35
14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü, (2012)
14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü (International Book Giving
Day) – təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və
onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.
Bu bayram 2012-ci ildə özünün meydana gəlməsində ABŞ-da məşhur
Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmura
borcludur. Bu ideyanı ona balaca oğlu vermişdir. O, anasından soruşmuşdur ki, niyə
insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur.
Öncə Emmi Brodmur internet şəbəkəsində müxtəlif insanlara bu təşəbbüsə
qoşulmağı təklif etmişdir. İki il ərzində bu təşəbbüs dünyada dəstək qazanmış və
indi də yeni iştirakçılar cəlb etməkdə davam edir.
Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq
yazıçılarının dəstəyi mühüm rol oynamışdır. Hər il minlərlə həm oxunmuş, həm də
yeni kitablar dünyanın bütün istiqamətlərinə yola salınır və uşaqlarda kitaba
məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
İnternetdə:
www.books.google.com
36
17 Fevral – Təmənnasız Xeyirxahlıq Günü
Hər il fevralın 17-də bütün dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq
İfadəsi Günü (Random Acts of Kindness Day) beynəlxalq xeyriyyə təşkilatlarının
təşəbbüsü ilə təsis olunmuşdur. Bu bayram ABŞ-da yaransa da, lakin bu gün artıq
ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir və vətəndaşlıqdan, milliyyətdən və
dini inanclardan asılı olmayaraq qeyd olunur.
Bu bayram daha çox Qərbi Avropa və ABŞ-da məşhurdur. Həmin gün bir çox
şəhərlərdə ənənəvi olaraq məşhur aktyorların, ictimai və siyasi xadimlərin iştirakı
ilə xeyriyyə tədbirləri və marafonları keçirilir.
Əgər insan öz yaxşılığı müqabilində təşəkkür gözləyirsə, bu həqiqi yaxşılıq,
xeyirxahlıq hesab olunmur. Siz xeyirxahlıq etdiyiniz insanların sevincini görməyi
və tərifini eşitməyi gözləməməlisiniz. Xeyirxah əməllər özlüyündə sizə zövq
verməlidir, buna görə tərif gözləməməlisiniz. Əsl xeyirxahlıq budur!
İnternetdə:
www.books.google.com
37
21 Fevral – Beynəlxalq Ana Dili Günü, (1999)
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir”.
Ümummilli lider Heydər Əliyev
“Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir
sözünü ləl cavahirata dəyişməyin”.
Şah İsmayıl Xətai
Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində
keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən
dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən
mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu
qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində,
dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə
ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu
qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa,
onlarla ünsiyyət qurmağa imkan yaradır. Dünyada məhv olmaq təklükəsi ilə üzləşən
dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz
doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ
olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir, millətin simasını
səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın
varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi,
mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə
yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə,
milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
İnternetdə:
www.books.google.com
38
27 Fevral – Beynəlxalq Qütb Ayısı Günü
Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü (International
Polar Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi
ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının
vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul
olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər
həyata keçirilir.
Qütb ayılarının yoxolma təhlükəsinin əsas səbəblərindən biri olan qütb
buzlaqlarının ərinməsidir. Ağ ayıların məhv olmasının daha bir səbəbi ətraf mühiti
çirkləndirən neft quyularının işlənməsidir.
Son illərdə əldə olunmuş məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5
milyon il əvvəl təkamülə başlamışdır. Onun əcdadı qonur ayı olmuşdur. Lakin ağ
ayı, qonur ayıdan fərqli olaraq, uzaq Şimalda, dəniz buzları arasında yaşamağa
uyğunlaşmışdır.
İnternetdə:
www.books.google.com
Dostları ilə paylaş: |