60
Fərman öz atını minərək, pristavınkını yedəyinə alıb dükana sarı gəlirdi.
Dükana çatmağa iyirmi beş-otuz addım qalmış, pristav ağzını ona
tərəf tutub
ucadan dedi:
- Atları orda qoy, özün gəl!
Fərman atları meydanın ortasındakı dağdağana bağlayıb gəldi.
Ata oğlunu, oğul atanı gördü. Hər ikisi heyrət içində donub qaldı.
Hacı Atakişi:
- Oğul, Fərman! – deyə qulaqbatırıcı bir səslə qışqıraraq, yerindən sıçradı. –
Oğlumun salamat olmasını niyə mənə deməmisən, Əli Sadiqi?! Xudaya, bu
möcüzdür, nədir?.. Gəl bala, gəl Fərman!.. – Hacı Atakişi oğlunu bağrına basmaq
üçün dükandan bayıra çıxmaq istədi. Lakin gözlərində qəzəb və nifrət odu parlayan
Fərman tüfəngini çiynindən aşırıb:
- Sən mənim atam deyilsən! – dedi. – Hiyləgər, acgöz, namussuz Hacı
Atakişi! – Fərman beşatılanı ona tərəf tuşlarkən, Əli Sadiqi tez ayağa durdu. Hacı
Atakişinin qabağına keçib, kəskin bir səslə:
- Fərman, nə eləyirsən? – dedi. – Mənim yanımda qoca atanı öldürmək
istəyirsən? Axmaq, tüfəngi sal aşağı!
- Atamı yox, biqeyrət bir kişini. Oğlunu yaralı qoyub, pulunu, qızılını
götürüb qaçan namussuz bir adamı. O yana çəkil pristav ağa!
Mən onu göydə
axtarırdım, yerdə əlimə düşüb.
Əli Sadiqi dərhal piştaxtanın üstündən bayıra atıldı.
- Axmaqlama, get atanla barış! – deyə tüfəngi Fərmanın əlindən aldı. –
Bundan sonra da Hacının başından bir tük əksik olsa, səni də mən öldürəcəyəm.
Başa düşdün? Get barış!
Fərman yerindən tərpənmədi. Dodaqları tərpəndi, elə bil öz-özünə nə isə
danışırdı…
Oğluna yaxınlaşmağa həm qorxan, həm xəcalət çəkən Hacı Atakişi sinəsini
açıb:
- Vur,
məni öldür, oğul! – dedi. – Mən ölməli atayam. Sən yaxşı ol, sən
yaşa! Mən öz canımı, pulumu hər kəsdən, hər şeydən əziz tutmuşam. Mən dünya
malına uymuşam, mən insafsız olmuşam. Daha başım daşdan-daşa dəyib… Bütün
günahlarımı boynuma alıram, oğul! Pərvərdigara, mənə özün cəza ver!.. – Hacı
Atakişi iki əli ilə başını tutub hönkürdü.
- Yeri, atanla görüş! – deyə Əli Sadiqi Fərmanın qolundan tutub, dükana
salmaq istədi.
- Yox,
pristav ağa, istəmirəm! – deyə Fərman dartındı.
- Cavanlığına salma, yekə oğlansan! – Əli Sadiqi zorla Fərmanı çəkə-çəkə
içəri saldı. – Başını qaldır, Hacı. Elə bil ki, təzədən oğul sahibi olursan…
Ürəyinin telləri nazilib, uşaq kimi kövrəlmiş atanın qolları oğlunun boynuna
dolandı. Xınalı saqqalından aşağı gilə-gilə axan göz yaşları, bəlkə də, Fərmanın
nifrət və qəzəbini söndürəcəkdi…
61
Padar kəndi, Həkəri çayının sol sahilində,
balaca bir təpənin üstündə
salınmışdır. Cəmi otuz-qırx evdən ibarət olan bu kənd çox gözəldir. Kəndin
altındakı meyvə bağları, ətrafındakı tut ağacları və ilin hər fəslində yamyaşıl olan
ardıc ağacları, onun gözəlliyini daha da artırır.
1918-ci ildə Minkənd tərəfdən gələn Zəngəzur qaçqınlarından, bu kənddə
əylənənləri çox olmuşdu. Ancaq buranın camaatı yoxsul olduğundan, yaşamaq
üçün ev tapılmadığından, çox ailə ordan başqa yerlərə köçmüşdü. Bığlı Əhmədin
ailəsi, bir də Fatı ilə Fərman bu kənddə qalmışdılar. Fərmanla Fatı bir qışı,
Məhərrəm adlı adamın eyvanını ev kimi düzəldib, orda yaşamışdılar.
Ancaq bu
evdə çox qala bilməmişdilər. Buna səbəb Fatı olmuşdu…
Dava, qaçqınlıq, ağır həyat Fatının köhnə xasiyyətini dəyişməmişdi. O,
burada da başqalarının ailə həyatına qarışmağa başlamışdı. Tez bir zamanda hamı
onun araqarışdıran, hiyləgər, arsız bir arvad olduğuna bələd olmuşdu.
Fatı Məhərrəmlə, onun cavan, gözəl və namuslu arvadının arasını vurmaq
istəmişdisə də, Məhərrəm bunu tez başa düşmüşdü. Bir gün Fərmanı evinə çağırıb
demişdi: «Siz qaçqın, yersiz-yurdsuz adamsınız. Rəhmim gəldi, sığınacaq verdim.
Ancaq arvadın Fatı qarı mənim külfətimi başdan çıxartmaq istəyir. Onun nə
borcuna qalıb ki, arvadıma deyir: «Ay qız, Zərnigar, Məhərrəm heç sənin babın
deyil. Özün marala oxşayırsan, ərin demi qurbağasına.
Özü də ki, səni bir köhnə
tumanın, bir cırıq güləçənin içində saxlayır…». Bax, Fərman, sən pis oğlan
deyilsən, amma, ya arvadının cilovunu çək, ya da mənim evimdən köç get!»
Fərman həmin gün Fatını bərk döymüşdü və qonşulara getməyi ona qadağan
eləmişdi. Lakin Fatı, necə deyərlər, köhnə sümük azarından əl çəkməmişdi.
Nəhayət, Məhərrəm öz arvadının namusunu qorumaq üçün onları evindən
qovmuşdu. Çox qapılara
gedəndən sonra, nəhayət, Günəş adlı bir dul arvadın
evində daldalanacaq tapmışdılar.
…Hisli-paslı, alçaq bir damda oturmuş Fatı əlində ip yumaqlayır, öz-özünə
danışırdı: «Fərman niyə gəlmədi? Axı, dünən onun vaxtı idi. Yazığı kəndlərdə bit-
çirk basdı. Gəlsəydi pal-paltarını qaynadıb, yuyardım. Deyirəm, kərəminə şükür
Allah, gör məxluq nə zəlalətə düşdü e… Mənim Fərmancığazım bəy balası kimi
oğlan ola-ola bir tikə çörəkdən ötrü gedib ona-buna çəltik döydü, odun yardı, bağ
suvardı. Şəvə kimi saçlarına dən düşdü. O irəli diqqətnən baxmışam. Ürəyim qana
dönüb. Gədə lap qocalıb, gözləri düşüb quyunun dibinə. Hələ onu çox korluq
çəkməyə qoymamışam. Abbasəlidən qalan qızılımı, gümüşümü satıb ona
yedirtmişəm. Eh, üzün qara olsun dünya! Hanı Hacı Atakişinin haşan-kaşanı, gətir-
götürü? Hanı Şəkinin soyuq bulaqları, güllü-çiçəkli yaylaqları? Pərvərdigara, nə
yaman görəcəkli günlərimiz varmış!.. Neynək, bu günə də şükür.
Fərman ki,
ərimdir, elə bilirəm dünya mənimdir…».
Fatı ayağa qalxıb çırağı yandırdı. Evin bir bucağında yanan ocağın üstündən
şilə qazanını götürdü. Nimçə, çörək, duz gətirdi. «Kaş Fərman da gələydi, bir yerdə
yeyəydik» - deyə fikirləşə-fikirləşə xörəyi çəkmək istədiyi vaxt, bayırda at
ayağının səsi eşidildi. Fatı qazanın ağzını örtüb dərhal bayıra çıxdı.
- Bıy, başına dolanım, Fərman, gəldin?
Fərman atdan düşüb Fatıya dedi: