Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə29/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

 
143
DƏRDLƏRİM 
 
Nə tez doldu, ağrı-acı canıma, 
yerdən çıxdı, göydən endi dərdlərim? 
Həm yaşımla, həm günümlə yarışır, 
neçə yüzdü, neçə mindi dərdlərim. 
 
Baş-başadır burda qüssə, qəm, kədər, 
gah ağrıyar, gah ağrımı dinləyər. 
Gizli sızlar, həzin ağlar, inləyər, 
içimdəki sarı simdi dərdlərim. 
 
Yarı xiffət, yarı ahdı, yaşanmaz, 
nə ay bilər, nə il bilər, nə qış-yaz. 
Ağırlıqdan, böyüklükdən daşınmaz, 
düzümlənmiş dağdı indi dərdlərim. 
 
Əvvəl bir az ümidliydi, şirindi, 
olan-qalan ümidim də əridi. 
Ağlar könlüm mətinləşdi, kiridi, 
daha tamam qəzəb, kindi dərdlərim. 
 
Dözümlü xalq, hər bir dərdə alışan, 
köləliklə, məddahlıqla barışan. 
Ey bu xalqı sındırmağa çalışan, 
sənə qarşı nifrətimdi dərdlərim! 
 
01.09.2000 
 


 
144
BAYQUŞ İSTƏYİ 
 
Quşların içində bayquşdan yoxdu, 
bayquşun quşlardan fərqi çox çoxdu. 
Ayrı bir düşüncə gəzər başında, 
gizli dünyası var lal baxışında. 
Səsindən vahimə, dərd yağar hər dəm, 
dimdiyi yırtıcı, caynağı möhkəm. 
Gündüzlər oturub tökər yüz tədbir, 
gecələr ovlayar ovunu bir-bir. 
Heç quşa bənzəmir qulaqlı bayquş, 
bu vəhşət, fəlakət soraqlı bayquş. 
 
Bayquşun əlindən hamı bezardı, 
bayquş qonan yerlər xarabazardı. 
Bu bayquş xisləti, bayquş “mənliyi” 
yaratmış nə qədər viranəliyi. 
Hərdən ürəyimdən keçir min fikir, 
bəzi insanlar da bayquş kimidir. 
Onlar seçilirlər çox işi ilə
baxışı, duruşu, yerişi ilə. 
Istəməz yanında yana bir ocaq, 
özünü düşünər, özünü ancaq. 
Kimsə faydalanmaz bir əməlindən, 
həzər ətrafından, həzər əlindən. 
Yayınmaz gözündən bir qoca, cavan, 
tutar aram ilə hamıya divan. 
Beləsi yerinə, yurduna yaddı, 
bu manqurt soylular Vətəni satdı. 
Onları saxlamaz dad, fəryad səsi, 
onlara kar etməz xalqın naləsi. 
Kütlənin dərd-səri çıxar yadından, 
ancaq tələbləri millət adından. 
Qayğıdan danışar daim, hər yerdə, 
qəzetdə, mitinqdə, işdə, efirdə. 
Beləcə özünü ixtiyar bilər
ixtiyarlığıyla bəxtiyar bilər. 
Bu cür xarakterlə bayquş xisləti, 
oxşar bir-birinə, seçilməz qəti... 


 
145
Daha yox inamım sözünə, bayquş, 
yetər vurğunluğun özünə, bayquş! 
Sən yana bilməzsən halıma, bayquş, 
barı göz önündə ulama, qayquş... 
 
Bayquşun istəyi ayrı istəkdi, 
bayquşun xisləti ayrı xislətdi. 
Bayquşun duruşu ayrı duruşdu, 
bayquşun uçuşu ayrı uçuşdu. 
Ancaq neyləyəsən, 
bayquş da quşdu! 
 
İyul, 1999 
 
 
ALÇA AĞACI 
 
Həyətimdə çiçək açan alça ağacı, 
bu sevincin,bu görüşün mübarək olsun. 
Təbiətin hər il sənə yaz hədiyyəsi
başındakı naxış dolu ağ örpək olsun. 
 
Göz oxşayır,qəlb oynadır bu görünüşün, 
oyanışın, zəifliyin necə də gözəl. 
Qorxun yoxdur budaqların donsun,üşüsün, 
yaz ovqatı gətirirsən bahardan əvvəl. 
 
Hələ heç bir budağında bircə yarpaq yox, 
şaxta,ayaz bircəsinə qoymur göz aça. 
Amma sənin yaz həvəsin,həyat eşqin çox, 
ləçəklərin dörd tərəfə ətir, nur saçar. 
 
Ağ çiçəkdən başında tac bitirən ağac, 
bu bəxşişin qızıl tacdan heç geri qalmaz. 
Çiçəyində bizə nemət yetirən ağac
sən açmasan,yaz gəlməsə,həyat da olmaz. 
 
Mart, 2007 


 
146
ARZUM-TƏSƏLLİM 
 
Sən ey mənim əziz balam,  
gələcəyim, ciyərparam.  
Sənə hər gün Yaradandan  
sevinc, uğur arzularam. 
 
Çəkərəm hər möhnətini,  
təki yetiş muradına.  
Varmı elə valideyn ki,  
qıymaya can övladına? 
 
Vacib deyil var-dövlətin,  
şöhrətli ad-sanın ola.  
Təki aydın təfəkkürün, 
sağlam ruhun
;
 cənın ola. 
 
Bir dəyərli həyat yaşa,  
gör dünyanın hər üzünü.  
Gözəlliklə keçirə bil  
gecəsini, gündüzünü. 
 
Ömrün şirin çağlarını 
mən pis-yaxşı yaşamışam.  
Heç kimə meyl etməmişəm,  
tək özümə oxşamışam. 
 
Qaçmışam hər cür minnətdən,  
yox kimsədən umacağım.  
Xəyanətdən, hərislikdən  
uzaq olub od-ocağım. 
 
Səndən də heç nə ummaram,  
bircə qoru soykökünü.  
İnsan gərək çəkə bilə  
namus, qeyrət, ar yükünü. 
 
Nəsil də bir estafetdir,  
hələ ki, mən götürürəm.  
Bir gün onu bayraq kimi  
mən də sənə ötürərəm. 


 
147
Çalış, naqis işin üçün  
qapımızı döyməsinlər.  
Üz-üzdən utanar, bala,  
arxamızca söyməsinlər. 
 
Canım, budur dediklərim,  
ayrı bir şey diləmərəm.  
Yerdə qalan işlərinçün  
umu-küsü eləmərəm. 
 
İnan, vida günümdə də  
istəmərəm göynəyəsən.  
Mən atamçün nə etdim ki,  
sən mənimçün neyləyəsən? 
 
İyun, 2001 
 
 
 
MƏZƏMMƏT 
 
Mən sənə bir söz dedim ki,  
mənasını anlayasan.  
Yoxsa, daha demədim ki,  
ağzına bir zurna alıb  
hər yerdə sarsaqlayasan. 
 
08.07.2000 
 
 
 
ÜNSİYYƏT İNCƏLİYİ 
 
Mühüm, incə məqamlarda, 
fərqi yox, harda olsa.  
Çalış daim söyləyəsən 
fikrini səlis, qısa.  
Ondan daha gözəl olar 
insan əgər doğmasını 
bir baxışdan anlasa. 
 
15.07.2000 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə