184
SEVDA YOLU
Nə mən öldüm qurtardım,
nə sən insafa gəldin.
Bir xalq mahnısından.
Apardın dincliyimi,
qaldım intizarında.
Yadına düşürəmmi,
bu tənha anlarımda?
Həm şirin ,həm üzücü
bu uzun sevda yolu.
Gah göy üzütək boşdu,
gah göz yaşıyla dolu.
Yaranışdan əzablı,
kim verir bu bəlanı?
Nə ağrısı azalır,
nə tapılır dərmanı.
Ah,nə qədər tanınmaz
Məcnunu,Leylası var.
Hər kəsin qəlb evində
bir gizli sevdası var.
Sevən daim səcdədə
öz sevgi ocağına.
İnsan ruhən çəkilir
burda dar ağacına.
Hansı qüdrətdən doğur
bu cazibə,bu çəki?
Aşiqi ayrılıqla
öldürməyə nə var ki?
Yanvar, 2008
185
TƏLƏSMƏ
Ey dil, qəlbimi açmaq üçün yada, tələsmə,
bir adi sözün verər səni bada, tələsmə.
Sirdaş bilib dost-aşnanın vəfasına uyma,
sanma hamını özün kimi sadə, tələsmə.
Məcnun kimi divanəliyin tənəsi çoxdur,
bənzət özünü əzmdə Fərhada, tələsmə.
Bax Yusifə, eyş-işrəti zindana dəyişdi,
insana şərəfdir dözüm, iradə, tələsmə.
Kol-kosda ürkək kəkliyi gör, qorxusun anla,
çünki tez uçan quş ovdu səyyada, tələsmə.
Səbr eylə ki, səbrin özü Tanrı kəlamıdır,
təmkinlə yetişmiş çoxu murada, tələsmə.
Fəxrəddin, qəzəlxanlıq bizdən can girov istər,
şagirdliyə, Vahid kimi ustada, tələsmə.
25.05.99
186
MUSİQİDİR
Yenə də ruhumda eyləyən çövlan musiqidir,
çünki hər məclisi-ürfanda hökmran musiqidir.
Oxu, “Rast”ı təmkinlə, “Segah” odunda yan, alış,
insanı gah anladan, gah ağladan musiqidir.
Dinlə şövq ilə “Şur”u, “Şahnaz”ı, “Mahur-hindi”ni,
“Heyratı”yla edən könlümü heyran musiqidir.
“Mənsuriyyə” zilində çatsan ahım fələklərə,
“Çahargah” dəstgahı cəm olan dastan musiqidir.
Ağrımaz “Kəsmə şikəstə”ylə kəsilsə əllərim,
məni o dəmdə bihuş edən dərman musiqidir.
Söz sərrafları, qoy inciməsin, söyləsəm, hərgah,
sənətdə bəlkə də ən böyük divan musiqidir.
Fəxrəddin, bəni-adəm yaradan möcüzə çoxdur,
bu sehrlər içində ən sirri pünhan musiqidir.
03.05.99
187
ÖMRÜMÜZÜN
Öz odunda əriyir yanar şamı ömrümüzün,
indidir bəlkə, ey dost, xoş əyyamı ömrümüzün.
Hurilər dövrəsində keçsin qəmsiz çağlarımız,
gözəllər qəlbindədir ehtişamı ömrümüzün.
Dinlə xanəndələri musiqi məclislərində,
axsın muğam üstündə hər kəlamı ömrümüzün.
Yatma xabi-qəflətdə, gəzmə bihudə aləmi,
bilinməz, nə vaxt bitər sərəncamı ömrümüzün.
Bizdən sonra xatirə bir söz, bir sənət qalacaq,
bir də torpaq üstündə qəbir damı ömrümüzün.
Uyma zahidlərə çox, ay Fəxrəddin, qiymətlidir,
Cənnətin min ilindən bir məqamı ömrümüzün.
04.04.99
MƏN OLAYDIM
Ey kaş,nə olaydı,sənə qurban mən olaydım,
Candan da şirin dərdinə dərman mən olaydım.
Hər gün bəzənib nazla keçəydin küçəmizdən,
arxanca baxıb dəmbədəm heyran mən olaydım.
Süzgün baxışından çəkiləydim dara yüz yol,
bu ləzzət ilə eyləyən şükran,mən olaydım.
Bir qönçə olaydım,dəriləydim budağımdan,
ovcunda solan o gülü-xəndan mən olaydım,
Fəxrədddin,ömür möhlət imiş vəsli-yar üçün,
bu istək ilə yar ilə bir can mən olaydım.
Mart,2005
188
ƏHSƏN
Ey sözlə xəzinə yaradan, adına əhsən,
Məcnununa, Söhrabına, Fərhadına əhsən.
Göz görməsə, qəlb duymasa heyrət də yaranmaz,
dünyaya məhəbbət gətirən qadına əhsən.
Min hikmət ilə min gözəlin dadına çatmış,
“Mİn bir gecə”nin sirli Şəhrizadına əhsən.
Uğrunda fəda getmədiyin qiymətə minməz,
hər qönçə üçün bülbülün fəryadına əhsən.
Hakəslərə yüz yaxşılıq et, faydası olmaz,
əxlaqı müqəddəs olanın zatına əhsən.
Bir məclisimiz olmasın, Fəxrəddin, qəzəlsiz,
hər sirli sözün, söyləyək, ustadına əhsən.
28.12.98
XUMAR OLAN KÖNLÜM
Mənə dünyanı tanıtmış bu ixtiyar olan könlüm,
səsimi aləmə yaymış bu bəxtiyar olan könlüm.
Tükənməz istəyi heç vaxt, uçar qrzu qanadında,
min qəlbə qonar köksümdə meydanı dar olan könlüm.
Gəzər gözəllər içində, vəsf eyləyər huriləri,
ruhu mələklər yanında, ey xoş qərar olan könlüm.
Axtarar tarda muradın, sızlar kaman inləyəndə,
uyar sehrli bir səsdən, daim huşyar olan könlüm.
Duyar ariflər, Fəxrəddin, məni təbim tutulanda,
bir muğam içdə əsirdir, demək, xumar olan könlüm.
28.02.99
189
GƏLMƏZ
Neyçün o qəlbə sultanım bircə yol peymana gəlməz,
edib məni sevdasında rüsvayi-divanə, gəlməz?
Qalmışam naçar, pəjmürdə, görərəmmi yarı bir də,
ürəyim dözmür bu dərdə, can evim viranə, gəlməz?
Odur hissimin hakimi, odur ruhumun həkimi,
yandım yolunda şam kimi, görməz o pərvanə, gəlməz.
Şirindir hər bir ədası, daim beynimdə sədası,
barı bircə yol qadası, dərd-bəlası cana gəlməz.
Gözüm ağlar, qəlbim talan, yoxdur bir halıma yanan,
hanı bəs bu canı alan, gəlmişəm əfqanə, gəlməz?
Fəxrəddin, dad eşq əlindən, ayrı düşdüm sevgilimdən,
o gözəllər gözəlindən bir də bu cahanə gəlməz!
17.10.99
QƏZƏLXAN OLMUŞAM
O gülü-rüxsarımın hüsnünə heyran olmuşam,
yanmışam gizli-gizli zahirdə pünhan olmuşam.
Əsiri-dərdi-qəməm, yoxdur bir qeyri-həmdəmim,
bu ahu-zarım ilə bülbülü-nalan olmuşam.
Xəyali-məşuq ilə düşüb sərgərdan, çöllərə,
eşqdə divanəlikçün Məcnuna mehman olmuşam.
Çəkdi Yusif yüz cəfa, yetdi Züleyxaya, fəqət
mən bu nakam sevgimlə dillərdə dastan olmuşam.
Qıymadı Tanrım mənə yar ilə həmraz olmağı,
o şamın şöləsində həmişə şükran olmuşam.
Vəslinə yetməsəm də, Fəxrəddin, təsəllim budur,
o şuxu vəsf etməkçün, şükür, qəzəlxan olmuşam!
19.10.99
Dostları ilə paylaş: |