Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Üçüncü fəsil.
 
Dənizdən iki kilometr məsafədə yerləşən doqquz mərtəbəli binanın ikinci 
blokunun qarşısında “Nissan- Altima” markalı qara maşın dayanmışdı. Səyavuş 
Qönçəyə zəng etdikdən sonra bir siqaret yandırdı. Nədənsə həmin gecə o özü də 
narahat idi. Növbətçi olmağına baxmayaraq hər dəfə fürsət düşdükcə kabinetinə 
çəkilib televizorunu yandırar, rahat divanda uzanıb səhərini açardı. Bəzən də 
fabrikin qarşısında yaşıllaşdırma işi ilə məşğul olardı. Lakin bu gecə hər dəfə 
olduğundan çox sıxıntılı keçdi. Demək olar səhərə kimi fabriki başdan başa 
dövrə vurmuşdu. Heç özü də bunun səbəbini anlamırdı. Nəyinisə, çox önəmli bir 
şeyi itirmiş insan kimi binanın başına fırlanırdı. Bu hissləri barədə Qönçəyə heç 
nə demək istəmirdi. Bilirdi ki, Qönçə hər şeyi ürəyinə salandı. Qanını qaraltmaq 
istəmirdi. Sadəcə onun da bu gecə narahat yatmağından nigaran qalmışdı. Heç 
nə anlaya bilmirdi. 
Səyavuşun işi asan idi. Daha doğrusu onun düşüncəsi belə idi. Əslində isə 
o da hər bir ailə sahibi kimi, ailəsini dolandırmaq istəyən kişi kimi iş görmək 
istəyirdi. Dayanmadan, alın təri tökə-tökə, qolunun gücündən istifadə edərək 
qazanmaq istəyirdi halal pulunu. Əlləri mazutlu yorğun halda girmək istəyirdi 
qapıdan. Öz doğma atası kimi. Lakin həyatda heç də hər şey insanın istədiyi 
kimi olmur. Səyavuş toyuq əti və yumurta istehsal edən broylerin nəzarətçisi 
idi. Bu işə qayınatasının tanışlığı ilə düzəlmişdi. Maaşı maaş, istirahəti istirahət 
idi. Əti də ət idi. Ayda bir dəfə gecə növbəsində olmalı idi. Bu heç də vacib 
deyildi. Nə zaman istəsə gecə növbəsini tabeliyində olan şəxslərə verə bilərdi.
Amma yenə də bu rahat iş rejimi onun ürəyincə deyildi. Bir sözlə gördüyü bu 
işdən narazı idi Səyavuş. 


Uşaqlıqdan atasını irsi xərçəng xəstəliyindən itirdikdən sonra anasına və 
kiçik qardaşına baxmaq onun boynuna düşmüşdü. On üç yaşı olmasına 
baxmayaraq iş axtarıb ailəsini dolandırmaq istəyirdi. Anası da işləyirdi. Amma 
bağça müəlliməsinin qazancı bu kiçik ailəni yarım aylıq dolandıra bilərdi. O da 
yarı ac, yarı tox. Səyavuş isə anasını yormaq istəmirdi. Deyirdi “çoxlu pul 
qazanacam. Sən işləməyəsən. Qardaşımı da ən yaxşı məktəblərdə oxudacam.” 
Buna da tez bir zamanda nail oldu. İş burasındadır ki, Səyavuş işi bazarda 
axtarırdı. Nə isə daşımaqla, siqaret, alışqan satmaqla qazanırdı çörək pulunu. 
Bir gün hər zaman olduğu kimi bazarda yük arabası ilə müştəri axtaranda 
30-35 yaşlı, eynəkli kişi onu səsləyir. Simasından nur yağan bu yad şəxsin şirin 
dili balaca Səyavuşu ovsunlayır. Onun yükünü arabasına yığıb ardınca sürməyə 
başlayır. Bir neçə satış rəfi dolandıqdan sonra həmin şəxs özünə məxsus 
maşınını işarə edib malları oraya daşımağı tapşırır. Cəld olmaqla yanaşı 
Səyavuş həm də ağır çəkili çantaları qaldırmaqda yetərincə ustalaşmışdı. 
Baxmayaraq ki, xarici görünüşdə cılız və gücsüz görünürdü. 
Yükləri maşına yerləşdirdikdən sonra pulunu nə zaman alacağını 
gözləməli olur. Eynəkli şəxs onun niyə getmədiyini anlayıb yanına çağırır. 
Səyavuş iri addımlarla başı dik vəziyyətdə nur üzlü yad adama yaxınlaşır. O: 
-- Adın nədir, oğul? 
-- Səyavuş! 
-- Neçə yaşın var? 
-- Bunun nə dəxili var ki? –deyən Səyavuş sanki yaşının kiçikliyini 
başına qaxınc edəcəyindən çəkinirdi. 
-- Sadəcə bilmək istəyirəm. Maraqlıdır. 
-- On üç! 
-- Lap yaxşı. Sən mərd oğlansan. Həm də güclüsən. Burda niyə 
işləyirsən? 
-- Pul qazanmaq üçün! – Səyavuş bu sualları eşidib təəccüblənirdi. Çünki 
bir neçə ay idi ki, burada yük daşıyan idi. Lakin bir nəfər də ondan 
adını və yaşını soruşmamışdı. Ümumiyyətlə onunla heç söhbət də 
etmirdilər.
-- Sən qoçaq oğlansan! Əhsən! Sənin kimi oğul sahibi olsam özümü ən 
xoşbəxt ata hesab edərdim. 


Bu sözlər Səyavuşu kədərləndirirdi. Atasını xatırlamışdı. Onun qaraciyər 
xərçəngindən necə əzabla öldüyü gözünün qarşısına gəlmişdi. Həmin 
xəstəlikdən babası da, atasının əmiləri də dünyalarını dəyişmişdilər. Səyavuş 
düşünürdü ki, o xəstəlik irsidi və gec-tez o da tutulacaq. Onu da yataq xəstəsi 
edəcək. Bunu isə heç istəmirdi. Xüsusən də indi. Anasına və kiçik qardaşına 
sahib çıxmalı idi. Ölümdən düşünməyin isə heç yeri deyildi. Fikrini tez bir 
zamanda alacağı pula yönəltdi. Alan kimi geriyə bazara dönəcəkdi. Elə bu 
zaman eynəkli, nur üzlü kişi ona əlini uzatdı. 
-- Səyavuş, oğul mənə bağda bəzi işləri görməyə köməkçi lazımdı. 
Amma qoçaq, sözündən dönməyən, daim işinə vaxtında gəlib, vaxtında gedən 
olsun! Belə birini tanıyırsan? 
Yad insanın bu təklifi Səyavuşun lap ürəyincə olmuşdu. Nəhayət ki, 
gündəlik iş yeri tapmışdı. Belə fürsəti əldən buraxmaq ağılsızlıq olardı. 
-- Elə biri mən özüm! - Səyavuş bunu çox əminliklə deyirdi. 
-- Sən? Nə deyirəm! Lap yaxşı. Sənin qoçaq olduğuna, mərd olduğuna
gücünə heç şübhəm yoxdur. 
-- Mənə nə qədər pul verəcəksiz? 
-- Sən günlük işin üçün pul almaq istəyirsən? Yoxsa ayda bir dəfə maaş 
kimi? 
Səyavuş bir qədər düşünüb şıltaq təbəssümlə cavab verdi. 
-- Mənə bir aylıq maaşı iki dəfəyə verin. Bir hissəsini ayın biri, digər 
hissəsini on beşi! Razısız? 
-- Nə deyirəm mən razı. - Qarşısındakı uşağın işə həvəsi və pul qazanmaq 
istəyi yad insanı bir qədər kədərləndirmişdi. Artıq sual vermədən 
maşına əyləşib uşağa təbəssümlə baxdı: 
-- Sabah səni burada bazarın qarşısında gözləyəcəyəm! Saat 11 də burda 
ol! 
-- Baş üstə! 
Bu təsadüfi tanışlıq Səyavuşun bütün həyatına dönüş nöqtə qoydu. Onun 
üçün gələcəyə böyük ümidlər yarandı. Sanki havasız otaqda imiş bu zamanadək. 
İndi isə otağın geniş pəncərələri peyda olmuşdu. Çox rahat nəfəs alırdı. 
Beləliklə, Səyavuş Vahid Zamanın evində işə düzəldi. Qısa vaxt ərzində ailənin 
sevimlisinə çevrildi. Vahid bəy ona atalıq etməyə başlamışdı. Qönçəni də ona 


tapşırmışdı. İstəyirdi ki, onunla eyni məktəbə getsin. Əvvəlcə Qönçəyə Vahid 
bəyin qızı kimi hörmət edirdi. Lakin sonralar bu şirin, sevimli utancaq qızı 
ürəyinin dərinliyində gizli sevməyə başlamışdı. Eşidəndə ki, Vahid bəy Qönçəni 
nəzarətdə saxlamaq üçün Səyavuşu da məktəbə qoyacaq çox sevinmişdi. Dərs 
saatlarında Qönçəni görə bilmədiyindən yaman darıxırdı. İndi isə onunla eyni 
məktəbdə oxuyacaqdı. Əlbəttə ki, ən az 45 dəqiqədən bir onu görəcəkdi. İlk 
vaxtlar Səyavuş Qönçənin yanında olurdu. Sonralar Qönçənin ona qarşı 
hisslərindən şübhələnəcəyindən qorxub uzaqdan-uzağa göz qoymağa başladı. 
Məktəbdən Qönçəyə qarşı biganə olmayanlar da vardı. Qəribəsi o idi ki, Qönçə 
onların heç birini yaxınına buraxmırdı. Bu da Səyavuşun lap ürəyindən olurdu. 
Düzdü onu sevirdi. Qarşılıq istəmədən, gizlicə. Lakin Qönçəni itirməkdən çox 
qorxurdu. Qorxurdu ki, qəlbindəkiləri ona açsa bir daha Qönçəni görə 
bilməyəcək. Odur ki, hisslərini cilovlamaqla yaman məşğul olurdu. Çox 
əlləşirdi. Axırı çarəsini tapdı. Yığdı bütün hisslərini saldı ürəyinin dərinliyindəki 
bir dar “otaq”dakı sandığa, ağzını da bərk-bərk “qıfıl”layıb açarını da uddu. 
Lakin bu çox çəkmədi. Əsgər getməzdən əvvəl Qönçəyə dediklərini 
xatırladı. Nədənsə qəlbi yenidən isindi. Bu istilik ona Qönçəni hələ də dəlicəsinə 
sevdiyindən xəbər verirdi. Bu an əlindəki siqaretin külü köynəyinə düşdü. 
Bununla da xəyallardan ayrılıb indiyə qayıtdı. Blokun ağzında dayanmış Qönçə 
Səyavuşun bu hərəkətini görüb gülməyə başladı. 
-- Bu nədir? Xəyal qurursan? 
-- Yox. Sadəcə keçmişi xatırlayırdım - Qönçəni başdan ayağa süzərək 
cavab verdi. 
-- Mən hazıram. Gedək sahildəki bağa. Nədənsə atam üçün darıxmışam. 
-- Elə mənim də onunla söhbətim vardı. Əyləş gedək. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə