18
Vurğun yaradıcılığı hansı ideologiyaya xidmət etməsinə rəğmən, onun
kökündə millilik, milli özünəməxsusluq, mənəvi dəyərlər dayanır.
Dissertasiyanın III fəsli “Səməd Vurğun və Mehmet Akif Ersoy
poeziyası sosial-siyasi, milli-mənəvi ideallar kontekstində” adlanır. Bu
fəslin “Milli özünəməxsusluğun təzahür formaları” adlı birinci fəslində
hər iki şairin yaradıcılığı müqayisəli şəkildə araşdırılmış, milli
özünəməxsusluğun təzahür şəkilləri müəyyənləşdirilmişdir.
Səməd Vurğun və Mehmet Akif Ersoy yaşadığı illərdə xalqının milli
varlığını layiqincə qiymətləndirən, onun inkişafı naminə mübarizə aparan
şəxsiyyətlər olmuşlar. Hər iki sənətkarın yaradıcılığına nəzər saldıqda
onların əslində eyni qayəyə, eyni amala xidmət etdiyini görmək
mümkündür. Doğrudur, hər iki ədibin yaşadığı siyasi-inzibati ərazi və
ictimai-siyasi mühit fərqli olsa da, türk məfkurə və düşüncə anlamında hər
ikisinin həyata baxışı, məqsəd və amalları eyni olmuşdur. Türk dünyasının
bu böyük ədibləri hər zaman millətçilik mövqeyi nümayiş etdirmişlər.
Ümumilikdə hər iki sənətkarın yaradıcılığı üçün milli ruh hakimdir.
Humanizm və patriotizm duyğularından yoğrulmuş Səməd Vurğun və
Mehmet Akif Ersoy poeziyası özlüyündə dəyərli bir mənbədir. Bu ədibləri
düşündürən problemlər əslində bütün Şərq dünyası üçün xarakterikdir.
Qadın hüquqsuzluğu, baş verən amansız müharibələr, vətən uğrunda
vuruşan igidlərin vəsfi, xalqın mənəviyyatına zərbə vuran yad ünsürlərlə
mübarizə hər bir vətənpərvər şairin, yazıçının yaradıcılığının “şah damarı”
sayılır. Bu o deməkdir ki, Səməd Vurğun və Mehmet Akif Ersoy kimi
vətənpərvər şairlər bu problemlərdən yan keçə bilməzdi. Lakin hər iki
sənətkarın şahidi və iştirakçısı olduğu ictimai-siyasi proseslər tam fərqlidir.
Səməd Vurğun sovet şairi olaraq, sosialist mövqedən yazıb yaradırdısa,
müvafiq olaraq, Mehmet Akif Ersoy dağılan Osmanlı imperiyasının və yeni
yaranan Türkiyə Cümhuriyyətinin ictimai-siyasi problematikasını
işıqlandırmağa çalışırdı. Tarixdən bəllidir ki, həm Azərbaycan, həm də
qardaş ölkə olan Türkiyə amansız müharibələrlə, qətliyamlarla,
vuruşmalarla üz-üzə qalmışdır. Hər iki ölkə öz müstəqilliyini məşəqqətli və
çətin mübarizə şəraitində əldə etmişdir. Vətəndaşı olduğu ölkəsinin,
mənsub olduğu millətin keçmişi və bu gününü, mübarizələrlə dolu
qəhrəmanlıq tarixini yaradıcılığında tərənnüm etmək, tarixi həqiqət
müstəvisində dəyərləndirmək hər iki sənətkarı eyni baxış bucağında
birləşdirir. Səməd Vurğun və Mehmet Akif Ersoy kimi dahi sənətkarların
ənənəvi problemlərə yanaşmada eyni müstəvidə dayanmalarının kökü
bilavasitə bunlara bağlanır.
19
Böyük şairimiz Səməd Vurğun İkinci Dünya müharibəsi illərində
müharibəni qətiyyətlə pisləyən şeirlər qələmə almışdır. Eləcə də
müharibəyə yola düşən əsgərlərimizi tərənnüm etmək də şairimizin bu
illərdəki yaradıcılığının əsasını təşkil edir. Səməd Vurğun İkinci Dünya
müharibəsi illərində qələmə aldığı şeirlərdə vətənin çətin günündə onun
müdafiəsinə qalxan ayrı-ayrı igidlərimizi vəsf etməyi unutmamışdır. Bu
baxımdan, şair Kamal Qasımov, Məzahir Abbasov, İsrafil Məmmədov kimi
igid azərbaycanlı övladlarının şücaətindən bəhs edən şeirlər qələmə
almışdır. Səməd Vurğun igidlərimizi tərənnüm etməkdən əsla yorulmamış,
əksinə böyük bir fəxarətlə bu işi davam etdirmişdir. “Partizan Babaş” şeiri
Babaş Dadaşova, “Bayraqdar” şeiri isə Hüseyn Əjdərova ithaf olunmuşdur.
Bu şeirlərin də hər birində qəhrəmanların hünəri təqdir olunur, onların
igidlikləri yüksək qiymətləndirilir.
Mehmet Akif Ersoy poeziyasında Türkiyə tarixində baş verən başqa
müharibə və qətliyamlar pislənilirdi. O dövrdə baş verən müharibələr şairi
düşündürən məsələlər sırasında olmuşdur. Bu mövzuda yazılmış Mehmet
Akif Ersoyun ən məşhur şeirlərindən biri “Çanaqqala şəhidlərinə” şeiridir.
Başdan-başa vətənpərəvərlik və millətpərəstlik duyğuları ilə rövnəqlənən
bu şeirdə şair alovlu bir natiq kimi çıxış edir. Bu şeir Türkiyə tarixində
silinməz iz buraxan məşhur Çanaqqala zəfərinə həsr olunmuşdur. Tarixdən
bəllidir ki, türk millətinin yurd sevgisi, iradəsi və qətiyyəti sayəsində
Çanaqqala döyüşündə qələbə qazanılmışdır. Şanlı türk ordusu bütün
çətinliklərə baxmayaraq, 1915-ci ildə baş vermiş qanlı müharibə
nəticəsində qələbə əldə etmişdi. Osmanlı ordusu təchizat və say
baxımından az olmasına baxmayaraq, bütün hücumları dəf etmiş və zəfər
qazanmışdı. Türk igidlərinin göstərdiyi şücaət və hünəri tərənnüm etməklə
yanaşı, şairin bu şeirində müharibəni pisləyən məqamlar öz əksini
tapmışdır. Mehmet Akif Ersoyun bu şeirində döyüşün ağrı və acılarını
aydın şəkildə duymaq mümkündür.
Düşmən ordusunun güclü ordu və silahla təchiz olunmasına
baxmayaraq, heç nədən çəkinməyən igid türk əsgərlərinin dönməzliyini,
məğrurluğunu və mərdliyini xüsusi vurğulayan Mehmet Akif Ersoy heç bir
vəchlə geri çəkilmədən son damla qanına qədər vuruşan türk igidlərinin
mübarizliyini alqışlayır. Şairi yeganə təsəlli edən məqam məhz bu igid
əsgərlərin mətanətidir. Heç bir möcüzənin onların bu qəhrəmanlığı ilə
müqayisə oluna bilməyəcəyini bildirən şair bu igidlərin vətən uğrunda
şəhid olmasını da şərəfli hesab edir. Sonda vətən uğrunda canlarını qurban
verən şəhidlərə müraciətlə Mehmet Akif yazır:
Sen ki, asara gömülsen taşacaksın… Heyhat,