Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə44/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   40   41   42   43   44   45   46   47   ...   75

görsələr, işi bitir. Anlamırsan əlifbanın günahı nədir? Qonşu kənddən bir rus dili
müəllimini aparmışdılar ki, niyə dini təbliğ edirsən. Heç bir təbliğatla məşğul
olmadığına inandıra bilməmişdi; demə məktəbdə, dəftərinin arasından ərəb
əlifbası ilə yazılmış bir-iki vərəq çıxıbmış. Az qala tutacaqdılar yazığı. Sonra
gülməli bir iş oldu, müəllim: “ay kişilər, bu vərəqlər Qurandan deyil, Puşkinin
şeirləridir. Rus dilini daha tez anlasınlar deyə şairin bir sıra şeirlərini ərəb
əlifbasına köçürmüşəm. Qoy yoxluyub baxsınlar...” – demişdi. Doğrudan da
yoxlatdırmışdılar və əl çəkmişdilər kişidən. Dədəm, babam hamısı savadlı olub,
amma köhnə üsulla oxuyublar. O vaxt Sovet məktəbi vardı bəyəm? Başa
düşmürəm, bunlar bizim yüz illərlə davam edib gələn köhnə təhsili niyə qəbul
eləmir? Heç çar vaxtında belə qadağalar qoyulmamışdı. Neçə arxadönənin yığdığı
kitabxanamız vardı, hamısını yandırdılar.
Əlican bütün hirsini bir qarğışa sığışdırmışdı:
– Allah ocaqlarını söndürsün, söndürdülər bizim ocaqlarımızı...
Sonra nə düşündüsə, dostuna gözlənilməz bir sual verdi:
– Mirhəsən, imkan olsa, qayıdarsan Masallıya?
– Günü sabah! Deyirlər, Masallı böyüyüb, abadlaşıb.
Əlican aralarındakı köhnə zarafatını təkrarladı:
– Masallı da bizim suyumuzu içir...
– Nə olsun? Sizin də yolunuz bizim kənddən keçir.
– Təzə çəkilib sizin kənddən yol! Yoxsa bizim o tərəf​lərdə nə işimiz vardı?
– İnşallah, qayıtsaq, məndən icazə almamış keçə bilməzsən öz kəndinizə!
Əlican kişinin qonşularının hərəsinin bir cür tale-qədər hekayəti vardı: biri
ağlabatan, biri ağlabatmayan, biri hamının yaşadığı bilinən, biri inanılmaz
dərəcədə qeyri-adi nağıl kimi...
Sağ əldə oturan Mətin Əhmədoğlunun yaşı altmışa yaxınlaşsa da, hələ gənclik
şuxluğunu itirməmiş orta boylu, sarışın saçlı, ala gözlü bir kişiydi. Əslən
Türkiyədəndir. Başına gələnləri qəsəbədə hamı bilirdi. Bura lap gənc yaşlarında
düşmüş və həyatını bir yolluq “Yeni gün” kolxozuna bağlamışdı; daha doğrusu,
qəsəbənin əsasını qoyanlar burda 1937-38-ci illərdə köç salmışdısa, o, İkinci
Dünya müharibəsinin sonunda Axısxa türklərinin ardınca gəlmişdi. Onları axtara-
axtara. Yaşıdları hərdən ərklə sataşardılar ona: “Bu adamla işiniz olmasın, –
deyərdilər, – özü-özünü sürgün eləyib...”
Türkiyənin SSRİ ilə sərhəd kəndlərinin birində yaşayırmış. İkinci Dünya
müharibəsi illərində bığ yeri yenicə tərləyən yeniyetmə oğlan olsa da, zi​rək​liyi,
ağlı-dərrakəsi ilə ad çıxarıbmış. Bir gün kəndin muxtarı İbrahim əfəndi onu yanına
çağırtdırır; başqa ağsaqqallar və Mətinin atası Əhməd da burdaymış.


İbrahim əfəndi:
– Dəliqanlı, atanla da məsləhətləşdik, – deyə təsdiq əlaməti gözləyirmiş kimi,
üzünü Əhmədə çevirir: – Sərhədi keçib Gürcüstandan bizə bir xəbər gətirməlisən.
Sonra gözünü dolandırıb qapıya yaxın, kətillərin birinin üstün​də oturmuş Bəkiri
göstərərək: “Bəkirlə bir yerdə!” deyir.
Bəkir Mətindən 5-6 yaş böyük, igidliyi, cəsa​rə​tiylə ad çıxarmış birisiydi. Sonralar
Mətin öyrənə​cəkdi ki, bu seçim təsadüfi deyilmiş, onun gizlincə Gürcüstana,
Axalkalaya gedib-gəldiyini bilənlər varmış. Bu işin onlara tapşırılmasının bir
səbəbi də Bəkirin uşaqlığının Qars ətrafındakı malakan kəndlərinin birində
keçməsi olubmuş, onlardan rus dilini öyrənibmiş...
İbrahim əfəndi sözü uzatmamışdı: “Qalanını atan izah edər sənə, Allah üstünüzdə
olsun!”
Gürcüstana göndərilmənin səbəbini evdə atasından öyrənir: “O taydakı
qohumlarımızdan xəbər tutub qayıdarsınız. Sənin də Bəkirlə getməyini mən təklif
eləmişəm, oğlum”.
Sərhədin o üzündə, rusların işğalı altındakı qohumların bir​dən-birə yada düşməsi
və əlimyandı onlardan xəbər tutmaq istəyinin səbəbini atası belə izah etmişdi:
“Hamısı bizim camaatdır. Araya sər​həd düşsə də, xalq bir-birini unutmayıb, ancaq
son günlərdə orda nəsə olub. Xalxın işığı gəlmir. 100-200 evlik köylərdə,
qəsəbələrdə gecələr bir şam işığı da görünmür. Azan səsi eşidilmir. Başlarına nə
gəldi? Neçə gündür ürəyimiz partlayır, qulağımızı radiodan ayırmırıq, ancaq heç
bir xəbər yoxdur, elə bil, yerin dibinə çəkiliblər”.
Yerli camaat sərhədin açıq yerlərini bilirdi. Daha doğrusu, yeni başlamışdılar
aranı məftillə bağlamağa; onu da hələ bitirməmişdilər. Müharibəyə qədər hələ ara
açıqdı, qohum-əqrəbadan xəbər tutmaq olurdu. Müharibə Sovetləri ayıltdı, tez-
tələsik ölkəni çəpərləməyə başladılar. Ancaq məftil çəkilməyən qayalarda xəlvət
cığırlar vardı. Cəsarətliləri Kür aşağı üzüb gəlirdi.
Bəkirlə sərhədi adlamış və qohumlarının yaşadığı kəndləri görəndə dəhşətə
gəlmişdilər, sanki bir hava xortumu gəlib ancaq adamları sorub aparmışdı. Evlər,
bağ-bağat, həyətin inəyi, camışı, qo​yunu, iti, pişiyi yerindədir, amma adamlar yoxa
çıxıb, bəzi tövlələrdən mal-qara səsi gəlirdi. İtlər həyətlərdə zəncir gəmirir, ancaq
bu, boş yurddakı ölü səssizliyini, insansızlıq vahiməsini daha da artırırdı. Bir
kənd, iki kənd... xəbər tutmaq ümidi ilə mahalın axırınacan getmişdilər. Ancaq ins-
cins görməmişdilər, rastlaşdıqları adamlar da qonşu er​mə​ni, gürcü kəndlərinin
adamlarıydı.
– Kirvə, bizim camaata nə olub, hara gediblər? – deyə Bəkir soruşdu. Erməninin
üzündə istehzalı bir təbəssüm var idi. Sevincini gizlədə bilmirdi:


– Köçmədilər, matax, köçürtdülər. Siz nə yaxşı üzülüb qalmısınız.
Bəkir hələ işin əslini bilməsə də, axısxalıların başında nə isə bir bəla olduğunu
hiss elədi. Bu boyda mahalın birdən-birə öz xoşuyla harasa getməsi və ya qeybə
çəkilmiş kimi yox olması mümkün deyildi. Türkiyə sərhədindəki kəndlərin
köçürüləcəyi çoxdan danışılırdı və bunu qohumları da deyirdilər. Qafqaz
sovetləşəndən sonra sərhədin bu tayından o tayına, o tayından bu tayına da çox
köçənlər olmuşdu və ayrı düşən qohum-qardaşın ürək sızıldadan xatirələri Qars,
Ərdəhan, İqdır camaatı arasında bu günədək davam edirdi. Ancaq indi bu
məsələlər müzakirə yeri deyildi. Özünü o yerə qoymadan ermənilərə “biz
Batumdaydıx, heş nədən xavarımız olmuyub!” – dedi.
Erməni nə söyləyəcəyini bilirdi: “Onda vaxt itirməyin, bəlkə çata bildiniz. O
boyda xalxı iki-üç günə yola sala bilməzlər, gedin, burda ələ keçsəniz, yaxçi
olmaz”.
Çaşıb qalmışdılar, geriyə – Türkiyəyə qayıtsınlar, yoxsa qohumlarının dalınca
getsinlər. Əlbəttə, asan yol və ağıllı qərar qayıtmaqdı. Ancaq bir neçə müşkül var
idi ki, yollarını kəsirdi. Birincisi, ermənilərə güvənmək olmazdı, bəlkə
danışıqlarından onların yerli adam olmadığını anlamışdılar və ayrılıb gedən kimi
xəbər verəcəklər, milisi tökəcəklər dallarınca; ikincisi, sərhədçilər qarşı tərəfdən
boşalan kəndlərə marağın artacağını bilib sərhəddə nəzarəti gücləndirmiş
olardılar. Ətrafın boşluğundan onlar daha tez gözə dəyərdi. Bundan da o qədər
ehtiyat etmirdilər, gündüzlər evlərdə gizlənib gecə yol gedər, gəldikləri kimi də
qayıdardılar. Di gəl, onları yola salan adamlara nə deyəcəkdilər? “Sizə vəziyyəti
öyrənib gəlin demişdik, nə xəbər tutdunuz, qohum-əqrəbalardan heç olmasa,
bircəciyini görə bildinizmi, heç olmasa, bircə nəfər türk gördünüzmü? Nə olsun
qonşu dedi? Kimdir qonşu? Erməninin sözünəmi inandınız? Bəlkə uşaqlı-böyüklü
hamısını öldürmüşlər, heç şahid də saxlamamışlar. Erməniləri də qəsdən iz
azdırmaq üçün buraxmışlar küçələrə. Böyüyün sözünə bucürmü baxallar?!”
“Yox, qayıtmaq olmaz!” – deyə Mətin əlavə etdi. – Barı bir-iki tanış görüb
vəziyyəti öyrənək, niyə evlərindən çıxarılıblar, hara gedəcəklər? – bilək, sonra
qayıdaq.
Bu qərarla tez ordan uzaqlaşdılar.
Bu zalım ermənilər də elə bil planı özləri cızmışdılar. Doğrudan da, Tiflisdən
Poyluya qədər, dəmir yolu uc-uca calanmış, qarışqa sürüsü kimi qapqara yük
vaqonları ilə dolu idi. Qatarlar sayı yüz mindən artıq olan Axısxa türklərini
daşıyıb aparmaqla məşğuldu. Ancaq Bəkirlə Mətin yetişə bildikləri qatarlarda
qohumlarını tapa bilmədilər. Köçə sərhədə yaxın kəndlərdən başlamışdılar və
onlar ilk qatarlarla getmişdilər. Amma daha fərqi qalmamışdı – ilk qatar, son


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə