Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

 
172
ÖYRƏTMƏ ÖZÜNÜ MƏNƏ 
 
Ustad Musa Yaquba məhəbbətlə. 
 
Bu alın yazısı, yoxsa təsadüf
çıxdın qabağıma yanar şam kimi? 
Şirin təbəsssümlə, süzgün baxışla 
girdin ürəyimə ən doğmam kimi. 
 
Yaman alışdırdın özünə məni
qayğılı səsinə, sözünə məni. 
Allahım, bu nədir, hörmət ya diqqət, 
beləmi yaranır mehr-məhəbbət? 
 
Ötəri hissdirsə, qayıt bu yoldan, 
qıyma əyilməyə önündə məni. 
Çaşıb, şən anınçün, xoş ovqatınçün 
sındırma bir adi günündə məni. 
 
Sən mənim duyğumda bir müqəddəslik
sən mənim qəlbimdə sədaqət rəmzi. 
Bəlkə bir pərdəyə köklənmiş səsik, 
bəlkə qovuşdurur Yaradan bizi? 
 
Bəzən az qalır ki, söyləyim-getmə, 
güzgü tut qəlbinə, gözünə məni. 
Sən Allah, bu qədər doğmalıq etmə, 
sən Allah, öyrətmə özünə məni. 
 
Ruhən izləyirəm səni hər zaman, 
hərdən yanımdasan, hərdən uzaqsan. 
İndi öz-özümdən xofluyam, inan, 
qorxuram qəlbimi ovlayacaqsan. 
 
Ovsunsan, sehrsən, şirin röyamsan, 
yox, əsl adını deyə bilmirəm. 
Bu yaz gəlişinlə ayrı dünyamsan, 
sənli günlərimdən doya bilmirəm. 


 
173
Bu qədər bağlılıq, bu qədər istək 
heç bilə bilmirəm hardan yarandı. 
Bir uzaq işıq ol, Aytək, ulduztək, 
yandırma istinlə məni, amandı. 
 
Könlümdə xatirin həmişə əziz, 
sənə sayğım sonsuz, hisslərim təmiz. 
Nə olar, bir qədər soyuq ol, yad ol, 
məndən uzaqlarda rahat ol, şad ol. 
 
Onsuz da bir qəmli ney kimiyəm mən, 
dünyanın kədəri yaşar səsimdə. 
Yanğım içimdədir, mey kimiyəm mən, 
hərdən ürəyimi duysan bəsimdi. 
 
Öyrətmə bu qədər özünə məni, 
mehriban səsinə, sözünə məni. 
Səni itirəcək andan qorxuram, 
bir də ... ayrılıq var, ondan qorxuram! 
 
Noyabr, 1999 
 
 
SƏNSƏN 
 
Mən səni görəndən hüsnünə heyran, 
sən mənim əzizim, mehribanımsan. 
Sən mənə duyğumu bəxş edən insan, 
sən mənim ikinci yaradanımsan. 
 
Sən mənim qəlbimdə ilahi istək, 
fikir-xəyalımda gəzdirdiyim tac. 
Ay məni eşqində sınayan mələk, 
mən sənin bir adi sözünə möhtac. 
 
Bu sevgi qəlbimdən əskilməz bir dəm, 
gündə yüz yol alan canımı, sənsən. 
Dövrümün ən bədbəxt kişisi mənəm
dünyanın ən gözəl xanımı sənsən. 
 
17.07.1999


 
174
ŞİRİN XATİRƏMSƏN 
 
Abbas Soltanoğlu musiqi bəstələmişdir. 
 
Gözlərimin önündə 
əksin canlanır yenə. 
Dünyanın xoş günündə 
əzab verirsən mənə. 
 
Əlim əlindən uzaq, 
səsim səsinə yetmir. 
Dərd çəkilib qurtarmır, 
qəm yeyilməklə bitmir. 
 
Sən hardasan, mən harda, 
xəyal qanadlı quşdu? 
Ruhuma dönməyin də, 
mənim üçün uduşdu. 
 
Indi öz dünyamdayam, 
ürəyimdə xatirən. 
O sənli günlərimdən 
hansı qayıdar, görən? 
 
Bəlkə də ürəyində 
unudulmuşam, yoxam., 
Yox,hələ ölməmişəm, 
gülüm, hələ ki, sağam. 
 
Hədəfə tuşlanmayan, 
yayından çıxmış oxam. 
Mən səni tanıyandan 
yatıbdı qara çuxam. 
 
Sən öz qayğılarında, 
mən öz təlaşımdayam. 
Ömrün qaynar yaşında, 
sevgimin qışındayam.  
Oktyabr, 1999 


 
175
ƏTRAF DOLU GÖZƏLLƏRLƏ 
 
Dövrəmizdə, gör, nə qədər 
gözəl qızlar, gəlinlər var. 
Dərdlərindən gizli-aşkar 
üzülənlər, ölənlər var. 
 
Ürəklərə od salıbdır 
şux duruşlu o alyanaq. 
Gülüşüylə canlar alır 
bu gülərüz , püstə dodaq. 
 
O xurmayı saçlı xanım 
necə baxır xumar-xumar. 
Könlünə yol tapmaq üçün 
düş dalınca, yalvar, yaxar. 
 
Nə yeyir, nə içir, görən 
bu incə bel, sivri sinə? 
Əcəb füsünkar yaradıb, 
şükür olsun Tanrısına. 
 
Mavi gözlü o nazlının 
baxışında Xəzər yatar. 
Bu qızların səf düzümü 
xəyallarda qatarlanar. 
 
Ətraf dolu gözəllərlə
şəhər dolu gözəllərlə, 
küçə, meydan həm axşam, həm  
səhər dolu gözəllərlə. 
 
Allah, Allah, göz dəyməsin 
bu qızların camalına, 
Kaş onların hər birindən 
ürək dolu kam alına! 
 
Aprel, 2004 


 
176
BAĞIŞLA  
 
Mobil Babayev musiqi bəstələnmişdir. 
 
Bəlkə də çox sevdiyinçün məni sən, 
gördün eşqin min hicranın, bağışla. 
Sən bu yolda qəza vuran gəmisən, 
bu gəminin kapitanın bağışla. 
 
Hərdən çılğın aparmışam özümü, 
ürəyini sındırmışam, bağışla. 
Hərdən soyuq, daşüşüdən bağışla 
ümidini dondurmuşam, bağışla. 
 
Hərdən mənə güc gələndə xoş həvəs
olub, səni duymamışam, bağışla. 
Hərdən sənin qəlbindəki müqəddəs 
hisslərinlə oynamışam, bağışla. 
 
Olub, hərdən bir işvəli gözəlin 
gülüşündən keçməmişəm, bağışla. 
Hərdən səni ayağının tozuna 
dəyməyəndən seçməmişəm, bağışla. 
 
Hüzurunda dayanmışam müqəssir, 
etirafım günahımdan aşağı. 
O hisslərin qarşısında mən əsir, 
ay eşqimin müqəddəs göy qurşağı, 
bağışla, bağışla!  
 
Mart, 1998 
 
 
 
 
 


 
177
BİLMİRƏM 
 
Xumar Qədimova musiqi bəstələmişdir. 
 
Sənsiz bu xəzan dunyama 
gözümü aça bilmirəm. 
Qanadı qırılmış quşam, 
arxanca uca bilmirəm. 
 
Getməz karvanım, saxlanıb, 
dərddən ürəyim dağlanıb. 
Sən yoxsan, bəxtim bağlanıb, 
gəlmirsən, aça bilmirəm. 
 
Səsimə qəm, saçıma dən 
ərməğandı həmdəmimdən. 
Xoşam, bu tale hökmündən 
qurtulub qaça bilmirəm. 
 
Ay insafsız, bu sənsənmi, 
sən mən olsan, dözərsənmi? 
Gəlib bir də dönərsənmi 
başımda taca, bilmirəm? 
 
Nəfəsimdə, canımdasan, 
ürəyimdə, qanımdasan, 
sən ki, mənim yanımdasan, 
bəs niyə quca bilmirəm?! 
 
19.01.1999  
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə