156
«Tarla nəğməsi»ndə ifadə olunan fikir də məhz bundan ibarətdir:
Üfüqlər qızarıb güləndə səhər,
Bülbül öpə-öpə oyatsın gülü.
Çirməyib qolunu qızlar, gəlinlər,
Yığsın qucağına sarı sünbülü.
Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən! (132, 75).
Şairin əsas məqsədinin poetik ifadəsi olan son iki misra bu gün də aktualdır və
adətən taxıl biçini dövründə şüar kimi zəmi və xırmanlarda nümayiş etdirilir.
S.Vurğunun bu illərdə qələmə aldığı şerlərdə milli və ümumbəşəri duyğular
birləşərək vəhdət şəklində meydana çıxır. Bu baxımdan şairin müharibənin ağır
günlərində faşistlər tərəfindən zəbt olunmuş Rusiya, Ukrayna və Belorusiya
torpaqları uğrunda vuruşan həmyerlilərimizin şərəfinə qoşduğu şerlər xüsusi qeyd
edilməlidir. Bütöv bir silsilə təşkil edən bu şerlərdə ümumi ruh hakimdir. Bu, Vətən
torpağının azadlığı uğrunda hər çətinliyə sinə gərən, lazım gələrsə, bu yolda öz
canından keçməyə hazır olan azərbaycanlıların qəhrəmanlığıdır. Bu qəhrəmanlıq
şairin qəlbini qürur və fərəh hissi ilə doldurmuşdur. Məhz buna görə də o, üzünü
mərd döyüşçülərə tutaraq deyirdi:
Sənə halal olsun, ey qəhrəmanım,
Babəklər yurdunun duzu, çörəyi.
1943-cü ilin aprel ayında mətbuatda «Azərbaycan xalqının azərbaycanlı
döyüşçülərə məktubu» dərc edilmişdir.(93). Məktubu imzalayanlar arasında
S.Vurğun da vardı.
Şairin şəxsi arxivində həmin məktubun ayrı-ayrı parçaları, onun özünün yazdığı
və ya redaktə etdiyi hissələri mühafizə olunur. «Məktub»un bir sıra yerləri şairin
«Koroğlu nəsillərinə bizim
157
salamımız» adlı çıxışı ilə səsləşir. Bunlar onu göstərir ki, «məktub»un əsas
müəlliflərindən biri S.Vurğun olmuşdur.
Mənsub olduğu xalqın adına layiq qəhrəmanlıqlar göstərmək, mərdliklə
vuruşmaq, vəfalı və sədaqətli olmaq – məktubun əsas qayəsi, Azərbaycan xalqının öz
oğullarına tapşırıqlarıdır. «Məktub»da yazılır: «Vəfaya vəfa, yaxşılığa yaxşılıq
lazımdır. Bizdən namusumuz tələb edir ki, torpağımız qəsbkarların zülmündən azad
olmayınca bir nəfər də Azərbaycan oğlu öz qılıncını qınına qoymasın».(93).
Müharibə illərində yazıçıların diqqəti Sovet İttifaqı xalqlarının həyat və
mübarizəsinin təsvirinə istiqamətlənmişdi. Çünki müxtəlif millətlərdən olan
döyüşçülər vahid Vətəni – onun çöllərini, nemətlərini, mənəvi sərvətlərini, xalqın
namus və şərəfini qoruyurdular. 416-cı Azərbaycan diviziyası döyüşçülərinin iştirakı
ilə Taqanroq şəhəri və Rostov vilayəti azad edildikdən sonra şair öz hisslərini «Trud»
qəzetinin 12 iyun 1943-cü il tarixli sayında bu cür ifadə edirdi: «Sevincimin həddi-
hüdudu yoxdur. Qələbə olduqca böyükdür. «Qələbə!» Bu söz necə də möhtəşəm
səslənir. Qələbə qələbə ardınca – hər gün bu sözləri eşitmək necə xoş və fərəhlidir!
Mənim sevinc və xoşbəxtliyim bir də ona görə artır ki, Taqanroq şəhərini və bütün
Rostov vilayətini azad edənlərin içərisində 416-cı Azərbaycan atıcı diviziyası da
vardır... Öz doğma xalqının böyük qəhrəmanlıq rəşadəti göstərdiyi bir dövrdə
yaşayan şair bəxtiyardır. Mən Azərbaycan torpağını, şanlı dədə-babalarımızın
torpağını sevirəm. Azərbaycan xalqanın çoxəsrlik tarixi salnaməsinə öz qanı ilə yeni
səhifələr yazan xalqımızın oğullarının adı ilə fəxr edirəm».(135, 268).
Şair bu dövrdə yazdığı şerlərində də Vətənin müdafiəçilərinin igidliyindən
fərəhlənir, bu qəhrəmanlığı alqışlayır, onları «Şairin salamı» şeri ilə bu cür
salamlayırdı:
Könlüm quşu dağlar aşıb qonar sizin cərgənizə,–
Ana yurdun salamını şerlə söyləyər sizə.
158
Qoruduqca yağılardan Uzaq Şərqin ellərini,
Hər nərəniz sevindirir Azərbaycan çöllərini.
Bizdən uzaq düşəndə də sizinlədir ürəyimiz.
Halal olsun igidlərə bizim halal çörəyimiz. (132, 117)
Bu, qarşısına qoyulmuş vəzifəni sədaqətlə yerinə yetirən Azərbaycan
döyüşçülərinin xoş sorağından doğan bir sevinc, şairin səmimi hissləri idi. Bu hisslər
o qədər güclü verilir ki, müəllifin yaratdığı döyüşçü surətlərində biz şairin özünü
görməyə bilmirik. Professor Cəlal Abdullayev bu barədə yazır: «Doğrudan da şairin
bu dövrdə yaratdığı döyüşçü surətləri ilə özü arasında bir yaxınlıq, doğmalıq vardır,
onun təsvir etdiyi qəhrəmanların qanı sanki şairin öz damarlarından axır». (3, 75).
Bu isə S.Vurğunun Vətənə böyük və sonsuz məhəbbəti ilə bağlıdır. Bu məhəbbət
odlu misralara çevrilir, insanlara qüvvət verir, qələbəyə inam hissini gücləndirirdi.
Şair bu adamların qüvvə və qələbəyə inamını, mənəvi təmizliyini tərənnüm edirdi.
Onun qəhrəmanları doğma diyarın şərəf və namusunu hər şeydən uca tutur, bu yolda
öz canlarından belə keçməkdən çəkinmirdilər.
Belə qəhrəmanlardan birinin daxili aləmi şairin «Mənə belə söyləyirlər...»
şerində ustalıqla açılmışdır. Şerdə göstərilir ki, cəbhədə ağır yaralanmış əsgər son
nəfəsində öz doğma yurdunu anır, S.Vurğunun «Azərbaycan» şerindən bir parça
söyləyir:
Görüb tanış olmadığım,
Qayğısına qalmadığım
Şer dostu bir insandan
Bir xatirə söylədilər:
«Bizim elli bir qəhrəman–
Bir yaraqlı qızıl əsgər
Son nəfəsdə səni andı,
Dəniz kimi dalğalandı...
Dedi: Doktor! Aman, doktor!
159
Sağlığıma güman yoxdur...
Bıçağını saxla bir dəm,
Bilirəm ki, öləcəyəm...
Gözüm yolda, könlüm səsdə,
Dinlə məni son nəfəsdə.
Qoy Vurğunun sözlərindən
Bir bənd deyim son dəfə mən:
Sən də eşit bu nəğməni,
Qoy dolaşsın o, aləmi:
«El bilir ki, sən mənimsən…» (132, 138)
Gənc əsgərin bu cür ölümü onu əbədiyyətə qovuşdurur. Ömrünün sonlarında
Vətəni yada salan, onun eşqini hər şeydən uca tutan bu gəncin hərəkəti doğma
Azərbaycana tükənməz məhəbbəti ilə bağlıdır. Şairi vəcdə gətirən də məhz bu idi.
Bundan sonra S.Vurğun ilhamı daha da qanadlanır, qəhrəmanın bu hərəkəti onu
daha dərindən düşündürür. Şairlə qəhrəman birləşir, sanki döyüşçü şairin daxilinə
hopur. Şair onun simasında ümumiləşmiş şəhid-döyüşçü obrazı yardır. Bu şəhidlərin
hamısı eyni amal – «El bilir ki, sən mənimsən» amalı uğrunda həlak olmuşlar. Bu
şəhidlərin ruhu həmişə bizimlədir. Şair onların ayaq izlərini dolaylarda, müqəddəs
əməllərini cəbhədən qayıdan vətən oğullarının gözlərində hiss edir, öz oğlunu bağrına
basanda onun gözlərində də bu igidləri görür. «Şair, Vətən uğrunda, azadlıq uğrunda
şəhid olan yüzlərlə, minlərlə Vətən oğullarının ölümünə dərin məna verir. Sanki
onlara demək istəyir ki, sizin axıdılan qanınız hədər getməmişdir və getməyəcəkdir.
Müharibədən sonra açılacaq səhərlərimiz sizin qanınız hesabınadır. Ağaran dan
yerindəki qızartılar sizin qanınızdan yaranacaqdır».(170, 162).
Şer nikbinliyə çağıran bir sonluqla tamamlanır:
Sən öldün ömrünün gənclik yaşında,
Dostları ilə paylaş: |