22
1939-cu ilin sentyabrında SSRİ Ali Sovetinin növbədənkənar IV sessiyası
“Ümumi hərbi mükəlləfiyyət haqqında” qanun qəbul etdi.
İngiltərə və Fransanın Almaniyaya müharibə elan etməsi simvolik xarakter
daşıyırdı. Belə ki, Polşaya hərbi kömək əvəzinə İngiltərə təyyarələri sentyabrın 4-
dən başlayaraq (25 sentyabra qədər) Almaniya üzərinə 18 milyon təbliğat
vərəqələri tullamışdı və İngiltərə Polşaya 8,5 milyon funt sterlinq maddi kömək
vermişdi. Almanların Polşaya hücumda istifadə etdiyi 57 güclü diviziyasına və
2000 hərbi təyyarəsinə qarşı Polşanın 31 nisbətən zəif diviziyası və 800 təyyarəsi
(bunların yarısı təyyarə meydanında məhv edilmişdi) güclü müqavimət göstərə
bilmədi və sentyabrın 17-də Polşa Prezidenti və hökuməti başçısı Rumıniyaya
qaçdılar.
1939-cu ilin 17 sentyabrında Sovet ordusu hissələri Polşanın şərqində
yaşayan ukraynalıların və belarusların yaşadıqları ərazilərə daxil oldu və həmin ilin
sonunda Qərbi Ukrayna və Qərbi Belarusiya adlandırılan bu ərazilər SSRİ
tərkibinə daxil edildi.
* * *
II dünya müharibəsinin başlanması və mərhələləri haqqında hərbi tarixçilər
arasında fikir ayrılığı mövcuddur. 1995-ci ilin 18-19 aprelində Moskvada
keçirilmiş “İkinci dünya müharibəsinin dərsləri və faşizm üzərində qələbənin
əhəmiyyəti” adlı Beynəlxalq elmi konfransda dünyanın 26 ölkəsindən hərbi
tədqiqatçılar iştirak etmişdi və bunlardan bəziləri II dünya müharibəsinin
başlanmasını İtaliya - Həbəşistan müharibəsindən (3 oktyabr 1935) hesablamağı
məqbul sayırdılar.
II dünya müharibəsinin başlanması ərəfəsində Almaniya-İtaliya-Yaponiya
dövlətlərinin bir ittifaq ətrafında birləşmələri faktiki olaraq başa çatmışdı.
Yaponiya ordu hissələri 1937-38-ci illərdə Çinin bir neçə vilayətini zəbt
etmişdi. 1938-ci ilin iyulunda Yaponiya qoşunları Xasan (Həsən) gölü ətrafında
SSRİ ərazisinə soxuldularsa da, Sovet Ordusunun əməliyyatları nəticəsində geriyə
çəkilərək həmin ilin 11 avqustunda sülh sazişi bağlamağa məcbur oldular.
1939-cu ilin 11 mayında Yaponiya qoşunları Monqolustanın Xalxin-göl
ətrafındakı ərazilərini zəbt edərək, Sovet sərhəddinə yaxınlaşdılarsa da Sovet-
Monqol hərbi qüvvələrinin birgə hücumu ilə məğlub olaraq, geriyə çəkildilər.
1940-cı ilin 27 sentyabrında Almaniya-İtaliya-Yaponiya arasında “üçlük
paktı” imzalandı. Bu pakt sonrakı hərbi əməliyyatların daha qanlı olacağını
müəyyən etdi: 1941-ci ilin 22 iyununda faşist Almaniyası Sovet İttifaqına qəflətən
hücum etdi. Həmin ilin 7 dekabrında Yaponiya donanması Sakit okeandakı ABŞ
və İngiltərə hərbi bazalarına hücum edərək, onlara böyük zərbə endirdi. Faşist
23
Almaniyası ilə öz müttəfiqlik borcuna sadiq qalan Yaponiya hökuməti Sovetlər
İttifaqı ilə olan sərhəddində bir milyon nəfərlik güclü Kvantun ordusunu
saxlamaqla Uzaq Şərqdə SSRİ-yə qarşı daim müharibə təhlükəsini yaratmışdı ki,
bu da Sovet dövlətinin faşist Almaniyası ordusuna qarşı mübarizəsini
çətinləşdirirdi.
Hərbi-tarixi ədəbiyyatda II dünya müharibəsinin aşağıdakı mərhələləri əsas
götürülmüşdür:
I mərhələ: 1 sentyabr 1939 - 21 iyun 1941-ci il
II mərhələ: 22 iyun 1941-ci ildən 8-9 may 1945-ci ilə (Almaniya faşist
ordusunun məğlubiyyətinə) qədərki dövr
III mərhələ: 1945-ci ilin 2 setyabrına (Yaponiyanın təslim olması) qədərki
dövr
* * *
II dünya müharibəsi Azərbaycan sərhədlərindən çox uzaqlarda başlansa da
neft Bakısı müharibənin ilk günlərindən böyük qorxu altında idi. Belə ki, Bakıya
bomba zərbəsi endirmək planı real bir addım kimi Qərbdə müzakirə edilirdi. Bu
tədbir onunla izah edilirdi ki, Almaniya Rumıniya ilə 1939-cu ilin martında
bağladığı müqaviləyə əsasən onun neftinə (Ploeşti rayonu) nəzarət edirdi və Bakı
neftinə də nəzarət edə bilsəydi Fransanı və İngiltərəni müharibədə də tez diz
çökdürə bilərdi.
Həmin dövrdə SSRİ ilə Almaniya arasında bir-birinə hücum etməmək
paktının (1939) bağlanması Fransa və İngiltərəni daha çox narahat edirdi. Dünya
mətbuatında SSRİ-nin Almaniyanı guya Bakı nefti ilə təmin etməsi haqqında
qərəzli yazılar da verilirdi. Bütün bu səbəblərə görə London və Parisdə Bakı neft
rayonunu bomba zərbəsi ilə sıradan çıxarmaq planı hazırlanmağa başlandı. Bu
vəzifəni Fransanın Suriyada yerləşən hərbi-hava qüvvələrinin həyata keçirməsi
nəzərdə tutulurdu. Fransa generalı Qamelen 1940-cı ilin 22 fevralında öz
hökumətinə təqdim etdiyi məruzədə qeyd edirdi ki, Sovetlər İttifaqının neftinin
75 faizini Bakı verir və onu sıradan çıxarmaq lazımdır. Geniş müzakirələrdən sonra
İngiltərə və Fransa hökumətləri bu qərara gəldilər ki, Bakıya bomba zərbəsi
endirmək əvəzinə Bakı neftinin Almaniyaya Qara dənizlə göndərilməsinə sualtı
qayıqlar vasitəsilə mane olmaq daha etibarlı və sərfəlidir. Ədalət naminə demək
lazımdır ki, Bakının bombardman edilməsi planının göstərilən digər planla əvəz
edilməsində Böyük Britaniyanın həmin dövrdəki hərbi-dəniz naziri U.Çerçillin və
Fransa generalı De Qollun mövqeləri müsbət rol oynamışlar. Həmin günlərdə De
Qoll Berlinə qarşı mübarizə əvəzinə Bakını bombardman etmək planını irəli
sürənləri “qızğın başlar” adlandırmışdı.
Dostları ilə paylaş: |