Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə21/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   17   18   19   20   21   22   23   24   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Kaş o zaman olaydı, 
Sənə qurban olaydım

Sənə dəyən oxlara, 
Mən bir nişan olaydım. 
Hüseynim, ay Hüseynim. 
 
Hüseyn aşiqiyəm mən
Qəm axar sözlərimdən. 
Fərat suyun vermədi. 
Mən verim gözlərimdən, 
Hüseynim, ay Hüseynim, 
Hüseynim, ay Hüseynim [7, s. 126]. 
“Fərat suyun vermədi, mən verim gözlərimdən” obrazlı deyimi 
ilə Kəmalə xanım Hz. Hüseyn üçün ağladığını, göz yaşlarının Fərat 
çayının suyu kimi axdığını göstərməklə mübaliğə etmişdir. İnsanların 
əhli-beytə qeyri-adi sevgisi burada özünü bariz şəkildə göstərmək-
dədir. 
Azərbaycanın ötən əsrin 80-ci illərinin sonundan etibarən elan 
edilməmiş müharibəyə cəlb edilməsi, rus havadarlarının köməyilə 
erməni işğalçıları tərəfindən torpaqlarımızın iyirmi faizinin zəbt edil-
məsi nəticəsində ölüm hallarının sayı artmışdır. Bir milyondan çox 
əhalinin qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, Kərbəla müsi-
bətini xatırladan faciələrlə qarşılaşması müasir ədəbiyyatda öz əksini 
tapmaqdadır. Bu dövrdə şairlərimiz bayatı-ağı janrına müraciət edir, 
ölən igidlərimizə yas tutur, mərsiyələr yazırlar. Qarabağın, Şuşanın 
itirilməsi Xalq şairi Zəlimxan Yaqubun poeziyasında “Qarabağ şikəs-
təsi” kimi gözü yaşlıdır:
Ağlar, bayatım ağlar, 
Ömrüm, həyatım ağlar. 
Qara geyən Şuşasız, 
Hər bir saatım ağlar [8, s. 20].
Ağılar Azərbaycan folklorunun ən qədim şeir formalarındandır. 
Bu janrın özünəxas spesifikası vardır. Ağılar dərin kədəri ifadə edən 


56 
sözlü ağlaşma olub, əsasən bayatı şəklində (a,a,b,a) yazılan folklor 
nümunəsidir: 
Fələk fələk eylədi, 
Fələk kələk eylədi. 
Girdi cavan bağına, 
Ələk-vələk eylədi [9, s. 266]. 
“Ağı – ritm və havası olan sözlü ağlaşmadır (ağlaşma sözsüz də 
ola bilər, məsələn; ritual çağırışları, nidalar, haraylar, nalələr, fəryad-
lar, qışqırıqlar, hıçqırıqlar). Ağı mərasim mənşəli olub, xalq poeziya-
sının çox qədim formasıdır. Ağı janrına aid olan əsərlər hansısa ha-
disənin poetik formada ağlanması və mərasim yaxud rituallaşmış si-
tuasiyaya qoşulması kimi əlamətləri birləşdirir” [10, s. 105].
Ağılar yas mərasimləri zamanı söylənilir. Ağılar Azərbaycan 
folklorşünaslığında ayrıca janr kimi tədqiq edilməsə də, müxtəlif təd-
qiqatlarda yığcam şəkildə də olsa araşdırılmışdır [11;12;13;14]. Ağılar 
şəhidliklə bağlı yazılan əsərlərin içərisində və ayrıca özünəməxsus 
formada müasir ədəbiyyatın ən geniş yayılan janrı kimi qəbul edilir. 
Bu gün yazılı ədəbiyyatımızda ağı janrından yetərincə istifadə olun-
maqdadır. Arifə Ələmdar “şəhid ağıları” başlığı altında yazdığı “Ağ-
lama” şeirində əlacsız duruma düşüb ağlayan kişilərə “ağlama” desə 
də, özü də ağlayır. Bir evin, bir yurdun çırağı sönürsə, o çırağı bir 
daha yandıra bilməyənin ağlamaqdan başqa çarəsi varmı?! 
Kişilər ağlamaz, qardaş, 
Ürəyindən as qara daş. 
Görməyəydim bu günü kaş... 
Çırağım söndü, ağlama! [15, s. 113].
Zirəddin Qafarlı “Bir baş daşına yazılanlar” şeirində vaxtsız 
dünyadan getmiş gəncin dilindən bayatı-ağı deyir. 
 
Payız gəlin, yaz gəlin, 
Qəlbinizdə söz gəlin. 
Mən burda tək qalmışam. 
Üstümə tez-tez gəlin. 
 
Bu fələyə yağı de, 
Neynəmişdim, axı de?! 
Ata, əzizlə məni,
Ana, mənə ağı de! 


57 
 
Baxtım daş gəldi, neynim?! 
Dərdə tuş gəldi, neynim?! 
Mənim bahar ömrümə 
Qəfil qış gəldi, neynim?! [16, s. 81]
Şeirdə yas mərasimləri ilə bağlı bu cür notların işlədilməsi insan 
psixologiyası ilə bağlıdır. Nə qədər ki, insan var, ölüm də var. Bu təbii 
bir prosesdir, sadəcə bu prosesi düzgün qiymətləndirməyi bacarma-
yanlar ölümdən qorxurlar. Haqq, ədalət, vətən yolunda şəhidliyi qəbul 
edənlər ölümdən qorxmayan, mərd və cəsarətli insanlardır. Onlar min 
il bundan öncə şəhid olsalar da, Kərbəla şəhidləri kimi ürəklərdə ya-
şayır, milyonlarla insanların inam, and yerinə çevrilir, onlar haqqında 
yeni-yeni əsərlər yazılır, xatırlanırlar.
Dədə Qorqud dastanlarından, hələ ondan da qabaq üzü bəri gə-
lən ölüm, əcəl dilemması qarşısında insanlar çarəsiz qaldıqlarını, bunu 
Allahın lütfü kimi qəbul etməyin ən doğru olduğunu anlamışlar. Məs.: 
“Ölüm Allah əmridir, ayrılıq olmayaydı”, – deyərək əcəli qəbul etmiş-
lər. 
“Əcəl gəldi, can gedər” ifadəsinə “Kitabi-Dədə Qorqud” dasta-
nında, digər folklor nümunələrimizdə də tez-tez rast gəlirik. “Əcəl al-
dı, yer gizlədi” – deyən Dədə Qorqud özü də ölümdən qaçmaq istədi, 
amma qaça bilmədi. Dədə Qorqud ölümsüzlüyünü sözdə tapdı” [4, 
s.15].
Qeyd etmək lazımdır ki, həyatımızda baş verən dəyişikliklər bir 
çox hallarda poeziyada yeni formada ortaya çıxır, yaxud xalq yara-
dıcılığı ənənələrinə qayıdışla nəticələnir. Əksər vaxt şairlər xalq ya-
radıcılığına üstünlük verirlər. Belə ki, son dövrlərdə ağı və bayatılar 
yazılı ədəbiyyatımızda əsas janrlar kimi çıxış etməkdədir.
Sədaqət Əsgərova “Bayatılar” başlığı altında duyğularını belə 
bildirir: 
Əziziyəm, boz yollar
Əyri yollar, düz yollar. 
Yoruldum gözləməkdən, 
Ərimədi buz yollar. 
 
Mən aşiqəm gülümə, 
Şirin ana dilimə. 
Heç bir bəla gəlməsin, 
Vətənimə, elimə [17, s. 153]. 


58 
Özü də qaçqın həyatı yaşayan Maşallah Xudubəyli “Göyçə 
həsrətli bayatılar” kitabı ilə bütöv bir elin faciələrini anlatmağa çalı-
şıbdır. Yurd həsrəti, öz dərdi, vətən göynərtisi ürəyinin yarasına, qəl-
binin naləsinə çevrilibdi. Müəllif yazır ki, “dərdlərimlə baş-başa qa-
larkən mənim də yurd yerimin göynərtisi beləcə bayatılaşdı” [18, s. 5]:
Əzizim, Göyçə dağı, 
Qarlıdı Göyçə dağı. 
Qalmışam əl-amanda, 
Sinəm də Göyçə dağı [18, s. 36]. 
Yaxud: 
Eləmi, dərdiməndə, 
Dərdin de dərdiməndə. 
Mən Göyçənin dərdiyəm, 
Göyçənin dərdi məndə [18, s. 40]. 
Şair-yazıçı Eldar İsmayıl Maşallah Xudubəylinin kitabına yaz-
dığı “Həsrətli bayatılar – hikmətli bayatılar” adlı ön sözündə şairin 
bayatılarından nümunələr verərək aşağıdakı fikri ifadə etmişdir:
“Al barı, 
Bağça-bağdan al barı. 
Özünü şəhid elə, 
Torpağını al barı. 
Çağırış gözəl çağırışdır. Türk ərənlərinin bizlərə olan tapşırığı 
və tövsiyəsidir. Müdrikliyi, rəşadəti, cəsarəti olan xalqın Atillaları, 
Əmir Teymurları, İldırım Bəyazidləri, Şah İsmayılları, Qara Yusifləri 
yetişmişdir. Bu gün damarlarında ulu oğuz ərənlərinin qanını daşıyan 
igidlər yenə qədim torpaqları basar, keçər...
Basarkeçər, 
Yad əldə Basarkeçər. 
Vaxt gələr göyçəlilər 
Düşməni basar, keçər!” [19, s. 23]
Ümumiyyətlə, 508 (beş yüz səkkiz) bayatı (bunların içərisində 
ağılar da var) ilə müəllif bütöv bir elin dərdinin, faciəsinin böyük-
lüyünü nəinki nümayiş etdirir, həm də mübariz olmaq, o yurdlara geri 


59 
dönmək, tarixi ədalətsizliyi aradan qaldırmaq istəyini də oxucularla 
bölüşür. Hər misrasında, hər sözündə Göyçə mahalının addım-addım 
kəndlərini, yurdlarını gəzib dilləndirən bu bayatıların səsi-sorağı 
zaman keçdikcə unudulmayacaq, daha da hündürdən səslənəcək, o 
yurd sahiblərini səfərbərliyə çağıracaqdır.
Yas mərasimi insanın həyatının sonucu olaraq formalaşmış 
ritual kimi insanın əbədiliyə gedişinin kədərli, dərdli ağılar, bayatılar 
və mərsiyələrlə obrazlı şəkildə uğurlanmasıdır. Bu uğurlamada insanın 
həyatda gördüyü yaxşı işlər xatırlanır, yaxşı əməlləri qeyd edilir, 
qonşular, qohumlar ilə əlaqəsi haqqında söhbətlər edilir, mərdliyi, 
yüksək insani keyfiyyətləri görk olsun deyə sadalanır. İslam dininə 
uyğun olaraq hər müsəlmanın taziyə məclislərində Quran oxunur
həmdi-surə bağışlanır, fatihə verilir. Ölən adamın üçündə, qırxında, 
ilində ehsan verilir, qəbir üstünə gedilərək mərhum yad edilir. Başsağ-
lığı taziyəsinə gələnlər mərhumun yaxınlarına dərdlərinə şərik olduq-
larını bildirir, təskinlik verirlər. Şəhidlərə, müharibədə, vətən yolunda 
düşmənə qarşı mübarizə aparıb həlak olanlara müasir şairlər layla-
elegiyalar, ağılar, bayatılar yazırlar ki, bunlar da təkcə yas mərasim-
lərində deyil, anım günlərində, bayram günlərində məktəblərdə, müx-
təlif tədbirlərdə oxunur, ölən adamın igidlikləri mədh edilir.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə