Nizamnamə (2-ci redaksiyada)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində
2015-ci il " 13 " yanvar tarixində
qeydiyyata alınmışdır.
“İCBARİ SIĞORTA BÜROSU”
HÜQUQİ ŞƏXSLƏRİN İTTİFAQININ
N İ Z A M N A M Ə S İ
1. Anlayışlar
1.1. Bu Nizamnamədə aşağıdakı əsas anlayışlardan istifadə olunur.
iştirakçı
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçı sığortaçıların
reyestrinə daxil edilmiş sığortaçı;
ödəmə qabiliyyəti
öhdəliyi istənilən vaxt və tam həcmdə yerinə yetirmək imkanı;
kompensasiya ödənişi
əmlaka və sağlamlığa dəyən zərərə görə müvafiq icbari sığorta müqavilələri
üzrə nəzərdə tutulmuş sığorta ödənişlərinin sığortaçılar tərəfindən həyata
keçirilməsinin mümkün olmadığı müvafiq hallarda “İcbari Sığorta Bürosu”
Hüquqi Şəxslərin İttifaqı tərəfindən verilən ödəniş;
kompensasiya ödənişləri
ehtiyatı
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının qanunvericilik və bu
Nizamnamə ilə müəyyən edilən maliyyə mənbələri hesabına formalaşdırılan və
müstəsna olaraq kompensasiya ödənişlərinin həyata keçirilməsi məqsədilə
istifadə olunan pul vəsaitlərinin məcmusu;
iştirak haqqı
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçısı olmaq istəyən
müvafiq sığortaçının sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş
məbləğdə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına ödədiyi məbləğ;
təminat depoziti
kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi “İcbari Sığorta
Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçısı olmaq istəyən sığortaçının
sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə “İcbari Sığorta
Bürosu” Hüquqi Şəxslərin İttifaqına birdəfəlik olaraq ödədiyi məbləğ;
icbari sığorta növləri üzrə
təqvim haqqı
iştirakçının müvafiq icbari sığorta müqavilələri üzrə daxil olan sığorta
haqlarının qanunvericiliklə müəyyən edilmiş hissəsində mütəmadi olaraq
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına ödədiyi və kompensasiya
ödənişləri ehtiyatının əsasını formalaşdıran məbləğ;
əlavə haqq
kompensasiya ödənişlərinin verilməsi üçün “İcbari Sığorta Bürosu” Hüquqi
Şəxslərin İttifaqının kompensasiya ödənişləri ehtiyatı kifayət etmədikdə, belə
ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə İcbari Sığorta
Bürosunun istifadə etdiyi öz vəsaitinin iştirakçılar tərəfindən kompensasiya
edilməsi üçün onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hər bir
konkret hal üçün sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən həcmdə
İcbari Sığorta Bürosuna ödədiyi məbləğ;
Yaşıl Kart Sistemi
avtonəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi ölkədən xaricdə istifadəsi
zamanı üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin
əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta
ödənişlərinin verilməsini təmin edən, Birləşmiş Millətlər Təşkilatının Avropa
İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət
göstərən beynəlxalq avtonəqliyyat vasitələri sığortası kart sistemi;
Bürolar Şurası
Yaşıl Kart sisteminin inzibatçılığı və fəaliyyəti üzrə məsul olan idarəedici
təşkilat;
5 saylı Tövsiyə
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Quru
Nəqliyyatı Komitəsinin Yol nəqliyyatı üzrə işçi qrupu tərəfindən 1949-cu il 25
yanvar tarixində qəbul olunmuş, 2004-cü il 17-19 fevral tarixlərində keçirilən
66-cı sessiyada Quru Nəqliyyatı Komitəsinin qəbul etdiyi yol nəqliyyatının
təkmilləşdirilməsi üzrə yenilənərək konsolidasiya edilmiş Qərarın 1 saylı
Əlavəsi ilə əvəz olunmuş sənəd;
Daxili Reqlament
Bürolar Şurasının Baş Assambleyası tərəfindən 2002-ci il 30 may tarixində
qəbul edilmiş, 2008-ci il 29 may tarixində yenilənmiş və Bürolar Şurası
tərəfindən vaxtaşırı dəyişdirilə bilən qaydalar;
Yaşıl Kart
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat
vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni
zamanda Bürolar Şurası tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar
Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin
istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq
edən beynəlxalq sığorta müqaviləsi;
Azərbaycan Yaşıl Kart
Bürosu
Azərbaycan Respublikasında Yaşıl Kart Sistemi üzrə əlaqələndirici
ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasına üzv olan, “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə
nəzərdə tutulmuş funksiyaları həyata keçirən “İcbari Sığorta Bürosu” Hüquqi
Şəxslərin İttifaqı;
cari öhdəliklər ehtiyatı
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən qanunvericilik və
bu Nizamnamə ilə müəyyən edilən maliyyə mənbələri hesabına formalaşdırılan
və iştirakçıların Yaşıl Kart Sistemində fəaliyyət göstərməsi ilə əlaqədar
Büronun maliyyə öhdəliklərinin təminatı məqsədilə istifadə edilən pul
vəsaitlərinin məcmusu;
Yaşıl Kart üzrə təqvim
haqqı
iştirakçının bağladığı Yaşıl Kart müqavilələri üzrə daxil olan sığorta haqlarının
qanunvericiliklə müəyyən edilmiş hissəsində mütəmadi olaraq “İcbari Sığorta
Bürosu” Hüquqi Şəxslərin İttifaqına ödədiyi məbləğ;
birdəfəlik
pul vəsaiti
Yaşıl
Kart
sistemi
çərçivəsində
fəaliyyət
göstərmək
istəyən
müvafiq sığortaçının sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş
məbləğdə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən
formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba yerləşdirdiyi vəsait.
2. Ümumi müddəalar
2.1. “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Nizamnaməsi (bundan sonra - “Nizamnamə”)
"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya
təşkilatı kimi təsis edilmiş və həmin Qanunda nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun (bundan sonra –
“Büro”) fəaliyyətini tənzimləyir.
2.2. Büro öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının
Mülki Məcəlləsini, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununu, bu
Nizamnaməni, Daxili Reqlamenti, Bürolar Şurasının qayda və təlimatlarını və digər müvafiq normativ-
hüquqi aktları rəhbər tutur.
2.3. Büro Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 29.11.2011-ci il tarixdə, 1111-Q38-3003
nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Büro Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət
qeydiyyatına alındığı andan hüquqi şəxs statusu qazanır. Büronun müstəqil balansı, üzərində adı yazılmış
möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
2.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xüsusi hallar
istisna olmaqla, sığorta qanunvericiliyinin sığortaçılara dair tələblər müəyyən edən müddəaları Büronun
fəaliyyətinə şamil edilmir.
2.5. Büronun fəaliyyət prinsipləri və qaydaları, funksiyaları, strukturu, Büroda iştirakın əsasları,
iştirakçılarla Büro arasındakı qarşılıqlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi və bu
Nizamnamə ilə müəyyən edilir.
2.6. Qanunvericilikdə başqa hal müəyyən edilənədək Büronun fəaliyyət müddəti qeyri-məhduddur.
2.7. Büronun hüquqi ünvanı Bakı şəhəri, Vidadi küçəsi, ev 80.
2.8. Büronun Azərbaycan dilində tam adı:- İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı, qısaldılmış
adı:-İSB.
2.9. Büronun ingilis dilində tam adı:-“Compulsory Insurance Bureau” Union of Legal Entities, qısaldılmış
adı:-CIB.
3. Büronun əsas məqsədi və funksiyaları
3.1. Büronun fəaliyyətinin əsas məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin
maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. Bu
məqsədlərə nail olmaq üçün Büro “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş aşağıdakı funksiyaları həyata keçirir:
3.1.1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda və “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinin (bundan
sonra - icbari sığorta növləri) həyata keçirilməsi zamanı, həmçinin icbari sığortalara dair beynəlxalq
sığorta sistemləri çərçivəsində iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etmək;
3.1.2. iştirakçılarının icbari sığorta növlərinin həyata keçirilməsi ilə əlaqədar maraqlarının dövlət
hakimiyyət və yerli idarəetmə orqanlarında, habelə digər orqan və təşkilatlarda təmsil və müdafiə etmək;
3.1.3. icbari sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər
vermək;
3.1.4. icbari sığorta növləri üzrə hadisələrin araşdırılması və zərərlərin qiymətləndirilməsi ilə bağlı texniki
ekspert müayinələrinin həyata keçirilməsi üçün metodoloji təlimatlar işləyib hazırlamaq və tətbiq etmək;
3.1.5. icbari sığorta növləri üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla münasibətlərdə Büronun
iştirakçılarını təmsil etmək;
3.1.6. Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən
üçüncü şəxslərə kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta
hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və
vəzifələrdən istifadə etmək;
3.1.7. elektron informasiya sisteminin mövcudluğunu, istifadəsini və onun digər elektron informasiya
sistemləri ilə əlaqələndirilməsini təmin etmək;
3.1.8. icbari sığorta şəhadətnamələrinin blanklarını mərkəzləşdirilmiş qaydada çap etdirməklə
sığortaçılara ödənişsiz təqdim etmək və onların uçotunu aparmaq;
3.1.9. özünün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq icbari sığorta növləri üzrə sığorta hadisələrinin
sayının və dəyən zərərlərin azaldılması istiqamətində maarifləndirmə ilə əlaqədar həyata keçirilən
tədbirləri maliyyələşdirmək;
3.1.10. icbari sığortalara dair beynəlxalq sığorta sistemlərinin iştirakçıları ilə qarşılıqlı əməkdaşlığı həyata
keçirmək;
3.1.11. sığortaçıların təbii fəlakətlər üzrə verdiyi sığorta təminatları ilə bağlı risklərin təkrarsığorta
etdirilməsi üçün vahid təkrarsığorta proqramını müəyyən etmək və belə risklərin təkrarsığorta etdirilməsi
zamanı iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış etmək;
3.1.12. bu nizamnamədə müəyyən edilmiş məqsəd və vəzifələrinə uyğun digər funksiyaları həyata
keçirmək.
3.2. Büro həmçinin, “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda və bu
Nizamnamədə nəzərdə tutulmuş Azərbaycan Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büronun
Yaşıl Kart Sistemində iştirakı və Bürolar Şurasında üzvlüyü ilə əlaqədar əsas funksiyaları aşağıdakılardan
ibarətdir:
3.2.1. Yaşıl Kart Sistemində iştirakla bağlı iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etmək;
3.2.2. İştirakçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyəti ilə əlaqədar maliyyə öhdəliklərini əhatə
etmək məqsədilə cari öhdəliklər ehtiyatını formalaşdırmaq;
3.2.3. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət üzrə məlumat mübadiləsini və nəzarəti təmin etmək
məqsədilə informasiya sisteminə malik olmaq, həmçinin informasiya və təşkilati-texniki təminatın həyata
keçirilməsi üçün tədbirlər görmək;
3.2.4. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin qiymətləndirilməsinin təmin olunması istiqamətində
tədbirlər görmək;
3.2.5. Yaşıl Kart Sistemi çərçivəsində sığorta risklərinin bölüşdürülməsi üzrə vahid təkrarsığorta
proqramını müəyyən etmək və belə risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta
müqavilələrində iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış etmək;
3.2.6. Azərbaycan Yaşıl Kart blanklarının formasını 5 saylı Tövsiyədə müəyyən edilmiş tələblərə uyğun
şəkildə təsdiq etmək, həmin blankları mərkəzləşdirilmiş qaydada çap etdirmək;
3.2.7. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və sahibinin mülki məsuliyyəti sığortalanmış
avtonəqliyyat vasitələrinin xaricdə istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi ilə bağlı
iştirakçısının adından və onun vəsaitləri hesabına xarici ölkələrin yaşıl kart bürolarına zəmanət vermək;
3.2.8. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi və belə
zərərlərə görə sığorta ödənişlərinin həyata keçirilməsinə dair zəmanət vermək;
3.2.9. Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçı sığortaçılarını
təmsil etmək;
3.2.10. Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələri
sahiblərinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində dəymiş zərərlə bağlı sığorta
ödənişlərinin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini təmin etmək, bununla
əlaqədar yaranan hüquqlarını həyata keçirmək üçün Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada zəruri
hərəkətlər etmək, habelə belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının qayda və
təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;
3.2.11. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik
avtonəqliyyat vasitələrinin Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkələrin ərazisində istifadəsi
nəticəsində dəyən zərərlərin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada tənzimlənməsini təşkil etmək
və ya əvəzini bilavasitə ödəmək, belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının
qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;
3.2.12. Öhdəliklərini yerinə yetirmək iqtidarında olmayan, verdiyi Yaşıl Kart saxta hesab edilən,
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə məşğul olmaq icazəsi
ləğv edilmiş, ləğvetmə prosesinə başlanılmış və ya ödəmə qabiliyyətini itirmiş iştirakçı sığortaçıların
Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə xarici ölkələrin Yaşıl Kart bürolarına zəmanət
vermək;
3.2.13. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar Azərbaycan Respublikasının qanunlarından,
Daxili Reqlamentdən və ya Bürolar Şurasının qəbul etdiyi qayda və ya təlimatlardan irəli gələn digər
funksiyaları yerinə yetirmək.
3.3. Büro bu Nizamnamənin 3.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər
hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək
yolu ilə məşğul ola bilər.
4. Büronun hüquqları
4.1. Büro aşağıdakı hüquqlara malikdir:
4.1.1. subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı qanunvericiliklə sığortaçılar üçün müəyyən
edilmiş bütün hüquqlardan istifadə etmək;
4.1.2. qanunvericiliklə müəyyən olunmuş qaydada əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək;
4.1.3. məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;
4.1.4. məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
4.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
5. Büronun idarəetmə orqanları
Büro ali idarəetmə orqanı olan Himayəçilər Şurası (bundan sonra – “Şura”) və icra orqanı olan İcraçı
direktoru tərəfindən idarə olunur.
6. Himayəçilər Şurası
6.1. Şura beş nəfər üzvdən ibarətdir.
6.2. Şuranın üzvlərinin tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iki nümayəndəsi,
iştirakçı sığortaçıların isə üç nümayəndəsi daxildir.
6.3. Ali təhsilli, tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları Şuranın üzvləri ola
bilərlər.
6.4. Sığorta nəzarəti orqanı Şurada onu təmsil edən üzvlərin təyin olunması barədə müvafiq qərarının
qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq bu barədə Büroya yazılı bildiriş göndərir.
6.5. İştirakçı sığortaçıları Şurada təmsil edən üzvlər iştirakçı sığortaçıların yığıncağında həmin
sığortaçıların irəli sürdükləri namizədlər arasından gizli səsvermə qaydasında sadə səs coxluğu ilə seçilir.
6.6. Şura üzvlərinin səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə seçilə (təyin edilə) bilərlər.
6.7. Şuraya sədr rəhbərlik edir. Şuranın sədri və onun müavini sığorta nəzarəti orqanının təqdimatı ilə
Şuranın iclasında gizli səsvermə qaydasında sadə səs çoxluğu ilə Şuranın üzvləri sırasından seçilir.
Şuranın sədri olmadıqda, onun səlahiyyətlərini sədrin müavini icra edir.
6.8. Şura üzvü vəzifəsindən aşağıdakı hallarda azad edilir:
6.8.1. vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət etdikdə;
6.8.2. səlahiyyət müddəti başa catdıqda;
6.8.3. geri çağırıldıqda;
6.8.4. məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;
6.8.5. namizədliyini təqdim etmiş təşkilatla bağladığı əmək müqaviləsinə xitam verildikdə;
6.8.6. nümayəndəsi olduğu sığortaçının iştirak müqaviləsinə xitam verildikdə;
6.8.7. vətəndaş qüsursuzluğunu itirdikdə.
6.9. Şura üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, onun yerinə təyin edilmiş və ya
seçilmiş yeni üzvün səlahiyyət müddəti əvvəlki üzvün səlahiyyət müddətinin bitdiyi vaxt başa çatır.
7. Himayəçilər Şurasının iclasları
7.1. Şuranın iclasları növbəti və növbədənkənar olur.
7.2. Şuranın iclasları ildə ən azı iki dəfə keçirilir.
7.3. Şuranın iclası Şura sədrinin qərarı, Şuranın ən azı iki üzvünün və ya İcraçı direktorun tələbi ilə,
həmçinin aşağıdakı hallar mövcud olduqda çağırılır:
7.3.1. Hər hansı iştirakçının ödəmə qabiliyyətini itirməsi və ya ödəmə qabiliyyətini itirməsi ehtimalı
barədə sığorta nəzarəti orqanından Büroya yazılı məlumat daxil olduqda;
7.3.2. Büro tərəfindən borc vəsaitlərinin alınmasına ehtiyac yarandıqda;
7.3.3. Digər təxirəsalınmaz hallarda.
7.4. İclasların keçirilməsinə azı 3 gün qalmış İcraçı direktor tərəfindən Şuranın üzvlərinə bu barədə yazılı
bildiriş göndərilir.
7.5. Şura onun iclasında azı 3 üzvü iştirak etdikdə qərar qəbul etmək üçün səlahiyyətli hesab olunur.
7.6. Şuranın qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı
Şuranın üzvləri bitərəf qala bilməzlər.
7.7. Zəruri hallarda Şuranın iclaslarına dəvət olunan ekspertlər məşvərətçi səs hüququna malikdirlər.
8. Himayəçilər Şurasının səlahiyyətləri
8.1. Şura aşağıdakı səlahiyyətlərə malikdir:
8.1.1. Büronun təşkilati strukturunu təsdiq etmək;
8.1.2. Büronun illik büdcəsini və ona edilən dəyişiklikləri təsdiq etmək;
8.1.3. Büronun işçilərinin əmək haqlarının ödənilməsi formalarını və miqdarını müəyyən etmək;
8.1.4. Büronun investisiya siyasətini müəyyən etmək;
8.1.5. İştirakçı müvafiq icbari sığorta müqavilələri üzrə öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına
görə yerinə yetirə bilmədikdə kompensasiya ödənişlərinin verilməsi barədə qərar qəbul etmək;
8.1.6. Büronun fəaliyyəti ilə əlaqədar elanların verildiyi və ya dərc olunduğu kütləvi informasiya
vasitələrini müəyyən etmək;
8.1.7. Büronun maliyyə ehtiyyatlarını təmin edən likvid aktivlər kompensasiya ödənişlərinin verilməsi
üçün kifayət etmədikdə, borc vəsaitlərinin alınması barədə qərar qəbul etmək;
8.1.8. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda iştirakçılar tərəfindən əlavə haqların ödənilməsinin
üsul və müddətinin müəyyən edilməsi üçün sığorta nəzarəti orqanı qarşısında vəsatət qaldırmaq;
8.1.9. Sığorta nəzarəti orqanı ilə razılaşdırmaqla Büronun nizamnaməsinə əlavələr və dəyişikliklər etmək;
8.1.9-1. Büronun nizamnaməsini təsdiq etmək;
8.1.10. Büronun illik fəaliyyəti haqqında hesabatı təsdiq etmək;
8.1.11. Büronun müstəqil auditorunu təyin etmək və müstəqil audit yoxlamasının nəticələrini təsdiq
etmək;
8.1.12. İcraçı direktorun hesabatını dinləmək və təsdiq etmək;
8.1.13. İcraçı direktorun və Büronun digər işçilərinin fəaliyyəti ilə bağlı şikayətlərə baxmaq;
8.1.14. Büronun borc qiymətli kağızlarının emissiyası haqqında qərar qəbul etmək;
8.1.15. Kompensasiya ödənişlərinin verilməsi ilə bağlı müvafiq bank əməliyyatlarının aparılması üçün
bankları təyin etmək;
8.1.16. Subroqasiya hüququnun həyata keçirilməsi üçün Büronun adından çıxış edən müvafiq şəxsi
(şəxsləri) təyin etmək;
8.1.17. Yaşıl Kart Sistemində iştirakla əlaqədar Büro və onun iştirakçıları üçün məcburi xarakter daşıyan
qayda və təlimatlar hazırlamaq və qəbul etmək;
8.1.18. Azərbaycan Yaşıl Kart blanklarının formasını təsdiq etmək;
8.1.19. Sığorta nəzarəti orqanı ilə razılaşdırmaqla Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar,
Bürolar Şurasının qayda və təlimatları ilə tələb olunan qaydada maliyyə təminatının (bank zəmanəti və
təkrarsığorta proqramını) Bürolar Şurasına təqdim edilməsini təmin etmək;
8.1.20. Sığorta nəzarəti orqanı ilə razılaşdırmaqla cari öhdəliklər ehtiyatının formalaşdırılması ilə bağlı
qaydaları müəyyən etmək;
8.1.21. Sığorta nəzarəti orqanı ilə razılaşdırmaqla Yaşıl Kart üzrə təqvim haqlarının ödənilməsi
qaydalarını təsdiq etmək;
8.1.22. Bu Nizamnamə ilə səlahiyyətlərinə aid edilən digər məsələləri həll etmək.
8.2. Şura İcraçı direktorunun səlahiyyətlərinə aid olan məsələlərə də baxa bilər.
9. İcraçı direktor
9.1. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
9.2. İcraçı direktor ali iqtisadi və ya hüquqi təhsilə və müvafiq peşə ixtisası üzrə ən azı beş illik iş
təcrübəsinə, eyni zamanda vətəndaş qüsursuzluğuna malik olan Azərbaycan Respublikasının vətəndaşı
ola bilər.
10. İcraçı direktorun səlahiyyətləri
10.1. İcraçı direktor:
10.1.1. Şuranın qərarlarının yerinə yetirilməsini təmin edir və Büronun aparatının cari fəaliyyətinə
rəhbərlik edir;
10.1.2. Büronu digər şəxslərlə, o cümlədən beynəlxalq təşkilatlarla, xarici ölkələrin müvafiq qurumları ilə
münasibətlərdə təmsil edir;
10.1.3. Büronun növbəti il üçün büdcə layihəsini hazırlayır və təsdiq olunmaq üçun cari ilin noyabr ayının
birinədək Şuraya təqdim edir;
10.1.4. Şuranın növbəti və növbədənkənar iclaslarının çağırılmasını təmin edir;
10.1.5. Büronun digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və
tənbeh tədbirləri tətbiq edir;
10.1.6. Büronun vəsaitlərinin idarə edilməsinə dair təkliflərini Şuraya təqdim edir;
10.1.7. Büronun fəaliyyəti haqqında illik hesabat hazırlayıb Şuraya təqdim edir;
10.1.8. Büronun müstəqil auditinin keçirilməsinə və müstəqil auditorun namizədliyinə dair Şuraya
təkliflər verir;
10.1.9. İştirakçıların reyestrini aparır, Büronun funksiyalarının yerinə yetirilməsi üçün onlardan lazım
olan məlumatları və hesabatları alır;
10.1.10. Qanunvericilikdə nəzərdə tutulmuş, Büroya ödənilməli olan icbari ödənişlərin – iştirak
haqlarının, təminat depozitlərinin, təqvim haqlarının və əlavə haqların uçotunun aparılmasını təmin edir;
10.1.11. Qanunvericilikdə müəyyən edilmiş hallarda iştirakçının Büroda iştirakına xitam verilməsi barədə
Şura qarşısında məsələ qaldırır;
10.1.12. Büronun funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan hallarda müstəqil ekspertlərin,
yardımçı hüquqi şəxslərin, hüquqşunasların, tərcüməçilərin və s.-in xidmətindən istifadə etmək məqsədilə
müqavilələrin bağlanmasını təmin edir;
10.1.13. Kompensasiya ödənişlərinin, o cümlədən cari öhdəliklər ehtiyatı üzrə pul vəsaitlərinin
hərəkətinin uçotunun aparılmasını təmin edir;
10.1.14. İştirakçılar tərəfindən Büroya təqdim edilən hesabat formalarının və onların təqdim olunma
qaydalarının layihəsini təsdiq olunmaq uçün Şuraya təqdim edir;
10.1.15. Büronun fəaliyyətində iştirakla bağlı öhdəliklərinə riayət etməyən iştirakçılar barəsində sığorta
nəzarəti orqanına yazılı məlumat verir;
10.1.16. Şuranın iclaslarında məşvərətçi səslə iştirak edir;
10.1.17. Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçılarını təmsil
edir;
10.1.18. Xarici ölkələrin Yaşıl Kart büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlər
bağlayır;
10.1.19. Yaşıl Kart üzrə təqvim haqlarının ödənilməsi qaydalarına dair təkliflərini Şuraya təqdim edir;
10.1.20. Yaşıl Kart blanklarının formasına dair təkliflərini Şuraya təqdim edir;
10.1.21. Cari öhdəliklər ehtiyatının formalaşdırılması ilə bağlı qaydaların layihəsini təsdiq olunması üçün
Şuraya təqdim edir;
10.1.22.Yaşıl Kart sistemində iştirakla əlaqədar müəyyən olunmuş tələblərə riayət olunmadıqda sığorta
nəzarəti orqanı qarşısında vəsatət qaldırır;
10.1.23. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini
Büronun rəsmi internet səhifəsində yerləşdirməklə mütəmadi yenilənməsini, həmçinin rübdə bir dəfə
rəsmi mətbuatda dərc etdirilməsini təmin edir;
10.1.24. Bu Nizamnamədə və ya Şura tərəfindən ona həvalə olunmuş digər səlahiyyətləri həyata keçirir.
10.2. İcraçı direktorun səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilə bilər:
10.2.1. Vəzifəsindən azad olunması barədə Şuraya ərizə ilə müraciət etdikdə;
10.2.2. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;
10.2.3. Vətəndaş qüsursuzluğunu itirdikdə;
10.2.4. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
11. İştirakçıların yığıncağı
11.1. İştirakçıların Şurada təmsil edilən üzvlərini seçmək məqsədi ilə onların növbəti və növbədənkənar
yığıncağı çağırılır.
11.2. İştirakçıların növbəti yığıncağı 5 ildə bir dəfə, növbədənkənar yığıncağı isə Şurada iştirakçıları
təmsil edən və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş üzvün yerinə yeni üzvün seçilməsi
məqsədilə istənilən vaxt Şura tərəfindən çağırılır.
11.3. İştirakçıların yığıncağının keçirilməsi barədə onlara 7 iş günü əvvəl İcraçı direktor tərəfindən yazılı
bildiriş göndərilir.
11.4. İştirakçıların yığıncağı onların yarıdan çoxunun təmsil olunduğu halda səlahiyyətli sayılır.
11.5. İştirakçıların yığıncağında hər bir iştirakçı bir səslə təmsil olunur. Səsvermə zamanı iştirakçıların
bitərəf qalmasına yol verilmir.
12. Büronun maliyyə vəsaitləri
12.1. Büronun maliyyə vəsaitləri aşağıdakılardan ibarətdir:
12.1.1. Kompensasiya ödənişlərinin verilməsini təmin etmək üçün iştirakçıların ödədiyi müvafiq icbari
ödənişlər hesabına formalaşdırılan kompensasiya ödənişlərinin ehtiyatı;
12.1.2. iştirakçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək məqsədilə Büro tərəfindən
formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba yerləşdirdikləri birdəfəlik pul vəsaiti;
12.1.3. İştirakçı sığortaçıların bağladıqları Yaşıl Kart müqavilələri üzrə daxil olan təqvim haqları;
12.1.4. Aşağıdakı mənbələr hesabına Büroya daxil olan digər vəsaitlər:
12.1.4.1. Büronun emissiya etdiyi borc qiymətli kağızları hesabına cəlb olunan pul vəsaitləri;
12.1.4.2. Büronun vəsaitlərinin idarə olunması nəticəsində əldə edilən gəlirlər;
12.1.4.3. qrantlar, ianələr və ya qanunvericilikdə qadağan edilməmiş digər mənbələrdən daxil olan
vəsaitlər;
12.1.4.4. kompensasiya ödənişlərinin verilməsi üçün çatışmayan məbləğdə alınan borc vəsaitləri;
12.1.4.5. subroqasiya hüququndan istifadə etməklə alınan vəsaitlər.
12.2. Kompensasiya ödənişləri ehtiyatlarının, o cümlədən cari öhdəliklər ehtiyatı üzrə pul vəsaitlərinin
hərəkətinin uçotu və idarə edilməsi Büronun digər vəsaitlərindən ayrı aparılır.
12.3. Kompensasiya ödənişləri ehtiyatları yalnız müvafiq olaraq kompensasiya ödənişlərinin verilməsi
məqsədlərinə istifadə oluna bilər.
12.4. Cari öhdəliklər ehtiyatının vəsaitləri Yaşıl Kart təqdim edən sığortaçının avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə məşğul olmaq icazəsinin geri alınması, ləğv
edilməsi və ya ödəmə qabiliyyətini itirməsi, habelə Yaşıl Kartın saxta hesab edilməsi halında həmin
sığortaçının Yaşıl Kartla bağlı öhdəliklərinin Büro tərəfindən icrası məqsədləri üçün istifadə edilir.
12.5. Yaşıl Kart üzrə təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən Yaşıl Kart blanklarının
çap etdirilməsinə və təbliğat işlərinin maliyyələşdirilməsinə, eyni zamanda cari öhdəliklər ehtiyatının
formalaşdırılmasına yönəldilir.
12.6. Büronun idarə edilməsinə, əmlakının alınmasına və borc öhdəliklərinin yerinə yetirilməsinə çəkilən
xərclərin məbləği Büronun illik büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına çərçivədə təmin edilir.
12.7. Büronun kompensasiya ödənişləri ehtiyyatını təmin edən likvid aktivləri kompensasiya
ödənişlərinin verilməsi üçün kifayət etmədikdə, Şura sığorta nəzarəti orqanı ilə razılaşdırmaqla, Büro
tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edə bilər.
13. Maliyyə vəsaitlərinin idarə edilməsi
13.1. Büronun maliyyə vəsaitləri Şura tərəfindən etibarlılığı, gəlirliliyi, likvidliyi və müxtəlifliyi nəzərə
alınmaqla müəyyən edilən aktivlərə investisiya edilə bilər.
13.2. Büro öz maliyyə sabitliyini möhkəmləndirmək məqsədilə üzərinə götürdüyü öhdəlikləri sığorta
etdirə bilər.
14. Büronun iştirakçıları
14.1. Büroda iştirakçı olmaq istəyən sığortaçı müvafiq icbari sığorta növünü aparmağa sığorta nəzarəti
orqanı tərəfindən verilmiş icazəyə malik olmaqla yanaşı, “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanununda müəyyən edilmiş icbari ödənişləri Büronun müvafiq hesabına köçürməli,
eyni zamanda Büroda iştirakçılıqla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə cavab
verməlidir.
14.2. Büronun iştirakçısı olmaq istəyən sığortaçı müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə
bağlı sığorta nəzarəti orqanının ilkin razılığı ifadə olunan sənədin əlavə olunduğu rəsmi müraciətini
Büroya təqdim etməlidir.
14.3. Qanunvericilikdə nəzərdə tutulmuş iştirak haqqının ödənilməsini və təminat depozitinin
yerləşdirilməsini təsdiq edən sənədlərin Büroya daxil olduğu tarixdən sığortaçı Büronun iştirakçı
sığortaçıların reyestrinə daxil edilir.
14.4. Sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası növü üzrə fəaliyyət
göstərməsi üçün Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan sığortaçıların reyestrinə
daxil edilməlidir.
14.5. Yalnız Büronun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə
yol verilir. Büronun iştirakçısı olan sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ
olan sığortaçıların reyestrinə daxil edildiyi tarixdən həmin sistem çərçivəsində fəaliyyət göstərə bilər.
14.6. Büro tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba məbləği sığorta nəzarəti
orqanı tərəfindən müəyyənləşdirilən birdəfəlik pul vəsaiti yerləşdirdiyi halda məcmu kapitalı
qanunvericilikdə müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində
fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilir.
14.7. Büro yeni iştirakçıların daxil olması üçün açıqdır. İştirakçı sığortaçılar Büronun iştirakçısı olmaq
üçün müəyyən edilmiş tələblərə cavab verən yeni iştirakçıların Büroya daxil olması barədə razılıqlarını
ifadə edir və gələcəkdə iştirakçıların buna dair xüsusi razılığının alınması tələb olunmur.
15. Büroda iştiraka xitam verilməsi
15.1. Sığortaçının Büroda iştirakına aşağıdakı əsaslarla xitam verilir:
15.1.1. İştirakçı sığortaçıya sığorta fəaliyyətinə verilmiş lisenziya dayandırıldıqda və ya ləğv edildikdə;
15.1.2. İştirakçı sığortaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş bütün icbari sığorta növləri üzrə fəaliyyəti məhdudlaşdırıldıqda.
15.2. Büroda iştiraka xitam verildiyi halda, Büro müvafiq sığortaçını iştirakçı sığortaçıların reyestrindən
dərhal çıxarır və bu barədə özünün rəsmi internet səhifəsində məlumat yerləşdirməklə, 2 iş günü ərzində
həmin sığortaçıya və sığorta nəzarəti orqanına bildiriş göndərir.
15.3. Büroda iştiraka xitam verilməsi sığortaçını xitam verilmə tarixinədək bağladığı müvafiq icbari
sığorta müqavilələri üzrə qanunvericilikdə nəzərdə tutulmuş təqvim haqlarını və əlavə haqları ödəmək
öhdəliyindən azad etmir.
15.4. İştirakçı sığortaçıya sığorta fəaliyyətinə verilmiş lisenziya ləğv edildikdə onun Büroda iştirakı ilə
bağlı öhdəliklərinin icrası həmin sığortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası tərəfindən
həyata keçirilir.
16. İştirakçıların təminat depoziti və təqvim haqları
16.1. Təminat depoziti kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri olmaqla, iştirakçının
ödəmə qabiliyyətinin olmamasına görə belə ödənişlərin verilməsi zərurəti yarandıqda ilk növbədə onun
Büroda yerləşdirdiyi təminat depozitindən istifadə olunur.
16.2. İcbari sığorta növləri üzrə təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının əsas mənbəyi kimi
Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi tarixdən bu Nizamnamənin 17.3-cü bəndinin
tələbi nəzərə alınmaqla, Büroda iştirakına xitam verildiyi tarixədək qanunvericilikdə nəzərdə tutulan
məbləğdə ödənilir.
16.3. İcbari sığorta növləri üzrə təqvim haqlarının hesablanması üçün ilk hesabat dövrü iştirakçının
Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi ayın birinci günündən növbəti ayın birinci
gününədək olan dövr hesab edilir.
16.4. İcbari sığorta növləri üzrə təqvim haqları hər ay üzrə həmin ayın son tarixindən 15 təqvim günü
ərzində Büronun müvafiq hesabına köçürülür.
16.5. Yaşıl Kart müqavilələri üzrə təqvim haqları Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət
göstərən sığortaçı tərəfindən təqvim ayı ərzində bağlanılmış Yaşıl Kart müqavilələri üzrə daxil olan
sığorta haqlarının ümumi məbləğinin 5 %-i miqdarında hər ay üzrə həmin ayın son tarixindən 15 təqvim
günü ərzində Büronun müvafiq hesabına ödənilir.
17. İştirakçı sığortaçıların əlavə haqları
17.1. Kompensasiya ödənişlərinin verilməsi üçün Büronun kompensasiya ödənişləri ehtiyatı kifayət
etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Büronun istifadə etdiyi öz vəsaiti
iştirakçı sığortaçılar tərəfindən ödənilən əlavə haqlar hesabına kompensasiya olunur.
17.2. Əlavə haqlar iştirakçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada formalaşdırılan şərti öhdəliklər
ehtiyatı hesabına həyata keçirilir.
17.3. Əlavə haqların məbləği iştirkaçının müvafiq icbari sığorta növünə aid sığorta müqavilələri üzrə son
bir il müddətində daxil olan sığorta haqlarının bütün iştirakçıların həmin növə aid sığorta müqavilələri
üzrə həmin müddət ərzində daxil olan sığorta haqlarına nisbətinə mütənasib olaraq müəyyən edilir.
17.4. Əlavə haqların ödənilməsinə zərurət yarandıqda Büro maliyyə-iqtisadi baxımdan əsaslandırmaqla
bu barədə sığorta nəzarəti orqanına yazılı bildiriş göndərir.
17.5. Sığorta nəzarəti orqanı Büronun müraciətinə əsasən əlavə haqların ödənilməsini zəruri hesab etdikdə
iştirakçılar əlavə haqları həmin orqanın müəyyən etdiyi üsullla və müddətdə Büronun müvafiq bank
hesabına köçürürlər.
18. İştirakçıların Büro ilə qarşılıqlı münasibətləri
18.1. İştirakçılar ayda bir dəfə Büroya müvafiq icbari sığorta müqavilələri haqqında Büro tərəfindən
müəyyən olunan formada hesabat təqdim edirlər.
18.2. Büro tərəfindən tələb olunduğu halda iştirakçılar müvafiq icbari sığorta müqavilələri ilə bağlı zəruri
sənədləri, o cümlədən hər bir sığortalı barədə məlumatları tələb olunduğu tarixdən 3 iş günü müddətində
Büroya təqdim etməlidirlər.
18.3. İştirakçılar müvafiq icbari sığorta müqavilələri üzrə öhdəliklərinin qanunvericiliyə və ya müqavilə
şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə mane olan və ya bunu qeyri-mümkün edən vəziyyət barədə
Büronu dərhal xəbərdar etməlidirlər.
18.4. İştirakçı tərəfindən Büronun müvafiq bank hesabına müvafiq tarixə tələb olunandan artıq məbləğdə
köçürülmüş ödəmələr qarşılıqlı razılaşma əsasında növbəti hesabat dövrünə aid edilir və ya 7 iş günü
ərzində geri qaytarılır.
18.5. Hər hansı sığortaçının Büroda iştirakına xitam verildiyi halda, onun Büroya ödədiyi iştirak haqqı,
təqvim haqları, Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətlə əlaqədar ödənilən birdəfəlik pul vəsaiti və
əlavə haqlar geri qaytarılmır.
18.6. İştirakçının ödəmə qabiliyyətinin olmamasına görə kompensasiya ödənişləri verildikdə, onun bütün
öhdəlikləri ilə bağlı belə ödənişlərin verilməsinin başa çatmasından sonra Büroda yerləşdirdiyi təminat
depozitinin bu məqsədlə istifadə olunmayan hissəsi ona qaytarılır.
18.7. İştirakçı Büroda iştirakına könüllü qaydada xitam verdikdə onun yerləşdirdiyi depozit haqqı və ya
depozit haqqının qalan məbləği bank hesabına köçürülməklə aşağıdakı müddətdə ona qaytarılır:
18.7.1. İştirakçı müvafiq icbari sığorta müqavilələrini digər sığortaçıya (sığortaçılara) ötürdüyü halda
həmin müqavilələrin tam olaraq ötürülməsi barədə əsaslandırılmış yazılı məlumatın Büroya təqdim
edildiyi tarixdən 1 ay müddətində;
18.7.2. İştirakçı Büroda iştiraka xitam verdikdən sonra müvafiq icbari sığorta müqavilələrini başqa
sığortaçıya ötürmədikdə həmin müqavilələrin sonuncusunun müddətinin başa çatması barədə
əsaslandırılmış yazılı məlumatın Büroya təqdim edildiyi tarixdən 1 ay müddətində.
18.8. İştirakçılar Yaşıl Kart sistemi üzrə fərdi, yaxud kollektiv qaydada zərərlərin tənzimlənməsini
Büroya həvalə edə bilərlər.
19. Büronun informasiya sistemləri
19.1. Qanunvericilikdə müəyyən edilən hallarda müvafiq icbari sığorta növləri üzrə məlumat
mübadiləsinin və bu sığortaların həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə Büroda vahid
elektron informasiya sistemlərinin mövcudluğu təmin edilir.
19.2. Büro tərəfindən informasiya sistemlərinin qurulması və istifadəsi ilə bağlı texniki-proqram
kompleksinin formalaşdırılması və ona texniki xidmət sığorta nəzarəti orqanının nəzarəti altında həyata
keçirilir.
19.3. İnformasiya sistemlərinin qurulması və istifadəsinin təmin edilməsi zamanı həmin sistemlərin
funksiyalarının səmərəli və vaxtında həyata keçirilməsi üçün Büro iştirakçılardan müvafiq məlumatları, o
cümlədən sığorta sirrini təşkil edən məlumatları alır. Büronun bu məqsədlə digər şəxslərdən, həmçinin
dövlət orqanlarından məlumat almaq hüququ qanunvericilikdə təsbit olunmuş həcmdə və qaydada həyata
keçirilir.
19.4. Büro ilə yanaşı müvafiq informasiya sisteminin istifadəçisi olan iştirakçı baş vermiş sığorta
hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək
imkanına malik olmalıdırlar.
19.5. Büro malik olduğu informasiya sistemlərinin başqa istifadəçilərinin də həmin sistemlərlə bağlı
qanunvericilikdə müəyyən edilmiş digər hüquqlarının həyata keçirilməsinə şərait yaratmalıdır.
19.6. çıxarılmışdır.
19.7. İnformasiya sistemlərinin istifadəçiləri həmin sistem vasitəsilə əldə etdikləri fərdi məlumatların,
habelə sığorta sirri hesab edilən məlumatların istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl
etməməyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
19.8. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət üzrə məlumat mübadiləsini və nəzarəti təmin etmək
məqsədilə informasiya sistemi qurulur və istifadəsi təmin edilir.
19.9. Büronun informasiya sistemləri ilə bağlı digər tələblər qanunvericilikdə müəyyən edilir.
20. İnformasiya sistemlərindən məlumat əldə etmək hüququ olanlar
20.1. İnformasiya sisteminin istifadəçiləri onun informasiya ehtiyatından aşağıdakı məlumatları əldə
etmək imkanına malikdirlər:
20.1.1. Sığortalılar – bağladıqları sığorta müqavilələri və həmin müqavilələr üzrə verilmiş sığorta
ödənişləri barədə məlumatlar;
20.1.2. Büronun iştirakçısı olan sığortaçılar – özlərinin bağladığı sığorta müqavilələri və öz tərəflərindən
verilmiş sığorta ödənişlərinə münasibətdə ayrı-ayrı, həmçinin ümumiləşdirilmiş məlumatlar;
20.1.3. sığorta nəzarəti orqanı və Büro – informasiya sisteminin informasiya ehtiyatında olan istənilən
məlumatlar;
20.1.4. müvafiq icra hakimiyyəti orqanı – informasiya sisteminin şamil olunduğu icbari sığorta növləri
üzrə üzərinə icbari sığorta etdirmək vəzifəsi qoyulmuş şəxslərin bağladığı icbari sığorta müqavilələrinin
mövcudluğunun təsdiqi, sığorta müqaviləsinin tərəfi olan sığortaçının adı, sığorta şəhadətnaməsinin
nömrəsi və qüvvədə olma müddəti barədə məlumatlar.
21. Kompensasiya ödənişləri
21.1. Müvafiq icbari sığorta müqavilələri üzrə nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi
aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir:
21.1.1. Sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə
bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə;
21.1.2. Üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər
vurulduqda;
21.1.3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud
olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər
vurulduqda.
21.2. Bürodan kompensasiya ödənişinin verilməsini tələb etmək və (və ya) belə ödənişləri almaq
hüququna malik olan şəxslərin kateqoriyası qanunvericiliklə müəyyən olunur.
21.3. Kompensasiya ödənişləri üzrə bu ödənişi almaq hüququna malik olan şəxslə Büro arasındakı
münasibətlərə müvafiq icbari sığorta ilə bağlı faydalanan şəxs və sığortaçı arasındakı münasibətlər üzrə
qanunvericiliklə müəyyən olunmuş tələblər tətbiq olunur.
21.4. Kompensasiya ödənişi həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni
qüvvəyə minmiş yekun qərarından sonra ödənilir.
22. Uçot və hesabatlar
22.1. Büronun mühasibat uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.
22.2. Büronun hesabat dövrü yanvar ayının 1-dən həmin ilin dekabr ayının 31-dək olan dövrü əhatə edir.
22.3. Büronun illik hesabatına növbəti ilin aprel ayının 1-dək tərtib edilir və tərtib edildiyi tarixdən 20
gün müddətində Şura tərəfindən baxılır.
22.4. Büro illik hesabatını və müstəqil auditor rəyini aprel ayının 25-dən gec olmayaraq sığorta nəzarəti
orqanına təqdim edir və özünün rəsmi internet səhifəsində yerləşdirir.
22.5. Büronun illik hesabatına aşağıdakılar daxildir:
22.5.1. maliyyə vəziyyəti haqqında hesabat;
22.5.2. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;
22.5.3. xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat ;
22.5.4. pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
22.5.5. əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər.
22.6. Büronun illik maliyyə vəziyyəti haqqında hesabatı, maliyyə fəaliyyətinin nəticələri haqqında, xalis
aktivlərdə (kapitalda) dəyişikliklər haqqında, pul vəsaitlərinin hərəkəti haqqında hesabatları müstəqil
auditor tərəfindən müvafiq rəy verilməklə təsdiq edilir.
23. Daxili nəzarət sistemi
23.1. Büronun fəaliyyətinə ümumi nəzarəti Şura həyata keçirir.
23.2. Büronun illik maliyyə-təsərrüfat fəaliyyəti Şuranın təyin etdiyi müstəqil auditor tərəfindən
yoxlanılır. Şura zəruri hesab etdiyi hallarda növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul edə
bilər.
23.3. Büronun daxili auditi Şuraya hesabat verən daxili Audit Xidməti tərəfindən aparılır. Daxili audit
xidmətinin rəhbəri və digər əməkdaşları Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
24. Əmək münasibətləri
Büroda işçilərin qəbulu və işdən azad etmə ilə bağlı məsələlər, eyni zamanda işəgötürən qismində Büro
və işçiləri arasındakı əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi əsasında
tənzimlənir.
25. Subroqasiya hüququ
25.1. Büro tərəfindən kompensasiya ödənişi həyata keçirildikdə, kompensasiya ödənişi alan şəxsin
zərərvuran və (və ya) ödəmə qabiliyyətini itirmiş sığortaçı qarşısındakı tələb hüququ həmin ödəniş
həcmində Büroya keçir.
25.2. Zərərvuranın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə bu Nizamnamənin 21.1.3-cü
maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişinin həyata keçirilməsi zamanı subroqasiya hüququ
yaranmır.
25.3. Büronun iştirakçı sığortaçısının Yaşıl Kartla bağlı yaranan öhdəliyi ilə əlaqədar Büro tərəfindən
həyata keçirilən ödənişlər məbləğində həmin sığortaçıya münasibətdə Büronun subroqasiya hüququ
yaranır.
26. Büronun məsuliyyəti
26.1. Büro qanunvericilikdə müəyyən edilmiş öhdəliklərinə görə bütün əmlakı və maliyyə vəsaitləri ilə
cavabdehdir.
26.2. Qanunvericilikdə və ya bu Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla, Büronun
iştirakçıları onun öhdəlikləri üçün, Büroda iştirakçılarının öhdəlikləri üçün cavabdeh deyildir.
26.3. Büronun idarəetmə orqanlarının üzvləri və əməkdaşları həm Büroda vəzifə tutduqları və ya
işlədikləri dövrdə, həm də həmin vəzifədən və ya işdən azad edildikdən sonra Büronun iştirakçısı olan
sığortaçıların fəaliyyəti və əməliyyatları haqqında informasiyanın, habelə öz xidməti vəzifələrinin icrası
ilə əlaqədar əldə etdikləri başqa məlumatın, həmçinin sığorta sirri hesab edilən məlumatların məxfiliyini
qorumalıdırlar.
26.4. Büro və onun əməkdaşları qanunvericilikdə müəyyən edilmiş müvafiq vəzifələrin yerinə
yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə gorə məsuliyyət daşıyırlar.
26.5. Büro Yaşıl Kart Sistemi çərçivəsində iştirakçılarının öhdəliklərinə görə öhdəlik daşıyır, iştirakçı
sığortaçılar isə Büronun öhdəlikləri üçün birgə və fərdi məsuliyyət daşıyırlar.
27. Mübahisələrin həlli
27.1. Müvafiq icbari sığorta müqavilələri üzrə sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər
kompensasiya ödənişləri ilə əlaqədar yaranan mübahisələrlə bağlı Şuraya, sığorta nəzarəti orqanına və ya
məhkəməyə müraciət edə bilərlər.
27.2. Büro ilə iştirakçılar arasındakı mübahisələrə ilk növbədə Şurada baxılır. Mübahisə ilə bağlı Şurada
qəbul edilən qərardan narazı qalan iştirakçı qanunvericiliyə müvafiq qaydada məhkəməyə müraciət edə
bilər.
28. Büronun ləğvi
Büronun ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun
olaraq həyata keçirilir.
Dostları ilə paylaş: |