Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   9   10   11   12   13   14   15   16   ...   75

güvənirdi və qəbuluna gələn başqa aydınlar kimi, bunu da yumşaldıb yola
salacağına arxayındı..
Alimin səsi yüksəldi:
– Bəs Ermənistanda tökülən azərbaycanlı qanı qorxutmur Moskvanı? Başqa yol
bilirsinizsə, deyin! Amma mən bilirəm ki, avtobusların yönü Dağlıq Qarabağa
çevrilən kimi Ermənistandakı basqınlar durdurulacaq, ya da ermə​nilərlə
bizimkilər sakitcə məsələni həll edəcəklər...
“Sakitcə!..” Konovalov bu sözü istehzayla bir neçə də​fə ürə​yində təkrar etdi. “Nə
qədər ki, Qorbaçov var, siz sakitlik sözünü unudun!” O, köhnə rus kommunisti
kimi ürəyində Qorbaçovun siyasətindən narazıydı, ancaq bunu ürək qızdırmadığı
alimin yanında, açıq deyə bilməzdi.
– Araqarışdıranları nəzərə almırsınız! Sizdə də, onlarda da silah çoxdur. Qan
tökülər, akademik, qırarsınız bir-birinizi.
– Hardandı sizdə bu yanlış məlumat? Qorbaçovun tapşırığıyla bizim camaatın
əlindən ov silahlarını da alıblar. Belə görünür, ermənilərin xeyrinə bitməli olan
bir savaşa hazırlıq gedir Moskvada. Onsuz da qan düşüb. Savaşın böyüməyini
istəmirsinizsə, Ermənistandan qovulanları Qarabağa göndərin!
– Deyirsən, Ermənistanda gördükləri zülm azdır, indi də Qarabağ erməniləriylə
toqquşsunlar?
– Siz onların dərdini çəkmirsiniz. Onları düşün​səy​diniz, Bakıya gətirməzdiniz.
Xalqı qanla qorxutmaq lazım deyil. Beş-on nəfər ordan, beş-on nəfər burdan ölər,
sonra ara sakitləşər. Amma sizin dediyinizlə olsa, ara heç vaxt sakitləşməyəcək.
Ermənilərlə türklər yüz illər boyu yan-yana mehribanca yaşayıblar. Bu
münaqişələr Rusiyanın Cə​nubi Qafqaza gəlişindən sonra başlanıb. İndi də Mosk​-
vanın məkrli siyasəti iki xalqı, iki respublikanı müharibəyə aparır.
Konovalov anladı ki, qarşısındakı adamla sakit dialoqa gücü çatmayacaq. Bu
sözlər əlinə bəhanə vermişdi. Buna görə də yerindən dikəlib barmağını ona uzadıb
təhdidedici bir tərzdə:
– Siz ekstremistsiniz! – dedi.
Akademik razılıqla qarşılanmayacağını bilirdi; ikinci katibin orda-burda onun
ardınca danışdığını, Moskva, İrəvan alimlərinə sərt cavablarından narazı
olduğunu da buranın işçiləri çatdırmışdılar ona; onu da bilirdi ki, mərkəzə ondan
şikayətlərin çoxunu məhz buna, mərkəzin öz nümayəndəsinə qaytarırlar ki, ölçü
götürsün; onun ağzını yumsun. Bununla belə, Konovalovdan belə saymazyanalıq və
həyasızlıq gözləmirdi, onun vəzifə etikasına sığmayan cavabı çörəyini yediyi bu
millətə hörmətsizlikdir və akademikin elm mühitində məşhur olan üslubuyla desək,
“eşşəkliyin yekəsidir...”


Sakitcə oturub katibin daha nə deyəcəyini gözlədi. Ancaq deyəsən, Konovalov
bütün qəzəbini bu iki kəlməyə yükləmişdi. Akademikin üzünə mənasını ancaq
yaxın dostlarının bildiyi bir təbəssüm gəldi; gözündə döyüşə atılmağa hazırlaşan
bir aslanın qətiyyəti parıldayırdı.
Masanın üstünə qoyduğu fəsini götürüb ayağa qalxdı. Katib indicə alimin onun
üstünə cumacağından ehtiyatlanırmış kimi kresloda büzüşmüşdü. Ziyad bəy harda
olduğunu unudaraq, doğrudan da, ona doğru bir addım atdı, sonra dayanıb qəddini
düzəltdi, indi katibə daha ucadan, kimsənin əli yetməyəcək bir ucalıqdan baxırdı:
– Bu layiq olmadığın kresloda oturub dünyanın kefini çəkir, mənim vətənimin
nazı-neməti içində şellənirsən, qara kürünü qaşıqla ötürürsən, rəssamlarımızın
misilsiz rəsmlərini su qiymətinə və ya hədiyyə kimi qoparıb Rusiyadakı xarabana
göndərirsən və özünü də kişi hesab edirsən... Qonşuların bir-birini necə qırdığını
riyakarlıqla seyr edir, üstəlik mənə ekstremist də deyirsən! Əsl ekstremist və
riyakar sənsən!
Çevrilib qapıya doğru getmək istəyəndə bir daha geri qanrıldı, görünür, ürəyi
soyumamışdı:
Bura bax, mən rus torpağını qorumaq üçün düşmənlə boğazlaşanda sən
yançağında cırıq şalvar bazarlarda tum satırdın. Kimə ekstremist dediyini
düşünsən, utanıb yerə girərsən!
Dönüb getdi. Qapını açıb çıxarkən dediyi sözü həm də onu görüb ayağa qalxan
katibə eşitdi: “Qavnyuk!”
Bu görüşdən sonra onun üçün Moskvanın mövqeyinin gizli bir nöqtəsi
qalmamışdı...
İnstituta gəlib, dostu Rüstəmə zəng vurdu:
– Nə iş görürsən? Bura bax, nərddə uduzmağa həvəsin var?
– İndi nərd vaxtıdır? – qarşıdan cavab gəldi.
– Uduzmağın əsl vaxtı elə indidir, hazırlaş, düş aşağı...
Ancaq sonra razılaşdılar ki, köhnə dostlar bazar günü Əkbərin bağında
görüşsünlər.
Ertəsi gün ilk işi Akademiyanın prezidentinə işdən çıxmaq haqqında ərizə yazmaq
oldu. Yuxarıdan qərar gözləmədən, işdən özü çıxmalıdır, – deyə fikirləşirdi. Ko​-
no​valovla mübahisəsindən sonra belə bir qərarın gələ​cəyinə şübhə etmirdi.
***
Həmişəki kimi Əkbərin bağında görüşdülər. Əkbər də şərq​şünasdı, qədim
ədəbiyyatı mükəmməl bilirdi və kefinin kök vaxtında, dost məclislərində
Füzulidən, ara-sıra sevdiyi müasir şairlərdən seçmə şeirlər deyərdi. Amma elmlə


yox, naşirliklə məşğuldu; uzun müddət Akademiyanın nəşriyyatında direktor
olmuşdu və elə Ziyad bəylə də burda dostlaşmışdı. Sonra bədii ədəbiyyat
nəşriyyatı yaradılanda onu təcrübəli naşir kimi yeni nəşriyyata gön​dərmişlər.
Nərd oynaya-oynaya Rüstəmə Konovalovla mübahi​səsini danışmağa başladı.
Rüstəm zəri taxtaya qoydu, bütün diqqəti ondaydı. Ziyad bəy udmağa
tələsdiyindən, tez-tez sözünü yarımçıq kəsib, “Yaxşı, götür at!” deyirdi. Dostu
halını pozmadan “Qaçmırıq ki! Axşamacan nə qədər istəsən, uduzacaqsan” –
deyib onu hirsləndirsə də, katiblə bu mübahisənin nə ilə nəticələndiyinin marağı
oynamağa imkan vermirdi. Dostunu dinləyib, “Başın ağrıyacaq sənin! Özünü işə
salmısan. O, kinli köpəyoğludur”, – dedi.
Ziyad bəy hirsləndi:
– Sən də uşaq-uşaq danışma! Neyləyə bilər mənə? Öldürt​dürəcək? Cəbhədə
itirdiyim dostlarımdan artıq deyiləm ki! Daha köhnə vaxtlar deyil. Mən ömrüm
boyu ilan kimi gülləyə uçmuşam. Ölümdən qayıdan kimi qayıdırdım hər savaşdan.
Komandirlərim və dostlarım göz​lərinə inanmırdı. Çünki məndən əllərini
üzmüşdülər. Lap elə cərimə batalyonunun komandiri olmağa razılıq verdiyim
gündən! Düşmən gülləsi dəyməsə də, bu qanuni oğru dəstələri uzun müddət mənim
kimi, yöndəmsiz, inadkar qafqazlının onlara başçılıq eləməsinə dözə bilməzdi.
Hamı belə düşünürdü. Lakin cərimə batalyonu başıma and içirdi.
Rüstəm:
– Bunu səninlə bir yerdə vuruşmuş dostundan, rus yazıçıdan da eşitmişəm.
Ziyad bəyi od götürdü. Yerindən dikəldi, sanki indi nərdi götürüb Rüstəmin başına
çırpacaqdı. Ancaq hirsini boğub oturdu. Taxtadakı vəziyyət xey​rinəydi, daşları
dağıtmaq istəmirdi:
– Bura bax! Sən nə vaxt adam olacaqsan? Urus balası təsdiq etməsə, mənə
inanmayacaqsan? Mən bütöv bir alayın adını, şərəfini qoruyanda yanımda şahidim
yox idi. Elə bilirdilər, cəbhədən qaçmışam. Komandir məni görən kimi qəzəblə
üstümə bağırdı. Mənsə, onun qarşısında bütün gücü tükənmiş vəziyyətdə, palçığın
içinə yıxılıb qalmışdım. Ölüb-qaldığımı yoxlamaq üçün çevirəndə sırıqlımın
altında bədənimə bürüdüyüm alay bayrağını görürlər. Yolda ölsəydim, alay ləğv
olunacaqdı. Sən belə şeyləri anlamazsan... Amma bu mənim taleyimdir. Sonra
komandir məndən üzr istədi...
– Mənim də üzr istəməyimi gözləyirsən?
– Yox, uduzmağını gözləyirəm.
Rüstəm güldü:
– Nərddə güzəşt yoxdur. Qəhrəmanlıq, on dənə Qızıl Ulduz, heç biri kömək
eləməz!..


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə