www.vivo-book.com
757
Bundan sonra anam daha yatağından qalxmadı, üç
həftədən sonra öldü...
Anna Andreyevna həyəcanla soruşdu:
– Bəs onun atası necə oldu? Onu bağışlamadı?
Nelli əzab içində özünü ələ alaraq dedi:
– Yox, bağışlamadı. Öləndən bir həftə əvvəl anam
məni yanına çağırıb dedi: “Nelli, bir də babanın yanına get,
qoy bu axırıncı gedişin olsun, ona yalvar ki, qoy mənim
yanıma gəlsin, məni bağışlasın. De ki, anam bir neçə gündən
sonra öləcək, sən bu dünyada tək qalacaqsan. Bunu da de ki,
mən əzab içində ölürəm...” Mən də getdim, qapını döydüm,
babam qapını açdı, məni görən kimi, istədi örtsün, mən iki
əlli qapıdan yapışıb çığırdım: “Anam ölür, sizi çağırır,
gəlin!..” O məni itələyib qapını şaqqıltı ilə örtdü. Mən
anamın yanına qayıtdım, onun yanında uzandım, onu
qucaqladım, heç bir söz demədim... Anam da məni
qucaqladı, heç bir şey soruşmadı...
Nikolay Sergeiç əllərini ağır-ağır stola dirəyərək
yerindən qalxdı, qəribə, tutqun bir nəzərlə bizim hamımızı
gözdən keçirtdi, sonra gücdən düşmüş kimi, yenə də öz
www.vivo-book.com
758
kreslosunda oturdu. Anna Andreyevna daha ona baxmırdı,
hönkür-hönkür ağlayaraq Nellini qucaqlayırdı...
– Anam öləndən bir gün əvvəl məni yanına çağırdı,
əlimdən tutub dedi: “Nelli, mən bu gün öləcəyəm...” O yenə
nəsə demək istədi, deyə bilmədi. Mən ona baxdım, o elə bil
ki, daha məni görmürdü, ancaq əlimi bərk-bərk tuturdu. Mən
üsulluca əlimi onun əlindən çıxartdım, evdən çıxıb bütün
yolu yüyürə-yüyürə babamın yanına getdim. O məni görən
kimi tez stuldan qalxıb mənə baxdı, özü də elə qorxdu ki,
rəngi ağappaq ağardı, bütün bədəni tir-tir əsdi. Mən onun
əlindən tutub ancaq bu sözü deyə bildim: “Bu saat öləcək”.
Babam o saat əl-ayağa düşdü, əlağacını qapıb mənim
dalımca yüyürdü, hətta şlyapasını da yadından çıxartdı, hava
soyuq idi. Mən tez onun şlyapasını başına qoydum, ikimiz
bir yerdə yüyürüb getdik. Mən onu tələsdirirdim, deyirdim
ki, bir minik tut, çünki anam bu saat öləcək. Babamın cəmisi
yeddi qəpik pulu vardı. O, bir minik arabası saxlatdırdı,
qiymət üstündə danışmağa başladı, sürücülər ona gülürdü,
Azorkaya da gülürdü, Azorka da bizim dalımızca gəlmişdi.
Biz yenə də yüyürməyə başladıq. Babam yoruldu, ağır-ağır
www.vivo-book.com
759
nəfəs alırdı, amma yenə də tələsirdi, yüyürürdü. Birdən o
yıxıldı, şlyapası da başından düşdü. Mən onu qaldırdım,
şlyapasını yenə də başına qoydum, onun qolundan tutub
aparmağa başladım, ancaq hava qaralanda gəlib evə çatdıq...
Gördük ki, anam ölüb... Babam onu görən kimi əlini əlinə
çırpdı, tir-tir əsdi, onun başı üstündə durdu, bircə kəlmə də
söz demədi. Mən anamın meyitinə yaxınlaşdım, babamın
qolundan tutub çığırdım: “Amansız, zalım adam, bir bax!..
bir bax!..” Babam birdən çığırıb meyit kimi yerə sərildi...
Nelli birdən ayağa qalxıb Anna Andreyevnanın
qucağından ayrıldı, bizim aramızda dayandı. Onun rəngi
qaçmışdı, üzündə böyük bir əzabın ifadəsi vardı, o nədənsə
qorxurdu. Anna Andreyevna Nellinin üstünə yüyürdü, yenə
də onu qucaqladı, sanki böyük bir ilham içində çığırdı:
– Nelli, indi mən, mən sənin anan olacağam, sən də
mənim balam! Hə, Nelli, gedək, bütün bu daşürəkli, zalım
adamları atıb gedək! Qoy onlar insanları ələ salsınlar, Allah
onlardan bunun heyfini çıxar. Gedək, Nelli, gedək burdan,
gedək!..
www.vivo-book.com
760
Mən Anna Andreyevnanı belə bir halda görməmişdim,
sonralar da görmədim, heç ağlıma da gəlmirdi ki, o belə
həyəcanlı ola bilər. Nikolay Sergeiç öz kreslosunda dikəldi,
yerindən bir az qalxaraq həyəcanlı səslə soruşdu:
– Anna Andreyevna, hara gedirsən?
O çığırıb dedi:
– Ora, qızımın yanına, Nataşanın yanına!
Nellini də öz ardınca qapıya tərəf dartıb apardı.
– Dayan, dayan, bir gözlə!..
– Nə gözləyim, daşürəkli, zalım adam! Mən çox
gözlədim, o da çox gözlədi, indi daha mən getdim!
Anna Andreyevna bunu deyərək geri döndü, ərinə
baxaraq donub qaldı: Nikolay Sergeiç şlyapasını götürüb
onun qabağında durmuşdu, gücdən düşmüş titrək əllərilə,
tələsə-tələsə paltosunu geyinirdi.
Anna Andreyevna əllərini yalvarışlı bir ifadə ilə
sinəsinə qoyub, şübhə ilə ona baxaraq çığırdı:
– Sən də... Sən də mənimlə gedirsən?! – sanki o belə
bir xoşbəxtliyin üz verdiyinə inana bilmirdi.
www.vivo-book.com
761
Nəhayət, Nikolay Sergeiçin qəlbindən belə bir fəryad
qopdu:
– Nataşa! Hanı mənim Nataşam?! Hanı?! Hanı mənim
qızım?! Verin mənim Nataşamı! Hanı, hanı o?! – mənim
verdiyim əlağacını qaparaq qapıya tərəf cumdu.
Anna Andreyevna həyəcanla dedi:
– Bağışladı! Bağışladı!
Lakin qoca qapıya çatmamışdı ki, qapı birdən açıldı.
Nataşa yüyürə-yüyürə otağa girdi: onun rəngi ağarmışdı,
gözləri parıldayırdı, sanki qızdırma içində idi. Əynindəki
paltarı əzilmiş, yağışdan islanmışdı, başına bağladığı yaylığı
sinəsinə enmişdi, dağılmış gur saçları üstündə iri yağış
damlaları parıldayırdı. İçəri girən kimi, atasını gördü,
çığıraraq qollarını açıb onun qarşısında diz çökdü.
Dostları ilə paylaş: |