www.vivo-book.com
187
– Doğrudur, sənin təbəssümündə hələ indi də uşaqlıq
sadəlövhlüyü var... Amma indi sən gülümsəyəndə, elə bil ki,
qəlbin ağır bir əzab duyur. Nataşa, sən arıqlamısan, amma
saçın elə bil ki, çoxalmışdır... Bu sənin hansı paltarındır? Bu
onlarda olanda tikilmişdi?
Nataşa mehribanlıqla mənə baxdı:
– Vanya, sən məni nə çox sevirsən! Yaxşı, bəs sən indi
nə eləyirsən? İşlərin necədir?
– Elə əvvəlki kimi: yenə də roman yazıram, ancaq ağır
gedir, bir şey çıxmır. İlham qurtarıb. Əlbəttə, düşünmədən,
tez-tələsik bir şey yazmaq olardı, maraqlı da çıxardı, ancaq
ideyaya heyfim gəlir, yaxşı ideyadır. Çox xoşladığım
ideyalardandır. Ancaq gərək jurnala mütləq vaxtında
yetirim. Mən hətta istəyirəm ki, romanı buraxım, tez başa
gələn bir povest yazım, elə bir şey ki, həm yüngül olsun,
həm də qəşəng, özü də qətiyyən qəmgin bir istiqamət
almasın... Qətiyyən... Hamı gərək sevinsin, şadlıq eləsin!..
– Zavallı zəhmətkeş! Bəs Smit necə oldu?
– Smit ölüb.
www.vivo-book.com
188
– Sənin yanına gəlməmişdi? Vanya, mən sənə ciddi
deyirəm: sən xəstəsən, sənin əsəblərin pozulmuşdur, xəyalın
da eləcə. Sən onun otağını kirayə edəndə, mən bu şeyləri
səndə hiss etmişdim. Yoxsa otaq rütubətlidir, pisdir?
– Hə! Bu axşam mənim başıma bir əhvalat da gəlib.
Sonra danışaram.
O mənə daha qulaq asmırdı, oturub dərin fikrə
dalmışdı.
Axırda o, cavab gözləməyən bir nəzərlə mənə baxaraq
dedi:
– Başa düşmürəm, mən o vaxt onlardan necə gedə
bildim, mən qızdırma içində idim.
Bu anda onunla danışsaydım da, o mənim sözlərimi heç
eşitməyəcəkdi.
O, güclə eşidiləcək bir səslə dedi:
– Vanya, mən səni bir iş üçün çağırmışam.
– Nə olub ki?
– Mən ondan ayrılıram.
– Ayrılmısan, ya ayrılırsan?
www.vivo-book.com
189
– Belə yaşamaq olmaz, bunu bitirmək lazımdır. Səni də
ona görə çağırtdırmışam ki, ürəyimdəkilərin hamısını, bu
vaxta qədər səndən gizlədiklərimin hamısını açıb sənə
deyim.
O həmişə öz sirrini açıb mənə söyləyəndə sözə belə
başlayardı. Həmişə də, aydın olardı ki, onun bu sirrini mən
çoxdan bilirəm, özü mənə söyləmişdir.
– Ah, Nataşa, mən min dəfə bunu səndən eşitmişəm!
Əlbəttə, siz bir yerdə yaşaya bilməzsiniz, sizin bu
münasibətiniz çox qəribə bir münasibətdir, sizin aranızda
heç də ümumi cəhət yoxdur. Ancaq... sənin buna gücün
çatacaqmı?
– Vanya, əvvəllər məndə belə bir fikir var idi, indi isə
qəti qərara gəlmişəm. Mən onu hədsiz dərəcədə sevirəm,
amma belə çıxır ki, mən onun birinci düşməniyəm, mən
onun gələcəyini məhv edirəm. Onu azad etmək lazımdır. O
mənimlə evlənə bilməyəcək, onda elə bir qüvvə yoxdur ki,
atasının sözündən çıxa bilsin. Mən də onun əl-qolunu
bağlamaq istəmirəm. Buna görə də mən hətta sevinirəm ki, o
ona almaq istədikləri qızı sevir. O məndən asanlıqla
www.vivo-book.com
190
ayrılacaq. Mən bunu etməliyəm! Bu mənim borcumdur...
Əgər mən onu sevirəmsə, onda hər şeyimi ona qurban
etməliyəm, öz sevgimi ona sübut etməliyəm, bu mənim
borcumdur... Elə deyilmi?
– Axı sən onu başa sala bilməzsən.
– Mən onu heç başa salmayacağam da. O lap bu saatın
özündə gəlsə də, mən yenə onunla əvvəlki kimi rəftar
edəcəyəm. Ancaq mən elə bir vasitə tapmalıyam ki, o məni
vicdan əzabı çəkmədən, asanlıqla buraxıb gedə bilsin.
Vanya, bax mənə əzab verən budur! Kömək elə! Mənə nə
məsləhət eləyə bilərsən?
Dedim:
– Bunun bircə əlacı var: bu da, daha onu sevməmək,
başqasını sevməkdir! Ancaq heç ağlım kəsmir ki, bu bir əlac
ola bilsin. Sən ki onun xasiyyətini bilirsən! Budur, beş
gündür ki, o sənin yanına gəlmir. Belə təsəvvür elə ki, o səni
tamam atmışdır, sən durub ona yazsan ki, sən özün onu
atmısan, o dərhal qaçıb sənin yanına gələcək.
– Vanya, sənin niyə ondan xoşun gəlmir?
– Mənim?!
www.vivo-book.com
191
– Hə, sənin, sənin! Sən onun düşmənisən, həm açıq,
həm gizlin! Sən ondan, intiqam hissi duymadan, danışa
bilmirsən. Mən min dəfə görmüşəm ki, sənin ən çox xoşuna
gələn şey – onu alçaltmaqdır, pisləməkdir! Bəli, pisləmək!
Mən doğru deyirəm!
– Sən bunu mənə min dəfə demisən! Bəsdir, Nataşa!
Bu söhbəti bağlayaq.
Nataşa yenə də bir qədər susduqdan sonra dedi:
– Mən istəyirəm ki, başqa bir otağa köçüm. Vanya, sən
acıqlanma...
– O biri otağa da gələcək, mən, vallah, acıqlanmıram.
– Məhəbbət güclü olur, bəlkə yeni sevgi onun qarşısını
kəsdi. Əgər mənim yanıma gəlsə də, bir dəqiqəliyə gələr,
sən necə bilirsən?
– Nə deyim, Nataşa! Ondan heç baş çıxarmaq olur ki!
O həm onunla evlənmək istəyir, həm də səni sevir. O
necəsə, bunun hər ikisini birdən eləyə bilir.
– Mən yəqin bilsəydim ki, Alyoşa o qızı sevir, qəti
qərara gələrdim... Vanya! Məndən heç bir şey gizlətmə! Sən
elə bir şey bilirsənmi ki, mənə demək istəmirsən?
Dostları ilə paylaş: |