21
tarixinin XVI – XVII əsrlərinə aid qiymətli mənbə hesab olunan bu şah
əsərin hələ də Azərbaycan dilinə tərcümə olunmaması təəssüf doğurur.
Fikrimizcə bu əsərin bütövlükdə Azərbaycan dilinə tərcümə edilərək nəşr
olunmasının vaxtı artıq çoxdan çatmışdır. Bu əsərin Azərbaycan dilində
nəşri bir sıra qaranlıq məqamların üzərinə işıq salınmasına və orta əsrlər
tarixinin saxtalaşdırılmasının qarşısını alınmasına yaxından kömək
göstərə bilər. Bu cür qiymətli tarixi mənbələrin tərcümə edilərək nəşr
olunması müasir dövrdə hər iki ölkə vətəndaşlarının müştərək şanlı
tarixlə fəxr etmələrinə, iftixar və qürur duymalarına da yardımçı ola bilər.
Bundan başqa bu əsərin tərcümə edilərək nəşr olunması müasir dövrdə
Azərbaycan – Iran münasibətlərinin inkişafında, bu münasibətlərin tarixi
köklərinin geniş oxucu kütləsi tərəfindən düzgün qavranılmasına da
müsbət təsir göstərə bilər.
XVII əsrdə Səfəvilər dövləti inzibati cəhətdən vilayətlərə
bölünmüşdü. Bu vilayətlərin başında bəylərbəylər dururdu.
Bəylərbəylərin idarə etdikləri vilayətlərin sayı on üç idi: 1. Şirvan
(Ustacalı tayfasından olan əmirlər idarə edirdi); 2. Qarabağ və Gəncə
(Qacar tayfasından olan əmirlər idarə edirdi); 3. Azərbaycan (Araz
çayından cənub ərazilər) (Təkəli və Türkman tayfasından olan əmirlər
idarə edirdi); 4.Çuxursəəd (indiki Naxçıvan ərazisi, Ustaclı tayfasından
olan əmirlər idarə edirdi. Etimal olunur ki, indiki Sədərək kəndinin adı
Çuxursəəd adından götürülmüşdür-M.Z.); 5.Qəzvin; 6. Qələmrov – i Ali
şəkər (Həmədan); 7.Kuh Giluyə (Fars) (Zülqədər tayfasından olan əmirlər
idarə edirdi); 8.Kerman ( Əfşar tayfasından olan əmirlər idarə edirdi);
9.Astrabad (Qacarlar tayfasından olan əmirlər idarə edirdi); 10. Məşhəd-i
Müqəddəs-i Müəlla; 11. Herat (Şamlı tayfasından olan əmirlər idarə
edirdi); 12. Mərv – i Şahicahan; 13. Qəndəhar.(37)
Səfəvi dövlətinin tənəzülü və Nadirin özünü şah elan etməsilə
dövlətin parçalanmasının əsasını qoyan ziddiyyətlər yaranmağa başladı.
Şah II Təhmasibin qoşununda 1726 – cı ildə sərkərdə kimi fəaliyyətə
başlamış Nadir xanın komandanlığı altında qoşunlar Məşhədi
düşmənlərdən azad etməsi, daha sonra Heratı tutması onun nüfuzunu
daha da artırmışdı.
Nadir 1732 – ci ilin avqusunda şah II Təhmasibi devirərək onun
azyaşlı oğlu III Abbası şah elan etməklə real hakimiyyəti ələ keçirmişdi.
O, 1733 – cü ildə Bağdad yaxınlığında osmanlıları məğlub etdi. 1735 – ci
ilin martında Nadirin Gəncə yaxınlığındakı düşərgəsində Rusiya səfiri
Sergey Qolitsınla müqavilə imzalandı. Bu müqaviləyə əsasən Bakı və
Dərbənddən rus qoşunları çıxarıldı. 1735 – ci ilin 8 iyununda Eçmiədzin
yaxınlığındakı döyüşdə osmanlılar məğlub oldu və Azərbaycanı tərk
etdilər. Bu prosesin Z.Bünyadov və Y. Yusifovun redaktorluğu ilə 1994 –
cü ildə nəşr olunmuş "Azərbaycan tarixi" kitabında şərhi rus və sovet
taixşünaslığından fərqlənməyərək demək olar ki, onun təkrarıdır. Kitabda
22
bu barədə belə yazılmışdı: "1735 – ci ilin sonunda türk qoşunu büsbütün
Ön Qafqazdan qovuldu. Lakin bu, heç də yerli xalq kütlələrinin azadlığa
çıxması deyildi. Türk qoşununun Ön Qafqazdan qovulması ilə
Azərbaycan xalqının Iran müstəbidliyinə qarşı azadlıq mübarizəsinin yeni
dövrü başladı. Azərbaycanda Iran hakimiyyətinin bərpa olunması xalqı
yenidən Iran zülmünə düçar etdi" (s.513) Fikrimizcə Nadir şahın
mərkəzləşmiş dövləti möhkəmləndirmək istiqamətindəki fəaliyyətini bu
cür qiymətləndirmək obyektivlikdən tamam uzaqdır və məsələyə bu cür
yanaşılması səhvdir.
Nadir xan 1736 – cı ilin fevralında Muğan qurultayında özünü şah
elan etdi. Nadirin şah seçilməsini qanunuz sayan Qacar Ziyadoğlular
soyundan olan Qarabağ – Gəncə bəylərbəyləri ona qarşı çıxdılar. Onlar
iki yüz ilə yaxın irsən Xram çayının üstündəki "Sınıq körpü" ("Qırmızı
körpü") - dən Xudafərin körpüsünə kimi uzanan torpaqları, Gəncə şəhəri
də daxil olmaqla idarə edirdilər. Nadir Ziyadoğlullarına qarşı açıq cəza
tədbiri həyata keçirməkdən çəkinsə də, onların gücünü, gəlir və qazanc
mənbələrini sarsıtmağa çalışdı. O, Qazax və Borçalı əhalisini Gürcüstan
valisinin tabeliyinə verdi. Qarabağ – Gəncə bəylərbəylərinin arxası olan
Cavanşir, Otuziki, Kəbirli mahallarının əhalisini Xorasana sürgün etdi.
Qarabağın xristian (Vərəndə, Crabert, Gülüstan, Dizak və Xaçın)
məliklərini bəylərbəylik tabeliyindən çıxarıb birbaşa şah idarəçiliynə
qatdı. Tarixçi Mizə Adıgözəl bəy bu münasibətlə yazırdı: " Beləliklə,
Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri
alındığından, qol qanadları sındı və çox pərişan oldular." (38)
XVIII əsrin axırlarında Ağa Məhəmməd şah Qacarın Qarabağa və
Gürcüstana hərbi yürüşlərinin əsas məqsədi Qacarlar tayfasından olan
Gəncə xanlarının itirdikləri bu əraziləri geri qaytarmaqdan ibarət
olduğundan Qacarı işğalçı adlandırmaq tarixi saxtalaşdırmaqdan başqa
bir şey deyil.
Nadir şah hakimiyyəti ələ aldıqdan sonra mərkəzləşmiş dövləti
möhkəmləndirmiş, onun sərhədlərini genişləndirmişdir. O, 1737 - 1739 -
cu illərdə Əfqanıstana yürüş etmiş, Hindistanda Dehlini tutmuş, 1742 - ci
ildə Buxara və Xarəzmi ələ keçirmişdi.
Müharibələr, daxili çəkişmələr və üsyanlar Nadir şaha qarşı sui –
qəsdə gətirib çıxardı və o, 1747 - ci il mayın 9 - da öz sarayında
öldürüldü.
Nadir şah haqqında Kembric Universitetinin professoru Loupensi
Lokkartın 1938 – ci ildə yazdığı "Nadir şah. Ilkin mənbələr əsasında
tənqidi tədqiqat" kitabı 2005 – ci ildə N. Gözəlova tərəifndən rus dilinə
tərcümə edilərək nəşr olunmuşdur. Əsərin N. Əbdülrəhmanlı tərəfindən
azərbaycan dilinə tərcümə edilərək "525-ci qəzetin" 2005 – ci ilin aprel –
may aylarının şənbə saylarında verilməsi oxucuların Nadir şah şəxsiyyəti
haqqında dolğun məlumat əldə etməsinə kömək etmişdir.