85
Altı ay keçməmiş bu sıradan biri — M. Frunze qəfil vəfat etdi. Əliheydər
Qarayev, Qalib Vəkilov otuz yeddinin qurbanı oldular. Məmməd Veysov isə
doqquzillik həbs cəzası çəkib 1957-ci ildə vəfat etdi.
—Leyla xanım, atanızın dostlarından kimləri xatırlayırsınız?
—Hələ uşaq idim, yadıma gəlir ki, M. V. Frunze, Əliağa Şıxlinski, Serqo
Orconikidze və ən çox Çingiz İldırım qonağımız olardı. Çingiz İldırım mənim üçün
«Çi dayı» idi. O, çox şən, səsli-küylü, çox vaxt mənimlə oynayan, mənə cürbəcür
macəralar danışan «Çi dayı» idi.
Onun ailəsi yox idi. Vaxtının çoxunu atamla bizdə keçirərdi. «Çi dayı»
uşaqlara xüsusi məhəbbət və hörmətlə yanaşırdı.
Onun danışdığı yarımfantastik hekayətlər də yaxşı yadımdadır. O, nəql
edərdi ki, bir dəfə qatar gedə-gedə atılıb ona mindim, ordan da hoppanıb uçan
təyyarənin üstünə qondum. Bunları danışar, özü də mənimlə birgə gah
təəccüblənər, gah da uğunub gedərdi.
O danışırdı ki, yadıma gəlir, bir dəfə Lənkəran tərəfdə ov eləyəndə
qamışlıqdan qəfil çıxan atanı qaban zənn edib az qala qanına qəltan eləmişdim. «Çi
dayı» hər gəlişində mənə rəngli uşaq kitabları gətirərdi. Bir dəfə ağacdan yonulmuş
qaban heykəli gətirdi. Pəncəsində anama avtoqraf yazdırmışdı.
Həmin heykəl-qaban budur. İndi də saxlayıram.
Atamın yazı stolunun üstündə «Çi dayı»nın Qırmızı Bayraq ordeni alandan
sonra çəkilmiş fotoşəkli qoyulmuşdu. Onu Çingiz əmi avtoqrafla atama
bağışlamışdı.
Birdən-birə «Çi dayı» yoxa çıxdı. Bir müddət bizə gəlmədi. Hər dəfə mən
atamdan, anamdan soruşanda ki, «Çi dayı» niyə bizə gəlmir, onlar susardılar.
Mənim sualım cavabsız qalardı. Xeyli sonra mən başa düşdüm ki, o qara illərin
qorxunc əli onun da yaxasından yapışıb. Çingiz İldırım cəllad Bağırovdan yaxasını
qurtarmaq üçün əvvəl Maqnitoqorska, 1934-cü ildə isə Krivoy-Roqa gedir. Amma
cəllad Bağırov orda da onu axtarıb tapdırır və güllələtdirir.
Leyla xanım stolun üstündəki şəkli götürüb kədərli səslə:
—«Çi dayı»nın atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf nəticəsində
bizdə qalıb, — deyir, — Atam həbs olunanda onun kitabları, bağışlanmış şəxsi
silahı, sənədləri hamısı müsadirə olundu. «Çi dayı»nın bu şəkli isə sonralar
lazımsız bir kitabın arasından çıxdı. Atam Çingiz İldırımdan sonra həbs
olunacağını gözləyirdi. O, hətta «Çi dayı»nın həbs olunmasını eşidəndə anama
deyib ki, indi növbə mənimdir.
Görünür, atam bilə-bilə onun şəklini lazımsız kitabın arasına qoyub ki, ələ
düşməsin.
Çingiz İldırıma bəraət veriləndən sonra bu nadir şəkil o gözəl insandan
demək olar ki, yeganə yadigar idi. Bizim muzeylər bu şəklin surətini çıxartdılar.
Adını daşıyan Politexnik İnstitutu qarşısındakı büst də bu şəkil əsasında qoyuldu.
86
İndi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o bust qarşısında istər-
istəməz baş əyir, sanki «Çi dayı»nın özü ilə salamlaşıram.
GENERAL SƏMƏD BƏY MEHMANDAROV
Bizim keçmişdə başqa xalqların qibtə etmələrinə layiq böyüklərimiz
çoxdur. Əgər biz istəyirik ki, gələcəkdə bizim xalqımızdan böyük şəxsiyyətlər
yetişsin, həmin böyükləri müasirlərimizə, gənclərimizə yaxşı tanıtmalıyıq.
Keçmişə məhəbbət gələcəyə xidmətdir.
Əkrəm Cəfər,
professor.
Hərbi təhsil dalınca
...1871-ci ildə Mehmandarovlar ailəsində şadlıq keçirilirdi. Sadıq bəy
oğlunun orta təhsil alması münasibətilə Bakıda yaxın dostlarından ibarət bir məclis
düzəltmişdi. Qarabağdan adlı-sanlı bəylər, yaxın qohumlar, Lənkərandan qulluq
yoldaşları Sadıq bəyin sevincinə şərik olmağa gəlmişdilər. Şuşadan gələn qonaqlar
özlərilə müğənni də gətirmişdilər. Müğənni, füsunkar Qarabağın igidlərini, türfə
gözəllərini vəsf edib məclisi əyləndirirdi. Gecədən xeyli keçənə qədər davam edən
məclisdən hamı deyə-gülə dağılışdı. Uzaqdan gələn yaxın qohumlar ailəvi söhbəti
hələ də davam etdirirdilər. Xanı bəy sağ yanında əyləşmiş Sadıq bəyə yanakı
baxıb:
—Əmioğlu, yaxşı, Səməd bəy Ədadiyə
1
məktəbində təhsilini ikmal elədi.
Biz də yığışıb onu təbrik elədik. Bəs sonrası, indi hansı ali məktəbə hazırlaşır?
Kefi kök, damağı çağ Sadıq bəy bığlarına ötəri əl gəzdirib:
—Ötən il, — dedi, — özü ilə söhbətimiz belə olub ki, gimnaziyaya getsin,
müəllim olsun, onu da istəməz, bəyənməz doxtur, mühəndis... Bunların hansını
istərsə...
—Yaxşı, bu, ötən ilin söhbəti, bəs indi, bu il nə fikirləşib?
—Bu nə sözdü canım, fikirləşmək də ilnəndi? Nə fikirləşəcək, kişinin sözü
bir olar. Nə bilim, ay qadan alım, əgər sən deyən kimidirsə, bu ilin qərarını yəqin
ki, özü vermiş olar. Çağır özündən soruş. Əmi, qardaş oğlu— siz ki, köhnə
dostsunuz.
Sadıq bəy oğlunun boy-buxunu, ədəb-ərkanı ilə fəxr edirdi. İstəyirdi ki,
yaxın qohumlar da onun yar-yaraşıqlı oğul olmasını yaxından görsün.
Xanı bəy çaydan bir neçə qurtum alıb atasının yanında naz-qəmzə ilə
şıltaqlıq edən Ruxsarənin saçlarını tumarladı.
—Qızım, — dedi, — get, qardaşın Səməd bəyi çağır gəlsin bura.
Səməd bəy ədəb-ərkanla salam verib stolun aşağı tərəfində, qohumlarının
hüzurunda müntəzir dayandı. Şuşadan gələn ağsaqqal qonaqlar olmasaydı, ötəri
1
Ədadiyə — orta məktəb.
87
zarafatı olan əmisi Xanı bəylə öpüşüb görüşərdi. İçkidən xumarlanan Xanı bəy şad-
xürrəm halda gülümsünür, gözünü Səməd bəydən çəkmirdi.
—Bura bax, əyə, — dedi, — yaxın gəl, bir əmin səni öpsün.
Sadıq bəy təəccüblə:
—Bay, balam, hələ görüşməmisiniz?
Xanı bəy gur səslə:
—Yox, — dedi, — mən gələndə soruşdum, dedilər evdə yoxdu, — Xanı
bəy zarafatla şəhadət barmağını silkələyə-silkələyə: qırışmal, gör heç əmisi ilə
görüşməyə can atır? Dirsəyi ilə əmisi oğlu Sadıq bəyə yüngülvarı toxunub — Ona
izn ver gəlsin.
—Nə izn verəcəm, bura kimi gəlib, qoy bir-iki addım da atsın. Gəl, əminlə
görüş, oğul.
Xanı bəy hər iki əlilə onun başından yapışıb alnından öpdü.
—İgidin alnından öpərlər, sən ki, ədadiyəni əla bitirdin, demək igidsən.
Səməd bəy qollarını əmisinin boynuna dolayıb qulağına pıçıldadı:
—Mən də elə bildim qız kimi üzümdən öpəcəksən.
Xanı bəy bərkdən qəhqəhə çəkərək:
—Əyə, — dedi. — Lənkəranda
1
dünyaya gəlsən də, vallah, Qarabağlısan ki,
Qarabağlısan... Eşq olsun sənə, qardaş oğlu...
Səməd bəy şəhadət barmağını dodaqlarının ucuna toxundurdu. Yəni
ağartma, atama, qonaqlara demə işarəsini verdi.
Sadıq bəy üzə vurmasa da, onun özünə də xoş gəlirdi ki, Xanı bəy oğlu ilə
böyük kimi rəftar edir. Aralarında səmimi zarafatları var. Bir-iki dəfə elə-belə
ehtiyata əmisi oğluna demişdi ki, çox da dərinə gedib uşağı üzdən salma. Zarafatın
şiti-şoru çıxanda, aradan pərdə götürülür, hörmət-izzət itir, axırı yaxşı nəticə
vermir.
Sadıq bəy qəlyanını doldura-doldura:
—Yenə başladınız. Xanı, o sənin qulağına nə dedi ki?..
Ağır-ağır yerinə əyləşən Xanı bəy:
—Heç, özümüz bilərik, — dedi. — Gözünü Səməd bəydən çəkmədən. —
Yaxşı, qardaş oğlu, ədadiyənn bitirdin, yəni möhtəşəm bilik məbədinə gedən
pilləkənin birini çıxdın, bəs sonrası, indi fikrin nədir, hara oxumağa gedəcəksən?
Səməd bəy susurdu. Dinmək istəyirdi, ancaq atasından ehtiyat edirdi.
Axşamdan özlüyündə fikirləşmişdi ki, arzumu əmimə təklikdə deyərəm, o da bəlkə
atamı yola gətirdi. Bir ilə yaxın idi ki, qəti qərara gəlmişdi: oxumağa hərbiyyə
məktəbinə gedəcək.
1
Əslən Qarabağlı olan Səməd bəy Mehmandarov 1856-il oktyabrın on altısında Lənkəranda varlı
zadəgan ailəsində anadan olub — müəl.
Dostları ilə paylaş: |