132
QOŞULUB QAÇAN QIZA
Daş doğaydı anan səni doğan yerdə, qaçan qız,
gəlməyəydi bu dünyaya səndən bir də, qaçan qız.
Bu nə müdhiş xəbər idi yayıldı el-obaya,
bu nə acı zəhər idi içirtdin dost-doğmaya.
Öz evinə, ocağına dönük çıxdın, olmaya?
Atan çəkən ağrıları biləydin, kaş qaçan qız,
bu addımı atanacan öləydin, kaş qaçan qız.
Necə qıydın xar etməyə qardaşını, atanı,
kim bağışlar atasını yad oğluna satanı?
Səndən ötrü bütöv bir el xəcil olub utanır.
Nəyə görə atdın bizi bu alova, oda, qız,
qovrulasan iztirabda, görəsən yüz qada, qız.
Bu sayaqmı anladın sən öz övladlıq haqqını,
övladın da varmış pisi, nanəcibi, satqını.
Qara gəldi gözümüzə, qara gəlsin ağ günün,
ömrün boyu gözü yaşlı görünəsən, qaçan qız,
ağ duvaq yox, ağ kəfənə bürünəsən, qaçan qız.
Sevinirdik böyüyürsən, boya-başa çatırsan,
sənli keçən ömrümüzə şirin qayğı qatırsan.
Nə biləydik, qəfil bizə ləkə vurub atarsan,
bu ləkəli əməlindən xəcalət çək, utan qız,
namus, qeyrət günahının çirkabına batan qız.
Xeyir görməz, atasından xeyir-dua almayan,
valideynin ürəyində məhəbbətlə qalmayan.
Böyüdüyü od-ocağa sədaqəti olmayan
sədaqətli ola bilməz ər evində, qaçan qız,
bir qəpiklik dəyəri yox bu sevginin, qaçan qız.
Gör, nə qədər arzuları, ümidləri puç etdin,
ruhumuzu yaraladın, duyğumuzu heç etdin.
Sən bizimçün harasa yox, məzarlığa köç etdin,
hamımızın qürurunu sındırmaqla sınan qız,
gəlib sənin qəbrin üstə saç yolaydı anan, qız.
Daha bizdən qayğı umma, ya məhəbbət gözləmə,
133
uçurtdun o körpüləri, hörmət-izzət gözləmə.
Unut ata ocağını, ordan diqqət gözləmə,
birdəfəlik silinibdi sənin orda yerin, qız,
gözdən, könüldən uzaq ol, bizə əzab verən qız.
Daş doğaydı anan səni doğan yerdə, qaçan qız,
gəlməyəydi bu dünyaya səndən bir də, qaçan qız.
Avqust, 2006
BİR MÜASİR XANIMA
Sən çox ağıllı xanımsan,
özünə məxsus məntiqin, savadın.
Ağzından çıxan hər sözün lətif,
ətrafında istəyənin çox.
Sən əcəb cazibədar qadınsan,
gözlərin, baxışların mənalı.
Bədənin ağappaq, barmaqların zərif,
əndamın mərmər sürahi, gövdən şux.
Sən həm də sehrli gözəlsən, yəqin
bu işvə - nazınla, şirin sözünlə
neçəsini salmısan ovsuna.
Hələ neçəsi də bundan sonra
əyilib əlindən öpər iznlə,
qarşında diz çöküb yalvarar, sınar.
Sən hələ çox duyğulu kişilər üçün ağrısan,
dərmanını istəyəcək səndən
hansının ürəyini ağrıtsan.
Sən hələ gizli ümid, arzu yerisən,
qəlbini verəcək sənə
kimin istəyini doğrultsan.
Sən ey ədalı, cilvəli gözəl,
inan səmimiyyətimə.
Bax, sən mənim gözümdə busan
və zənnimcə, can alsan da, əfsus,
ancaq və ancaq gözəllərə məxsus
doğru yoldasan.
Aprel, 2007
134
GÜCLÜ OLUR
Bu gör-götür dünyasında
nə çox sözlə oynayan,
söz sərrafı söz deyəndə
yerində, güclü olur.
Ömür yolu hər kəsə
öz ağlı boyda imtahan,
natiq bəlağətdə,şair
şeirində güclü olur.
Azmanlardır tarixləri
yaradanlar,yazanlar,
alim elmində,
dinşünas şəərində güclü olur,
Hər məşqində fənd öyrənir,
püxtələşir pəhləvan,
bir döyüşdə uduzanda,
birində güclü olur.
Kaş insanın nəfsi heç vaxt
ağlına güc gəlməsin,
çünki bölgü vaxtı çoxu
xeyrində güclü olur.
Hər kişinin işi deyil
bağ salıb, bar yetirsin,
insan öz əkdiklərindən
dərəndə güclü olur.
Çox görmüşük qədd-qamətli
küknarları yıxılan,
ağac köklə qol açanda
dərində,güclü olur.
Bəşər oğlu təkəbbürlə
ucalmamış heç zaman,
insan zəif cəhətini
görəndə güclü olur.
Yanvar, 2007
135
SƏNİ ALDATMAĞA NƏ VAR, A QUZUM
Əlimdə ot görcək qaçıb gəlirsən,
səni aldatmağa nə var,a quzum.
Nəfsini hər şeydən üstün bilirsən,
səni aldatmağa nə var,a quzum.
Özünü bu qədər ələ öyrətmə,
hər gələn qonağın dalınca getmə.
Sayıq ol,hamıya etibar etmə,
səni aldatmağa nə var,a quzum.
Tutulsan,xeyri yox,ha kömək çağır,
İndi bir-birini hamı aldadır.
İştah göz önündə,diş altındadır,
səni aldatmağa nə var, a quzum.
Bir əlcə ot ilə ağlın alınar,
ətinə göz düşər,tamah salınar,
manqal hazırlanar,ocaq qalanar,
səni aldatmağa nə var,a quzum.
İnsanıq,çox həris xislətimiz var,
gözümüz yaxşını yaman tez tutar.
Get,qatıl sürüyə,canını qurtar,
səni aldatmağa nə var,a quzum.
Hələ çox kiçiksən,yarı yaşın yox,
darda yetişməyə bir yoldaşın yox.
A sərsəm,nə gücün,nə də başın yox,
səni aldatmağa nə var,a quzum.
Noyabr, 2002
136
OXU, FÜSÜNKAR GÖZƏL
Mahir ifaçı, əməkdar artist Aygün Kazımova Kremlin məşhur konsert
sarayında bir bənzərsiz musiqi proqramı ilə çıxış etdi.
Möhtəşəm Kreml salonunun tamaşaçıları azəri qızını ayaq üstə alqış-
ladılar. Tanınmış rus müğənnisi Filipp Kirkorov səhnədə onunla birgə
oxuduqdan sonra heyrətini gizlədə bilməyib, Aygünün ifasına və gözəlli-
yinə məftunluqla, həmyerlimizin qarşısında nümayişkaranə diz çökərək,
bu nazənin xanımın böyük sənətinə və özünə sevgisini izhar etdi.
Əhsən o ecazkar səsin məlahətinə,
əhsən sənin dilindəki ovsuna, əhsən.
Əhsən o şux bədəninin təravətinə,
əhsən sənin camalına, hüsnünə, əhsən.
Necə xoşdur, qoy səninlə tanınsın indi
bu ölkənin musiqisi, mədəniyyəti.
Bu gün sənin başın üstə şöhrət çələngi,
bu gün düşüb ayağına Filipp heyrəti.
Özün güldən gözəl, səsin bülbül cəh-cəhi,
qoca-cavan vəcdə gəlir sənə baxanda.
Bəh-bəh ilə bütün salon qalxır ayağa,
Aygün xanım, səhnəsində sən oxuyanda.
Ruhumuza qanad verir, nəğməli sözün
dolaşdıqca dalğa-dalğa bütün dünyanı.
Adı boyda, işi boyda yüksəlir özü,
kim tanıdır, kim ucaldır Azərbaycanı.
May, 2007
Dostları ilə paylaş: |