Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

 
166
BİLİRƏM, ... SEVİRSƏN 
 
Bilirəm, günlərin əzablı, 
bilirəm, sən məni sevirsən. 
Bəs niyə bu qədər susursan
bəs niyə sözünü demirsən? 
 
Baxma ki, baxışım soyuqdu, 
ürəyim istidi, yuxadı. 
Kaş bir gün özündə güc tapıb 
gözümün içinə baxaydın. 
 
Nə üçün, qarşıma bu qədər 
sıxıla-sıxıla çıxırsan, 
başını qaldırıb üzümə, 
utana-utana baxırsan? 
 
Mən elə bilirəm həyatda 
hamıdan güclüsən, axı sən. 
Dil-dil öt, danış-gül, sevinim, 
bir sevgi nəğməsi oxu sən. 
 
Hər zaman, qoy səni düşünüm, 
hər axşam gəl, tutum əlindən. 
Dünyanın ən şirin sözünü, 
eşidim, qoy hər gün dilindən. 


 
167
UNUDAQ BU SEVGİNİ 
 
Məni nə axtar,nə gəz, 
nə də yollarımı kəs. 
Daha qəlbimdə yoxsan, 
sənə vurulduğum bəs. 
 
Nəyə gərək bu təlaş
kimə lazım bu savaş? 
Keçmişi yuxu kimi 
unudaq yavaş-yavaş. 
 
Bu eşqdə möhnət gördüm, 
dərd gördüm,xilfət gördüm. 
Səndə nə sevən ürək, 
nə də sədaqət gördüm. 
 
Gecə-gündüz ağladım, 
tənhalıqla barışdım. 
Hər gün gözümün yaşı, 
kədərimlə qarışdı. 
 
Nə səni bu bəzəyir, 
nə mənə bu yaraşır. 
Acı xatirələrin 
içində ağlım çaşır. 
 
Bəsdir bir-birimizi  
aldatmışıq bu qədər. 
Birgə keçən ömrümüz, 
hədər ötübmüş,hədər. 
 
Bizdə oxşar heç nə yox, 
hərəmiz bambaşqayıq. 
Dəyişə bilmiriksə, 
özümüzə oxşayaq. 
 
Fevral, 2005 


 
168
BİR QƏDƏR UZAQ OL 
 
Mən səni çox istəyirəm, 
bütün istədiklərimdən çox. 
Mən səni sevirəm
indiyə qədər sevdiklərimdən çox. 
Səninlə hər görüşdən həyacanlana, 
səsindən ovsunlana, 
istindən qızına bilirəm. 
Mən səninlə tez-tez 
görüşmək istəmirəm, 
birgə yaşayıb istəyimizi 
adiləşdirmək istəmirəm. 
Qorxuram gündəlik həyatımızın 
müxtəlif söz-söhbətləri 
bizi diqqətsiz münasibətə öyrəşdirə. 
Gözüm diqqətsizliyə öyrəşə, 
üzüm diqqətsizliyə öyrəşə. 
Əlim üçün adiləşəsən
dilim üçün adiləşəsən. 
Səsim hər an səsinə yetişə, 
bu yanğı sönüb ötüşə. 
Mən səni hərdən görmək istəyirəm, 
həftədə, ayda bir dəfə. 
Əllərini öpməkdən, 
boynunu qucaqlamaqdan 
doymayım hər dəfə. 
Tez- tez görünmə gözümə, 
uzaq ol bir qədər, gülüm. 
Qoy həmişə səni əlçatmaz bilim, 
qoy xəyalınla yaşaya bilim. 
Qoy hərdən həsrətindən, lap ölüm. 
 
Dekabr, 2006 
 


 
169
GÜL AÇMAYAN BƏNÖVŞƏ 
 
Əcəb şirin günlər idi, deyib gülürdük, 
bir doğmalıq, istək vardı bu ünsiyyətdə. 
Çox vaxt elə bu ruh ilə işə gəlirdik, 
görüşürdük, ayrılırdıq səmimiyyətlə. 
 
Bir gün mənə bir dibçəkdə gül bağışladın, 
- Bənövşədir, yaz gələndə açacaq-dedin. 
Doldu həm də o qış günü qəlbimə odun, 
- Ovqatıma o gül işıq saçacaq-dedim. 
 
Qoydum onu məhəbbətlə, nəvaziş ilə 
otağıma, işıq düşən, gün tutan yerdə. 
Düşündüm ki, o gül bəlkə səbəbdir elə, 
ona görə otağıma gələrsən hərdən. 
 
Xəyalımda gülə sevgi, sənə ehtiram, 
çalışırdım qoruyam bu zəriflikləri. 
Düşünürdüm bənövşəmiz gül açan zaman 
muştuluqla çatdıraram bu şad xəbəri. 
 
Gözlərimin önündədi hər gün, hər saat, 
bülbül kimi havasına ötürəm dil-dil. 
Mənim kobud əllərimdən açılmır, heyhat 
sənin zərif əllərinə möhtacdır o gül. 
 
Bəsləyirəm o fidanı düz iki ildir
hər gün qayğı göstərirəm, böyümür yenə. 
Nə sən gəlib yoluxursan məni arabir, 
nə bənövşə yaz gələndə gül açır mənə. 
 
Təzadlarla dolu imiş ömrün hər anı, 
demə, qəfil gedibsənmiş, mən də xəbərsiz. 
Xəyalınla üzbəsurət dururam hər gün, 
hopub mənim gözlərimə o gülümsər üz. 
 
Bəlkə deyə bilmədiyin söz idi o gül, 
bir pünhanlıq soyuğundan solur haçandır? 
Bəlkə elə həmin sirrin özüdü o gül, 
gəl ki, bizi nəfəsinlə, istinlə yandır! 


 
170
Bəlkə çıxıb getdiyinçün açılmır o da, 
bəlkə onu bilərəkdən vermisən mənə. 
Bəlkə, bəlkə..., əcəb məni salmısan oda, 
gəlsən dünya dağılmaz ki, bir görünsənə? 
 
Ayrılığa köklənibmiş, demə ovqatın, 
həsrət, kədər rəmzi imiş verdiyin gül də. 
Ürəyimdə, gör, nə qədər duyğu oyatdın, 
neçə xiffət yaşamışam bu iki ildə. 
 
Nə deyirəm, getdiyin yol xeyirə qənşər
tutduğun iş ürəyincə, kamınca olsun. 
Təki, yeni görüşdüyün o insan sənə 
daha artıq istək ilə meylini salsın.  
 
Mart, 2006 
 
SAZ ÇALAN GÖZƏLƏ 
 
Nə dərin duyumun, nə şirin səsin, 
əcəb də yaraşır saz sənə, gözəl. 
Oyna “Sarltel”-ə, görənlər desin, 
necə də yaraşır naz sənə, gözəl. 
 
Nazik barmaqların, a gümüş bilək
tel kimi zərifdir, mizrabtək incə. 
Çal “Yanıq Kərəm”-i, uyuyaq, ölək 
Kərəm alışınca, Əsli ölüncə. 
 
Elə bu şuxluqla, bu işvəylə qal, 
arabir yandır-yax, arada küs də. 
Bas sazı sinənə, oxu, oyna, çal, 
gəzsin barmaqların pərdələr üstə. 
 
Bu cür səsli-sözlü, nazlı gözəlin 
könlüm qadasını necə almasın? 
Nə bir məclisimiz sazsız ötüşsün, 
nə bir xoş günümüz sənsiz olmasın. 
 
08.12.04 


 
171
BAYATILAR 
 
El yatıb, gecə yarı, 
gözlərəm gecə yarı. 
Yar yarından kam alar 
görüşsə gecəyarı 
 
Məst olandan səsindən,  
uçuram həvəsimdən. 
Kaş bir yol qızınaydım 
yarın gül nəfəsindən. 
 
Ay ömrümün bəzəyi, 
ay könlümün istəyi. 
Mənim gözümdə sənsən 
yer üzünün mələyi. 
 
Güldüm mərdi-məzara, 
düşdüm dərdə, azara. 
Odur ki,inanıram 
daha gözə,nəzərə. 
 
Dolmuşam yaşa sənsiz
olmadım, haşa, sənsiz. 
Mən ömrü yaşamadım, 
yetirdim başa sənsiz. 
 
Yol qırağı daş gərək, 
daş-daşa yoldaş gərək. 
Yaman gündə, xoş gündə 
insana qardaş gərək. 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə