91
başçılığı ilə Şirvan üzərinə qoşun göndərdi. Sonuncu şirvanşah Şeyxşah ibn Şahrux
müqavimət göstərsə də, məğlub edildi. Şamaxı şəhəri, sonra isə Şirvanın vacib
strateji məntəqələri, o cümlədən dağ qalaları tutuldu, Şirvanşahlar dövləti ləğv
edildi, onun kitabxanası, xəzinəsi, silah anbarları Təbrizə daşındı. Şirvanşah
Şeyxşah öldürüldükdən sonra Azərbaycanın bu bölgəsi Səfəvi dövlətinin tərkib
hissəsinə çevrildi, Şirvan bəylərbəyiliyi adlandırıldı.
Səfəvilərin Şirvan yürüşü zamanı Şəki hakimi Dərviş Məhəmməd xan
şirvanlılara kömək göstərmişdi. Buna baxmayaraq I Təhmasib bu vilayəti dinc
yolla birləşdirməyə can atırdı. Dərviş Məhəmməd xan I Təhmasibin bacısı Pərixan
xanım ilə evləndikdə münaqişənin dinc yolla həll olunacağına ümid yarandı. Lakin
Pərixan xanımın vəfatından sonra Dərviş Məhəmməd xan I Təhmasiblə bütün
əlaqələri kəsdi. 1551-ci ildə I Təhmasib şəxsən özü böyük qoşunla Şəki üzərinə
yürüşə başladı. Şəki xanı qoşunlarını Kiş qalası, "Gələrsən-görərsən" qalası və
sığınacaqlarda (dağlardakı mağaralarda) yerləşdirərək uzun müddət müdafiə
olunacağına inanırdı. Lakin o, I Təhmasibin qoşunlarında ağır topların olmasından
xəbərdar deyildi. Bu ağır toplar döyüş əməliyyatlarında öz sözünü dedi: bir neçə
atəşlə qala divarlarında böyük dəliklər əmələ gəldi, bu dəliklərdən qızılbaşlar
qalaya hücum etdilər. Şəkililərin bütün müqavimət məntəqələri zəbt edildi, Dərviş
Məhəmməd xan döyüşdə öldürüldü. Bununla da Səfəvi dövləti ərazisində sonuncu
müstəqil feodal qurumu ləğv edildi.
Şirvan və Şəkinin Azərbaycan Səfəvilər dövlətinə tam birləşdirilməsi
Azərbaycan xalqının tarixində müsbət rol oynadı. Azərbaycanın cənub və şimal
hissələri arasında əlaqələr daha da gücləndi.
I Təhmasibin hakimiyyəti illərinə Səfəvi - Osmanlı müharibəsinin ən
qızğın döyüşləri təsadüf edir. Osmanlı sultanı I Süleyman hələ 1534-cü ildə Səfəvi
dövlətindəki hərc-mərclikdən istifadə edərək Azərbaycana hücum etdi. Ağır
döyüşlərlə geri çəkilən Səfəvi qoşunları osmanlıların qarşısını ala bilmədi və onlar
Təbriz də daxil olmaqla bir çox əraziləri talan etdilər. I Təhmasib "yandırılmış
torpaq" taktikasına əl atmalı oldu. Belə ki, geri çəkilən Səfəvi qoşunları əhalini
köçürür, ərzaq və ləvazimatları özü ilə götürür, əkin sahələrini, otlaqları yararsız
hala salır, şəhər və kəndləri dağıdır, su hövzələrini zəhərloyirdi. İrəliləyən osmanlı
qoşunu sanki səhralığa yiyələnir və tutduğu ərazidə möhkəmlənə bilməyib ərazini
tərk etməyə məcbur olurdu. Beləliklə, I Təhmasibin taktikası düşmənə Azərbaycan
torpaqlarında möhkəmlənməyə imkan vermirdi. Belə olduqda Səfəvi dövlətini
daxildən parçalamağa cəhd edən Osmanlı sultanı qiyamçı feodallara kömək edir,
lakin bütün qiyamlar şah tərəfindən qətiyyətlə yatırılırdı. Şahın qoşunları
osmanlıların müttəfiqi olan Krım xanının yürüşlərinin də qarşısını ala bildi.
Döyüşlərin gedişi zamanı hərbi islahat keçirən I Təhmasib təkcə süvari
hissələrini gücləndirmir, həm də 30 min nəfərlik daimi piyada qoşunu tərtib edib,
92
onları top və tüfənglərlə silahlandırırdı. Osmanlıları sülh danışıqlarına başlamağa
vadar etmək üçün I Təhmasib 1552-ci ildə geniş hücum əməliyyatı həyata keçirdi.
Osmanlıların Xilat, Van, Bitlis, Vostan, Muş əraziləri darmadağın edildi. 1554-cü
ildə I Süleyman Naxçıvan istiqamətində hücuma keçəndə olduqca böyük
müqavimətlə üzləşdi və geri çəkilməyə məcbur oldu. Bundan sonra o, danışıqlar
aparmaq təklifini qəbul etdi. 1555-ci il mayın 29-da Səfəvi - Osmanlı
müharibəsinin növbəti mərhələsi Amasya sülh müqaviləsi ilə başa çatdı. Sülhə
görə, Qərbi Gürcüstan və Ermənistan (Van gölü ətrafında coğrafi ərazi)
osmanlıların ixtiyarına keçdi. Bunun müqabilində dövlətin əsas ərazilərini özündə
saxlayan I Təhmasib islahatları davam etdirmək imkanı qazandı.
I Təhmasib Şərqdə baş verən hadisələrə fəal müdaxilə edir, daim ölkəsinin
maraqlarına cavab verən siyasət həyata keçirir. Cənub-şərq qonşusu Böyük Moğol
imperiyasında qanuni hakimiyyət devriləndə və yeni hökmdar Səfəvilərə qarşı
tədbirlər həyata keçirməyə başlayanda I Təhmasib 12 min qızılbaş süvarisini
Hindistana göndərmiş və nəticədə qiyam yatırılmış, qanuni hökmdar Hümayun
yenidən hakimiyyətə qayıtmışdı. Bunun müqabilində Hümayun böyük xəzinə ilə
birlikdə Qəndəhar əyalətini də Səfəvilərə bağışlamışdı. I Təhmasib dövlətin şimal-
şərq sərhədlərində Xorasana daim hücumlar edən özbək qoşunlarını məğlub
etmişdi.
Müharibələr nəticəsində Təbrizin dağıntılara məruz qalması səbəbindən I
Təhmasib 1555-ci ildə paytaxtı Təbrizdən Qəzvinə köçürür.
Amasya müqaviləsindən sonra şah ölkənin iqtisadi həyatını, ticarət və
sənətkarlığı dirçəltmək məqsədi ilə bir sıra islahatlar həyata keçirir. Ən ağır
vergilər ləğv edilir, digərlərinin həcmi azalır, vergi yığımında olan hərc-mərcliyin
qarşısı alınır. 1565-ci ildə tamğa vergisini ləğv etməklə şah sənətkarlıq və ticarətin
inkişafına yaxşı şərait yaradır. O zaman Təbriz, Şamaxı, Dərbənd, Bakı, Ərdəbil,
Ordubad, Ərəş, Culfa mühüm sənətkarlıq-ticarət məntəqələri idi. Azərbaycan ipəyi,
soyuq silahları, zinət əşyaları, parçaları Şərq və Qərb bazarlarında böyük qiymətə
satılırdı. I Təhmasibin hakimiyyəti illərində Azərbaycanda mədəniyyətin inkişafı
üçün şərait yaradılmışdı. Savadlı şəxs olan I Təhmasib özü bədii yaradıcılıq və
xəttatlıqla da məşğul olurdu. Hakimiyyəti illərində qazandığı təcrübəni o, "Şah
Təhmasibin təzkirəsi” adlı əsərində toplamışdı. Bu əsər gələcək nəsillərə öyüd-
nəsihət şəklində yazılıb, hər müddəası konkret tarixi faktlarla təsdiqlənib. Şah daim
elm və mədəniyyət xadimlərini himayə etmiş, zəmanənin on məşhur rəssam, xəttat,
nəqqaş və digər mütəxəssislərini Təbrizdə fəaliyyət göstərən "Şah kitabxanası”na
yığmışdı. Sadıq bəy Əfşar kimi rəssamlar, Aşıq Qurbani kimi aşıqlar, Həsən bəy
Rumlu kimi alimlər və başqaları məhz şah I Təhmasibin qayğısı sayəsində
Azərbaycanda elm və mədəniyyəti inkişaf etdirmişlər.
Dostları ilə paylaş: |