AZƏRBAYCAN
MİLLİ
ELMLƏR AKADEMİYASI
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU
AZƏRBAYCAN
Etnoqrafiyası
ÜÇ CİLLDƏ
II CİLDƏ
ŞƏRQ-QƏRB
BAKI 2007
Baş redaktor:
Teymur Bünyadov
akademik
Redaksiya heyəti:
Maisə Rəhimova
Qəzənfər Rəcəbli
Tofiq Babayev
Qabil Əliyev
Fəzail Vəliyev
Solmaz Məhərrəmova
Şirin Bünyadov
ISBN 978-9952-34-092-1
305.8/0094754-dc22
Etnoqrafiya-Azərbaycan
Azərbaycan etnoqrafiyası.Üç cilddə. II cild.
Bakı, “Şərq-Qərb”, 2007, 384 səh.
Bu kitab Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan maddi
mədəniyyət və ailə məişəti məsələlərinə həsr edilmişdir. Cilddə xalqımız çoxəsrlik
tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və
içkiləri, nəqliyyat vasitələri və s. kimi maddi mədəniyyət sahələri geniş və əhatəli
şəkildə öz əksini tapmışdır. Kitabda həmçinin ailə, nikah, toy, uşaqların tərbiyəsi və
dəfn mərasimi məsələləri də işıqlandırılır.
ÖN SÖZ
Qafqazın cənub-şərqində geniş ərazini əhatə edən
Azərbaycan əlverişli təbii-coğrafi və iqtisadi-strateji məkanda
yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması,
inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur.
Xalqımız bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün
çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və
inkişaf etdirmişdir. “Azərbaycan etnoqrafiyası”nın ikinci cildinin
əsasən bu problemə həsr edilməsi də təsadüfi olmayıb, tam
qanunauyğunluq kimi qəbul edilməlidir. Heç şühbəsiz, maddi və
mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə
çatmasına zəmin yaratmışdır.
Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin
ocaqlarından sayılır. İki milyon yaşı olan bu əzəli, əbədi və müqəddəs
torpaqda ulu əcdadlarımız çox qədim dövrdən sığınacaq tapıb, məskən
salıb, yuva qurub, ocaq çatıb, qayım-qada olub, dövran sürüb, zaman-
zaman yaşayıb, kamala yetib, təkamülə, tərəqqiyə çatıblar. Xalqımız
ana vətəninin əsil sahibi, əvəzsiz varisi, qoruyub-saxlayanı, qurub-
yaradını olub, dünyanın ən qədim və mədəni etnoslarının biri kimi
tanınıb, sayılıb, seçilib.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik bir kəlamını
xatırlatmaq istərdik: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan
nadir ölkələrdən biridir. Buarda həyat çox erkən yaranmışdır və Azıx
mağarasından tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan
məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və
Gəmiqayadakı ayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı
mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, kurqan tapıntıları
sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda
inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.
Azərbaycan dövri-qədimdən məşəllənib, sinəsindən od
parlayıb, atəş saçıb. Ulularımız bu işığa, bu oda pənah gətiriblər, bu
inanca sitayiş ediblər. Adını yanar odlardan alıb, Odlar ölkəsi adlanıb.
Bu müqəddəs adla fəxr ediblər, qürur duyublar. Adlarını uca tutublar.
Azərbaycan ərazisinin son dərəcə əlverişli iqlim şəraiti, zəngin
flora və faunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli
sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha
çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaratmışdır. O da həqiqətdir
ki, xalqımız minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa
ölkələrin xalqları ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni
əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan, qovuşuqluqdan çox
şey əxz etmiş, faydalanmış və zənginləşmişdir.
Deməli, xalqımızın etnoqrafiyası Qafqaz, bir qədər də geniş
mənada, Yaxın və Orta Şərq xalqlarının etnoqrafiyasının ayrılmaz
tərkib hissəsidir. Ona görə də, təbii olaraq, kitabda bu mühüm cəhətə
xüsusi diqqət yetirilmişdir. Qarşıya qoyulan hər hansı bir məsələ təcrid
edilmiş şəkildə deyil, ümumi tarixi qanunauyğunluqlarla, müqayisəli və
əlaqəli şəkildə araşdırılır.
Xalqşünaslar xalqın çoxsahəli fəaliyyətini geniş araşdırarkən
onu təkcə qeydə almağa, təsvir etməyə deyil, eyni dərəcədə təhlilinə,
bərpasına çalışır, xronoloji ardıcıllıq prinsipinə uyğun olaraq sadədən
mürəkkəbə doğru inkişafını izləyir, ona zamanın tələbi baxımından
yanaşırlar. Etnoqrafiya elmi hər hansı bir hadisənin, məsələnin və ya
kiçik bir əşyanının necə yarandığını, hansı inkişaf mərhələlərindən
keçdiyini, nə kimi deformasiyaya uğradığını, aradan çıxması səbəbini
və ya inkişaf etməsi yollarını tarixi ardıcıllıqla izləyir və araşdırır.
Xalqımızın çoxsahəli, zəngin irsini yetərincə və hərtərəfli
öyrənmədən onun keçdiyi inkişaf mərhələlərini, mübarizəli tarixini,
maddi və mənəvi dünyasını lazımi səviyyədə tədqiq etmək qeyri-
mümkündür. Etnoqrafiya elmi hazırda qurub-yaradan xalqımızın qədim
və müasir tarixinin, mədəniyyətinin əhatəli şəkildə öyrənilməsinə təsirli
kömək göstərir, onu yeni dəlil-sübutlarla daha da zənginləşdirir, gələcək
nəsillər üçün qoruyub saxlayır, mənəvi varisliyin tarixi ardıcıllığını
təmin edir.
Respublikada azərbaycançılıq ideologiyasının daha da inkişaf
etidirilməsi üçün xalqı birliyə, ayrılmazlığa səsləyən ulu öndərimiz
Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası
azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir.”