Azərbaycan Respublikasının Əmək Məcəlləsi
(1 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir)
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın
əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə,
məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində:
müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial,
iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi;
Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək,
istirahət,
təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və
azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları;
Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə,
Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına
uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu
münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin,
habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən
normalar
təsbit edilir.
I bölmə. Ümumi normalar
Birinci fəsil. Əsas müddəalar
Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi
aktlar
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi:
bu
Məcəllədən;
Azərbaycan Respublikasının müvafiq qanunlarından;
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi
aktlardan;
əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək
münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin
münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların
həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu
Məcəllə») əmək münasibətlərində tərəflərin:
hüquq
bərabərliyinin təmin edilməsi;
mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;
maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və
maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması
prinsiplərinə əsaslanır.
Maddə 3. Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları
1. Müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı
olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun
və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. (
37
)
2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş
yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona
xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin
(müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
4. Əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ
hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni
mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan
işçilərin birliyi.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») –
işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin
hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
5-1. Əmək müqaviləsi bildirişi — bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş
hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam
verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra —
elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən
həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəd.
6. Kollektiv müqavilə —
işəgötürənlə, əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı
formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilə.
7. Kollektiv saziş — müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin
respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin
yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə
tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən
razılaşma.
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş
işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə
işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
10. Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək
məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə,