Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   32   33   34   35   36   37   38   39   40

 
178
KEÇ GÜNAHIMDAN 
 
Nəriman Məmmədov musiqi bəstələmişdir. 
 
Bilirəm, yanında qəbahətim çox
sənə yalvarıram, keç günahımdan. 
Məni məndən artıq qınayanım yox, 
bilsən nə çəkirəm gizli ahımdan, 
sənə yalvarıram, keç günahımdan. 
 
O qönçə ömrünə qıydım, bağışla, 
dərib qoxlamamış doydum, bağışla, 
naşı gəncliyimə uydum, bağışla, 
ayrı bir təmənnam yox Allahımdan, 
sənə yalvarıram, keç günahımdan. 
 
Nə vaxt ki, arxamca bir cüt göz baxır, 
taqətim tükənir, ürəyim axır. 
Elə bil çiyərim köksümdən çıxır 
könlüm ayrılanda qibləgahımdan, 
sənə yalvarıram, keç günahımdan. 
 
Duymaram ilimi, ayımı sənsiz, 
bilmərəm toyumu, vayımı sənsiz. 
Unudub yaşımın sayını sənsiz, 
səbr diləyərəm Səbrullahımdan, 
sənə yalvarıram, keç günahımdan. 
 
Bu əzab günbəgün içimə hopur, 
dərddən sinəm qabar, sifətim çopur. 
Qiyamətmi gəlir, tufanmı qopur 
üzməyə əlimi son pənahımdan? 
Sənə yalvarıram, keç günahımdan, 
sənə yalvarıram, keç günahımdan! 
 
24.12.1998 
 
 


 
179
İSTƏRƏM 
 
Əli Baxış musiqi bəstələmişdir. 
 
Yığıb sözlərinin şirinliyindən 
suyuma, havama qatmaq istərəm. 
O şəhla gözlərin dərinliyində 
ucalmaq istərəm, batmaq istərəm. 
 
Baxışın iz qoyub gözlərim üstə, 
dilimin ahəngi sözlərin üstə. 
Bir dəfə baş qoysam dizlərin üstə
bütün gəncliyimi yatmaq istərəm. 
 
Bəzəksən ömrümə, gülə şeh kimi, 
ay ürək həmdəmi, ay qəlb hakimi. 
Sənsiz bir günahsız körpə sevgimi 
isti qucağına atmaq istərəm. 
 
Çatılmış qaşların nə deyir yenə, 
qoymur dodaq qaça, qoymur dil dönə. 
Arzusan, xəyalsan, zirvəsən mənə
xəyala, arzuya çatmaq istərəm. 
 
Sənsiz ürəyimin yox halı, gülüm, 
günlərim əzablı, qadalı, gülüm. 
Əllərim yoluna uzalı, gülüm, 
əl ver, əllərindən tutmaq istərəm. 
Mən sənə qovuşmaq, çatmaq istərəm, 
o şəhla gözlərdə batmaq istərəm. 
 
1977 
 


 
180
HƏSRƏT 
 
Yük olub asılıb kirpiklərimdən 
sənsizlik adlanan bir dəli həsrət. 
Gözlərim ağrıyır gördüklərimdən, 
çəkibdir altından sürməni həsrət. 
 
Sən onun çaldığı havasına bax, 
verdiyi dərdinə, davasına bax. 
Qəlbimdə qurduğu yuvasına bax, 
Fikir-xəyalımın həmdəmi həsrət. 
 
Səndən ayrılalı, könlüm həmdəmi, 
dolur gözlərimə dünyanın qəmi. 
Xəyal ümmanında azdırır məni 
bu tufan ayrılıq, bu gəmi həsrət. 
 
Necə doymamışam bal söhbətindən
“yox, getmə, yanımda qal...” – söhbətindən. 
Çəkil gözlərimin səltənətindən, 
gəlib ürəyimə yar dəmi, həsrət! 
 
Kərəmi yandıran o Qara keşiş 
necə ümidimi puç edib yemiş. 
Nə böyük qüdrətin sahibi imiş 
bizim ayrılığın dərd-qəmi həsrət. 
 
Qalmayıb əvvəlki o şıltaq həvəs, 
nə eynim açılmaz, nə üzüm gülməz. 
Sevgilim, bu sirri ayrısı bilməz, 
edib aşiqini sərsəmi həsrət. 
 
1984 
 
 


 
181
QAYIT MƏNİ QINAMAĞA 
 
Nə biləydim bir gün sənsiz qalaram, 
gedəcəksən əlçatmaza, əzizim. 
Sənsiz mənə çörək haram, su haram, 
qabağımda yüz qadağa, əzizim. 
 
Ətrin hələ divarlardan getməyib, 
nə səliqən, nə səhmanın itməyib. 
Ayaq səsin dəhlizlərdən ötməyib, 
dözmək olmur bu sınağa, əzizim. 
 
Nə şirinmiş o şıltaqlıq, o küsü, 
kaş qayıda o günlərin ən pisi. 
Qapısını açacaqsa özgəsi, 
necə girim o otağa, əzizim? 
 
Daha sənə əl yetişməz, un yetməz, 
gözlərimdən yaş tükənməz, qəm itməz. 
Nə gözlərin, nə yaddaşın bəs etməz 
indi məni tanımağa, əzizim. 
 
Səndən sonra bir gözəldə gözüm yox, 
quruyubdur dilim-ağzım, sözüm yox. 
Nə cismində, nə ruhumda dözüm yox, 
Qayıt məni qınamağa, əzizim, 
dözmək olmur bu sınağa, əzizim. 
 
01.11.1997 
 
 


 
182
YUXUMA GİR 
 
Xumar Qədimova musiqi bəstələmişdir 
 
Fikrim yenə tamam sənin yanında, 
Uça-uça gələcəyəm, gəl – desən. 
Səndən ayrı bir həsrət var canımda, 
yuxuma gir, öləcəyəm, öl – desən. 
 
Bundan sonra görüşümüz bir güman
bizi üzüb yetişəcək dərd kama. 
Mənim kimi sən də orda ağlama, 
göz yaşımı siləyəcəm, sil – desən. 
 
Bəxti mənə sən yazırsan, neyləyim, 
nə ömürdən, nə yaşdandır gileyim? 
Qismətiylə barışarmı taleyim, 
sənsiz keçən günlərimə il – desən? 
 
Sən gedəli artan ancaq göynəyim, 
ruhdan qeyri qalmayıbdı heç nəyim. 
Görsəm səni çox incidir ölməyim, 
öləndə də güləcəyəm, gül – desən, 
yuxuma gir, öləcəyəm, öl – desən! 
 
Fevral, 1998 
 
 


 
183
BƏSİMDİR 
 
Bu dünyadan yox bir qeyri təmənnam
bahar vaxtı gül töhfəsi bəsimdir. 
Şəlalənin istəyinə heyranam, 
bulaqların zümzüməsi bəsimdir. 
 
Ömür keçir, ay dəyişkən, il qısa, 
nə gözəldir göz danışa, dil susa. 
Əgər sənin ürəyində varamsa, 
köynəyinin titrəməsi bəsimdir. 
 
Səni deyib yaşamışam hər zaman, 
bu sevdada mən bir damla, sən ümman. 
Bu ümmanda səbrim ilə oynayan 
dalğaların kükrəməsi bəsimdir. 
 
Məhəbbətsiz keçən ömür boş, hədər, 
min illərdir oda yanır səməndər. 
Sevgi yolu şəhadətmiş, sərasər, 
məni şəhid eyləməsi bəsimdir. 
 
Yoxluğumu eşidəndə bir səhər, 
hücum çəkər üzərinə qəm, kədər. 
Gülüm, səni incitməsin bu qəhər, 
göz yaşının bir damlası bəsimdir. 
 
18.12.97 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə