Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə14/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   ...   6   7   8   9   10   11   12   13   14

Koroğluynan Bəylər
Koroğlu bir gün dəlilərinə deyir:

– Dəlilərim, mənim səfərim var.

Dəlilər deyir:

– Hara gedirsən?

Koroğlu deyir:

Nə işinizə, budu bu xəncəri də asıram divardan, hər­gah xəncərin ucundan qan damsa məni ölmüş bilin.

Koroğlu Qıratını minib bir neçə mənzil yol gedəndən son­ra gəlib çatdı bir çəməngaha. Gördü burda bir bağ var gəl gö­rə­sən. Dünyada hər cür ağacdan olan bu laləzar bağda gül bülbülü, bülbül gülü çağırır. Bənövşələr açıb, ağaclar yarpaq­lanıb.

Koroğlu bu bağı dolana-dolana diqqətnən tamaşa eləyir­di. Bir də gördü bağın içində ceyran misallı bir qız sallana-sallana yüz naz qəmzə ilə bağı seyr edir. Qız nə qız. Qaşlar qa­ra, gözlər qara, baldan şirin ləbləri, sinəsi Şahdağın qarı ki­mi ağ, məmələri köynəyin altından şamama kimi baş veribdi.

Koroğlu qızda bu gözəlliyi görən kimi çaşıb qaldı, öz-özünə dedi: “Ey dili qafil, dünyada belə də gözəl varmış”. Bunun üstən alıb sinə sazın görək nə dedi:

Açılıb bağında lalə, nərgizlər,

Qönçəsin iyləyib, gülün dərərlər,

Alıb onu ipək üstə sərəllər,

Gözəl qız, gəl mənə, mən alım səni.

Koroğlu belə deyəndə qızın gözləri xumarlandı, qıyqacı Koroğluya baxdı. Qız belə baxanda Koroğlu sözünü davam etdi:

Qurban olum qara gözün məstinə,

Nə durubsan bu canımın qəstinə,

Əlim vurum tər məmənin üstünə,

Gözəl qız, gəl mənə, mən alım səni.


Koroğlu der: gəzmə ahı-zarınan,

Gül-bülbülü oynatma sən xarınan,

Qonuşginən mənim təkin yarınan

Gözəl qız, gəl mənə, mən alım səni.

Koroğlu özünü nişan verən kimi qız Koroğlunu tanıdı. Bu da var ki, Cəlil paşanın qızı Dinməz xanım öz qardaşı oğlu Bəylərə nişanlı idi. Dinməz xanım həm də Koroğlunun Cəlil paşaynan arasının yoxluğunu eşitmişdi. Bunu da bilirdi ki, dəfələrnən Koroğlu Bəyləri özünə dəli aparmaq istəyib, amma gücü çatmayıb.

Dinməz xanım Koroğlunu görən kimi tanıyıb, bir sehr – cadu oxuyub, Koroğlunu saldı tilsimə, əl-ayağını bağlayıb, tez atasına xəbər göndərdi ki, bəs durmasın gəlsin.

Cəlil paşa adam göndərib, Koroğlunu tutub saldırdı zin­dana.

Koroğlu zindanda qalmaqda olsun, al xəbəri Dəli Hə­sən­­­nən.

Dəli Həsən gecə-gündüz yatmayıb Koroğlunun yolunu gözləyirdi, bir də gördü ki, xəncərin ucundan qan damır, tez dəliləri çağırıb dedi:

– Amandı, dəlilər, Koroğlu zindandadı, gərək tez dadına yetişək.

Dəlilər heç biri yerindən tərpənməyəndə, Dəli Həsən bir də səsləndi.

Bu belə deyəndə Eyvaz dedi:

– Haçana kimi biz Koroğlunu ölümdən qurtaraq, canı çıxsın tək getməsin.

Eyvaz belə deyəndə Dəli Həsən Ərəbatı minib, bina qoydu yol getməyə. Neçə mənzil yol gedib, gəlib çatdı bir şəhərin kənarına, gördü bir qarı yerdən çöp yığır.

Dəli Həsən xəbər aldı:

– Qarı nənə yerdən yığdığın nədi?

Qarı dedi:

– Qadovu alsın qarı, çör-çöp yığıram.

Dəli Həsən dedi:

– Qarı nənə çör nədi, çöp nədi?

Qarı dedi:

– Çör yerə uzanan, çöp də dik dayanandı.

Dəli Həsən dedi:

– Qarı nənə, nə oxuyursan?

Qarı dedi:

– Ay oğul, açıl başımnan.

Dəli Həsən dedi:

– Sən de, mən sənin dərdinə əlac eləyim.

Qarı:

– Ay oğul, Koroğlu deyilən bir nəfəri Cəlil paşa tutub sa­lıb zindana. Sabah boynu vurulacaq, onunçün ah-zar edi­rəm.



Dəli Həsən bunu eşidən kimi:

– Nə dedin, qarı nənə? O zindanı mənə göstər.

Qarı zindanı Dəli Həsənə göstərdi. Dəli Həsən zindana tərəf getməkdə olsun, sənə Koroğludan deyim.

Koroğlu zindanda oturub dəlilərinin yolunu gözləyir, ah-nalə içində onları harayına çağırırdı. Dəli Həsən də bu tə­rəf­dən gəlib çatdı zindana. Zindanın dal tərəfindən dama çı­xıb, Koroğlunu görmək istədi. Gördü Koroğlu sazı əlinə alıb dəlilərini haraya çağırmaqdadı.

Dəli Həsən dinməyib Koroğlunun sözlərinə qulaq as­maqda olsun, görək Koroğlu nə dedi:

Koroğluyam, salınmışam zindana,

Bütün dəlilərim yanımda gərək.

Sorağım düşübdü bu gün hər yana,

Bütün dəlilərim yanımda gərək.
Gömgöy çəmənlərdə otlayır quzu,

Qara zindan qoymur görüm ulduzu.

Çağırram imdada iyid Murtuzu,

Dəmirçioğlu bu gün yanımda gərək.


Axıtdılar bəylər, xanlar qanımı,

Zindan üzgün etdi şirin canımı,

Apara bilmədim Dinməz xanımı,

Eyvaz balam bu gün yanımda gərək.

Koroğlu belə deyəndə Dəli Həsən dedi:

– Ey dad, ardıycan gələn mən, heç mənim adımı çəkmir.

Dəli Həsən acıq eyləyib getmək istəyirdi ki, Koroğlu sözünə davam etdi:

Mərd iyidlər, mərd olarlar davaya,

Mərdin başı düşər qala qovğaya,

Xəbər çatsın Çənlidəki halaya,

Halaypozan qoçum, yanımda gərək.
Qıratıma daha yetə bilmədim,

Şirin canı ona qıya bilmədim,

Dinməz təki yara çata bilmədim,

Dəli Həsən bu gün yanımda gərək.

Koroğlu sözün tamam elədi.

Dəli Həsən atılıb damdan yerə düşdü. Özünü zindançı­nın üstünə atıb onu öldürdü. Zindanın qapısını qırıb Koroğlu­nu zindandan çıxartdı.

Koroğlu zindandan çıxıb, tez özünü yetirdi Dinməz xanıma. Dinməz xanım eyvanda dayanmışdı. Koroğlunu gö­rən kimi bir cadu oxuyub onu saldı tilsimə.

Koroğlu baxıb gördü ki, yeriyə bilmir. Əl atıb sazına Din­məz xanıma dedi:

Uca dağların başında,

Ləpə-ləpə qar görünür,

Mənim bu sınıq könlümə,

Qara gözlü yar görünür.


Dinməz xanım heç dillənməz,

Tamam tarı-mar görünür,

Pəri, sənnən heç əylənməz

Dünya başa dar görünür.

Uca-uca qarlı dağlar,

Könlüm intizar görünür.

Açılmaz heç güllü bağlar,

Dinməz xanım xar görünür.

Dəli Həsən baxıb gördü ki, Koroğlu canından ötrü yal­varır. Öz-özünə dedi: “İyit də bir qaşıq qannan ötrü yalva­rarmı?”

Koroğlu dedi:

Uca-uca dağ başından,

Yenib gəldim, gözəl yarım.

Vurulmuşam yay qaşından

Əsir düşdüm, gözəl yarım!


Qara qaşın yaydı sənin,

Gül camalın aydı sənin,

İşin ahnan vaydı sənin,

Əsir düşdüm, gözəl yarım!


Koroğlu yarı dinməzdi,

Dinməz xanım lap dinməzdi,

Yarım gülüb danışmazdı,

Əsir düşdüm, gözəl yarım.

Dinməz xanım işi belə görəndə, Koroğlunu tilsimdən çı­xartdı. Bu tərəfdən də Dəli Həsən Dinməz xanımı götürüb qaçdı.

İndi sənə xəbəri Bəylərdən verim.

Bəylərə xəbər getdi ki, Koroğlu Dinməz xanımı götürüb qaçdı. Bəylər qılınc bağlayıb, yüyürüb çatdı Koroğluya.

Koroğlu gördü Bəylər gəlir, tez sarı kürkünü çəkib əyni­nə, uzun bığlarını sallayıb, üz-gözünü torpağa sürtdü, belini qoz eləyib oturdu yerdə.

Bəylər gəlib çatdı Koroğlunun yanına, onu tanımadı. Bəylər keçib getmək istəyirdi ki, Koroğlu özünü silkələyib bir nərə çəkdi, Bəylər nərəni eşidən kimi dala baxdı. Bəylər gör­dü ki, bu, Koroğlu deyil, yenə getdi. Bir neçə qədəm getmiş­di, Koroğlu yenə bir nərə çəkdi. Bəylər dala dönüb yapışdı Ko­roğludan, istədi onun başını kəsə, Koroğlu aldı, görək nə dedi:

İstəyirsən sən alasan canımı,

Bəylər bəyi, qoç Koroğlu deyiləm,

Keçib gedən gördüm Dinməz xanımı,

Bəylər bəyi, qoç Koroğlu deyiləm.

Bəylər dedi:

– Koroğlusan. Kəsəcəyəm başını.

Koroğlu dedi:

– İzn ver, birin də deyim.

Koroğlu:


Salmaginən bu işi gəl əngələ,

Bəylər bəyi, qoç Koroğlu deyiləm.

Nə çıxıbsan mənlə qılınc-xəncələ,

Bəylər bəyi, qoç Koroğlu deyiləm.


Adam odu, şirin dilnən dindirən,

Bəylər bəyi, qoç Koroğlu deyiləm.

Gəl sən olma mən yazığı öldürən,

Bəylər bəyi, qoç Koroğlu deyiləm.

Bəylər Koroğlunu buraxdı. Koroğlu qaçıb çıxdı bir da­ğın başına. Tez soyunub paltarını dəyişdi. Elə bir nərə çəkdi ki, Bəylər qorxub geri döndü, gördü ki, Koroğludu.

Koroğlu Bəylərə dedi:

– Bəylər, gəl mənə dəli ol, Dinməz xanımı sənə verim.

Bəylər dedi:

– Olmaram. Gəl döyüşək.

Belə deyəndə Koroğlu sazı alıb, görək Bəylərə neçə hərbə-zorba gəldi.

Koroğluyam, heç vaxt qorxmaram hərbdən,

Hərifsənsə əgər, bu meydana gəl.

Əvvəl xəncəlnən, sora çənginən

Hərifsənsə əgər, bu meydana gəl.


Aldı Bəylər:

Nə çıxıban ucalarda durmusan,

İyidsənsə enib bu meydana gəl.

Yazıq-yazıq sən boynunu burubsan,

İyidsənsə enib bu meydana gəl.
Koroğlu:

Dov edibən neçələrin dindirrəm,

Düşmənləri şad eliyib güldürrəm,

Enib para-para səni öldürrəm,

Hərifsənsə əgər, bu meydana gəl.
Aldı Bəylər:

Arzu-kamı qoyma şirin canımda,

Öldürməyə cuş eləyib qanımda

Dəlilərin yığılıb durub yanımda,

Hərif isən durub tək meydana gəl!
Koroğlu:

Bəylər bəyi, mənə dəli olginən,

Dinməz xanım yenə qoy sənin olsun.

Qəbul elə mənə dəli olginən,

Toy eləyim Dinməz qoy sənin olsun.
Bilirsənmi qoç Koroğlu zorunnan,

Azmaginən haqqın doğru yolunnan,

Müjdə verim sənə dinməz toyunnan,

Sən dəli ol, Dinməz qoy sənin olsun.


Koroğlu der qismət haqqı yazımdı

Tozlu meydan, tacı-taxtım, tacımdı,

Bunu bil ki, Dinməz mənim bacımdı,

Sən dəli ol, Dinməz qoy sənin olsun.

Koroğlu sözün tamamladı. Bəylər baxıb gördü ki, dəli­lər də gəlib yetişdi, razı olmasa Dinməz xanım əlinnən çı­xacaq. Əlacı kəsilib razı oldu.

Koroğlu Bəyləri qatdı dəlilərinə. Çənlibeldə yeddi gün, yeddi gecə toy elədi. Dinməz xanımı verdi Bəylərə.



QEYD VƏ İZAHLAR
Atalar sözləri. T.Səlimov-Şağaninin “Abşeron folklo­run­dan seçmələr” (Bakı: Elm, 1994) və “Türkan” (Bakı: YNE, 2001) kitablarından götürülmüşdür.

Tapmacalar. M.Ş.Şirəliyevin “Bakı dialekti” (Bakı: Elm, 1957) və T.Səlimov-Şağaninin “Türkan” (Bakı: YNE, 2001) kitablarından götürülmüşdür.

Alqışlar. Qarğışlar. T.Səlimov-Şağaninin “Abşeron folk­lo­­run­dan seçmələr” (Bakı: Elm, 1994) və M.Ş.Şirəliyevin “Bakı dialekti” (Bakı: Elm, 1957)kitablarından götürülmüşdür.

Salamlar, qarşilamalar, sağollaşmalar, müraciətlər, an­diçmələr, oxşamalar, idiomlar. M.Ş.Şirəliyevin “Bakı dia­lek­ti” (Bakı: Elm, 1957) və T.Səlimov-Şağaninin “Abşeron folk­lo­run­dan seçmələr” (Bakı: Elm, 1994) kitablarından götürülmüşdür.

Əmək nəğmələri. T.Səlimov-Şağaninin “Şağan” (Bakı: Elm, 1998) kitabından götürülmüşdür.

Bayatılar. T.Səlimov-Şağaninin “Abşeron folklo­run­dan seçmələr” (Bakı: Elm, 1994) və və “Türkan” (Bakı: YNE, 2001) kitablarından götürülmüşdür.

Mərasim folkloru. Bu bölməyə daxil edilən materiallar V.Nəbioğlunun “Maştağa” (Bakı: Azərb.Milli Ensiklopediya, ) və Qılman İlkinin “Bakı və bakılılar” (Bakı: Zaman, 1998) ki­tab­larından götürülmüşdür.

Lirik parçalar, mərasim nəğmələri, qayınana-gəlin söz­ləri. T.S.Şağaninin “Abşeron folklo­run­dan seçmələr” (Bakı: Elm, 1994) və “Türkan” (Bakı:YNE, 2001) kitablarından götürülmüşdür.

Mahnılar. “Qız ilə oğlanın söhbəti” – M. Ş. Şirəliyevin “Ba­kı dialekti” (Bakı: Elm, 1957) kitabından götürülmüşdür.

Şikəstələr. Cəfər Bünyadzadənin “Kəşkül və yaxud nəğ­mələr məcmuəsi” (Nəğmə və şikəstə) (Bakı: Səda, 1919) kita­bından götürülmüşdür.

Mərsiyələr. Əli Əkbərin Şümirə müraciəti adlanan bu mər­siyə T.S.Şağani tərəfindən Bakının Qala kəndində qeydə alınmış və toplayıcının “Abşeron folklo­run­dan seçmələr” (Bakı: Elm, 1994) kitabına salınmışdır.

Uşaq folkloru. Laylalar. T.S.Şağaninin “Abşeron folklo­run­dan seçmələr” (Bakı: Elm, 1994) kitabından götürülmüşdür.

Nazlamalar. T.S.Şağaninin “Abşeron folklo­run­dan seçmə­lər” (Bakı: Elm, 1994) kitabından götürülmüşdür.

Oyunlar. T.Səlimov Şağaninin “Oyunlar və əyləncələr də bir tarixdir” (Bakı: Gənclik, 1993) kitabindan götürülmüşdür.

Əfsanə və rəvayətlər. “Bibiheybət”, “Qız qalası” əfsa­nələri Azərbaycan folkloru antologiyasının II kitabından (Bakı: AEA nəşriyyatı, 1968) götürülmüşdür..

Pirlər, ziyarətgahlar. Bakı və ətrafının pirləri və ziyarət­gahları barədə məlumat M.Nemətin “Azərbaycanda pirlər” (Ba­kı: Azərnəşr, 1992) və T.Səlimov-Şağaninin qeyd olunan kitab­larından götürülmüşdür.

Qaravəllilər. M.Ş.Şirəliyevin “Bakı dialekti” (Bakı: Elm, 1957) kitabından götürülmüşdür.

Lətifələr. Məzəli əhvalatlar. T.Səlimov-Şağaninin “Abşe­ron folklorundan seçmələr” (Bakı: Elm, 1994)

Nağıllar. Qaraqaşın nağılısöyləyəni Mələknisə Kazım qızı, Bakı, 60 yaşında, savadsız, toplayanı Ə.H.Tahirov, 1935. Bu nağıl “Azərbaycan nağılları” (5 cilddə, 1-ci cild, Bakı: Çıraq, 2004) kitabına salınmışdır.

Simanın nağılı, Yeddi dağ alması – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsinin arxivi, Bakı, 1936. Bu nağıl “Azərbaycan nağılları” (5 cilddə, 1-ci cild, Bakı: Çıraq, 2004) kitabına salınmışdır.

Ceyranın nağılı, Nardan qızın nağılı – söyləyəni Ruqiyyə Rza qızı, 42 yaşında, Bakı, toplayanı Ə.H.Tahirov, 1936. “Azərbaycan nağılları” (5 cilddə, 1-ci cild, Bakı: Çıraq, 2004) kitabına salınmışdır.

Gül ilə Sanavar, Mərdnən Namərdin nağılı – söyləyəni Fatma Nəsir qızı, Bakı, Nardaran kəndi, toplayanı Ə.H.Tahirov, 1934. “Azərbaycan nağılları” (5 cilddə, 1-ci cild, Bakı: Çıraq, 2004) kitabına salınmışdır.

Dünya gözəli – söyləyəni Həbib, toplayanı Ə.H.Tahirov, Bakı Buzovna kəndi, 1933. “Azərbaycan nağılları” (5 cilddə, 1-ci cild, Bakı: Şərq– Qərb, 2005) kitabına salınmışdır.

Üç şahzadə Hazaran dastan bülbülü – söyləyəni Baxşəli Sultanov, toplayanı M.H.Təhmasib, Bakı, 1934. “Azərbaycan nağılları” (5 cilddə, 1-ci cild, Bakı: Şərq– Qərb, 2005) kitabına salınmışdır.

Keçəllə Tacir – söyləyəni Mahmud Əzim oğlu, toplayanı Ə.H.Tahirov, Bakı Binəqədi kəndi, 1936, “Azərbaycan nağılla­rı” (5 cilddə, 1-ci cild, Bakı: Şərq– Qərb, 2005) kitabına salınmışdır.

Süleymanın nağılı – söyləyəni Xədicə xanım, 73 yaşlı, Bakı şəhəri, Bülbülə kənd sakini. 1973. İlk dəfə çap olunur.

Səfeh Teymur – söyləyəni Cəfərov Cəfər, 75 yaşında, Ba­kı şəhəri, Ramana kəndi, 1973. İlk dəfə çap olunur.

Şamdanun nağılından bir parça, Çoban Məhəmmədin nağılından bir parça, Nağıl, Şa İsmayıl nağılından bir parça M. Ş. Şirəliyevin “Bakı dialekti” (Bakı: Elm, 1957) kitabından götürülmüşdür.

Koroğlu” dastanından parçalar. “Koroğluynan Bəy­lər” – AMEA Folklor Institutunun elmi arxivi, söyləyəni Əliş Sə­məd, toplayanı Ə.H.Tahirov, Bakı, 1936, qovluq № 726. “Ko­roğlu” (Bakı: Lider, 2005, 552 s. mətni hazırlayıb tərtib edənlə İ.Abbaslı, B.Abdulla) kitabına salınmışdır.

Koroğluynan Aypara” – AMEA Folklor Institutunun elmi arxivi, söyləyəni Aşıq Cahangir, toplayanı Ə.H.Tahirov, Bakı, Saray kəndi 20 iyun 1936, qovluq №726. “Koroğlu” (Ba­kı: Lider, 2005, 552 s. mətni hazırlayıb tərtib edənlə İ.Abbaslı, B.Abdulla) kitabına salınmışdır.
BAŞLIQLAR
Tərtibçilərdən................ 3

Atalar sözləri.................. 5

Tapmacalar 28

Alqışlar. Qarğışlar 31

Salamlar, qarşılamalar, sağollaşmalar,

andiçmələr, oxşamalar, idiomlar 36

Əmək nəğmələri 40

Bayatılar................................ 41

Mərasim folkloru................ 50

Lirik parçalar, mərasim nəğmələri,

qayınana-gəlin sözləri 68

Mahnılar................................ 82

Şikəstələr.................................... 85

Mərsiyələr............................ 85

Uşaq folkloru 86

Əfsanə və rəvayətlər 96

Pirlər, ziyarətgahlar 99

Qaravəllilər. 112

Lətifələr. Məzəli əhvalatlar 113

Nagıllar

Qaraqaşın nağılı............... 121

Simanın nağılı 141

Ceyranın nağılı 178

Süleymanın nağılı 203

Səfeh Teymur 211

Yeddi dağ alması........... 215

Nardan qızın nağılı 224

Gül ilə Sanavar......... 244

Mərdnən Namərdin nağılı 252

Dünya gözəli................... 258

Üç şahzadə............. 264

Hazarandastan bülbülü 276

Keçəllə Tacir.............. 287

Şamdanun nağılından bir parça 292

Çoban Məhəmmədin nağılından bir parça 293

Nağıl..................................... 294

Şa İsmayıl nağılından bir parça 295

Koroğlu” dastanından parçalar 297

Qeyd və izahlar 315
Bakı folklor örnəkləri, 1-ci kitab,

Bakı, “Elm və təhsil“, 2015.

Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli
Nəşriyyat redaktoru:

V.Əsgərova
Kompyuterdə yığanlar:

S.Cəfərli

Ş.Haqverdiyeva
Korrektorlar:

A.Hüseynova

N.Məmmədova
Kompyuter tərtibçisi və

texniki redaktoru:



Aygün Balayeva
Kağız formatı: 60/84 1/32

Mətbəə kağızı: №1

Həcmi: 320 səh.

Tirajı: 300


Kitab Azərbaycan MEA Folklor İnstitutunun

Kompyuter Mərkəzində yığılmış, səhifələnmiş,

“Elm və təhsil” NPM-də hazır deopozitivlərdən

ofset üsulu ilə çap olunmuşdur.





Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə