Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə31/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   101

64
Dünya nədi hədərdi,  
Ömür gəldi-gedərdi,  
Ürək xırda, qəm böyük,  
Hara yığım bu dərdi. 
Köhnə börkünü boynunun ardına itələyən Cibo Səfər nazik, cır səslə oxuyurdu. Çarıqlarını
boynundan  asıb  yalın  ayaqlarını  sallayıb  mindiyi  uzunqulağın  yerişiylə  yırğalayırdı.  Bezdən 
tikilən şalvarın dizləri süzülmüşdü, dizinin gözü görünürdü. Qabaq dişləri salamat olsa da, arxa 
dişləri  töküldüyündən  ovurdları  batmışdı.  Köhnə  köynəyinin  yaxasından  sinəsindəki  ağ  tüklər 
görünürdü.  O,  əlini  torbasına  atıb  çörək  çıxartmaq  istədi,  gördü  ki,  lavaşın  qırın-qırtısı  qalıb. 
Xırım-xırdanı ovcuna yığıb ağzına atdı. Uzunqulağı döyəclədi. Amma eşşəyi də özü gündə idi. 
Palanı cırıq, özü qoca. Qaşqasına da dəmrov düşüb tüklərini tökmüşdü. 
Qalaya dönən yerdə, köhnə dəyirmanın yanına çatanda gördü ki, cinə-şəyatinə oxşayan bir 
məxluq dayanıb. Vecinə də almadı. Yanından keçib getmək üçün yalın dabanlarını uzunqulağın 
yanlarına vurdu. Amma gördü yox, cin-şayətin onun başı ilə oynayır, “toqquş” deyib uzunqulağı
saxladı. 
 
– Bura bax, sən cinsənsə, mən də şayətin kimi bir şeyəm. Biz bir-birimizin dilini bilərik. 
Əgər bu yazıq heyvanı hürkütmək istəyirsənsə, keç sol tərəfinə, çünki sağ gözü kordu. 
Salmanı gülmək tutdu. 
– Ay bəni adəm, haradan gəlib, hara gedirsən? 
– Ey Məhəmməd hümməti, uzaqdan gəlib uzağa gedirəm. 
– Hansı uzaqdan, hansı uzağa? 
Cibo  Səfər  eşşəkdən  düşüb  çarıqlarını  palanın  üstünə  atdı.  Yaxınlaşıb  onunla  yanaşı 
dayandı. Elə özü də Salmana oxşayırdı. Geyimdə, boy-buxunda. 
Sənə adam dilində salam verim, ya cin-şayətin ləfsində? 
– Hansında istəsən. 
– Əssəlamün əleyküm. Cin dili bilmirəm. 
– Əleyküm əssalam. Hardansan? 
– Şamaxıdan gəlirəm, gedirəm Məkkə ziyarətinə. Gedim, getməyim? 
Salman ona baxdı, eşşəyinə baxdı, üst-başına, yalın ayaqlarına baxdı. 
– Ay adəm övladı, niyə ayaqyalınsan? 
–  Çarığı  geysəm,  qurban  olduqlarımın  ziyarətinə  çatanda  ayaqyalın  qalaram.  Ziyarətə
gələn  o  qədər  məxluqun  içində  deyirsən  adam  kimi  çarıqlı-patavalı,  adam  şəklində  olsam  pis 
olar? – Cibo Səfər gəlib Salmanın yanında, daşın üstündə oturdu. 
– Eşşəyin belində çarığın cırılacaq? 
–  Eh,  ay  qadan  alım,  bu  eşşəyin  bu  gündən  sabaha  çıxmağa  ümidi  var  ki?  Mən 
naxoşlayanda o məni aparır, o naxoşlayanda mən onu. 
Salman onun zarafatından ciddiləşdi. 
– Dərdli adama oxşayırsan. – Cibo Səfər bu sözdən sonra onun sir-sifətinə baxdı. Gördü ki, 
əməllicə-başlıca adama oxşayır. 
–  Dərd?  Bəxtəvərlikdən  danışırsan.  Dərd  elə  bir  sərvətdir  ki,  o  padşahlarda,  var-dövlət 
əlindən  üzülənlərdə  olar.  Mən  lüt-üryanın biriyəm. Yeməyə çörəyim də yoxdur. Nəyin dərdini 
çəkəcəyəm. 
Eşşək  yolun  soluna,  çayın  qırağına  çıxıb  otları,  qurumuş,  toz  basmış  qart  yarpızları
qırpırdı. 
– Bir ora bax, özgə vaxt bəyənmirik. Suyu gör necə ustuplu içir. Deyirəm ay qardaş, Allah 
niyə  məni  də  beləcə  qanmaz  bir  heyvan  yaratmayıb?  O  eşşək  kimi  işləyirik,  yük  çəkirik, 
döyülürük, söyülürük, yenə dözürük. Eh, insan olmaq da bir köpəkoğluluq deyilmiş. 
–  Elə  demə.  İnsan  yer  üzünün  əşrəfidi.  Ziyarətə  gedirsən.  O  yuxarıdakı  kişinin  xoşuna 
gəlməz. 
– Bu sözü elə yuxarıdakı kişi dedirdir də. Biz hamımız onun iradəsindən asılı deyilikmi? 


65
Salman qalxıb xaraba dəyirmana getdi. Əlində bir bağlama ilə qayıtdı. 
– Al, götür. 
– Allah sənə uzun ömür əta eləsin. 
Bu vaxt lağımın ağzından zəncirləri cingildəyən məxluq özünü çaya atdı. Elə bil meşənin 
min bir ətri çəkildi. Salman tez özünü çaya tərəf atdı. Bığlarından çapara oxşayan adam quduz it 
dəymiş  kimi  özünü  ordakı  daşlara,  sel  gətirmiş  kötüklərə  sürtürdü.  Cibo  Səfər  iki  barmağı  ilə
burnunu sıxıb Salmana dedi: 
– Bu da yer üzünün əşrəfi insan. Boğazacan, yox lap təpəsinə kimi zibilin içindədi. 
– O insandı bəyəm? Biz insandan danışdıq.  
Cibo  Səfər  gördü  ki,  xaraba  dəyirmandan  da  adamlar  çıxır.  Eşşəyini  minib  sürə-sürə 
Salmana dedi: 
– Salamat qal. 
Gün əyiləndə, axşam namazının vaxtı çatanda Cibo Səfər eşşəyi saxlayıb düşdü. Heyvanı 
otlamağa  buraxdı,  özü  də  canamazını  çıxarıb  açdı,  palçıq  möhürünü  qara  dəsmalın  ortasına 
qoydu. Çayda dəstəmaz aldı, qayıdıb üzünü qibləyə tutdu, əllərini göyə qaldırdı. 
Günortadan bəri Cibo Səfəri bir ac canavar izləyirdi. Cibo Səfərlə işi yox idi, tamahından 
qotur,  kor  uzunqulaq  keçirdi.  İndi  əlinə  girəvə  düşmüşdü.  İnsanın  əyilib  qalxdığını  görüb 
kolluqdan  çıxdı,  uzunqulağa  tərəf  cumdu.  Eşşək  də  canavarı  görüb  anqıra-anqıra  ona  tərəf 
götürüldü.  Elə  bil  canavarı  yox,  çoxdan  bu  dünyadan  köçmüş  anasını  görmüşdü.  Canavarla 
uzunqulaq üz-üzə gəldilər və... 
Cibo Səfər bunu hiss elədi. Amma namazını yarımçıq qoyub batin eləmək fikrinə düşmədi. 
Amma dili namazın duasını vird eləsə də ürəyində ayrı şey deyirdi: “Ey ulu tanrı, axı mən sənə
nə pislik eləmişəm? Nə də eləyə bilərəm? Əlimdən nə gəlir ki. Bir yazıq adamam, var-dövlətdən 
vur-tut  bir  ulağım  vardı.  Dedim  onun  köməyilə  müqəddəs  yerlərə  gedib  çıxaram.  Səni  ziyarət 
eləyərəm.  Geri  qayıtmağa  onsuz  da  ümidim  yox  idi.  Ölüb  qarışacaqdım  qurban  olduqlarımın 
torpağına.  Axırıncı  ümidimi-pənahımı  da  əlimdən  aldın.  O  yırtıcı  canavar  sənə  məndən  əziz 
oldu?  Kimə  danışsam,  deyəcəklər  bəs  tanrı  səni  imtahana  çəkir,  sınayır,  görsün  sən  onun 
yolundan  dönməyəcəksən?  Dönüb  neyləyəsiyəm,  dönməyib  neyləyəsiyəm.  Tanrı  bu  dünyada 
mənə  cənnəti  də  göstərib,  cəhənnəmi  də.  Cənnəti  beş  gün  görmüşəmsə,  elə  ömrümün  hamısı
cəhənnəmdə keçib. İkisinə də dözmüşəm. Hər ikisinə də mənim bu pis sifətim öyrəşib. Mən bu 
dünyada da, o dünyada da dəvəsi ölmüş ərəbəm”. 
Dədə  bəy  yoldan  keçirdi.  Canavarın  uzunqulağı  parçalamasını  da,  cır-cındırlı  kişinin 
namazını batin elədiyini də görürdü. Alapaçanı saxlayıb tamaşa eləyirdi. 
Cibo Səfər canamazını yığışdırıb qalxanda Alapaçanı onun yanına sürdü. 
– Axşamın xeyir, müsəlman qardaş. 
– Hər vaxtın xeyir. 
– Bu nə işdi sənin başına gəldi? 
Cibo  Səfər  altdan  yuxarı  padşah  görkəmli  adama  baxdı.  Ürəyindən  keçirtdi:  “Tanrı 
mənnən  gizlənpaç  oynayır.  Bu  gələn  ya  Əzrayıldı,  ya  Cəbrayıldı.  Ayrısı  ola  bilməz.  Ziyarət 
yerinə  çatmağa  heç  bir  ümid  yoxdu.  Ömrüm  də  eşşəyimin  ömrü  kimi  burada  tamammış.  Elə
yaxşı oldu, heç olmasa sözümü deyərəm”. 
– Bura bax; ağam məni barmağına dolayıb?  
Dədə bəy onun sözünə təəccüb elədi. 
– Ağan kimdi? 
–  Ağanı  mən  sənə  tanıdacam?  Mənnən  çox  zillət  çəkən  yox.  Bu  günnən onun ziyarətinə
gedirəm. Xoşuna gəlmirəm, alsın canımı. Xoşuna gəlirəmsə, qoysun adam kimi gedim ziyarətimi 
eləyim. Mən onnan tay-tuş ola bilmərəm. Mənnən niyə gizlənpaç oynayır? 
Dədə bəy onu indi başa düşdü. 
– Şükür elə. Ağam bir yandan bağlayanda, bir yandan açır. Məni sənin köməyinə yetirib. 
Bəlkə də xeyir elə bundadı. 
Cibo Səfər yəqin elədi ki, bu elə Əzrayılın özüdü. Üzünü qibləyə çevirdi. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə