26
Milli Qəhrəmanlar Zirvəsi
1 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlunun
55 illiyi, (1963-1992)
Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz
Əlizadə oğlu 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun
Qaratəpə kəndində dünyaya göz açıb. 1969-cu ildə burada
beynəlmiləl orta məktəbə getmişdir. 1977-ci ildə səkkizinci
sinfi bitirərək, Sankt-Peterburq Kino Texnikumuna daxil olur.
Lakin buradakı iqlim şəraitinə uyğunlaşa bilmədiyindən
doğma kəndinə qayıdır və təhsilini davam etdirir. 1980-ci ildə
M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna
(Slavyan Universiteti) imtahan verir. O, üçünçü kursda
oxuyarkən ordu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunduqdan sonra
yenidən təhsilini davam etdirir.
O, 1988-ci ildən başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə
biganə
qalmır, meydan hərəkatının fəal iştrakçılarından biri olur.
1989-cu il... Erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış
müharibəyə başlayır. Mübariz özünümüdafiə batalyonunda könüllü yazılır və
Qarabağın müdafiəsinə qoşulur. O, Ağdam rayonundakı hərbi hissənin bölük
komandiri kimi ilk döyüşə atılır. Sonra Dovşanlı, Xramort, Naxçıvanik, Kətik,
Dəhraz, Abdal-Gülablı, Xanabad və Şuşa uğrunda gedən döyüşlər...
O, mərdliklə vuruşurdu, öz rəşadətilə ad-san qazanmışdı. 1991-ci ildə Müdafiə
Nazirliyi ona Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə edir. Lakin
Mübariz döyüşlərdə iştirak etməyi daha üstün tutur.
Ağdam rayonunun Abdal-Gülablı kəndi... 1992-ci ilin 24 sentyabr... Son
döyüş... Həmin gün kənd erməni işqalçılarından azad edilməli idi. Düşmən gecə
yarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur. Döyüşçülərimiz qələbə əzmi ilə
əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır.
Onu döyüş ərazisindən uzaqlaşdırırlar. Lakin göstərilən yardımlar nəticə vermir. O,
şəhidlik zirvəsinə ucalır. O, Sabirabad rayonunun Qaratəpə kəndində Şəhidlər
Xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı
fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
27
10 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Qasımov Muxtar Cahid oğlunun
60 illiyi, (1958-1992)
Qasımov Muxtar Cahid oğlu 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun
Kəbirli kəndində dünyaya göz açmışdır. Ağdam şəhər 5 saylı məktəbi 1974-cü ildə
bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün
təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında
separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təzyiqlərə
baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım
göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş
verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışmışdır.
Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq
göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə
bağlayır. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad
edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş
etdirir. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti
borcunu yerinə yetirərkən həlak olmuşdur.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn
edilmişdir.
Rejissor Rəşad Qasımov Milli Qəhrəman Muxtar Qasımovdan bəhs edən
“Vətən sevgisi” adlı sənədli film çəkmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı
fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adına layiq görülmüşdür.
İnternetdə:
www.az.wikipedia.orq
28
10 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Eldar Harun oğlunun
50 illiyi, (1968-1993)
Məmmədov Eldar Harun oğlu 10 yanvar 1968-ci ildə Bakı
şəhərində dünyaya göz açmışdır. 1974-cü ildə Bakıda 189
saylı orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin
məktəbin səkkizinci sinfini bitirmişdir. O, uşaqlıqdan hərbiçi
olmaq arzusu ilə yaşayırdı. Bu arzu ilə də o, 1982-85-ci
illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə oxumuşdur.
Sonra hərbi biliyini artırmaq üçün 1985-1989-cu illərdə
Riqadakı Qırmızıbayraqlı Ali Hərbi-Siyasi Məktəbdə təhsil
almışdır. Ali məktəbi bitirdikdən sonra SSRİ Silahlı
Qüvvələrində qulluq etmişdir. Gənc leytenant E.Məmmədov, erməni işğalçıları
Azərbaycana hücuma başlayanda, raport yazaraq Vətənə qayıdır. O, yenicə
yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır. Özünü bacarıqlı və peşəkar zabit
kimi göstərdiyinə görə ona baş leytenant rütbəsi verilir. O, 1993-cü ildə Sərhəd
Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonu tərkibində Ağdərə istiqamətində
gedən döyüşlərin iştirakçısı olur. Ağdərədə mərdliklə vuruşan E.Məmmədov
Mehmanə kəndinin müdafiəsi zamanı düşmənə ağır zərbələr vurmuşdur. 1993-cü il
fevral ayının 24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində də cəsur
döyüşçü düşmənə ağır zərbələr endirmişdir. Həmin gün azğınlaşmış erməni
quldurları bu yüksəkliyi ələ keçirmək üçün güclü hücuma keçdilər. Eldar yüksək
döyüş bacarığı göstərərək, düşmən hücumlarının qarşısını ala bildi. Ancaq çox
keçmədi ki, düşmən qüvvə toplayaraq yüksəkliyi almaq üçün yenidən hücuma keçdi.
Baş leytenant vəziyyəti düzgün qiymətləndirərək, düşmənin istiqamətini özünə cəlb
etdi. Ağır yaralı olmasına baxmayaraq, erməni quldurlarının əsas qüvvələrimizin
arxasına keçməsinə imkan vermədi. Bu qeyri-bərabər döyüşdə Eldar Məmmədov əsl
igidlik nümunəsi göstərərək, düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Bu onun son
döyüşü idi.
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı
fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
İnternetdə:
www.az.wikipedia.orq