172
ÖYRƏTMƏ ÖZÜNÜ MƏNƏ
Ustad Musa Yaquba məhəbbətlə.
Bu alın yazısı, yoxsa təsadüf,
çıxdın qabağıma yanar şam kimi?
Şirin təbəsssümlə, süzgün baxışla
girdin ürəyimə ən doğmam kimi.
Yaman alışdırdın özünə məni,
qayğılı səsinə, sözünə məni.
Allahım, bu nədir, hörmət ya diqqət,
beləmi yaranır mehr-məhəbbət?
Ötəri hissdirsə, qayıt bu yoldan,
qıyma əyilməyə önündə məni.
Çaşıb, şən anınçün, xoş ovqatınçün
sındırma bir adi günündə məni.
Sən mənim duyğumda bir müqəddəslik,
sən mənim qəlbimdə sədaqət rəmzi.
Bəlkə bir pərdəyə köklənmiş səsik,
bəlkə qovuşdurur Yaradan bizi?
Bəzən az qalır ki, söyləyim-getmə,
güzgü tut qəlbinə, gözünə məni.
Sən Allah, bu qədər doğmalıq etmə,
sən Allah, öyrətmə özünə məni.
Ruhən izləyirəm səni hər zaman,
hərdən yanımdasan, hərdən uzaqsan.
İndi öz-özümdən xofluyam, inan,
qorxuram qəlbimi ovlayacaqsan.
Ovsunsan, sehrsən, şirin röyamsan,
yox, əsl adını deyə bilmirəm.
Bu yaz gəlişinlə ayrı dünyamsan,
sənli günlərimdən doya bilmirəm.
173
Bu qədər bağlılıq, bu qədər istək
heç bilə bilmirəm hardan yarandı.
Bir uzaq işıq ol, Aytək, ulduztək,
yandırma istinlə məni, amandı.
Könlümdə xatirin həmişə əziz,
sənə sayğım sonsuz, hisslərim təmiz.
Nə olar, bir qədər soyuq ol, yad ol,
məndən uzaqlarda rahat ol, şad ol.
Onsuz da bir qəmli ney kimiyəm mən,
dünyanın kədəri yaşar səsimdə.
Yanğım içimdədir, mey kimiyəm mən,
hərdən ürəyimi duysan bəsimdi.
Öyrətmə bu qədər özünə məni,
mehriban səsinə, sözünə məni.
Səni itirəcək andan qorxuram,
bir də ... ayrılıq var, ondan qorxuram!
Noyabr, 1999
SƏNSƏN
Mən səni görəndən hüsnünə heyran,
sən mənim əzizim, mehribanımsan.
Sən mənə duyğumu bəxş edən insan,
sən mənim ikinci yaradanımsan.
Sən mənim qəlbimdə ilahi istək,
fikir-xəyalımda gəzdirdiyim tac.
Ay məni eşqində sınayan mələk,
mən sənin bir adi sözünə möhtac.
Bu sevgi qəlbimdən əskilməz bir dəm,
gündə yüz yol alan canımı, sənsən.
Dövrümün ən bədbəxt kişisi mənəm,
dünyanın ən gözəl xanımı sənsən.
17.07.1999
174
ŞİRİN XATİRƏMSƏN
Abbas Soltanoğlu musiqi bəstələmişdir.
Gözlərimin önündə
əksin canlanır yenə.
Dünyanın xoş günündə
əzab verirsən mənə.
Əlim əlindən uzaq,
səsim səsinə yetmir.
Dərd çəkilib qurtarmır,
qəm yeyilməklə bitmir.
Sən hardasan, mən harda,
xəyal qanadlı quşdu?
Ruhuma dönməyin də,
mənim üçün uduşdu.
Indi öz dünyamdayam,
ürəyimdə xatirən.
O sənli günlərimdən
hansı qayıdar, görən?
Bəlkə də ürəyində
unudulmuşam, yoxam.,
Yox,hələ ölməmişəm,
gülüm, hələ ki, sağam.
Hədəfə tuşlanmayan,
yayından çıxmış oxam.
Mən səni tanıyandan
yatıbdı qara çuxam.
Sən öz qayğılarında,
mən öz təlaşımdayam.
Ömrün qaynar yaşında,
sevgimin qışındayam.
Oktyabr, 1999
175
ƏTRAF DOLU GÖZƏLLƏRLƏ
Dövrəmizdə, gör, nə qədər
gözəl qızlar, gəlinlər var.
Dərdlərindən gizli-aşkar
üzülənlər, ölənlər var.
Ürəklərə od salıbdır
şux duruşlu o alyanaq.
Gülüşüylə canlar alır
bu gülərüz , püstə dodaq.
O xurmayı saçlı xanım
necə baxır xumar-xumar.
Könlünə yol tapmaq üçün
düş dalınca, yalvar, yaxar.
Nə yeyir, nə içir, görən
bu incə bel, sivri sinə?
Əcəb füsünkar yaradıb,
şükür olsun Tanrısına.
Mavi gözlü o nazlının
baxışında Xəzər yatar.
Bu qızların səf düzümü
xəyallarda qatarlanar.
Ətraf dolu gözəllərlə,
şəhər dolu gözəllərlə,
küçə, meydan həm axşam, həm
səhər dolu gözəllərlə.
Allah, Allah, göz dəyməsin
bu qızların camalına,
Kaş onların hər birindən
ürək dolu kam alına!
Aprel, 2004
176
BAĞIŞLA
Mobil Babayev musiqi bəstələnmişdir.
Bəlkə də çox sevdiyinçün məni sən,
gördün eşqin min hicranın, bağışla.
Sən bu yolda qəza vuran gəmisən,
bu gəminin kapitanın bağışla.
Hərdən çılğın aparmışam özümü,
ürəyini sındırmışam, bağışla.
Hərdən soyuq, daşüşüdən bağışla
ümidini dondurmuşam, bağışla.
Hərdən mənə güc gələndə xoş həvəs,
olub, səni duymamışam, bağışla.
Hərdən sənin qəlbindəki müqəddəs
hisslərinlə oynamışam, bağışla.
Olub, hərdən bir işvəli gözəlin
gülüşündən keçməmişəm, bağışla.
Hərdən səni ayağının tozuna
dəyməyəndən seçməmişəm, bağışla.
Hüzurunda dayanmışam müqəssir,
etirafım günahımdan aşağı.
O hisslərin qarşısında mən əsir,
ay eşqimin müqəddəs göy qurşağı,
bağışla, bağışla!
Mart, 1998
177
BİLMİRƏM
Xumar Qədimova musiqi bəstələmişdir.
Sənsiz bu xəzan dunyama
gözümü aça bilmirəm.
Qanadı qırılmış quşam,
arxanca uca bilmirəm.
Getməz karvanım, saxlanıb,
dərddən ürəyim dağlanıb.
Sən yoxsan, bəxtim bağlanıb,
gəlmirsən, aça bilmirəm.
Səsimə qəm, saçıma dən
ərməğandı həmdəmimdən.
Xoşam, bu tale hökmündən
qurtulub qaça bilmirəm.
Ay insafsız, bu sənsənmi,
sən mən olsan, dözərsənmi?
Gəlib bir də dönərsənmi
başımda taca, bilmirəm?
Nəfəsimdə, canımdasan,
ürəyimdə, qanımdasan,
sən ki, mənim yanımdasan,
bəs niyə quca bilmirəm?!
19.01.1999
Dostları ilə paylaş: |