Frans kafka



Yüklə 216 Kb.
səhifə3/4
tarix12.10.2018
ölçüsü216 Kb.
#73551
növüYazı
1   2   3   4
 

Ilk günlərdə bir- birinizə çox yaxın idiniz və elə indinin özündə də dörd uşağınız arasında Ottlo sizə ən yaxın olanıdır, hər ikinizin gücünü özündə cəmləşdirib. Bilmirəm, sizi istəkli ata-bala olmaq səadətindən kim məhrum eləmişdi və az qala elə düşünürəm ki, mənim başıma gələn onun da başına gəlib. Sənin tərəfindən təbiətinə uyğun zülmkarlıq, onun tərəfindənsə Lövilərə xas olan inadkarlıq, dəymədüşərlik, ədalət hissi, narahatlıq və bütün bunların hamısı da Kafka mənəmliyinin gücünə söykənirdi. Yəqin, ona mənim də təsirim keçmişdi, ancaq bunu bilə-bilə eləməmişdim, sadəcə olaraq, varlığım təsir eləmişdi. Yeri gəlmişkən, Ottlo bu hazır münaqişələr burulğanına ən axırıncı düşmüşdü və görüb-götürdüklərindən özü üçün nəticə çıxara bilərdi. Hətta mənə elə gəlir ki, o, təbiətinə uyğun olaraq, bir az tərəddüd etdi, bilmədi ki, özünü sənin qoynuna atsın, ya rəqiblərinin... Çox güman ki, sən onda bir az gecikdin, onu geri itələdin, halbuki bu baş versəydi, çox gözəl ata-bala olardınız. Düzdür, mən bununla bir müttəfiqimi itirmiş olardım, ancaq sizə baxıb xeyli yüngülləşərdim, sən də heç olmasa, bəxtin gətirib uşaqlarının birindən yarıyardın, mənə də münasibətin xeyli dəyişərdi. Ancaq indi bunların hamısı xam xəyallardır! Artıq Ottlonun öz atası ilə heç bir bağlılığı yoxdur, öz yolunu mənim kimi özü tapmalıdır, ancaq mənimlə müqayisədə daha inamlı, özünə arxayın, sağlam, ürəkli olduğuna görə sənin gözünə daha çox satqın, daha çox şeytan kimi görünür. Niyə belə olduğunu da yaxşı başa düşürəm. 

Sənin fikrincə, o, başqa cür də ola bilməz! Bəli, o heç vaxt özünə sənin gözünlə baxa bilməz, heç vaxt sənin iztirablarını duya bilməz, buna görə ümidsizliyə qapılmaz - ümidsizliyə qapılmaq mənim peşəmdir - ancaq kədərlənə bilər. Sən isə zahiri əksliklərə baxmayaraq bizi tez-tez bir yerdə görürsən. Görürsən ki, pıçıldaşırıq, gülüşürük, hərdən də sənin adını çəkirik. Elə bilirsən ki, sənə qarşı sui-qəsd hazırlayırıq. Əcəb sui- qəsdçilərdir! Düzdür, özümüzü dərk eləyəndən bəri söhbətlərimizin əsas mövzusu sən olubsan, ancaq doğrudan da sənə qarşı heç nə hazırlamırdıq, sadəcə olaraq, bir yerdə oturub üzülə-üzülə, zarafatla, ciddiliklə, məhəbbətlə, inadkarlıqla, qəzəblə, nifrətlə, sədaqətlə, günahlarımızı duya-duya, bütün qəlbimizin, beynimizin gücü ilə səninlə bizim aramızda gedən bu dəhşətli prosesləri bütün xırdalıqları ilə müxtəlif bucaqlardan, müxtəlif baxımlardan, həm uzaqdan, həm yaxından müzakirə edirdik. Bu prosesdə sən özünü həmişə hakim hesab edirsən, ancaq, əslində, daha çox (burda bütün qapıları mümkün səhvlərə açıq qoyuram) bizim kimi zəif, qamaşmış bir tərəfsən.
Sənin verdiyin tərbiyənin nəticəsinə İrma1 ən yaxşı misal ola bilər. Bir tərəfdən bizə yad hesab olunurdu, mağazaya gələndə artıq böyük qız idi, sənə daha çox sahibkar kimi baxırdı və, deməli, müqavimət göstərməyə qadir olan bir yaşda qismən sənin təsirin altına düşmüşdü. Digər tərəfdən də qan qohumun idi, sənə atasının qardaşı kimi hörmət bəsləyirdi və deməli, onun üçün yalnız adicə sahibkar deyildin. 

Öz çəlimsiz cüssəsi ilə nə qədər səliqəli, ağıllı, işgüzar, təvazökar, məsuliyyətli, etibarlı, sədaqətli olsa da, səni əmi kimi sevsə də, sənə sahibkar kimi heyran qalsa da, istər əvvəl, istərsə də sonra ona tapşırılan işlərdə özünü yaxşı göstərsə də, sənin gözündə yaxşı işçi olmadı. O da sənə öz uşaqların kimi münasibət bəsləyirdi - əlbəttə, bunda bizim də rolumuz az deyildi - və ona elə dəhşətli dərəcədə hakim kəsilmişdin ki, qızda son vaxtlar (yalnız sənə münasibətdə və çox güman ki, heç bir əzab çəkmədən) unutqanlıq, səliqəsizlik, süni yumor hissi, bəlkə, bir az da inadkarlıq yaranmışdı. Ümumiyyətlə, inadkarlığa özü də meyilli idi və hələ demirəm ki, xəstəhal, bədbəxt bir qız idi, evin bütün ağırlığı da onun üstünə düşmüşdü. Ona münasibətini artıq bizim üçün klassik ibarəyə çevrilmiş bir cümlə ilə ifadə edirdin: "Qurban olduğum mənə zir-zibil qoyub gedib." Bu cümlə nə qədər küfr səslənsə də, insanlarla rəftarında günahsızlığını sübut edirdi.

Sənin başqa təsir dairələrindən, onlara qarşı mübarizədən çox danışmaq olar, ancaq qorxuram ki, burda çaşam, buna görə də gərək bütün diqqətimi cəmləyəm: axı sən evdən, mağazadan uzaq düşəndə çox mehriban, səxavətli, nəzakətli, diqqətli, yanımcıl (deyərdim ki, həm də zahirən) olursan: məsələn, öz ölkəsindən kənarda olan hökmdara oxşayırsan. Zülmkar ola bilmir və ona görə də mərhəmət göstərib hər yetənlə oturub durur. Daha bir misal: Fransensbadda çəkilmiş kollektiv şəkillərdə səyahətə çıxmış padşah kimi qaraqabaq adamların arasında çox cüssəli, mehriban görünürsən. Əgər uşaqlar bunu o vaxt başa düşsəydilər - ancaq bu mümkün olan iş deyildi - ondan öz xeyirlərinə istifadə edə bilərdilər. Məsələn, mən uzun - uzadı sənin o dar, sərt, adamı sıxan təsir dairəndə yaşaya bilməzdim və axırda belə də oldu.

Bununla da, sən dediyin kimi, yalnız ailəyə bağlılığımı itirmədim, əksinə, bu bağlılıq çoxaldı, ancaq əks istiqamətə - mənfiliyə, səndən daxilən qopmağa (özü də həmişəlik) yönəldi. Ancaq sənin təsirin ailəmizdən kənardakı adamlara münasibətimdə özünü daha pis şəkildə göstərdi. Əbəs yerə elə düşünürsən ki, başqaları üçün hər işi məhəbbətlə, sədaqətlə görürəm, ancaq sənə, ailəyə gələndə, satqın çıxıram, heç nə vecimə olmur. Yüzüncü dəfə təkrar edirəm: mən, yəqin ki, bunlarsız da qaraqabaq, qorxaq bir adam olardım, ancaq oradan indi gəlib çıxdığım yerə gətirən yol çox uzaq, dumanlı olardı. (Bu məktubda indiyəcən bir neçə məsələ barədə bilə - bilə susmalı oldum. Elə indinin özündə də, gələcəkdə də bəziləri haqda susmalı olacam. Çünki onları hər ikimizin qarşısında etiraf etmək mənə çətindir. Bunu da ona görə deyirəm ki, nə vaxtsa, hardasa, ümumi mənzərə aydın olmayanda elə bilməyəsən ki, bunun günahı dəlil-sübut çatışmazlığındadır. Yox, sübut çoxdur, ancaq onlar məsələni həddindən artıq çılpaqlaşdırar, dözülməz dərəcəyə çatdırar. 

Burada orta yol tapmaq o qədər də asan deyil). Yeri gəlmişkən, bu məqamda keçmişi xatırlamaq kifayətdir: sənin qarşında özümə inamı tamam itirmişdim, əvəzindəsə sonu görünməyən günahkarlıq hissləri qazanmışdım. (Bu sonsuzluğu xatırlayaraq bir dəfə kiminsə haqqında belə yazmışdım: "Qorxur ki, utancaqlığı özündən çox yaşaya"). Başqa adamlarla rastlaşanda birdən-birə dəyişə bilmədim, onlarla qarşılaşanda özümü günahkar hiss etməyə başladım, çünki, bayaq dediyim kimi, mənim iştirakımla mağazada onlara elədiyin haqsızlıqların əvəzini qaytarmalı idim. Bundan əlavə də, mənim oturub-durduğum adamlara gah gizlində, gah da açıq-aşkar lağ edirdin və bunların da əvəzini qaytarmalı idim. Mənə istər evdə, istərsə də mağazada başqalarına qarşı inamsızlıq təlqin edirdin (mənə elə bir adam göstər ki, uşaq vaxtı onun haqqında nəsə bir xoş söz deyəm və sən də onu, ən azı bir dəfə, öz tənqidinlə yıxıb sürüməmiş olasan), halbuki, qəribə də olsa, heç birinin sənə pisliyi keçməmişdi (keçsə də, kifayət qədər güclü olduğundan hamısına dözərdin. Kim bilir, bəlkə bu da adicə bir hökmranlıq həvəsinin nişanəsi idi). 

Ancaq beynimə yeritmək istədiyin bu inamsızlıq mənim uşaq ağlıma batmırdı, çünki hər yanda əlçatmaz dərəcədə gözəl insanlar görürdüm və gördükcə də içimdə özümə qarşı inamsızlıq yaranırdı, başqalarından da həmişə qorxmağa başlayırdım. Bu məsələdə səhv eləməyin, bəlkə də, onunla bağlı idi ki, mənim kiminlə oturub durduğumdan, kiminlə bölüşdüyümdən qəti xəbərin yox idi və ona görə də kədərlə, qısqanclıqla (məgər məni sevdiyini nə vaxtsa inkar etmişəm?!) fikirləşirdin ki, yəqin, evdə tapa bilmədiklərimi başqa yerdə tapıram, axı elə ola bilməzdi ki, bayırda da evdəki kimi yaşayam. Yeri gəlmişkən, uşaq olanda özümün fikirləşdiklərimə inamsızlığım müəyyən mənada özümə təsəlli olurdu, öz-özümə deyirdim: "Sən də hər şeyi şişirdirsən, bütün cavan uşaqlar kimi hər xırda şeyə böyük bir müstəsnalıq kimi baxırsan!". Ancaq sonralar dünyagörüşüm artdıqca bu təsəllini, demək olar ki, itirdim.
VI HİSSƏ...

...................Bu məsələdə məni yəhudilik də xilas eləyə bilmədi. Əslində, xilas eləyə bilərdi, hələ bir az o yana da keçərdi. Məsələn, hər ikimiz özümüzü yəhudilikdə tapa bilərdik, hər ikimiz bir çox məsələdə ümumi dil tapardıq. Ancaq səndən öyrəndiyim yəhudiliyə yəhudilik demək olardımı?! Üç il ərzində ona münasibətimi düz üç dəfə dəyişəsi oldum...

Uşaq olanda səninlə razılaşaraq özümü qınayırdım ki, sinaqoqa az-az gedirəm, oruc tutmuram və sair və ilaxır. Elə bilirdim, bununla özümə yox, sənə qarşı haqsızlıq edirəm və o dəqiqə də sanki hardasa dayanıb bunu gözləyən günahkarlıq hissləri məni bürüyürdü. 

Sonralar, cavan olanda, başa düşə bilmirdim ki, özündə yəhudilikdən heç nə olmaya-olmaya mənə (lap sən dediyin kimi piyetzm baxımından olsa da) yəhudilikdən əsər-əlamət olmadığını necə irad tuta bilirdin. Axı doğrudan da görürdüm ki, səndəki yəhudilik heç nədir, zarafatdır, bəzən heç zarafat da deyil. İldə dörd dəfə sinaqoqa gedirdin, orada buna ciddi yanaşanlardan çox, laqeydlik göstərənlərlə yaxınlıq edirdin, forma xatirinə bütün dualara səbrlə qulaq asırdın və hərdən də kitabda həmin an oxunan yeri göstərərək məni əməlli-başlı təəccübləndirirdin. Sinaqoqda olanda (bu, əsas məsələ idi) istədiyim yerə gedər, istədiyim yerdə dayana bilərdim. Beləliklə, saatlarla orda oturub əsnəyir, mürgü döyürdüm (mənə elə gəlir, sonralar yalnız rəqs dərslərində belə darıxırdım) və çalışırdım ki, orda gördüyüm xırda-para maraqlı olaylarla başımı qatım: məsələn, mücrünün açılması səhnəsi... Mənə həmişə tiri xatırladırdı: orta xala vuranda, qutunun qapağı açılır, ancaq ordan maraqlı şeylər çıxırdı, burda isə başı olmayan köhnə gəlinciklər... Yeri gəlmişkən, orda da xeyli qorxmalı oldum. Təkcə ona görə yox ki, adam çox idi, həm də ona görə ki, bir dəfə ağızucu demişdin: səni də Tövratı oxumağa çağıra bilərlər. Buna görə də illər uzunu orda məni əsməcə tuturdu. Yoxsa mənə orda darıxmağa heç nə mane olmurdu. 

Uzaqbaşı konfirmasiya üçün duaları gülünc şəkildə əzbərləmək, sonra da gülünc şəkildə ondan imtahan vermək lazım gəlirdi... Bir də, səninlə bağlı olan bəzi xırda-para olaylar... Məsələn, hərdən səni də Tövratı oxumağa çağırırdılar və mənim ictimai hadisə hesab elədiyim bu işin öhdəsindən yaxşı gəlirdin. Ya da ölənlərin ruhunu yad etmə mərasiminə qatılmaq üçün özün orda qalır, məni isə evə göndərirdin və, yəqin ki, ya evə göndərildiyimə, ya da belə şeylərdən başım çıxmadığına görə uzun müddət hətta elə düşündüm ki, orda nəsə ədəbsiz bir işlə məşğul olursunuz. Sinaqoqda belə idi, evdə isə bundan betər olurdu və getdikcə böyüyən uşaqlarının əməllərilə komediyaya çevrilən, hamını gülməkdən qıc eləyən ilk pasxa axşamı ilə sona çatırdı. (Niyə belə əməllərə dözməli olurdun? Çünki bu şəraiti özün yaratmışdın.) Mənə verdiyin dini təlim bundan ibarət idi və uzaqbaşı şəhadət barmağını böyük bayramlarda ataları ilə sinaqoqa gedən "milyoner Fuksun uşaqları"na tuşlamaq olurdu. Özüm də bilmirdim ki, belə təlimlə ondan imkan daxilində canını tez qurtarmaqdan başqa daha neyləmək olardı?! Buna görə də ondan canımı qurtarmağı ən ağıllı, ən hörmətli yol hesab elədim.

Sonradan bütün bunlara başqa gözlə baxdım və anladım ki, sənə bu məsələdə də qəsdlə xəyanət etdiyimi düşünməkdə haqlı imişsən. Onda iri şəhərlərin yəhudilər üçün ayrılmış məhəlləsinə oxşayan balaca kənddən özünlə bir az yəhudilik gətirmişdin və həmin yəhudilik də çox deyildi, bir azı şəhərdə, bir azı da əsgərlikdə itdi, ancaq gənclik xatirələri, gənclik təsəvvürləri sənə, az da olsa, yəhudi həyatı yaşamağa bəs elədi, çünki belə şeylərin köməyinə o qədər də ehtiyacın yox idi, çünki zəif adam deyildin və dini təsəvvürlərlə ictimai təsəvvürlərin bəzən üst-üstə düşməməsi sənə o qədər də təsir etmirdi. Əslində, sənin həyat yolunu müəyyənləşdirən əqidənin mahiyyəti ondan ibarət olub ki, hər hansı bir yəhudi təbəqəsinin fikirlərini mütləq həqiqət hesab edəsən və belə çıxırdı ki, həmin fikirlər sənin təbiətinə uyğun gəldiyi üçün, elə özünə inanıbsan. 

Düzdür, bunun özündə də kifayət qədər yəhudilik olub, ancaq onu uşaqlarına ötürməyə bəs eləməyib və elə ötürdüyün andaca damla-damla axıb qurtarıb. Bir tərəfdən kiməsə ötürülməsi mümkün olmayan gənclik təsəvvürləri olduqları, digər tərəfdən də sənin vücudun adamı qorxuya saldığı üçün belə tez tükəndi... Əslində, bunların hamısını qorxu içində bütün çılpaqlığı ilə müşahidə edən uşağa yəhudilik adı altında bəzi mənasız şeyləri həmin mənasızlığa uyğun bir biganəliklə başa salmağa çalışmağın özü böyük mənasızlıq idi. Onlar sənin üçün keçmiş günlərin yadigarı idi, ona görə də hamısını mənə ötürmək istəyirdin və artıq sənin özün üçün də qiymətdən düşdüklərindən, tovlamaqla, ya da hədə-qorxu ilə beynimə yeritməyə çalışırdın. Bu isə bir tərəfdən alınmırdı, digər tərəfdən də həmin məsələdə zəif olduğunu başa düşmədiyinə görə mənim zahiri kütlüyümə qəzəblənirdin. 

Bütün bunlar, əslində, təkcə bizim başımıza gələn hadisələr deyildi, nisbətən dindar kənddən şəhərlərə gələn, keçid dövrünü yaşayan yəhudi nəslinin çoxunun taleyi idi. Hamısı da öz-özünə yarandı və bizim onsuz da kəskinlikdən korluq çəkməyən münasibətlərə də təsir elədi, onları daha da qızışdırdı. Düzdür, bu mənada sən də mənim kimi günahsızlığına inana bilərsən, ancaq bu günahsızlığı zahiri səbəblərlə deyil, öz təbiətinlə, zəmanə ilə izah etməlisən: məsələn, deməməlisən ki, işin-gücün, qayğıların çox olub, üstəlik də, belə şeylərlə məşğul olmağa vaxtın çatmayıb. Belə çıxır ki, heç kəsin şübhə eləmədiyi günahsızlığından başqalarına ədalətsiz iradlar tutmaq üçün istifadə edirsən. Əlbəttə, bunu hər yerdə, elə indinin özündə də asanca inkar etmək olar. Axı söhbət burda öz uşaqlarına verməli olduğun hər hansı bir dərsdən deyil, sadəcə olaraq, onlara nümunə ola biləcək bir həyatdan gedir. Məlum məsələdir ki, səndə yəhudilik güclü olsaydı, göstərdiyin nümunə də məcburi olardı və bunu da sənə irad tutmuram, əksinə, iradlarından qorunmaq üçün deyirəm. Son günlərdə Franklinin gənclik xatirələrini oxudun. Doğrudan da onu sənə qəsdən vermişdim ki, oxuyasan. Ancaq ona görə verməmişdim ki, orda vegetarianizm haqqındakı bir-iki cümləyə lağ edəsən. Vermişdim ki, öz oğlu üçün yazdığı xatirələrdə müəlliflə atasının, müəlliflə oğlunun münasibətlərinə fikir verəsən. İndi mən ordakı xırdalıqlara varmaq istəmirəm... 

Son illərdə sənə elə gələndə ki, yəhudiliklə çox məşğul olmağa başlamışam, mənə münasibətin dəyişdi və bu da sənin yəhudiliyin haqqındakı təsəvvürlərimi bir daha təsdiq etdi. Bu vaxta qədər də mənim bütün məşğuliyyətlərimə, ən çox da maraq dairəmə qarşı çıxmışdın və indi də elə oldu. Ancaq bütün bunlara baxmayaraq, gözləmək olardı ki, burda müstəsnalıq göstərəcəksən. Axı bu yəhudilik səndən əxz elədiyim yəhudilik idi və aramızda yeni münasibətlərin yaranmasına səbəb ola bilərdi. Bilmirəm, bəlkə maraq göstərsəydin, həmin yəhudilik özümə də şübhəli görünərdi. Əlbəttə, bununla heç də onu demək istəmirəm ki, belə məsələlərdə səndən yaxşıyam. Ancaq bunu da sınaya bilmədik. Mənə görə yəhudiliyə nifrət eləməyə başladın, onun haqqında yazılanları oxuya bilmədin, çünki "səni iyrəndirdi". Bu, o demək idi ki, dediyindən dönmürsən, uşaqlığımda mənə göstərdiyin yəhudilikdən başqa yəhudilik tanımırsan. Onda "iyrənmək" (baxmayaraq ki, həmin iyrənclik yəhudilikdən qabaq mənə yönəlmişdi) o demək idi ki, sən qeyri-ixtiyari öz yəhudiliyinin, eləcə də mənə verdiyin yəhudi tərbiyəsinin zəifliyini etiraf edirdin, kiminsə bunları sənə xatırlatmasını istəmirdin, xatırladanlara da nifrətlə cavab verirdin. Yeri gəlmişkən, mənim yeni yəhudilik ideyalarım haqqında söylədiyin mənfi fikirlər çox şişirdilmiş olurdu. Bu ideyalar ilk öncə sənin lənətinə tuş gəlmişdi, digər tərəfdən də çağdaşlarıma münasibət əsasında inkişaf etdirilmişdi və bu da mənim öldürücü zərbələr almağıma bəs edirdi. 

Haqlı olaraq mənim yazı-pozu, eləcə də buna bənzər digər başa düşmədiyin işlərlə məşğul olmağımdan zəhlən gedirdi. Bu məsələdə, doğrudan da, bir az müstəqil idim, sənin təsirindən çıxa bilmişdim, baxmayaraq ki, bu müstəqillik soxulcana bənzəyirdi: kimsə onu arxa tərəfdən ayaqlayanda, baş tərəfindən qırılıb yana sürünür... Yazanda özümü bir növ təhlükəsiz yerdə hiss edirdim, nəfəsimi dərirdim. Əlbəttə, mən yazmağa başlayan kimi, bundan xoşun gəlmədiyini o dəqiqə büruzə verirdin və onda, müstəsna hal kimi, bu "xoşa gəlməməyin" özü mənim xoşuma gəlirdi. Düzdür, mənim xudbinliyim, mənim şöhrətpərəstliyim kitablarım çıxarkən dediyin o məşhur - "Yaxşı, apar yataq otağındakı tumbanın üstünə qoy..." - təbrik cümləsindən (təzə kitab gələndə, adətən sən kart oynayırdın) xeyli əzab çəkirdi, ancaq, əslində, sevinirdim və bu sevinc də sənə qarşı yaranan kin-küdurətlə, münasibətlərimiz haqqındakı fikirlərimin bir daha təsdiq olunması ilə bağlı deyildi, əslində, bunun kökü daha uzaqlara gedib çıxırdı, o vaxtlar dediyin bir cümləni xatırladırdı: "Hə, indi azadsan!". Əlbəttə, bu da özünü aldatmaq idi, çünki azad deyildim - ən azı o vaxt azadlıqdan söhbət gedə bilməzdi. Sənin haqqında yazırdım, səndən şikayətlənirdim, sənin gəlbinə süzə bilmədiklərimi yazılarıma süzürdüm. Yaza- yaza səninlə vidalaşırdım, bilə- bilə də həmin vida anlarını uzadırdım. Düzdür, sən özün məni buna məcbur edirdin, ancaq mən də istədiyim kimi vidalaşırdım. Nə qədər mənasız işlər idi! Bunların haqqında yalnız ona görə danışmağa dəyər ki, mənim həyatımda baş veriblər, başqa yerdə gözə görünməzdilər və bir də ona görə ki, uşaqlığımda nəyisə öncədən duymaq, sonralar ümid, daha sonra tez-tez ümidsizlik nişanəsi kimi həyatıma həkk olunublar, sənin təbirincə desək, lazım gələndə, hətta bəzi xırda-para qərarlar çıxarmağa da sövq ediblər.

Məsələn, götürək elə sənət seçimini. Əlbəttə, burda özünə məxsus olan bir alicənablıqla, elə həmin mənada da səbrlə, mənə sərbəstlik verdin. Ancaq əslində, orta təbəqəyə mənsub olan yəhudilərin öz oğullarına münasibətlərini müəyyənləşdirən ümumi prinsiplərdən çıxış etdin, ya da həmin təbəqənin dəyər ölçülərini əsas götürdün. Nəticədə isə mənim şəxsiyyətim haqqındakı səhv fikirlərindən biri öz təsirini göstərdi. Əslində, lap çoxdan atalıq qüruru ilə mənim həyatımın mənasını anlamadan sısqa bir uşaq olduğuma görə elə hesab eləyirdin ki, çox çalışqanam. Sənin fikrincə, uşaqlığımda həmişə çox oxuyur, sonralar da çox yazırdım. Ancaq burda zərrə qədər də həqiqət yoxdur. Əslində, şişirtmədən demək olar ki, az oxudum, heç nə də öyrənmədim. Uzun illər ərzində orta səviyyəli bir yaddaşla, o qədər pis olmayan mühakimə qabiliyyətimlə nəyisə yadda saxlaya bilməyim də çox təəccüb doğurmamalıdır, ancaq, hər halda, topladığım biliklərin nəticəsi, ən çox da dərinliyi, zahirən qayğısız görünən sakit bir həyatda ona sərf olunan vaxtla, pulla müqayisədə çox cılız görünür. Xüsusilə, az qala bütün tanıdığım adamlarla müqayisədə belədir. 

Çox acınacaqlıdır və səbəbini də yaxşı başa düşürəm. Fikirləşməyi bacardığım gündən öz mənəvi varlığımı təsdiq etmək üçün elə böyük çətinliklərlə qarşılaşdım ki, bundan başqa hər şeyə biganələşdim. Bizim yəhudi gimnazistlərdə qəribəliklər çox olurdu, bəzən inanılmaz işlər görürdülər, ancaq məndəki o soyuq, açıq-aşkar bilinən, qarşısıalınmaz, az gala gülünc hala düşən, qorxunc şəkildə özündən razı olan, bumbuz fantaziyalar qoynunda yaşayan uşaq biganəliyini heç birində görmədim, halbuki bu biganəlik həm də əsəblərimi qorxudan, günahkarlıq hissindən pozulmağa qoymayan yeganə sipər idi. Məni yalnız öz qayğılarım maraqlandırırdı və bu qayğılar da cürbəcür olurdu: məsələn, sağlamlığımın qayğısına qalmaq. Bu qayğı tez-tez gərək olurdu, gah yemək yaxşı həzm olunmurdu, gah saçım tökülürdü, gah da bel sümüyüm əyilirdi və hamısı da müxtəlif dərəcədə mürəkkəbləşir, axırda da əsil xəstəliyə çevrilirdi. Ancaq heç kəsə və heç nəyə inanmadığımdan, varlığımın hər an yeni bir təsdiqə ehtiyacı olduğundan, heç nəyin şəksiz-şübhəsiz şəxsən mənim özümə mənsub olmadığından, həqiqətdə varislikdən mərhum edildiyimdən, özümə ən yaxın olan bir şeyə - bədənimə də inamımı itirdim. Boyum elə hey uzanırdı, nə edəcəyimi bilmirdim, yüküm getdikcə ağırlaşırdı, çiyinlərim qısılırdı. 

Hərəkət etməyə, idmanla məşğul olmağa qorxurdum, zəifləyirdim. Bacardığım şeylərin hamısını möcüzə hesab edirdim: məsələn, yeməyi yaxşı həzm elədiyimi... Və bu da həmin keyfiyyəti itirməyə kifayət edirdi, ipoxondriyaya aparan yollar tamam açılırdı, sonra da evlənmək istəyərkən keçirdiyim qeyri-insani gərginlikdən qan qusurdum (bu barədə sonra danışacam). Sonuncuda bəlkə Şönbrunpalaysda tutduğum mənzilin də günahı vardı: elə bilirdim, bu mənzil mənə yazmaq üçün lazımdır, ancaq axırda gəlib bu siyahıya düşdü. Deməli, bütün bunların hamısı sən fikirləşdiyin kimi ağır işlərin nəticəsi deyildi. Elə illər olurdu ki, heç bir yerim ağrımırdı, ancaq bütün günü divanda uzanıb qalırdım və demək olar ki, xəstə olduğun günləri də əlavə etməklə, sən həyatın boyu o divanda mənim qədər uzanmayıbsan. İşim çox olduğunu deyib səndən qaçanda da çox vaxt öz otağımda uzanmağa gedirdim. Mənim əmək məhsuldarlığım işdə də (orda tənbəllik az nəzərə çarpır və üstəlik də qorxaq olduğum üçün çox ağ eləmirdim), evdə də az olurdu. Bunları hesablaya bilsən, dəhşətə gələrsən. Çox güman ki, mən təbiətən tənbəl deyildim, ancaq görməyə iş yox idi. Yaşadığım yerdə alçaldılırdım, təhqir olunurdum, məhv edilirdim və başqa yerə qaçmaq da mənə böyük gərginliklər bahasına başa gələrdi, əslində, bunun özü də alınan iş deyildi, çünki söhbət mümkünsüz bir şeydən gedirdi, bəzi xırda istisnalar nəzərə alınmasa, buna heç vaxt gücüm çatmazdı.
Deməli, belə bir vəziyyətdə sənət seçmək üçün sərbəstlik qazandım. Məgər mən onda, ümumiyyətlə, bu sərbəstlikdən istifadə etmək iqtidarındaydım? Məgər onda əsl sənət sahibi olacağıma inamım vardı? Mənim özümü qiymətləndirməyim özgə bir şeydən, məsələn, hər hansı bir zahiri uğurdan deyil, daha cox səndən asılı idi. Zahiri uğur bircə anlığa parlayırdı, vəssalam... Ancaq həmin anda da sənin tərəzinin gözü ağır gəlirdi, o birini qaldırırdı... Fikirləşirdim ki, ibtidai məktəbin birinci sinfini heç vaxt başa vura bilməyəcəm, ancaq başa vurdum, üstəlik, tərifnamə də aldım. Sonra fikirləşdim ki, gimnaziyaya qəbul imtahanını verə bilməyəcəm, ancaq verdim. Dedim ki, gimnaziyanın birinci sinfində kəsiləcəm, ancaq kəsilmədim və belə-belə irəlilədim... irəlilədim. Lakin bunların heç biri gələcəyə inamımı artıra bilmədi, əksinə , bir daha əmin oldum ki, (sənin üzündəki ifadələr də bunu formal cəhətdən təsdiq edirdi), işlərim nə qədər yaxşı alınsa, son nəticəsi bir o qədər pis olacaq. 

Tez-tez xəyalımda gimnaziya müəllimlərinin o dəhşətli iclaslarını canlandırırdım (gimnaziya burda ümumiləşdirici bir misaldır, mənimlə hər yerdə belə olurdu) və görürdüm ki, mən birinci sinfin imtahanlarını verəndən sona ikinci sinifdə, ikinci sinfin imtahanlarından sonra üçüncü sinifdə və belə-belə sonadək yığışıb bu qeyri-adi, hamını heyrətə salan hadisəni müzakirə edirlər: necə olub ki, ən küt, ən zəif bir şagird sinifdən-sinfə keçib?! Hamının diqqəti mənə yönəldiyi üçün bayıra atacaqlar, ədalətin bu dəhşət üzərindəki qələbəsinə sevinəcəklər... Uşaq üçün belə təsəvvürlərlə yaşamaq çox çətindir. Belə bir vəziyyətdə dərs mənim vecimə olardı?! Kim belə bir vəziyyətdə məndə nəyə qarşısa zərrə qədər maraq oyada bilərdi?! Onda mənim dərsə marağım - təkcə dərsə yox, həmin vacib yaş dövründə məni əhatə eləyən hər şeyə - pulları mənimsəmiş bank işçisinin öz işinə marağı kimi idi: hələ vəzifəsində qalır, ancaq işin üstü açılacağı gündən bərk qorxur, bununla belə, məmur kimi gündəlik bank əməliyyatlarını aparır. Hər şey əsas məsələnin yanında belə xırda, belə mənasız görünürdü. Bütün bunlar kamal attestatı alana qədər davam elədi, bəzilərini doğrudan da fırıldaqla yola verdim, sonra hər şey qurtardı və mən azad oldum. 

Əslində, o ağır gimnaziya illərində də həmişə özümü düşünmüşdüm və indi azad olandan sonra da düşünürdüm. Deməli, sənət seçimində sözün həqiqi mənasında azad deyildim, çünki bilirdim: gimnaziyada olduğu kimi, əsas məsələ ilə müqayisədə hər şey mənə maraqsız olacaq, deməli, elə sənət seçmək lazımdır ki, mənim şöhrətpərəstliyimə çox da toxunmasın, eyni zamanda da biganəliyimə dözə bilsin. Məlum məsələdir ki, burda hüquq elmi yada düşməli idi. Xudbinliyin, mənasız ümidlərin müqaviməti, on dörd gün öyrəndiyim kimya elmi, yarım il oxuduğum alman dili dərsi bu inamı daha da gücləndirdi. Beləliklə, hüquq sahəsini seçdim. Bu o demək idi ki, imtahana qədərki bir neçə ay ərzində əsəb gərginliyi keçirə-keçirə ağır günlər yaşamalı oldum. Bir vaxtlar gimnaziyada olduğu kimi, bu günlər mənim üçün müəyyən mənada şirin oldu, sonra da məmurluq sənəti gəldi... Bunlar hamısı mənim vəziyyətimə uyğun gəlirdi... Hər halda, bu məsələdə ağlasığmaz bir uzaqgörənlik göstərdim, çünki uşaq olarkən necə oxuyacağım, hansı sənəti seçəcəyim haqqında ilkin təsəvvürlərim vardı. Ona görə də heç bir xilas yolu gözləmirdim, buna ümidimi çoxdan itirmişdim.
Yüklə 216 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə