşot getdi.
Karo, qorxudan sifəti saralmış Saakı başdan-ayağa süzüb, gülümsəyə-
gülümsəyə stolun arxasına keçdi. Sonra ciddi tərzdə dedi?
- Sənin haqqında yazılmış kağızlar, sənədlər bax, budur. – O, qovluğu
göstərdi. – Sən özün də mənim əlimdəsən. İndi sənə çox vacib bir tapşırığım var.
Otur, qulaq as…
…Deyirlər dəlilər dəvə kimi kinli olurlar. Nə düşmənlərini unudurlar, nə də
onlardan gördükləri pisliyi.
Araksi yavaş-yavaş ikinci mərtəbəyə qalxdı. Eyvanda azacıq dayanıb, sonra
iki otağın arasındakı dəhlizə girdi. Bir tərəfə çəkilib, sakit dayandı. Gözünü
divarda bir nöqtəyə zilləyib elə bil ki, dərin fikrə getdi.
Çox keçmədi ki, dəhlizin sol tərəfindəki otağın qapısı açıldı. Gələn Nvard
idi. Onun əlindəki podnosda çay və qənddan vardı. Nvard Araksini görən kimi
diksinib podnosu əlindən saldı. Stəkanla qənddan cilik-cilik oldu.
- Ay camaat, evə qülyabanı girib! – deyə Nvard qışqırdı və tez otağa girib
qapını bağladı. Lakin çox keçmədən Baqratla bərabər dəhlizə çıxdı.
- Çıx bayıra, gəlib mənim evimə niyə soxulursan?!
Araksi tək gözünü Baqrata bərəltdi.
- Bu itin qızını tez rədd elə, Baqrat, qorxuram! – deyə Nvard addım-addım
geri çəkildi.
Baqrat Araksinin qolundan tutub eyvana tərəf çəkdi. Lakin, Araksi ucadan
qəhqəhə çəkib, Baqratın yekə qarnına bir-iki təpik vurdu. Baqrat əlini onun
qolundan çəkib qarnını tutdu. Danışmağa imkanı olmadı. Nvard özünü itirmiş
halda qışqırdı. Onun qulaqbatırıcı səsinə Karo ilə Saak içəridən çıxdılar. Siranuş da
yatağından durub gəldi.
Araksi Karonu görən kimi, qızmış aslan təkin dərhal ona hücum edib, iki əli
ilə boğazından yapışdı.
- Hanı mənim qızım, ərim? Hanı mənim yurdum-yuvam? – deyə Karonun
üzünə bir lomba tüpürdü.
Karo dartınıb Araksinin əlindən buraxıldı. Üzünün tüpürcəyini silib,
Araksinin baş-gözünü yumruğa doladı. Bununla ürəyi soyumadı. Tapançasını
gətirmək üçün otağa girdi.
Baqrat sancıdan iki qat olub ufuldaya-ufuldaya Araksini söyməyə başladı.
Sonra:
- Məni evə apar, sancı qarnımı doğrayır, - deyə arvadına müraciət etdi.
12
Nvard üzünü Siranuşa tutdu:
- Ay qız, bu dəli sənə də xətər yetirər, keç evə, - deyib ərini içəri apardı.
Saak heç bir söz demədən çıxıb getdi.
Araksi Siranuşa yaxınlaşdı. Qız ondan qorxub geri çəkilmədi. Araksi onun
boynunu qucaqlayıb üzündən öpərək dedi:
Qaradır qaşın, ördək,
Yaşıldır başın, ördək,
Həmişə cüt gəzərdin,
Hanı yoldaşın, ördək.
Hanı Surenim, ay bala, a mənim gəlinim? – Araksi acı-acı güldü, bir an
sonra isə hıçqırıqla ağlamağa başladı.
Siranuş da özünü saxlaya bilməyib hönkürdü…
Karo içəridən çıxdı.
- Siranuş, ayrıl bu dəlidən! – deyə tapançanı yuxarı qaldırdı.
- Buna toxunmayacaqsan!..
- Mən onun sağ gözünü yumruqla kor etmişəm, sol gözünü də güllə ilə
deşəcəyəm. Çəkil kənara!
- Mən qoymayacağam…
- Bilirəm, Surenin xatirinə onun dəli anasının tərəfini saxlayırsan!
- Yazıq Araksi xala… - deyə Siranuş onu bərk-bərk qucaqladı və yenidən
hönkür-hönkür ağladı.
- Çəkil deyirəm! – Karo Siranuşun qolundan tutub kənara fırlatdı. Tapançanı
Araksiyə tuşlayanda, Nvard içəridən çıxdı. Siranuş çığırıb özünü qabağa verdi.
- Kənara durmasan səni də öldürəcəyəm! – deyə Karo barmağıın tətiyə
apardı.
Nvard:
- Mənim evimdə qan salma, oğul! – deyə Karonun biləyindən tutub,
döşündən geri itələdi.
Araksi Karoya baxıb-baxıb:
- Səni Allaha tapşırdım, Allaha! – dedi və yenə onun üzünə tüpürüb bərkdən
güldü…
Karo Araksinin üstünə dartındı. Nvard onu buraxmadı. Yalvara-yalvara
otağa apardı.
Siranuş Araksinin qolundan yapışıb çəkə-çəkə dəhlizdən çıxartdı, həyətə
endirdi.
Birdən Araksi dartınıb qızın əlindən buraxıldı. Qaça-qaça həyətdən çıxdı.
Siranuş sonsuz bir kədər içində evə dönərkən, küçədən gələn səs onu yerində
dayandırdı. Bu səs Araksinin tükürpədici acı qəhqəhəsi idi.
Dostları ilə paylaş: |