58
yaşları görünür. Sabir yaratdığı ictimai yumor növilə türk ədəbiyyatında orijinal bir
varlıqdır.
Sabirlə bərabər “firdövsi-ilhamat” şairi Məhəmməd Hadi Şirvani
meydana atılır. Bu romantik şairin hürriyyətə olan vurğunluğu onun ən böyük
ilham qaynağıdır. O insanın yaradıcı düşüncəsini boğan adətlərə candan üsyan
edər. O, ağlın hər cür, mənasız qeydlərdən azadlığını mütləq surətdə tələb edir.
Üzü açıq, çarşafsız müsəlman qadını onun gözündə qurtulan bütün şərqin
simvoludur.
Məhəmməd Hadi ilə bərabər Bakıda mərhum Əli bəy Hüseynzadənin
idarəsi altında yayınlanan ictimai, ədəbi və siyasi ağır başlı “Füyuzat” məcmuəsi
ətrafında başqa şairlər də toplanmış bulunurlar. “Füyuzat”, xalqçı və realist “Molla
Nəsrəddin” məktəbinə müqabil, Azərbaycanın idealist və romantik məktəbinin
fikirlərinə tərcüman olurdu. Tam o zamankı bir İstanbul şivəsilə yazıldığı üçün
fikirləri geniş kütlə arasında “Molla Nəsrəddin” fikirləri ilə rəqabət edəcək bir
halda deyildi. Buna müqabil, onun milli düşünür Azərbaycan ziyalıları üzərində
buraxdığı təsir böyükdü. Hələ Türkiyə-Azərbaycan mədəniyyət münasibətindəki
rolu fövqəladə idi. Türkiyə tənzimat ədəbiyyatının örnəkləri ilə Azərbaycanı o
tanışdırırdı.
Bu dövr əsnasında (1905-1917) Azərbaycan teatro sənətkarlığında da
müvəffəqiyyətlər qeyd olunur. Azərbaycan repertuarı həyati və vətəni yeni
əsərlərlə zənginləşir. Avropa dramının klassik əsərləri tərcümə olunur. Namiq
Kamalın “Vətən”i ilə Şəmsəddin Saminin “Bəsa”sı Azərbaycan səhnəsindan
düşmür. Qüdrətli, professional artistlərdən ibarət dram truppaları qurulur.
Azərbaycan səhnəsinin ən böyük müvəffəqiyyəti Azərbaycan operasının
doğuşudur. 1907-də xalq müəllimi Hacıbəyli Üzeyirə Füzulinin ölməz əsəri “Leyli
və Məcnun”u bəstələyərək səhnəyə çıxarmaq nəsib olur. Təcrübənin görülməmiş
müvəffəqiyyətlə nəticələnməsindən ürəklənən müəllif çalışmalarına davam edir.
Şəxsən Üzeyir və onu təqlid edən başqaları tərəfindən bir sıra yeni musiqili əsərlər
yazılır. Eyni Üzeyir bəyin “Arşın mal alan” operetti görülməyən bir
müvəffəqiyyətlə taclanır, Qısa bir zaman keçmədən “Arşın mal alan” bütün
Qafqasiya dillərinə çevrilir. O, Bakı, Tiflis və Rəvan səhnələrində eyni
müvəffəqiyyətlə təkrarlanır. İran, Türkiyə, Türküstan və Balkan səhnələrindəki
təmsilləri də məlumdur. Üzeyir məktəbinin təsis etdiyi Azərbaycan operası,
bundan bir az əvvəl rəhmətə gedən banisinin gözü önündə bütün dünyaya əks
edəcək dərəcədə operalar, operettalar, simfoniyalar, baletlər və qeyrilərə malik
olmuşdur. Klassik mövzulardan “Leyli və Məcnun”la işə başlayan kompozitor,
sənət mərtəbəsini böyük xalq dastanı “Koroğlu” operası ilə tamamlamışdır. Sırası
gəlmişkən bunu da qeyd edim ki, Avropa təsiri altında doğan yeni mədəniyyət
əsərlərində biz keçmiş Azərbaycan ənənələrinin yeniləndiyinə şahid oluruq. Dram,
komediya, iqtibas və tərcümədən ziyadə həqiqi həyat mövzularına və xalq
ənənələrinə əhəmiyyət verir. Hekayəçilikdəki dil sadəliyi xalq dastanlarındakı
59
üslubu andırır. Müasirləşən musiqi yaradıcılığı XVI və XVII yüzillərdən bəri Azəri
xalqı içində yaşayan mövzular və motivlər üzərinə işlənir. Vaxtilə saz şairləri
tərəfindən obalarla oymaqlarda oxunan dastanlar opera səhnəsinin birər
mövzusunu təşkil edir. İştə “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Xurşudbanu və “Şah
Abbas”, “Leyli və Məcnun”, “Şah İsmayıl” və “Koroğlu” operaları. Bunlar vaxtilə
birər məsnəvi və ya dastanlardı. İndi kompozitorlar tərəfindən səhnə texnikiyə
uydurulmuş, verimli aktyorlarla aktrislər və gözəl səsli xanəndələrin hummətilə
Avropasayağı bir əsər şəklində təmsil olunurlar.
Bu dövr Azərbaycanda yayınlanan qəzetlər sözün müəyyən mənasilə
anlaşılacağı şəkildə, sırf günlük hadisələrlə siyasi həyata ayrılmış birər orqan
deyillərdi. Bu qəzetələr eyni zamanda mədəniyyət həyatının bütün səhifələrini də
idarə və əks etdirirlərdi. 1918-ə qədər Azərbaycan cəmiyyət və mətbuatı üzərində
təsir yapan və ədəbiyyatda əkslərini bulan tarixi amil Rusiya ilə bərabər qonşu
Türkiyə ilə İranda cərəyan edən məşrutiyyət və hürriyyət hərəkatlarıydı.
Azərbaycan mühiti bu hərəkatlardan ilham alaraq milli qurtuluş fikirlərilə
canlanırdı. Bu canlanma hərəkatı başda daha ziyadə dini-siyasi fikirlərin təsirində
bulunurdu. O dərəcədə ki, türk dili, türk qəzetəsi və türk teatrosu deyiləcəyi yerdə
müsəlman dili, qəzetəsi və teatrosu deyilirdi. Fəqət milli oyanış cərəyanı getdikcə
təbii məcrasını bulur. Milli, bütün müəssisələr kimi mətbuat da milli mədəniyyət
motivlərinə keçir. Türkiyədəki məşrutiyyət hərəkatı üzərinə gəlişən milliyətçilik və
türkçülük cərəyanı Azərbaycanda əkslər yapır və nəticədə türk milli şüuru xalqın
bütün təbəqələrini bürüyür. Balkan hərbinin zühuru isə bu ruh halətini xüsüsilə
qabardır. O biri tərəfdən Rusiya çarlığının İran məşrutiyyət hərəkatı üzərində icra
etdiyi zülmü dünya ictimaiyyətinin həyəcanına səbəb olur. Bu həyəcana tərcüman
olan şair Müznib “Yəbnəl-İvan” dediyi rus hökumətinə yazdığı bir həcviyyə
dolayısı ilə Sibiriyaya surülür. Və buradan ancaq yapdığı uzaqgörənlik nəticəsində
xilas olur. O, həcviyyəsində imperatorluğun cəzaya uğrayacağını yazmışdı.
Belə həyəcanlı durumda Azərbaycan birinci dünya müharibəsi dövrünə
girirdi. 1915-də “Açıq söz” qəzetəsi nəşr olunur. “Türkləşmək, islamlaşmaq,
müasirləşmək” şüarını başlığı altında dərc edən bu orqan Azərbaycan türkçülərinin
fikirlərini yayan bir orqandı. Bu qəzetə artıq milli və mədəniyyət müəssisələrindəki
“müsəlman” sifəti yerinə “türk” sifətini işlədirdi. Qəzetənin bu cəsarəti hərbi
senzorun etirazına səbəb olmuş və bu üzdən əməlli-başlı müşkilat və mücadilə
zühur etmişdi. “Açıq söz” qəzetəsi sadə, öndə gedən ziyalıları ətrafında
birləşdirməklə qalmayıb, eyni zamanda zamanın ruhlara hökm edən iki şairini də
öz mühərrirləri arasına almışdı. Bunlardan biri “Qoşma” və “Dalğa” şairi Əhməd
Cavad, digəri də “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Siyavuş” və sairə kimi mənzum
və “Topal Teymur” kimi mənsur dramlar yazan Hüseyn Caviddir. Əhməd Cavad
daha ziyadə heca vəzni ilə lirik parçalar yazır və bu lirizminə eyni zamanda milli
və siyasi bir həyəcan qatırdı. Məsələn, Azərbaycanlı qardaşın yardımına qoşan
anadolulu Məhmədciyin məzarını beytlərlə oxşuyurdu.
60
Sonradan bir ədib və dramaturq olaraq şöhrət qazanan Cəfər Cabbarlı da
ilk məqalələrini bu qəzetədə dərc etdirmişdi. (Bu qəzetənin müəssis və naşiri bu
konfransı verən Rəsulzadə Məhəmməd Əmin olmuşdur.)
Bu dövrdəki Azərbaycan cəmiyyətinin Birinci dünya savaşının sonuna
bağlanmış ümidləri vardır. Bu ümidlərə “Açıq söz” qəzetəsinin ilk nüsxəsində
basılan baş məqaləsi bu surətlə tərcüman olurdu: “Dəhşətlərinə şahid olduğumuz
böyük muharibə, böyük bir həqiqəti, əsrimizin milliyət əsri olduğunu isbat etdi.
Dünyanın xəritəsi qəribə dəyişəcək - deyə heyrətlə qarışıq bir cümlə indi
bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin alacağı yeni şəklə
vətəndaşların fədakarlığı, dövlətlərin təşkilati və orduların əzəməti ilə bərabər heç
şübhə yoxdur ki, aşkarlıq və möhkəmlik peyda etmiş milliyyət məfkurələrinin də
böyük təsiri var və olacaqdır.
Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal (məfkurə)
bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tam
mənasilə alçalacaq qədər topların hakim olduğu hərb meydanlarında təsirsiz
qalmayan bu qüvvət yaşıl mahudlu (çuxa) barışıq masası üzərində də əsaslıca bir
təsir yapacaq.
Hər hankı qalib tərəf az-çox uzun bir dinclik vücudə gətirmək istərsə,
əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvəti-milliyyət məfkurəsinə göz
yuma bilməz! Bunun belə olacağı arabir gələcək sülhü haqqında söz söyləyən
Avropa mütəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhuyyuna (barışçılar) mənsub
siyasilərcə milliyyət əsasına riayət etmiyəcək millətlərin hüququnu gözətmiyəcək
bir sülh müahidənaməsi çox çəkməz yırtılır və uzun çəkən bir dinclik təmin
edəmməz.
Təbii haqqları payimal olmuş tək bir millət daima qaldıqca Avropa
dövlətlərinin tarazlığı həqiqi və uzun çəkən bir sülh üzü görməkdən məhrum
qalacağı kimi, öz vətəndaşları arasında ögey-doğmalıq (özgəlik-özlük) göstərən bir
dövlət də həqiqi bir qüvvətə dayanamıyacaq, mütərəqqi və qüvvətli bir təşkilata
malik olmayacaqdır.
Demək ki, müəyyən bir məfkurəyə və əksər fərdlərincə tanınmış bir
qayeyi-əmələ malik olan millətlər, dövlətlər arasındakı münasibətdə əhəmiyyət
qazandıqları kimi, dövlətlərin daxili siyasətləri üzərinə də böyük təsirlər icra
edəcəklərdir. Bu surətlə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər
şeydən əvvəl özlərini (kəndilərini) bilməli, müəyyən fikir və əməllər ətrafında
birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyalə hədəf olacaq o işıqlı ulduza sahib
olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan
millətlərlə yeni əsaslar üzərinə qurulacaq həyat hesablaşmaycaq və belə bir
silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirəmmiyəcəklərdir!” (2 ekim
1915. № 1.) Bu ana fikri biz Hüseyn Cavidin bu beytlərində buluruq:
Qoşaraq nura səhli et pamal!
61
Həp sənindir şərəf, ümid, iqbal.
Şaşırıb durma böylə.... bir aydın
İdeal arxasınsa qoş, çırpın!
səni qurtarsa qurtarır birlik,
Çünki birlikdədir fəqət dirilik!
Şair İbrahim Tahir isə artıq milli istiqlaldan açıqca bəhs açaraq: “Yekanə
nuhdeyi-amal istiqlali-millətdir!” deyir.
Azərbaycan topluluğu belə bir ruh və həyəcanla Birinci Dünya savaşına
girir. Hələ 1911-də təşkil və 1917-də təkmil olunub milli proqramla çalışan siyasi
bir partiyanın (Milli Azərbaycan “Müsavat” Xalq Partiyası) təlqinləriylə
Azərbaycan turklüyü müstəqil bir dövlət qurumuna doğru addımlar atır. Nəhayət
hərbin sonlarında Rusiya imperatorluğu çökür və bu fürsətdən istifadə edilir, 31 il
əvvəl bu günün bir misli, 28 mayis 1918-də Azərbaycan Şurayi-Millisi Azərbaycan
Cümhuriyyətinin istiqlalını bütün cahana elan edir.
Bəyanlar, bəylər! 28 mayis 1918 Azərbaycan tarixinin ən böyük bir
günüdür. Bu gündə türk və müsəlman icmaları içində şərq ilə qərb
mədəniyyətlərinin qarşılaşdığı coğrafi bir sahədə gəlişən Azərbaycan mədəniyyəti
tarixi seyrinin əhəmiyyətli bir mərhələsinə varmışdır. Yüz il əvvəl Rusiya
çarlığının idarəsinə ayrı-ayrı xanlıqlar şəklində keçən Azərbaycan indi yekparə bir
mədəniyyət varlığı və millət birliyi halında yenidən dünyaya doğulurdu. Seçdiyi
hökumət şəkli ilə o sadə Azərbaycan deyil, bütün türk və islam dünyasında bir
yenilik göstərirdi: Cümhuriyyət qururdu. Beynəlmiləl demokratiya prinsiplərinə
dayanaraq qurulan bu cümhuriyyət mavi, qırmızı, yaşıl - üç rəngli bayrağı ilə
Azərbaycan mədəniyyət ənənələrinin bir xülasəsini rəmzləndirirdi Mavi rəng-
türklüyün, yaşıl rəng-islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətidir. Vaxtilə
“Füyuzat” məcmuəsinin fazil mühərriri “türk qanlı, islam imanlı və firəng qiyafətli
olalım”-demişdi. Sonra türkçülüyün böyük filosofu Ziya Göyalp bu üçəm ümdəni
daha elmi bir üslubla işləmiş və eyni şüar, dediyimiz kimi, sonra “Açıq söz”
qəzetəsinin başlığı altında bulunmuşdur.
Bütün Qafqasiya ilə bərabər Azərbaycan Cümhuriyyəti də bolşevizmin
dəmir pərdəsi arxasına alındıqdan sonra məmləkətin siyasi coğrafiyası kimi mənəvi
mədəniyyət mühiti də dəyişmişdir. Burda rol oynayan tarixi mədəniyyət amilləri
normal seyrlərindən qalmış, rus kommunizmi ilə totalitarnzminin böyük əngəlləri
ilə qarşılaşmışlardır. İndi orada rəsmən hakim olan mədəniyyət idealı “Böyük rus
milləti ilə birləşmək” idealıdır. Fəqət 28 mayis 1918 tarixində milli və mədəni
istiqamətini almış istiqlal dövründə gediləcək mədəniyyət yolunu bəlləmiş bulunan
Azərbaycan bu istila basqısı altında belə həqiqi yolundan çıxmamış, var qüvvətilə
varlıq mücadiləsinə davam etmiş və edir. Bunu isbat etmək üçün 31 ildən bəri
bolşevik rejimi altında bulunan Azərbaycandakı milli mədəniyyət olaylarını
gözdən keçirmək gərəkdir ki, bu mövzuya ayrıca bir konfrans ayırmaq istər. İndilik
62
bu qəd’r qeyd edim ki, 31 ildən bəri orada türk, müsəlman və Qərb mədəniyyət
dünyasının bildiyi mədəniyyət dəyər və idealları ilə kommunist dəyər və fikirləri
arasında amansız bir mücadilə vardır. Bu müsadilə indiki halda bütün dünya
ölçüsündə gedən böyük mücadilənin bir parçasıdır.
Bu günlərdə türkcə qəzetlərə əks edən bir məqaləni bəlkə də çoxunuz
görmüşdür. Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovenliyi zühur etmişdir. Rus
mədəniyyət ölçülərini mütləq surətdə qəbul etmiyənlər buna müqabil millətlərarası
mədəniyyət dəyərlərini qiymətləndirənlər kosmopolitizm ilə ittiham olunur və
yaxanı NKVD-nin əlinə verirlər. Dünən nasionalist deyə təqib olunanlar bu gün
kosmopolit deyə cəzalandırılırlar. Sovet qəzyetlərindən nəql olunan məlumata görə
Rusiyanın özündə ədəbiyyat, elm, sənət və musiqi sahələrinə mənsub bir çox
insanlar bu kosmopolitizm ilə suçlandırılaraq mövqelərindən atılmış və meydandan
qaldırılmışlardır. Eyni müdhiş dalğa Azərbaycana da sirayət etmiş. 24 mart 1949
tarixli “İzvestiya” qəzetəsi sovet musiqisinin formalizm ilə modernizmə itaət
etməsini istiyənlərə hücum edir, sonrada Ozolevets adında birisini “Azərbaycan
kompozitorlarını ruslaşmaq və bu surətlə qeyb olub ortadan getməmək üçün rus
musiqi mədəniyyətinin ənənələrini təqib etməməyə” təşviq etdiyi üçün xırpalıyır
və onu “utanmaz füzul” deyə təhqir edir. Eyni zamanda 16 mart 1949 tarixli
“Literaturnaya qazeta”da isimləri çəkilən bir sıra Azərbaycanlı ədib və
muhərrirlərin hələ “Füyuzat” məсmuəsi ənənələrinə bağlanıb türkçülük və
müsəlmançılıq yaparaq Avropa romantizmindən ilhamlı olduqları şiddətlə tənqid
olunur.
Bəyanlar, bəylər! Demək, mücadilə davam edir və tariximizdən qüvvət
alan mədəniyyət ənənələri bütün zorluqlar və küslüklərə rəğmən hələ canlılıq
göstərir. Müzəffər olacaqları şübhəsizdir. Çünki getdikləri yol tobiidir, çünki bu
mədəni dünyanın yürüdüyü mədəniyyət və tərəqqi yoludur. Son ucu, zəfər, onun-
üç
rəngli
istiqlal bayrağının, Milli
Azərbaycan Türk Demokratik
Mədəniyyətinindir!..
63
QEYDLƏR
Rusiyada siyasi vəziyyət. Müəllif bu əsəri Türkiyədə yazmış, ilk dəfə 1926-cı ildə
İstanbuldakı “Amədi mətbəəsi”ndə çap etdirmişdir. “Milli Azərbaycan nəşriyyatı”
seriyasından olan “Rusiyada siyasi vəziyyə” dördüncü kitabdır. Məlum olduğu
kimi həmin seriyadan birinci kitab M. Ə. Rəsulzadənin “Azərbaycan
Cümhuriyyəti”dir.
1. “Hərbi kommunizm” - Bolşeviklərin 1918-20-ci illərdə xalqa sırıdığı iqtisadi
siyasət. Ərzaq sapalağı bu siyasətin ən uğursuz təməl daşı idi.
2. “Yeni iqtisadi siyasət” -1921-ci ildən 30-cu illərin ortalarınadək davam
etmişdir. Bu dövrə kapitalizmdən sosializmə keçid dövrü də deyilir. Bu dövrdə
ərzaq sapalaq ərzaq vergisi ilə əvəz olunmuşdur.
3. Əmniyyət sandığı - əmanət kassası mənasındadır.
Milliyyət məsələsində bolşevik nəzəriyyatı ilə əməliyyatı. Bu əsər ilk dəfə
Məhəmməd Əmin Rəsulzadənin redaktəsi ilə 1928-ci ildə İstanbuldakı “Orxaniyyə
mətbəəsi”nin buraxdığı “Milliyyət və bolşevizm” məqalələr məcmuəsində çap
edilmişdir.
1. Lehistan-Polşa nəzərdə tutulur. Bolşeviklərin şərq siyasəti - Bu məqalə də
“Milliyyət və bolşevizm” toplusunda basılmışdır.
Azərbayan mədəniyyət ənənələri. Bu əsər “Azərbaycan kültür gelenekleri”
sərlövhəsilə 1949-cu ildə Ankaradakı “sipahi mətbəəsi”ndə nəşr olunmuşdu. Kitab
Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə 28 may 1949-cu ildə Azərbaycan
istiqlalına həsr edilmiş konfransda M. Ə. Rəsulzadənin söylədiyi məruzədən
ibarətdir.
1. Azərbaycan Kültür Dərnəyi. Əsası 1 fevral 1949-cu ildə M. Ə. Rəsulzadənin
təşəbbüsü ilə Ankara şəhərində qoyulmuş və bu günədək fəaliyyət göstərir.
2. Bu beytin sətri tərcüməsi belədir: “haradadır o şah Toğan əliaçıqlığı ki, mən
onun qarşısında dilimlə sən-sən deyəm”.
Tərtibçidən: M Ə. Rəsulzadənin “Bolşeviklərin Şərq siyasəti” kitabında toplanmış
əsərlərinin dili qismən sadələşdirilmişdir.
64
Kitabın içindəkilər
I Rusiyada siyasi vəziyyət ...................................................................................... 3
Bir müqəddimə ......................................................................................................... 3
İqtisadi böhran .......................................................................................................... 3
İctimai və siyasi müvazinət ...................................................................................... 7
Milli mübarizə və parçalanma hərəkatı .................................................................. 10
Beynəlmiləl vəziyyət .............................................................................................. 16
Rus fəhləsi nə deyir? .............................................................................................. 18
Bürokratiya ilə firqə ............................................................................................... 19
Hadisələr qarşısında vəzifəmiz ............................................................................... 21
II Miliyyət məsələsində Bolşevik nəzəriyyatı ilə əməliyyatı .............................. 23
Bolşevik firqəsi - materialist və kosmopolit ........................................................... 23
Milliyyət məsələsi bolşeviklər üçün ....................................................................... 24
Qayə deyil, alətdir .................................................................................................. 24
“Sovet federalizmi” və “ayrılmaq haqqı” ............................................................... 26
“Sovetlər İttifaqı” təşkilati-əsasiyyəsi .................................................................... 27
Sovet Hökumət təşkilatlarında ikilik ...................................................................... 31
Milliyyət məsələsi yalnız bir göstərişdir ................................................................ 33
Daxildə mərkəziyyət, xariсdə imperializm ............................................................. 35
III Bolşeviklərin şərq siyasəti ............................................................................... 36
Göstərişli şüarlardan biri ........................................................................................ 36
Milli istiqlal hərəkatları və bolşevizm .................................................................... 38
Çin təcrübəsindən alınan dərslər ............................................................................ 40
Buxarinin tərifi, Mahmud bəyin təfsiri ................................................................... 42
Kommunizm təhlükəsi mövcuddur ........................................................................ 44
IV Azərbaycan mədəniyyət ənənələri ................................................................. 46
65
Qeydlər ................................................................................................................... 63
Dostları ilə paylaş: |