AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU
_____________________________________________
NAİLƏ ƏSKƏR
AŞIQ NƏSİBİN YARADICILIQ YOLU
BAKI – 2016
Elmi redaktor: Qəzənfər PAŞAYEV
Filologiya üzrə elmlər doktoru, professor
Nailə Əskər. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, Elm və təhsil, 2016. − 164 səh.
Monoqrafiyada XIX əsrin sonu − XX əsrin əvvəllərində yaşayıb yaratmış Ağbaba-Çıldır aşıq mühitinin görkəmli nümayəndəsi Aşıq Nəsibin dövrü, mühiti haqqında məlumat verilmiş, aşığın həyat və yaradıcılığı tədqiq edilmişdir. Kitabda Aşıq Nəsibin zəngin poetik irsi bir çox cəhətdən araşdırılmış, haqqında söylənən aşıq rəvayətləri təhlil olunmuşdur. Monoqrafiyadan filoloqlar, tədqiqatçılar və geniş oxucu kütləsi istifadə edə bilər.
ISBN - 9-789953-810882
follorinstitutu.com
Ə 4603000000 Qrifli nəşr
N-098-2016
© Folklor İnstitutu, 2016.
GİRİŞ
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əsrlər boyu yaratdığı zəngin milli-mənəvi sərvətlərə tamamilə başqa bir prizmadan yanaşır. Bu yanaşma humanitar və sosial elmlər sahəsində ciddi deformasiyaya, ideoloji təxribata, marksist-leninçi səciyyə daşıyan əyintilərə məruz qalmış mədəni irsin, o cümlədən ədəbiyyatın əsl mahiyyətini üzə çıxarmaq, onun həqiqi və gerçək elmi və tarixi qiymətini vermək məqsədi daşıyır. Həmin fikir ədəbiyyatımızın ən qabaqcıl qollarından biri olan aşıq sənətinə də aiddir. Heç kəsə sirr deyil ki, aşıq yaradıcılığı uzun müddət sinfi nöqteyi-nəzərdən tədqiq edilmiş, xüsusilə sovet dövründə “bütün qələbələrimizin ilhamçısı doğma kommunist partiyasını, onun şanlı leninçi daxili və xarici siyasətini, sosializm quruculuğu sahəsində qazanılan misilsiz nailiyyətləri, beynəlmiləlçiliyi və xalqlar dostluğunu, sosializm yarışını” tərənnüm edən, “kolxozun işıqlı İliç lampalarını” vəsf edən bir sənət kimi təqdim və qəbul edilmişdir. Halbuki aşıq sənətinin tamamilə yeni prizmadan həm regional, həm də lokal kontekstdə tədqiqi folklorşünaslığımızın qarşısında duran ən vacib məsələlərdən biridir. Çünki aşıq mühitlərinin və məktəblərinin küll halında, ayrı-ayrı sənətkarların yaradıcılığının isə fərdi şəkildə tədqiqi bütövlükdə Azərbaycan mədəni sisteminin mükəmməl öyrənilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Bu mənada, bir sıra özünəməxsus, səciyyəvi xüsusiyyətləri ilə fərqlənən Ağbaba-Çıldır aşıq mühitinin və bu mühitin görkəmli nümayəndələrinin yaradıcılığının öyrənilməsi həm folklorumuzun, həm də konkret olaraq aşıq ədəbiyyatının gerçək elmi mənzərəsini yaratmaq üçün vacibdir. Sovet ədəbiyyatşünaslıq elmində yaşadığı dövrdən asılı olmayaraq, bütün yaradıcı şəxsiyyətlərə ucdantutma tətbiq edilən sinfi yanaşma, bolşevik inqilabından əvvəlki sənətkarlara münasibətdə “tənqidi realizm”, sovet dövründə yaşayanlara isə “formaca milli, məzmunca sosialist tipli” ədəbiyyat doktrini çərçivəsində qiymət verilməsi nəticəsində əsl ədəbi meyarlar pozulmuş, milli-mənəvi və etnik-dini dəyərlər bilərəkdən, sistemli şəkildə təhrif edilmişdir. Bütün bunları nəzərə aldıqda milli-mənəvi sərvətlərimizə yeni prizmadan yanaşmanın nə qədər aktual və vacib olduğu aşkara çıxır.
Azərbaycan ədəbiyyatının inkişafında Ağbaba-Çıldır aşıq mühitinin mühüm rolu vardır. Bu mühit özünün zəngin folkloru, özünəməxsus ənənələri və görkəmli saz-söz ustaları ilə seçilir. XIX əsrin sonu − XX əsrin birinci yarısında yaşayıb yaradan Aşıq Nəsib öz dövrünün böyük sənətkarları, o cümlədən Aşıq Ələsgər, Aşıq Şenlik, Çorlu Məhəmməd, Aşıq Balakişi və başqaları ilə birlikdə saz-söz sənətinin tərəqqisi üçün yorulmadan çalışmış, Ağbaba-Çıldır aşıq mühitinin inkişafında müstəsna rol oynamışdır. Bu mühitin zirvəsi sayılan Aşıq Şenliyin ən layiqli yetirməsi olan Aşıq Nəsib sovet hakimiyyətinə, onun banisi, “bəşəriyyətin dahi rəhbəri və müəllimi” Leninə, “ellər atası” Stalinə tərif demədiyinə, sosializmi tərənnüm etmədiyinə, Türkiyəyə və türklərə dərin rəğbət, bolşeviklərə və onların əlaltısı olan erməni daşnaklarına isə sonsuz nifrət bəslədiyinə görə diqqətdən kənarda qalmış, zəngin irsi vaxtında toplanılmadığından itib-batmışdır.
Çətin və şərəfli həyat yolu keçən Aşıq Nəsib bir el ağsaqqalı kimi həmişə öz doğma xalqının içində olmuş, sovet quruluşunu, şura hökumətinin yeritdiyi milli siyasəti kəskin tənqid atəşinə tutmuşdur. Yerli xalqın vəziyyətinin ağırlaşması, Türkiyə sərhədlərinin bağlanması və digər problemlər bir vətəndaş kimi daim onu narahat etmiş, sazı, sözü ilə bu quruluşa qarşı mübarizə aparmışdır. Təəssüf ki, bu günə qədər bu görkəmli sənətkarın adı yalnız ötəri şəkildə ümumi icmallarda çəkilmiş, onun sənəti ilə bağlı xüsusi tədqiqat işləri aparılmamışdır. Halbuki Aşıq Nəsibin dövrü, mühiti və yaradıcılığının çağdaş elmi-nəzəri tələblər səviyyəsində, sistemli şəkildə araşdırılması folklorşünaslıq elmi üçün zəruri və aktual problemdir. Bu, öz regional spesifikası və fərqli saz havaları ilə seçilən Ağbaba-Çıldır aşıq mühitinin bir sıra özünəməxsus xüsusiyyətlərinin və maraqlı məqamlarının üzə çıxarılmasına imkan yaradardı. Hazırki tədqiqat işi həmin boşluğu, qismən də olsa, doldurmaq məqsədilə yazılmışdır.
Aşıq Nəsibin ilk kitabı onun vəfatından 60 il sonra işıq üzü görmüşdür. El yaddaşından toplanan bayatılar, gəraylılar, qoşmalar, təcnislər, divanilər, müxəmməslər və aşıq rəvayətlərindən ibarət olan bu kitab aşığın yaradıcılığı haqqında dolğun təsəvvür yaratsa da, onun zəngin irsinin az bir qismini əhatə edir. Aşıq Nəsibin davamçıları Aşıq İskəndər Ağbabalı və Aşıq Paşa Göydağlı, onun irsini sevən ziyalılar və el ağsaqqalları Lətif Hüseynov, Mehbalı baba, Mahmud baba, Mansur baba, Əziz baba, Cəlil baba, İmanı baba və başqalarının dilindən yazıya alınmış, habelə bu sətirlərin müəllifi tərəfindən toplanmış şeirlər və məlumatlar, eləcə də bu böyük saz-söz ustasının həyatı və yaradıcılıq yolu haqqında qələmə alınmış elmi və publisistik yazılar tədqiqatın mənbələrini təşkil edir.
aşıq Nəsibin yaradıcılığı folklorşünaslığımızda ilk dəfə olaraq monoqrafik planda elmi tədqiqata cəlb edilir. Bununla bağlı Ağbaba-Çıldır aşıq mühitinin tarixi inkişaf yoluna nəzər salınır, bu mühitə xas olan xüsusiyyətlər, orijinal saz havaları, bölgənin tarixi-coğrafi, mədəni və etnoqrafik özəllikləri barədə məlumat verilir. Aşığın dövrü, mühiti, həyatı və müa-siri olan sənətkarların yaradıcılığının ideya-estetik keyfıyyət-ləri, əxlaqi-etik xüsusiyyətləri müqayisəli şəkildə araşdırılır, bioqrafiyası ilk dəfə olaraq elmi şəkildə işlənilir, doğum və ölüm tarixləri dəqiqləşdirilir, onun özünəməxsus yaradıcılıq yolu və sənətkarlıq xüsusiyyətləri, məhəbbət və təbiət lirikası, vətənpərvərlik şeirləri, aşıq rəvayətləri təhlil edilir. Bu rəvayətlərdə xalqın öz sənətkar övladına böyük məhəbbəti, aşığın isə öz yurduna, elinə, obasına, dilinə, dininə sevgisi əks olunur. Bütün bunlar Aşıq Nəsibin həm şəxsiyyətinin, həm də sənətinin təsdiqi sahəsində yenilik sayıla bilər.
Monoqrafiya Azərbaycanın bugünkü siyasi sərhədlərindən kənarda yaranmış mədəni irsimizin tədqiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Anadolu aşıq sənətini bir-birinə bağlayan Ağbaba-Çıldır aşıq mühitinin tanınmış nümayəndəsi Aşıq Nəsibin sənətinin öyrənilməsi sahəsində ilk addım olan bu araşdırma folklorşünaslar, filoloq-tələbələr, müəllimlər, eləcə də aşıq sənətini sevənlər üçün müəyyən maraq kəsb edə bilər. Bu araşdırmadan doğan nəticələr həmin mühitin digər saz-söz ustalarının yaradıcılığının tədqiqi üçün bir mənbə və nümunə rolunu oynaya bilər.
Bu monoqrafiyada əsas məqsədimiz sənətkar Aşıq Nəsibin həyatı, mühiti və yaradıcılığının elmi şəkildə öyrənilməsini təmin etmək, yaşadığı çətin və mürəkkəb dövrün kəşməkəşləri ilə bağlı qeyri-elmi baxışlara aydınlıq gətirmək, Ağbaba-Çıldır aşıq mühitinin özəlliklərini, bu mühitin inkişafında və zənginləşməsində onun rolunu göstərmək, şəxsiyyəti, ustadları və şagirdləri haqqında məlumat vermək, sənətinə olan biganə münasibəti aradan qaldırmaq və layiq olduğu həqiqi qiyməti vermək, itib-batmağa üz tutmuş saz havalarının yeni nəsillərə çatdırılmasında onun xidmətlərini elmi ictimaiyyətə tanıtmaqdır.
I FƏSİL
AŞIQ NƏSİBİN DÖVRÜ VƏ MÜHİTİ
Hər bir sənətkarın yaradıcılığını hərtərəfli araşdırmaq üçün onun yaşadığı dövrü və mühiti mütləq nəzərə almaq lazımdır. Çünki onun yetişməsində, dünyagörüşünün formalaşmasında, istedadının üzə çıxmasında və püxtələşməsində bir sıra başqa amillərlə yanaşı, dövr və mühit mühüm rol oynayır. Bu mənada Aşıq Nəsib də istisna deyildir. Bütün sənətkarlar kimi o da dövrünün və mühitinin yetirməsidir.
1.1. Aşıq Nəsibin dövrü
XIX əsrin əvvəllərində Osmanlı imperiyasının zəifləməsi Şərqi Anadolunun taleyində böyük fəlakətlərə səbəb oldu. 1828-1829-cu illər rus-türk savaşında Poti, Anapa, Axıska və Axılkələk Osmanlı dövlətinin əlindən çıxdı. Bu ərazidə “yerli türk əhalisinə qarşı mürtəce imperiya siyasəti yeridilir, türklərin xeyli hissəsi Türkiyəyə köçürülür, Cavaxet tərəfləri, demək olar ki, tam boşalır. Bu torpaqların Qars, Bəyazid mühacirləri hesabına kütləvi şəkildə erməniləşdirilməsinə başlanır. İlk vaxtlar otuz min, 1828-1829-cu illərdə isə bütövlükdə yüz mindən çox erməni Axıskaya yerləşdirilir” (38, 15).
Rusiyanın əsas məqsədi, Pyotrun vəsiyyət etdiyi kimi “isti dənizlərə çıxmaq”, yəni İstanbulu və boğazları ələ keçirmək, yaxud Rusiyanın nəzarəti altına almaq idi. Bunun üçün 24 aprel 1877-ci ildə Rusiya “slavyan qardaşlarını əsarətdən qurtarmaq” bəhanəsi ilə Osmanlı dövlətinə müharibə elan etdi. Müharibəyə ciddi hazırlaşan ruslar Qars, Şərqi Bəyazid və Ardahan istiqamətində hücuma başlayaraq əvvəlcə Şərqi Bəyazidi, sonra isə Ardahanı ələ keçirdilər. Bir aylıq mühasirədən sonra Qars da 1877-ci ilin 18 noyabrında düşmənə təslim oldu. Nəticədə Osmanlı dövləti ağır şərtləri olan San-Stefano sülh müqaviləsini imzalamaq məcburiyyətində qaldı. 31 mart 1878-ci ildə imzalanmış müqavilənin 13-cü maddəsinə görə “Osmanlı dövləti 1 milyon 410 min rubl məbləğində olan hərbi təzminatın bir hissəsinin əvəzinə Ardahan, Qars, Batum və Bəyazid vilayətləri ilə Dobrucanı Rusiyaya verməyi qəbul etdi” (104, 20).
Beləliklə, cənub-qərbi Qafqazın böyük bir hissəsində, eləcə də Ağbabada və Çıldırda 40 illik rus ağalığı dövrü başladı. Çarizm “rus ərazi nizamnaməsini” bəhanə edərək torpaq mülkiyyətini ləğv etdi, əhaliyə məxsus torpaqlar dövlət mülkiyyəti elan olundu. Yerli əhalinin böyük bir qisminin Osmanlı dövlətinə köçməsinə nail olan ruslar Qarsa və ətraf yerlərə xoxol, duxobor, molokan icmalarını, alman, eston, yunan, erməni, yezidi, assuri kimi qeyri-müsəlman ünsürləri yerləşdirməyə başladılar (116, 553).
1905-ci ildə Rusiyanın Yaponiyaya məğlub olmasından sonra bu bölgədə də oyanış başladı. Azərbaycanda və Krımda çap olunan qəzet və jurnallar bu ərazilərə də yayıldı. Uzun müddət “Qurani-Kərim”dən başqa heç bir ədəbiyyatın buraxılmadığı cənub-qərbi Qafqazda milli oyanış vüsət aldı. 1906-cı ildə Qarsda Difai Partiyasının, 1909-cu ildə isə, İslam Nəşri-Maarif Cəmiyyətinin şöbələri açıldı (38, 16).
1914-cü ildə I Dünya müharibəsi, həmin ilin noyabrında Rusiya ilə Türkiyə arasında ilk toqquşmalar başlandı. 1915-ci ilin yanvarında Ardahanı zəbt edən ruslar üç ay ərzində Qars və Ardahanda 40 mindən çox adamı qətlə yetirdilər, Çıldır-Gölə əhalisini isə aclığa məhkum etdilər. Buna göz yummayan Bakıdakı İslam Cəmiyyəti-Xeyriyyəsi çardan rəsmi izin alaraq apreldə əraziyə gəldi. 1917-ci ilə qədər fəaliyyət göstərən şöbə təxminən 22 min türkü ölümün pəncəsindən xilas etdi (10, 65-68).
7 noyabr 1917-ci ildə Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdi. 1918-ci ilin martında bolşeviklərin imzaladığı Brest-Litovsk müqaviləsinə görə, ruslar “Əlviyeyi-səlasə” (üç sancaq) kimi tanınan Qars, Ardahan və Batum bölgələrini yenidən Osmanlı dövlətinə verməli idi. Lakin bu müqaviləni tanımaq istəməyən daşnaklar Qars-Axıska-Şörəyel yörəsində, Ərzincan və Ərzurumda qırğına girişdilər. Onlar 1918-ci ilin mart-aprel aylarında 55 gün ərzində Qarsı, Sarıqamış və Qağızman qəzalarında yerli əhalini qılıncdan keçirdilər, Şörəyel və Zarşatda (Arpaçayda) dəmiryolu və şose kənarındakı kəndlərdə 20000-dən artıq türkü beşikdəki uşağa qədər məhv etdilər (108, 28).
Türk hərbi qüvvələri bu cinayətlərə seyrçi qala bilməzdi. Ona görə 1918-ci ilin fevralında şərq cəbhəsi açıldı. Həmin ilin mart-aprel aylarında Ərzurum, Sarıqamış və Qars türk ordusunun nəzarəti altına alındı.
Brest-Litovsk müqaviləsinə görə, xalqların öz müqəd-dəratını təyin etməsi məqsədilə 1918-ci ilin 14 iyulunda Qars, Ardahan və Batumda referendum keçirildi. Referendumda iştirak edən 87048 nəfərdən 85129-u Türkiyəyə birləşmənin lehinə, 1693 nəfəri isə əleyhinə səs verdi. Bu üç vilayət və onların tərkibində Ağbaba, Çıldır, Axıska, Axılkələk və Naxçıvan Osmanlı dövlətinə birləşməli idi (107, 17).
Sovet hökuməti və ermənilər bu referendumu kəskin tənqid etdilər. Erməni soyqırımı görünməmiş dərəcədə şiddətləndi, Bakını, Qarabağı, Şamaxını, Qubanı və digər əraziləri bürüdü. Qafqaz İslam Ordusu bu soyqırımın qarşısını almaq üçün sürətlə irəliləyərək 1918-ci ilin 15 sentyabrında Bakıya daxil oldu və müsəlman əhalini kütləvi qırğından qurtardı. Lakin qərb cəbhəsindəki uğursuzluqlar və müttəfiqlərin məğlubiyyəti Türkiyəni 10 oktyabr 1918-ci ildə Mondoros müqaviləsini imzalamağa məcbur etdi. Müqavilənin şərtlərinə görə, türk ordusunu Qafqazdan geri, 1914-cü il sərhədlərinə çəkməli, Ardahan, Qars, Batum, Axıska, Axılkələk, Ağbaba, Şörəyel və Naxçıvanı boşaltmalı idi.
Ordunun “Əlviyeyi-səlasə”dən çəkilməsi bu ərazidə yaşayan müsəlman əhalini yenidən taleyin ümidinə buraxmaq idi. Daha əvvəl rus, gürcü və erməni soyqırım və soyğunlarını yaşamış yerli əhali özünü qorumaq üçün fəaliyyətə başladı. Bu məqsədlə 29 oktyabr 1918-ci ildə Axıska hökuməti-müvəqqətəsi, həmin il noyabrın 3-də Araz-Türk hökuməti, noyabrın 5-də isə Qars İslam Şurası adlanan müvəqqəti hökumətin yarandığını elan etdi (122, 35).
Noyabrın 30-da Qars İslam Şurasının çağırışı ilə Ordubad, Naxçıvan, Qəmərli, Sürməli, Ağbaba, Şörəyel, Çıldır, Axıska və Axılkələk bölgələrini təmsil edən 60 nəfər, ikinci dəfə isə müxtəlif ərazilərdən daha 10 nəfər şəxs millət vəkili statusu ilə Qars konqresinə toplaşdı. Konqres Axıska hökuməti-müvəqqətəsi, Araz-Türk hökuməti və Qars İslam Şurası adından qətnamə qəbul etdi. “Batumdan Ordubada və Ağrı dağından Azqura qədər əhalinin əksəriyyəti türk və müsəlman olan yerlərdən Osmanlı ordusu çəkilən vaxt idarə və yurd qoruması işlərinə baxmaq üçün mərkəzi Qars olmaqla Milli Şura hökuməti qurulması yekdilliklə qərara alındı” (122, 69). Xalqı silahlı müdafiəyə hazırlamaq və xarici əlaqələri genişləndirmək üçün qərarlar da qəbul edildi. Cahangiroğlu İbrahim bəy Milli Şura hökumətinin başçısı, Kəpənəkçi Emin ağa isə onun müavini seçildi.
1918-ci ilin dekabrında türk ordusu Axıska və Axılkə-ləkdən çəkildi. Həmin ayın 4-5-də gürcülər Axıskanı, ermənilər Axılkələyi, dekabrın 8-də isə ingilislər Batumu işğal etdilər.
Milli Şura hökumətinin çağırışı ilə 1919-cu il yanvarın 3-dən 5-dək I Ardahan konqresi toplandı, vəziyyəti müzakirə edərək ən qısa müddətdə yeni konqres çağırmaq, təşkilat-lanmaq və silahlanmaq barədə qərarlar qəbul etdi (122, 79).
II Ardahan konqresi 20 bölgənin təmsilçilərinin iştirakı ilə 7-9 yanvarda toplanaraq əlavə qərarlar qəbul etdi. Bundan bir həftə sonra − 17-18 yanvarda Qarsda çağrılan konqres Cənub-Qərbi Qafqaz Respublikasının qurulduğunu elan etdi. Konqresdə 18 maddəlik konstitusiya qəbul olundu. Cahangiroğlu İbrahim bəy yenidən hökumət başçısı, Çıldırlı Əsəd bəy isə parlament sədri seçildi, 9 nazir, 4 dövlət idarəsi müdiri təyin olundu. Konstitusiya türk dilini rəsmi dövlət dili elan etdi, ağ, yaşıl, qara zəmin üzərində ay-ulduz olan dövlət bayrağını təsdiq etdi. Batumda çıxan “Sədayi-millət” qəzeti isə dövlətin rəsmi mətbu orqanı oldu.
Türk ordusu 25 yanvar 1919-cu ildə Qarsdan çəkildi. Özünü Milli Şura hökumətinin varisi elan edən Cənub-Qərbi Qafqaz hökuməti qısa müddət ərzində türk ordusundan könüllü olaraq qalan əsgər və zabitlər, habelə yerli gənclər hesabına 8000 nəfərlik ordu qurdu.
İngilis hərbi valisi Tempeley, Azərbaycan Demokratik Respublikası və Türkiyə Cənub-Qərbi Qafqaz Respublikasını tanıdılar. Lakin buna baxmayaraq, Ermənistan və Gürcüstanın hərbi təcavüzləri daha da artdı. Ordu pis silahlansa da, dinc xalqı kütləvi qırğınlardan qoruya bildi. Belə ağır şəraitdə Batumdan Ordubada qədər 40000 kvadrat kilometr ərazisi və 1 milyon 700 min nəfərdən çox əhalisi olan 34 vilayət və qəzadan ibarət bu türk respublikası təxminən 6 ay yaşadı.
12 aprel 1919-cu ildə ingilislər Qarsı işğal etdilər. İn-gilis komandanı general Tomsonun dekreti ilə parlament və hökumət buraxıldı və onun bütün üzvləri həbs olundu. Cahangiroğlu İbrahim bəy Malta adasına sürgün olundu, Cənub-Qərbi Qafqaz Respublikası və hökuməti süqut etdi (122, 156-159). İngilislər Qarsın idarəsini erməni qüvvələrinə verdilər. Ardahan və Posof isə gürcü işğalına məruz qaldı. ADR bu işğalı pisləyərək Gürcüstana, Ermənistana, Qafqazdakı ingilis komandanlığına, 1919-cu ilin avqustunda isə Paris sülh konfransının sədrinə öz kəskin etirazını bildirdi: “Qars vilayətinin belə acı taleyinə Azərbaycan Cümhuriyyəti seyrçi kimi biganə yanaşa bilməz və yanaşmamalıdır” (27, 111-115).
Cənub-Qərbi Qafqaz hökuməti yıxıldıqdan sonra Batumdan Naxçıvana qədər olan ərazidə yaşayan müsəlman əhali məhəlli Milli Şuralar şəklində təşkilatlanaraq mübarizəni davam etdirdi. Cəmi on iki Milli Şura, o cümlədən Ağbaba və Çıldır Milli Şuraları quruldu. Çıldır Milli Şurası Kamil ağanın başçılığı ilə fəaliyyət göstərirdi. Ağbaba Milli Şurasının başçısı Qars Milli Şura hökumətinin üzvü Məhəmməd ağa idi. O, əhali arasında böyük nüfuz sahibi idi. Onun səyi nəticəsində Ağbaba Milli Şurası nəzdində xalq ordusu yaradıldı, Ağbaba və Şörəyel camaatı 1918-1920-ci illərdə erməni qırğınlarından və talanlardan qurtuldu. Məhəmməd ağa İstanbula gedərək minbaşı Məhmət Əli bəyin rəhbərliyi altında bir alayın Ağbabaya göndərilməsinə nail oldu.
Andranikin atlı dəstələri Ağbabaya hücum edərkən atılan topun səsindən burada nizami türk əsgəri olduğunu anlayaraq dərhal istiqamətlərini dəyişib cənuba yönəldilər. Yolüstü Düzkənd, Şiştəpə və İlanlı kəndlərində qarşılarına çıxan insanlara divan tutdular. Ağbabanın 32 kəndinin taleyini düşünən Məhəmməd ağa ermənilərlə mütəmadi sülh danışıqları aparırdı. Danışıqlarda həmişə şəxsən özü və müşaviri qaraçantalı Hacı Əmrah iştirak edirdi. Onların erməni lideri Vağarşakla keçirdiyi danışıqlar çox səmərəli oldu və ermənilərin fəaliyyətini xeyli məhdudlaşdırdı.
Qars yenidən ermənilərin əlinə keçdikdən sonra qətliam bütün bölgəni bürüdü. Cənub-Qərbi Qafqaz hökuməti üzvlərinin əmlakı müsadirə olundu, sərvəti talandı. “Erməni hökuməti Oltuda, Gölədə, Sarıqamışda və Qaraqurddakı müsəlmanları özünə tabe olmağa məcbur edirdi. Qars ətrafında 70, Qağızman ətrafında 50 kənd və bütün Gölə ermənilər tərəfindən viran qoyuldu. Ölənlərin və yaralananların sayı on minlərlə idi. 15 mindən çox insan evsiz-eşiksiz qaldı” (115, 79). Bu qırğınların əsas bəhanəsi Qars Milli Şurasına bağlı türklərin İrəvandakı məclisə keçirilən millət vəkili seçkilərinə səs verməkdən imtina etmələri idi. Ermənilər yerli milli şuraların buraxılmasını tələb edirdilər. Bununla əlaqədar 1919-cu ilin dekabrından 1920-ci ilin fevralınadək erməni vəhşilikləri daha intensiv şəkil aldı.
General Osipyanın quldur dəstələrinin zülmündən qaçan 500-dən artıq çıldırlı və göləli müsəlman soyuqdan donaraq öldü. 2 yanvar 1920-ci ildə Qars-Gümrü dəmiryolu kənarındakı Şahnalar kəndinə hücum edən ermənilər bu kənddə 500-dən çox qadını, uşağı və qocanı qətlə yetirdilər. Qırğından qaçan 200-ə yaxın adam isə şaxtalı havada donaraq həlak oldu (27, 99).
ADR Xarici İşlər Nazirliyi Ermənistan hökumətinə qırğınları dayandırmaq üçün nota verdi. Notanın surəti İngiltərə, Fransa və İtaliya missiyalarına da göndərildi, habelə Batumda çıxan “İslam Gürcüstan” qəzetinin 4 mart 1920-ci il tarixli nömrəsində dərc olundu (27, 104). Türk ordusunun komandanı Kazım Qarabəkir paşa da 22 mart 1920-ci il tarixində erməni hərbi komandanlığına qətliamlara son qoyulması tələbi ilə nota göndərdi (126, 217).
Elə bu vaxt artıq qalib dövlətlər Osmanlı torpaqlarını işğal etməyə başlamışdılar. 16 mart 1920-ci ildə İstanbul işğal olundu və şəhərdə fövqəladə hal elan edildi, bütün hərbi və mülki idarələr nəzarətə alındı. Həmin vaxt Anadoluda olan Mustafa Kamal işğalçı qüvvələrə qarşı vuruşmaq üçün qeyri-adi səlahiyyətləri olan bir məclisin Ankarada toplanması qərarını bütün vilayətlərə elan etdi. 23 aprel 1920-ci ildə 120 millət vəkilinin iştirakı ilə Türkiyə Böyük Millət Məclisi açıldı. Mustafa Kamal paşa məclis sədri seçildi. TBMM hökumət qurmaq və qanunlar qəbul etmək səlahiyyətlərini öz üzərinə götürdü (122, 197-199).
Bu zaman ermənilər Şərqi Anadolunu ələ keçirmək üçün hərbi təcavüzü genişləndirib 12 avqustda Oltunun bəzi kəndlərini tutdular. 13 sentyabrda isə Şərqi Bəyaziddəki türk qüvvələrinə hücum etdilər. Bu vəziyyət qarşısında türk ordusu hərəkətə keçdi. Kazım Qarabəkir paşanın başçılıq etdiyi şərq ordusu 29 sentyabrda Sarıqamışı, 30 sentyabrda Göləni, 30 oktyabrda Qarsı, 7 noyabrda Gümrünü düşməndən azad etdi (129, 192-193).
17 noyabr 1920-ci ildə ermənilər sülh danışıqlarına razı oldular. Gümrüdə başlayan müzakirələr 2-3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə başa çatdı (124, 17-29). Müqaviləyə görə, 1877-1878-ci illər türk-rus savaşı zamanı itirilmiş Qars, Sarıqamış, Qulp, Qağızman, Türkmənçay müqaviləsinə əsasən İranın 1828-ci ildə ruslara verdiyi İğdır (Sürməli) Türkiyə torpaqlarına qatıldı.
Bolşevik təhlükəsindən qorxan gürcülər də sülh danışıqlarına girərək 23 fevralda Çıldırın qərb hissəsini, Ardahanı, Artvini və Batumu Türkiyəyə qaytardı. Türk ordusu martın 7-də Axıskanı, 11-də Batumu, 14-də isə Axılkələyi azad etdi.
Bu hadisələr vaxtı bolşeviklər Qafqazda hakimiyyəti ələ almışdılar. Türkiyə 1921-ci ilin 16 martında Moskva sazişini imzaladı. Bu sazişə görə, Batum, Axıska, Axılkələk və Acarıstan bölgələri Rusiyaya güzəştə gedildi, Naxçıvana Azərbaycan daxilində muxtariyyət verildi, Ağbaba nahiyəsinin böyük bir hissəsi isə Rusiya tərəfindən ilhaq edildi. 13 oktyabr 1921-ci ildə bağlanan Qars müqaviləsi ilə Moskva sazişi rəsmiləşdi, sərhədlər bugünkü vəziyyətində qəbul olundu (129, 39-47).
Bu müqavilədən ən çox zərər çəkən, şübhəsiz ki, pərən-pərən düşən Ağbaba əhalisi oldu. 1877-ci il müharibəsindən əvvəl Qarsın tərkibində Ağbabanın ümumi ərazisi 1100 kvadrat kilometrdən artıq idi. Müqavilə şərtinə görə, Ağbaba parçalandı. Ağbabanın Ermənistanda qalan ərazisində 1930-cu ildə Amasiya və Qızılqoç (sonrakı adı: Qukasyan) rayonları yaradıldı. Ağbabanın mərkəzi qismi Amasiya rayonunun payına düşdü. Amasiyadakı 32 kənddən 8-nin, yəni Mumuxan, Qoncalı, Ördəkli, Sınıx, Söyüdlü, Seldağılan, Mustuqlu, Bağçalı kəndlərinin əhalisi 1920-ci illərin əvvəllərində ellikcə Türkiyəyə köç etdi (35, 8-9). Rayonun Qızıldaş, Qıdaşen, Xançallı, Qızılkilsə, Bozqala kəndləri 1930-1940-cı illər repressiyaları zamanı xarabalığa çevrildi (33, 37). 1988-ci ildə isə Ağbabanın azərbaycanlılar yaşayan axırıncı 19 kəndi də bütünlüklə deportasiyaya məruz qaldı.
1.2. Aşıq Nəsibin mühiti
XIX əsr artıq “ozan-aşıq” keçid mərhələsinin tam başa çatdığı və aşığın musiqiçi-sənətkar kimi formalaşdığı dövr hesab olunur. Həmin dövrdə Cənubi və Şimali Azərbaycanda, Şərqi Anadoluda müxtəlif aşıq mühitlərinin çiçəklənmə prosesi uğurla davam edir, görkəmli sənətkarlar fəaliyyət göstərirdilər.
Azərbaycan aşıq sənətini yerləşdiyi coğrafiyaya, havacata, fərqli və ortaq xüsusiyyətlərinə görə on altı aşıq mühitinə bölən folklorşünas M.Qasımlı “aşıq mühiti” terminini belə izah edir: “Sənət çevrəsi kimi düşünülən “aşıq mühiti” anlayışı təkcə sənətin müəyyən ərazidəki mədəni-coğrafi məskunluğunu əks etdirmir, həm də yaradıcılıq və ifaçılıq proseslərinin bölgədaxili mənzərəsini bir kompleks halında təqdim eləyir. Bu baxımdan aşıq mühiti mürəkkəb bir kompleksdir: oraya saz-sözlə bərabər, tarixi-coğrafi çevrənin adət-ənənəsi, iqlimi, suyu, havası, təbiəti, yerli camaatın psixologiyası, aşıq sənətinə həssaslıq dərəcəsi və s. bu kimi çoxsaylı və çoxqatlı atributlar daxildir” (58, 13).
M.Qasımlının şərti olaraq “Çıldır aşıq mühiti” adlandırdığı geniş ərazi Şərqi Anadolunu və cənub-qərbi Qafqazın bir hissəsini əhatə edirdi. İstanbulda nəşr olunan “Yeni gün” qəzetində dərc olunmuş “Cənub-qərbi Qafqaz türkləri” məqaləsində həmin ərazi belə təsvir olunur: “XVI-XIX yüzilliklərdə Osmanlı dövləti idarəsində olan cənub-qərbi Qafqaz məkan olaraq təxminən Qars, Ardahan, Çıldır, Ağbaba, Batum, Axıska, Axılkələyin qərb hissəsi, Şörəyel, Eçmiədzin və onun cənub-qərb hissəsi, İrəvanın cənubu, Naxçıvan, Qağızman və Oltu sancak və qəzalarından ibarət coğrafi bir ərazidir” (103).
“Çıldır aşıq mühiti”nin sərhədlərini dəqiqləşdirən M.Qasımlı yazır: “XIX-XX yüzilliklər ərzində Çıldır mahalı üç bölümdən ibarət olmuşdur:
1. Mahalın Şərqi Anadoluda – Türkiyə ərazisində qalan və indi də “Çıldır” adını daşıyan hissəsi;
2. Ermənistana qatılan Ağbaba və Qızılqoç kəsimi. Bunlar sonradan Amasiya və Qukasyan rayonları adlanmışdır;
3. Gürcüstana qatılan və “Mesxet-Cavaxetiya” adı verilən bölüm” (58, 204).
Bunlardan Gürcüstana qatılan bölümdə hələ çarizm dövründə çoxlu gəlmə erməni yerləşdirilmiş, yerli əhalinin əksəriyyəti hər vasitə ilə sıxışdırılaraq Türkiyəyə köçməyə məcbur edilmiş, bir hissəsi isə repressiya zamanı Qazaxıstana sürgün edilmişdir. Ona görə də Ağbaba-Çıldır aşıq mühiti son 70 ildən bəri faktiki olaraq Çıldır qəzasından və Amasiya rayonundan ibarət olmuşdur. Coğrafi baxımdan Amasiya rayonuna onun dağlıq qismi olan Ağbaba ilə yanaşı, Şörəyelin 1989-cu ilə qədər azərbaycanlılar yaşayan kiçik bir qismi də (Daşkörpü, Amasiya, Qaraçanta, Mağaracıq, Çaxmaq, Oxçoğlu və Aşıq Nəsibin doğulub yaşadığı Güllübulaq kəndləri) daxildir.
Bölgə cənub-qərbdən Qars, şimaldan Axıska-Axılkələk, cənubdan Gümrü, şərqdən isə Borçalı ilə əhatə olunur. Dəniz səviyyəsindən 1000-1500 metr yüksəklikdə yerləşən Ağbaba-Çıldır bölgəsi öz təbii gözəlliyinə, zəngin flora və faunasına görə seçilir. Burada başı daim qarlı Kiçik Qafqaz dağları göz işlədikcə uzanıb gedir, kiçik meşələr və pöhrəliklər, dərin dərələr, mənzərəli vadilər, geniş ovalıqlar, sərin yaylaqlar, coşqun və göz yaşı kimi dumduru dağ çayları – Arpa çayı, Möküz, Qaraxan və Lalaxan çayları, Çıldır və Arpa gölləri, diş göynədən buz bulaqlar bölgəyə xüsusi yaraşıq verir.
Bölgə heyvandarlıq üçün çox əlverişlidir. Əhali mayın sonundan etibarən mal-qara ilə yaylaqlara qalxır, oktyabrın ortalarına qədər orada qalır, bol süd-ağartı məhsulları tədarük edir, ilk qar düşməzdən əvvəl geri qayıdırdı. Bölgədə düzəldilən baş pendir, xüsusilə motala qoyulan üzlü və çeçil pendiri, şor, lor, qurud, sapsarı may(ıs) yağı və zəyrəkdən alınan bəzir yağı çox məşhur idi. Qış fəsli sərt və uzun olduğuna, təqribən iki metr qalınlığında qar yağdığına, yaxındakı şəhərlərə gediş-gəliş çətinləşdiyinə görə əhali qış üçün əvvəlcədən xüsusi ərzaq ehtiyatı görür, anbarları unla, bidonları yağla, iri küpləri qoç və cöngə qovurması ilə doldurur, kifayət qədər kartof, soğan və digər ərzaq məhsulları alır, əvəlik toplayır, əriştə kəsir, duz, bulğur və yarma döyür, çaşır, qımı, kələm turşusu qoyur, pomidor, xiyar, badımcan tutması, itburnu və giləmeyvə kompotları tədarük edirdi. Mal-qarası üçün kifayət qədər ot-ələf yığan əhali payızda xeyir işlərini görür, toy-düyün edir, qışda isə dincəlirdi.
Bölgədə çox canlı və koloritli milli həyat yaşanır, adət və ənənələr ciddi şəkildə qorunurdu. Toy, nişan, dini və milli bayramlar, xüsusilə Novruz, Qurban bayramı və məhərrəmlik, eləcə də yas mərasimləri adətə, yerli əhalinin dili ilə desək, görənəyə uyğun həyata keçirilirdi. Kosa-kosa, qaravəlli, dirədöymə, aşıqsalma, çilikağac, beşdaş və digər oyunlar oynanır, uzun qış gecələrində babalar və nənələr nağıl, aşıqlar dastan söyləyirdi.
Ağbaba-Çıldır bölgəsinin etnoqrafik baxımdan son dərəcə zəngin və milli olan həyatı məişətdə və geyimdə də özünü göstərirdi. Əsasən qovurma, buğlama, soyutma, qızartma, bozartma, qurudlu xəngəl, xəşil, çəkməcə, döyməc, bulamac, əriştə plovu, kələcoş və sair ləziz, kalorili yeməklər, ümumən şərbət adlanan kompotlar, ayran, atlama və ovdux süfrələrin bəzəyi idi.
Sovet dövrünə qədər kişilər başlarına buxara papaq qoyur, arxalıq geyinir, bir qayda olaraq, qurşaq bağlayır, ayaqlarına yun corab, dolaq və çarıq, varlılar isə vəznəli çuxa və xrom çəkmə geyinirdilər. Qadınların geyimi də çox maraqlı və orijinal idi. Yaşından asılı olmayaraq, bütün evli qadınlar başlarına qızıl pərəkli dingə qoyur və gülbəngi (kəlağayı) örtür, naxışlı köynək, bafta, zər və güləbətin işləməli qöcük (nimtənə), kofta, yeddi taxta gen ətəklik geyinir, bellərinə gümüş kəmər bağlayırdılar. Bölgənin milli həyatı əsrlər boyu beləcə davam edirdi.
Bölgənin zəngin və bənzərsiz folkloru vardı. Şəyatin, fəriştə, şeşə, damdabaca, hal anası və digər mövzularda mifoloji və əsatiri hekayələr, holavarlar, vəsfi-hallar, Novruz mərasimləri, xüsusilə Xıdır İlyasla bağlı inam və etiqadlar, qorxulu nağıllar, müdrik atalar sözləri, gülməli lətifələr, yanıqlı bayatılar, nanay və tırınqılar, maraqlı aşıq rəvayətləri dillər əzbəri idi. Bu mühitdə müxtəlif dövrlərdə Xəstə Hasan (1760-1840), Şörəyelli Əfkari (XIX əsr), Aşıq Şenlik (1850-1913), Aşıq Məhərrəm (XIX əsr), Aşıq Zülali (1873-1959), Aşıq Qulu (XIX əsr) kimi məşhur saz-söz ustaları yaşayıb-yaratmışlar. Həmin mühitin Ağbaba qismində də neçə-neçə tanınmış saz-söz sənətkarı yetişmişdir. “Ağbabalı Şirəkli Həsən, Aşıq Qərib Həsən, Sofu Baba, Dədə Dərbədəri, Sofu Dədə, Qoca Əli, Şahverdi Qarapapaqoğlu, Aşıq Nəsib, Çorlu Məhəmməd, Aşıq Məhəmməd, Aşıq Heydər, Yetim Tapdıq, Yetim Əsgər, Xəstə Zərnişan, Gülüstan, Aşıq İsgəndər Ağbabalı, Aşıq Paşa Göydağlı kimi el sənətkarları Ağbabanın sazını-sözünü eldən-elə, dildən-dilə salıb yaşatdılar” (21, 17).
Təəssüf ki, bu zəngin aşıq mühitinin sənət tarixi, özünəməxsus xüsusiyyətləri Azərbaycanda olduqca az öyrənilmiş, Türkiyədə isə kifayət qədər tədqiq edilməmişdir. Düzdür, Türkiyədə çıxan bəzi ensiklopedik nəşrlərdə və araşdırmalarda (127, 55; 112, 879-880) Ağbaba-Çıldır mühitinin Çıldır qismində yaşamış sənətkarlar barədə məlumatlar verilmişdir.
Bölgəyə biganə münasibətin iki başlıca səbəbi vardır. Birincisi, Ağbaba-Çıldır aşıq mühiti Azərbaycandan təqribən 900 kilometr uzaqda yerləşir. İkincisi, bu bölgə tam 40 il, yəni 1878-1918-ci illərdə Türkiyənin deyil, çar Rusiyasının tərkibində olmuş, 1920-ci ildən isə onun Ağbaba qismi əvvəlcə Sovet İttifaqının, 1991-ci ildən sonra Ermənistanın ərazisinə qatılmışdır. SSRİ ilə Türkiyənin ayrı-ayrı siyasi, ideoloji və hərbi bloklara mənsub olması, sosial-mədəni münasibətlərindəki gərginlik bölgənin diqqətdən kənarda qalması ilə nəticələnmişdir.
Ağbaba-Çıldır aşıq mühitinin tanınmış nümayəndəsi Aşıq Nəsib özündən əvvəl yaşamış bütün saz-söz ustalarının yaradıcılığını dərindən mənimsəmişdir. Bu aşıqlar arasında Xəstə Hasanın xüsusi yeri var. O, 1760-cı ildə Axılkələyin Dırqına kəndində anadan olmuş, 1840-cı ildə orada vəfat etmişdir. Xəstə Hasan Şərqi Anadoluda aşıq sənətinin inkişafında misilsiz rol oynamış, neçə-neşə aşığın ustadı olmuşdur. Rusiya və Osmanlı dövlətləri arasında imzalanmış Ədirnə müqaviləsindən (1829) sonra yerli əhalinin sıxışdırılması, köçməyə məcbur edilməsi nəticəsində Xəstə Hasan də öz həmkəndliləri ilə birlikdə 1831-ci ildə Axılkələyin Lebis kəndinə köçmüşdür. Burada təmsil etdiyi aşıq mühitinin adlı-sanlı davamçısı Aşıq Nuruya ustadlıq etmişdir. O, dövrünün görkəmli sənətkarlarından olan Qul Qarani, Usta Polad, Ömər, İrfani, Səfili ilə deyişmiş, onlarca ustadnamə, divani, təcnis, qoşma və bir neçə dastanın müəllifi kimi şöhrət tapmışdır.
Xəstə Hasan özündən sonra gələn bir çox aşıqlara güclü təsir göstərmişdir. Onun çox axıcı, səmimi və ürəyəyatan şeirləri müəllifin dərin istedadından xəbər verir:
Mən Xəstəyəm, oxuyardım, yazardım,
Qəvvas olub dəryalarda üzərdim.
Çarx misalı bu dünyanı gəzərdim,
Neynəyim, tutmayır bu dizim mənim (16, 190).
“Oğuz elindən − ozan dilindən” kitabında Xəstə Hasan haqqında oxuyuruq: “O, Ağbaba, Axıska, Borçalı və Türkiyədə ad-san çıxarmış məşhur aşıqlardan olmuşdur. Batum, Əsmincə, Abastümən və İrəvan vilayətlərində ağır toylar aparmışdır. Onun əsli-soyu Axıska türklərindəndir. Aşığın adı ilə bağlı xəstəhasanlar tayfası da başqa axıskalılar kimi 1944-cü ildə Qazaxıstana sürgün edilmişdir. 1970-ci illərdə bir neçə dəfə Qazaxıstanın Talqar şəhərinə səfər etmiş Aşıq İskəndər Ağbabalı Xəstə Hasanın 85 yaşlı qızı ilə görüşmüş, nəvə və nəticələri ilə söhbət etmiş, Xəstə Hasandan xeyli məlumat toplaya bilmişdir” (81, 78).
Xəstə Hasanın müasirləri olan və ondan sonra yaşamış bütün aşıqlar onu özlərinə ustad hesab etmişlər və heç bir mübaliğəyə yol vermədən, demək olar ki, onların hamısı Xəstə Hasan yaradıcılığının təsirində qalmışlar. Onun Aşıq Şenlik üzərindəki təsiri də çox böyükdür. Bu təsir Şenliyə Xəstə Hasanın şəyirdi Aşıq Nuru vasitəsi ilə keçmişdir. Aşıq Nuru öz ustadını məhəbbətlə sevmiş və ondan əxz etdiklərini sevə-sevə şəyirdlərinə öyrətmiş, onun şöhrətini ətraf bölgələrə yaymış, unudulmağa qoymamışdır.
Aşıq Şenliyin Aşıq Nuruya şəyird olması haqqında maraqlı bir rəvayət var. E.Aslan bu barədə yazır ki, Şenlik öz doğma kəndi Suxaradan Axılkələyin Lebis kəndinə gəlir, Aşıq Nurunun evini soraqlayıb tapır və qonaq olur. Nurunun evdə olmadığını görüb divardan asılmış sazı götürür, bu günə qədər əlinə heç saz almadığı üçün sazı kökdən salır, bir neçə telini də qırdıqdan sonra təkrar yerindən asır.
Bir azdan Aşıq Nuru gəlir. Şenlik özünü təqdim edir və ondan saz çalmağı öyrənmək istədiyini deyir. Nuru Şenliyin şöhrətini eşitmişdi, lakin ilk dəfə görürdü. “Ay bala, yoxsa o Çıldırda başına soyuq dəyən, haqq aşığı dedikləri gədə sənsən?” deyə soruşanda Şenlik yalnız “bəli” deyir. Aşıq Nuru qalxıb sazını köynəyindən çıxaranda baxır ki, sazdan əsər-əlamət yoxdur. Şenliyin üzünə baxaraq “İndi məni yaxşı dinlə, əgər arxamca gələ bilsən, sənə saz çalmağı öyrədəcəyəm. Yox, əgər cavab verə bilməsən, gəldiyin kimi geri − Çıldıra qayıdarsan” deyib ustadı Xəstə Hasanın bir divanisini söyləyir:
Abi-çeşmim göllərində sona da bir, qaz da bir,
Süsən, sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
Vaqif dərddən xəbərdardır, Gövhərin qiyməti yox,
Qul Qarani, Qara Zülal, Aşıq Ömər sözdə bir.
Xəstə Hasanın bu sözlərinə Şenliyin verdiyi cavab belədir:
Dəli könül abdal olmuş, qış da birdi, yaz da bir,
Dolanır bağı, səhranı, çöl də birdi, düz də bir.
Könül arar sevgisini, düşmüşəm ahu-zara,
Bütün dünya mənim olsa, çox da birdi, az da bir.
Beləliklə, Şenlik Xəstə Hasanın üç qitə sözünə uğurla cavab verdikdən sonra sənətkarlıq qüdrətini və hazırcavablıq qabiliyyətini bu məşhur saz və söz ustadına sübut etmiş olur. Şenlik Aşıq Nurunun yanında bir müddət qalıb saz çalmağı öyrəndikdən sonra kəndinə qayıdır (96, 16).
Çox sonralar Aşıq Şenlik özü ustad aşıq olduğu vaxt sanki tarix təkrar olmuş, bu dəfə Aşıq Nurunun oğlu Balakişi saz və söz öyrənmək üçün Lebis kəndindən Suxaraya, atasının keçmiş şəyirdi Aşıq Şenliyin yanına gəlmişdir.
Maraqlıdır ki, Aşıq Nəsibin oğlu İshaqın da yaxşı təbi olmuşdur. Atası öləndən sonra aşıqlıq sənətini dərindən öyrənmək üçün atasının yaxın dostu Aşıq Balakişinin yanına getmiş, kim olduğunu bildirmiş və şəyirdliyə başlamışdır. Lakin elə həmin vaxtlar Axıskadan yerli əhalini Qazaxıstana sürgün etmişlər və İsaq öz kəndlərinə qayıtmaq məcburiyyətində qalmışdır.
Aşıq Şenlik öz sənəti ilə Azərbaycan və Anadolu aşıqları arasında körpü rolunu oynamış, bu iki bölgənin ortaq xüsusiyyətlərini və özəlliklərini özündə birləşdirmişdir. Aşıq Şenliyin Qars-Gümrü və Borçalı aşıq məktəbinə mənəvi bağlılığı və təsiri inkarolunmaz bir həqiqətdir.
“Böyük türk klassikləri” ensiklopediyasında Aşıq Şenlik haqqında oxuyuruq: “Bəzi qaynaqların doğum tarixini 1848 və ya 1853-cü il olaraq verdiyi aşığın əsl adı Hasandır” (98, 219). Aşığın təvəllüd tarixini qarışdırsalar da, onun 1913-cü ildə vəfat etdiyi dəqiq məlumdur və öləndə 63 yaşında olduğu bilinir. Bütün bunları nəzərə alaraq, bir çox mənbələrə və aşığı şəxsən tanıyanların sözlərinə görə, onun doğum tarixi 1850-ci il olaraq qəbul edilmişdir.
Aşıq Şenlik çoxlu divani, qoşma, ayaqlı qoşma, təcnis, cığalı təcnis, bayatı və digər janrlarda əsərlər yaratmışdır. O, dövrünün ağsaqqalı olmuş, Şərqi Anadolunun üç vilayətinin rusların əlində olduğu zaman vətənə sevgi, düşmənə nifrət ruhunda şeirlər yazaraq xalqı qələbəyə səsləmişdir.
Ağbaba-Çıldır aşıq mühitinin zirvəsi olan Aşıq Şenlik bir çox saz havalarının yaradıcısıdır. Onun yaratdığı “Çıldır divanisi”, “Dəli hicranı”, “Çıldır gözəlləməsi”, “Çıldır çuxurbaşı” və başqa havalar Aşıq Nəsib tərəfindən qorunmuş və şəyirdləri vasitəsilə günümüzə qədər gəlib çatmışdır. On iki simli sazda yaradılan Çıldır saz havaları ənənəvi olaraq üç kök üstündə (şah pərdə, baş pərdə, orta pərdə) ifa olunmuşdur. Çox təəssüf ki, bu havaların xeyli hissəsi unudulmuş, yaddaşlardan silinmişdir. Ümumiyyətlə, Ağbaba-Çıldır aşıq məktəbinin saz havaları başqa mühitlərin havalarından fərqlidir. Aşıq Nəsib bu havaları yaşadıb mühafizə etmiş, özü də bir neçə hava yaratmış, bunlardan birinin adını bir şeirində çəkmişdir:
“Baharı” qaldı Bahardan,
Ürəyimdə bir sim oldu.
Caduladı dərdim məni,
Bir qırılmaz tilsim oldu (13, 16).
Aşıq Nəsib Ağbaba-Çıldır havalarının taleyindən o qədər narahat olmuşdur ki, onları qorumaq və gələcək nəsillərə çatdırmaq üçün ağlagəlməz üsullara əl atmışdır. Aşıq İskən-dər Ağbabalının xatirələrində oxuyuruq: “Bir gün ustadım qaragözdü Quranı qavağıma qoyuf, maa Qurana əl basdırıf and işdirdi ki, Çıldır havalarını kişi kimi qoruyuf saxlayacaxsan. Mən də and işdim. İndi o vaxtdan çox keçif, ustad da rəhmətə getdi, mən də qocaldım, əmbə o andı unutmadım, öz havalarımızı sazımda, sözümdə yaşatdım. Əlbət ki, bu elə böyüh şey dəyil, əmbə gördüyüm iş budu” (12, 179).
Aşıq İskəndər Ağbabalı Çıldır aşıq havaları haqqında dəyərli bilgilər verərək onları belə xarakterizə edir: “Bizdərdə Çıldır aşıq havaları geniş yayılıf. Ona görə ki, uzun müddət Ağbaba, Qars, Çıldırnan Axılkələh Çıldır addanıf, buraya Çıldır qəziyəsi də deyiflər. Çıldır havalarının çoxu yanıqlı, həmi də yaralıdı. Çünki vaxtıynan dədə-bavalarımızın başdarına o qədər işdər gəlif ki... Həmi də bu yerrərdə müharibələr az olmuyuf. Camahat orya-burya köşsə də, ara səngiyən kimi yenidən öz yerinə-yurduna qayıdıf, həyə, Çıldır havaları yaralı havalardı, əmbə Çıldır deyəndə burda Aşıx Şennih başda gəlir. Çünki onun xeylax havaları var, həmi də o, Çıldırda çox tanınmış adam oluf, böyüh hörmət qazanıf. İndinin özündə də çox yerrərdə ona böyüh hörmət-möhübbət var. Aşıx Şenniyin “Çıldır təcnisi”, “Çıldır qaytarması”, “Ağbavayı”, “Xoşdamağı”, “Dəli hicranı” kimi saz havaları var. Bunların içində “Xoşdamağı” çox yaxşı havadı. Həmi oynax, həmi şux, həmi də adama ruh verən havadı. Rəhmətdih Şennih bu havıyı cavan vaxtdarında səvgisinin görüşünə gedəndə yaradıf. “Dəli hicranı” saz havasında oxumax çətindi, güjdü səs lazımdı. Bəzi aşıxlar bu havıyı bilmillər. Var “Hicranı”, “Dol hicranı”, bir də “Dəli hicranı”. Həyə, yaralı havalardan biri də “Çıldır atüstü”südü. Bu hava ellər arannan yaylağa köçən vaxtınnan qalıf, əmbə illər keşdikcə yanğılığı, yaralı olmağı artıf. Çıldır aşıx havalarının içində gözəlləmələr də az dəyil. “Qars gözəlləməsi”, “Ağbaba gözəlləməsi”, “Şörəyel gözəlləməsi”. Əmbə dədələrimizin addarıynan addanan havalar da var. “Daşdanoğlu”, “Summanı”, “Aşıroğlu”, “Bayramı”, “Qaraça”, “Urfanı”, “Ruhani” (12, 175).
Ağbaba-Çıldır aşıq mühiti öz regional spesifikası ilə seçilən qədim saz havalarını və onların yüksək professionallıqla ifasını əsas sənət keyfiyyəti kimi yaşatmışdır. Bu havaların özünəməxsusluğunu və bənzərsizliyini xüsusi mühafizəkarlıqla qoruyan aşıqlar onları muğam sənətinin təsirlərindən aralı tuta bilmişlər.
Ağbaba-Çıldır saz havaları haqqında dərin məlumatı yenə də bu mühitin ən son nümayəndələrindən hesab olunan Aşıq İskəndər Ağbabalıdan alırıq: “Onu da deyim ki, indi çoxu “Qaracı”ya (“Qaraca”ya – N.Ə.) “Qaraçı” deyir, bu, düzgün deyil. Qaracaoğlunundu. O, bu havıyı atası Qaracanın adıynan addandırıf. Aşıx Qaraca böyüh el şayırı, aşıx oluf, əmbə sözdərinnən az qalıf. “Ruhani” saz havasını Aşıx Ruhani, “Urfanı”yı Xoca Süleyman Urfanı yaradıf. İndi “Keşişoğlu” deyilən havanın əsli adı “Süründürmə”di, yaradanı Aşıx Summanıdı, “Sarıyaylıx” havası çox qədim havalardandı. Bu haxda bir nağıl da var. Deyilənə görə, bu, ayrılıxdan yaranıf. “Çalpapax”, “Diyarbəkiri”, “Köşəbaşı”, “Güləndamı”, “Dərbədəri” kimi saz havalarımız da var. Əmbə bir çox havalarımız var ki, bunnar göy havaları, səmavi havalarıdır. Bu havaları oxuyanda aşıx cuşa gəlir, üzünü göyə tutur. Belə havalar “Ruhani”, “Urfanı”, “Osmani divanisi”di. Ayrı-ayrı yerrərnən bağlı havalarımız da var. Məsələn, elə “Otalı qızı”. Bu havıyı Aşıx İsmayıl Aralıxlı Ota kəndində yaradıf. Elə havalar var müəyyən əhvalatnan bağlıdı, bir şeyi bildirir. Elə götürəh “Köşəbaşı”nı. Bu hava, necə deyəllər, aşığın özünün özünə hesabatıdı. Əmbə elə havalar var, adı bir olsa da, sayı xeylaxdı. Elə bunnardan biri nanaylardı. Nanaylar bir neçə cürdü. Var “Gəlin nanayı”. Bunu az adamlar bilir. Var “Yar nanayı”, Novruz bayramında oxunur, var “Payız nanayı”. Havalardan “Zarıncı”, “Ağbava zarıncısı” maraxlı havalardı. “Ağvaba zarıncısı” Aşıx Qərif Hasanındı, onun bir “Qərivi” havası da var, çox qəmli havadı. “Zarıncı”yı həmişə canınızdan, canımızdan irağ, ölən aşığın üstə çalallar, sonra sazı ölünün tabutuna qoyallar, əmbə ölü məzərə qoyulmamış sazı onun yanınnan götürəllər. Bu, bir qayda, bir qanun oluf. Maraxlı havalardan biri də “Qəza nişanı”dı. Onu da deyim ki, ustadım Aşıx Nəsivin də bir neçə havası var. “Baharı”, “Şörəyel gözəlləməsi”, “Tərcümanı”, “Şörəyeli”. Qədim havalarımızdan yadda qalanı az oluf. Beləsinnən biri “Qurdoğlu”du. Əmbə yaşdıların deməyinə görə, qabaxlar bizlərdə “Sofu havaları” deyilən maraxlı havalar oluf. Bu havaları dərvişdər də, qələndərrər də oxuyallarmış, əmbə bizim əlimizə gəlif çatmayıf” (12, 176).
Ağbaba-Çıldır aşıq mühitini öz lokal-regional spesifikası ilə xüsusi seçilən, lokal çevrədə özünəməxsus sənət elementlərinə malik zəngin ocaqlardan biri kimi səciyyələndirən H.İsmayılov bu mühitin saz havalarının bir qədər Göyçə, Borçalı havalarına bənzədiyini, daha çox Urmiya havalarına yaxın olduğunu göstərir. O, əlavə olaraq “Çıldır zinharısı”, “Çıldır çuxurobası”, “Sarı yaylıq”, “Ağbaba gözəlləməsi”, ”Çıldırı” kimi saz havalarının, sufi havalarından “Ağam hey”, “Göy atlı”, “Sirri-sübhan”, “Rəhmanı”, nanaylardan “Ota nanayı”, “Aşıq Tüccarın nanayı” havalarının adını çəkir (13, 3).
Yekun olaraq demək olar ki, təqribən 40 orijinal saz havasına sahib olan, “Borçalı və Qars mühitləri arasında yerləşən Çıldır aşıq mühiti özündə həm Azərbaycan, həm də Anadolu aşıqlığının özəlliklərini cəmləşdirir. Ümumi nisbətdə Azərbaycan aşıq sənətinə məxsus xüsusiyyətlər-ifa tərzi və repertuar şəbəkəsi daha qabarıqdır. Təksazlı ifaçılığa əsaslanan bu mühit aşıqlaşmış ozanlar qrupuna daxildir. Bardaş qurub oturaraq çalıb-oxumaq ənənəsi də Çıldır aşıqlarının ifaçılığında müəyyən yer tutmuşdur” (58, 204).
Ağbaba-Çıldır aşıq mühiti bu gün, təəssüf ki, öz bütövlüyünü itirmişdir. Bu mühitin Gürcüstana qatılan və hazırda “Mesxet-Cavaxetiya” adlanan bölümü təxminən 70 il bundan əvvəl türklərin Orta Asiyaya və Qazaxıstana sürgün edilməsi və amansız repressiyalar nəticəsində tam tənəzzülə uğramışdır. Həmin mühitin Ermənistana qatılan Ağbaba kəsimi 20 il əvvəl baş verən deportasiya nəticəsində zor gücünə dağıdılmış, ağbabalı aşıqlar Azərbaycanın müxtəlif guşələrinə səpələnmişlər.
Mahalın Türkiyə ərazisində qalan və indi də “Çıldır” adını daşıyan hissəsi isə Anadolu aşıq sənətinə uyğunlaşmışdır (96, 21). Ona görə də bu gün bir küll halında Ağbaba-Çıldır aşıq mühitindən deyil, yalnız Çıldır aşıq mühitindən danışmaq mümkündür.
Belə bir qaynar mühitdə yetişib formalaşmış Aşıq Nəsibin həyatına və yaradıcılığına gəlincə, onun sovet hakimiyyətinə və erməni daşnaklarına qarşı sonsuz nifrəti, sosializm quruluşuna qarşı mənfi, hətta düşmən mövqeyi bu sənətkarın əsərlərinin nəinki yazılı, hətta şifahi təbliğinə, nəşrinə icazə verilməməsinə gətirib çıxarmışdır. Ona görə də bəzi istisnalarla Aşıq Nəsib haqqında olduqca az yazılmış, onun zəngin irsi toplanmamış, yaradıcılığı araşdırılmamışdır.
Dostları ilə paylaş: |