178
KEÇ GÜNAHIMDAN
Nəriman Məmmədov musiqi bəstələmişdir.
Bilirəm, yanında qəbahətim çox,
sənə yalvarıram, keç günahımdan.
Məni məndən artıq qınayanım yox,
bilsən nə çəkirəm gizli ahımdan,
sənə yalvarıram, keç günahımdan.
O qönçə ömrünə qıydım, bağışla,
dərib qoxlamamış doydum, bağışla,
naşı gəncliyimə uydum, bağışla,
ayrı bir təmənnam yox Allahımdan,
sənə yalvarıram, keç günahımdan.
Nə vaxt ki, arxamca bir cüt göz baxır,
taqətim tükənir, ürəyim axır.
Elə bil çiyərim köksümdən çıxır
könlüm ayrılanda qibləgahımdan,
sənə yalvarıram, keç günahımdan.
Duymaram ilimi, ayımı sənsiz,
bilmərəm toyumu, vayımı sənsiz.
Unudub yaşımın sayını sənsiz,
səbr diləyərəm Səbrullahımdan,
sənə yalvarıram, keç günahımdan.
Bu əzab günbəgün içimə hopur,
dərddən sinəm qabar, sifətim çopur.
Qiyamətmi gəlir, tufanmı qopur
üzməyə əlimi son pənahımdan?
Sənə yalvarıram, keç günahımdan,
sənə yalvarıram, keç günahımdan!
24.12.1998
179
İSTƏRƏM
Əli Baxış musiqi bəstələmişdir.
Yığıb sözlərinin şirinliyindən
suyuma, havama qatmaq istərəm.
O şəhla gözlərin dərinliyində
ucalmaq istərəm, batmaq istərəm.
Baxışın iz qoyub gözlərim üstə,
dilimin ahəngi sözlərin üstə.
Bir dəfə baş qoysam dizlərin üstə,
bütün gəncliyimi yatmaq istərəm.
Bəzəksən ömrümə, gülə şeh kimi,
ay ürək həmdəmi, ay qəlb hakimi.
Sənsiz bir günahsız körpə sevgimi
isti qucağına atmaq istərəm.
Çatılmış qaşların nə deyir yenə,
qoymur dodaq qaça, qoymur dil dönə.
Arzusan, xəyalsan, zirvəsən mənə,
xəyala, arzuya çatmaq istərəm.
Sənsiz ürəyimin yox halı, gülüm,
günlərim əzablı, qadalı, gülüm.
Əllərim yoluna uzalı, gülüm,
əl ver, əllərindən tutmaq istərəm.
Mən sənə qovuşmaq, çatmaq istərəm,
o şəhla gözlərdə batmaq istərəm.
1977
180
HƏSRƏT
Yük olub asılıb kirpiklərimdən
sənsizlik adlanan bir dəli həsrət.
Gözlərim ağrıyır gördüklərimdən,
çəkibdir altından sürməni həsrət.
Sən onun çaldığı havasına bax,
verdiyi dərdinə, davasına bax.
Qəlbimdə qurduğu yuvasına bax,
Fikir-xəyalımın həmdəmi həsrət.
Səndən ayrılalı, könlüm həmdəmi,
dolur gözlərimə dünyanın qəmi.
Xəyal ümmanında azdırır məni
bu tufan ayrılıq, bu gəmi həsrət.
Necə doymamışam bal söhbətindən,
“yox, getmə, yanımda qal...” – söhbətindən.
Çəkil gözlərimin səltənətindən,
gəlib ürəyimə yar dəmi, həsrət!
Kərəmi yandıran o Qara keşiş
necə ümidimi puç edib yemiş.
Nə böyük qüdrətin sahibi imiş
bizim ayrılığın dərd-qəmi həsrət.
Qalmayıb əvvəlki o şıltaq həvəs,
nə eynim açılmaz, nə üzüm gülməz.
Sevgilim, bu sirri ayrısı bilməz,
edib aşiqini sərsəmi həsrət.
1984
181
QAYIT MƏNİ QINAMAĞA
Nə biləydim bir gün sənsiz qalaram,
gedəcəksən əlçatmaza, əzizim.
Sənsiz mənə çörək haram, su haram,
qabağımda yüz qadağa, əzizim.
Ətrin hələ divarlardan getməyib,
nə səliqən, nə səhmanın itməyib.
Ayaq səsin dəhlizlərdən ötməyib,
dözmək olmur bu sınağa, əzizim.
Nə şirinmiş o şıltaqlıq, o küsü,
kaş qayıda o günlərin ən pisi.
Qapısını açacaqsa özgəsi,
necə girim o otağa, əzizim?
Daha sənə əl yetişməz, un yetməz,
gözlərimdən yaş tükənməz, qəm itməz.
Nə gözlərin, nə yaddaşın bəs etməz
indi məni tanımağa, əzizim.
Səndən sonra bir gözəldə gözüm yox,
quruyubdur dilim-ağzım, sözüm yox.
Nə cismində, nə ruhumda dözüm yox,
Qayıt məni qınamağa, əzizim,
dözmək olmur bu sınağa, əzizim.
01.11.1997
182
YUXUMA GİR
Xumar Qədimova musiqi bəstələmişdir
Fikrim yenə tamam sənin yanında,
Uça-uça gələcəyəm, gəl – desən.
Səndən ayrı bir həsrət var canımda,
yuxuma gir, öləcəyəm, öl – desən.
Bundan sonra görüşümüz bir güman,
bizi üzüb yetişəcək dərd kama.
Mənim kimi sən də orda ağlama,
göz yaşımı siləyəcəm, sil – desən.
Bəxti mənə sən yazırsan, neyləyim,
nə ömürdən, nə yaşdandır gileyim?
Qismətiylə barışarmı taleyim,
sənsiz keçən günlərimə il – desən?
Sən gedəli artan ancaq göynəyim,
ruhdan qeyri qalmayıbdı heç nəyim.
Görsəm səni çox incidir ölməyim,
öləndə də güləcəyəm, gül – desən,
yuxuma gir, öləcəyəm, öl – desən!
Fevral, 1998
183
BƏSİMDİR
Bu dünyadan yox bir qeyri təmənnam,
bahar vaxtı gül töhfəsi bəsimdir.
Şəlalənin istəyinə heyranam,
bulaqların zümzüməsi bəsimdir.
Ömür keçir, ay dəyişkən, il qısa,
nə gözəldir göz danışa, dil susa.
Əgər sənin ürəyində varamsa,
köynəyinin titrəməsi bəsimdir.
Səni deyib yaşamışam hər zaman,
bu sevdada mən bir damla, sən ümman.
Bu ümmanda səbrim ilə oynayan
dalğaların kükrəməsi bəsimdir.
Məhəbbətsiz keçən ömür boş, hədər,
min illərdir oda yanır səməndər.
Sevgi yolu şəhadətmiş, sərasər,
məni şəhid eyləməsi bəsimdir.
Yoxluğumu eşidəndə bir səhər,
hücum çəkər üzərinə qəm, kədər.
Gülüm, səni incitməsin bu qəhər,
göz yaşının bir damlası bəsimdir.
18.12.97
Dostları ilə paylaş: |