Azərbaycan əDƏBİ DİLİNİn normalari


Yazılı nitqdə nöqtəli vergül işarəsi



Yüklə 146,24 Kb.
səhifə16/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20
NORMALAR

7. Yazılı nitqdə nöqtəli vergül işarəsi. Yazılı nitqdə nöqtəli vergül işarəsindən nöqtənin ifadə etdiyi fasilədən bir qədər az, vergülün ifadə etdiyi fasilədən bir qədər böyük fasiləni ifadə etmək üçün istifadə edilir. Sadə cüm­lə­nin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib his­sə­lər arasına nöqtəli vergül qoyulur. Məsələn:
Əmir İnanc Qətibənin Nizamiyə hüsn-rəğbət göstərməsinə yol ver­mək­lə bə­rabər, onu Hüsaməddinə də vəd edirdi; Dilşadı Bağdada gön­dər­mə­yə hazırladığı halda, Fəxrəddinin də başını aldadır və Dilşadın Fəx­rəd­din­lə olan tanışlığına ma­neə törətmirdi (M.S.Ordubadi, “Qılınc və qə­ləm”); Məmmədağa dənizdən sa­hil­də dayanmış furqonuna baxmağı xoş­la­yır­dı; hər dəfə furqonun təmiz alüminium örtüyünə, üstündəki rəngbərəng iri hərflərlə yazılmış şüarlarla baxdıqca hiss edirdi ki, öyünür, lap lov­ğa­la­nır və dənizin suyu da bu lovğalığı tamam tə­miz­lə­yirdi, elə bil ovcunda ba­lıq­qulağı yuyurdu, büllurlaşdırırdı, bir uşaq sevincinə çe­virirdi; bu uşaq se­vin­ci dənizin içində Məmmədağanın bütün bədninə yayılırdı (Elçin, “Bir gö­rü­şün tarixçəsi”).
Bu misallardan birincisində nöqtəli vergül sadə cümlənin həmcins üzv­lərini, sonrakılarda tabesiz mürəkkəb cümlənin komponentlərini ayır­mış­dır. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) ta­be­siz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bi­lər. Məsələn:
Əmir hələ yatağından qalxmamışdı; o, gecəki sərxoşluğun xumarlığı altında nazlanırdı (M.S.Ordubadi, “Qılınc və qələm”).
Nöqtəli vergül işarəsi ən çox elmi mətndə işlədilir. Məsələn:
“Göründüyü kimi, qeyd etdiyimiz sintaqmların hamısı ikiüzvlüdür və tabelilik əsasında qurulmuşdur; həkim sözü iki, müayinə etdi sözü üç sintaqmın tərkibində iştirak etmişdir”. (Q.Ş.Kazımov. Müasir Azər­bay­can dili. Bakı: Təhsil, 2007, s. 41)
8. Yazılı nitqdə mötərizə. Yazılı nitqdə mötərizədən aydınlaşdırıcı məlumat və ya izahat verilərkən istifadə olunur. Mötərizə daha çox ara və əlavə cümlələrlə bağlıdır. Mötərizənin aşağıdakı formaları vardır:
1. Düz mötərizə [ ]
2. Bucaq mötərizə ‹ ›
3. Maili mötərizə / /
4. Girdə mötərizə ( )
Yazılı nitqdə mötərizədən, əsasən, elmi mətndə daha çox istifadə olunur. Bədii ədəbiyyatda da ən çox dram əsərlərində, remarkaların yazılışı mötərizə içərisində verilir.
Mötərizə aşağıdakı hallarda işlənir:
a) elmi mətndə mötərizədən konkret termini göstərmək məqsədilə is­ti­fa­də olunur. Məsələn:
İnsan öz əqli fəaliyyətində ya ayrı-ayrı faktlardan çıxış edərək ümumi nəticələrə (induksiya), ya da ümumidən ayrı-ayrı nəticələrə (de­duk­siya) gəlir. (Ə.Fərəcov);
b) elmi ədəbiyyatda rəqəmlər əsasında qruplaşma apardıqda sıra bil­dirmək üçün işlənilən rəqəmlərdən, hərflərdən sonra nöqtə yarım­mö­tə­ri­zə qoyulur. Məsələn:
“Zərfliyin aşağıdakı məna növləri vardır:
1) tərz zərfliyi; 2) zaman zərfliyi; 3) yer zərfliyi; 4) səbəb zərfliyi; 5) məq­­səd zərfliyi; 6) kəmiyyət, ölçü, dərəcə zərfliyi; 7) şərt zərfliyi; 8) qar­şı­laş­dır­ma zərfliyi.” (Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Bakı: Təhsil, 2007, s. 136);
Ç samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə uyğun tələffüz olunur:
a) söz başında: çal, çöl, çək, çillə, çadır, çürük, çovdar və s.
b) söz ortasında: açıq, alçaq, alça, qaçaq, açar, üçün, içəri, küçə, külçə və s.
v) söz sonunda: aç, qaç, iç, keç, üç, heç, biç, qıç, ölç və s.” (Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dili (fonetika, orfoepiya, or­fo­qra­fiya). Bakı: Maarif, 1972, s. 223)
c) elmi mətndə düz və ya girdə mötərizədən sitatın mənbəyini, tarixi illəri göstərmək vasitəsi kimi istifadə edilir. Məsələn:
Q.Ş.Kazımov xitabları həmin prinsipə əsasən üç nö­və ayırmışdır: a) insana müraciətlə işlədilənlər, b) başqa canlı varlıqlara (hey­van­­lara, quşlara) mü­ra­ciət­lə işlədilənlər və c) cansız varlıqlara müraciətlə iş­lə­di­lən­lər [56, 245] ;
ç) ara cümlələr mötərizədə verilir. Məsələn:
olursa-olsun, hələ də Bakıda yaşayan və gizlin fəaliyyət göstərən (o, belələrinin olduğuna heç şübhə eləmirdi) dostlarını tapmaq arzusu ilə çırpınırdı (H.Mehdi);
d) əlavə konstruksiyalar mötərizədə verilir. Məsələn:
Bir dəfə axşamçağı Durna təkbaşına gəzməyə çıxmışdı (Bu, filmin artıq çəkilib qurtarmaq üzrə olan zamanlarında idi) (İ.Əfəndiyev, “Durna”);
e) dram əsərlərində obrazların davranışı və nitqi ilə bağlı izahlar (remarkalar) mötərizə içində verilir. Məsələn:
Mirzə Səməndər (əlində bir kağız, acıqlı içəri gi­rə­rək). Qurban olum Mə­həm­mədin şəriətinə, qurban olum Məhəmmədin şəriətinə! (Sözünü deyib gözləyir ki, Almaz hiddətinin səbəbini soruşsun, lakin Almazın din­məzliyini görüncə, daha acıq­lı bir halda) Canım, o kişi arvadları yaxşı ta­nı­yırmış (C.Cabbarlı, “Al­maz”).

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə