23
Görünür hansısa bir əclafın hiyləsinə uyub, onun
fitnəsinə düşdülər.
Teyfur dedi:
-Necə ki məliklər məliyi buyurur, onlar bu qədər
ağıl və zəka ilə heç kimsənin hiyləsinə aldanmamalı
idilər. Amma nə etmək olar? Aldanmaq Allah
tərəfindən
insan alnına yazılmışdır. Arvadların
yaradılışı sol tərəfdəndir və bunlarda əhdü-vəfa və
sədaqət səfası olmaz. Əzizin könlü bunlar üçün pərişan
olmağa layiq deyildir.
Teyfur bu cür sözlərdən o qədər söylədi ki,
nəhayət Əzizin könlünü ələ aldı. O, Əzizə nəvazişdə
heç qüsur eyləməyib, xidməti əvvəlkindən də artıq
dərəcədə yerinə yetirdi. Ta ki, Əziz o kənizlərin
tapılmasından ümidini tam üzdü. Ölkənin idarəçiliyi ilə
məşğul olmağa başladı. Beləliklə, o iki kənizi tamamilə
yaddan çıxartdı.
Artıq Əzizdən arxayın olan Teyfur bir gün durub
qızları gizlətdiyi karvansaraya gəldi. Əcubə və
Məhcubəni də götürüb Əcəm diyarına doğru yola
düşdü. Bir müddət sonra gəlib Əcəmə yetişdi.
Məlik Səmmah elə ki, Əcubə və Məhcubənin
gətirilməsindən xəbərdar oldu, buyurdu:
-Simü-zərdən hədiyyəlik bağlamalar düzəldin.
Müxtəlif növ cəvahirlər hazırlayın. Bir neçə seçilmiş
dəvələri zər-zivərlə bəzəyib, çoxlu qiymətli xələtlər və
seçmə atları Teyfura göndərin!
24
Məlik Səmmahın əmri yerinə yetirildi. Teyfur
Əcubə və Məhcubəni tam hörmət-izzətlə dəvələrə
mindirib, özü də məliyin göndərdiyi qiymətli
libaslardan geyinib, bir kəhər ata minərək şəhərə doğru
yola düşdü. Məlik Səmmahın əmri ilə əsgərlər də
atlanıb, şəhərin kənarında onları qarşılamağa çıxdılar.
Teyfuru və kənizləri təm-təraqla şəhərə gətirib şahın
dövlətxanasına çatdırdılar. Teyfur gəlib şahın əlini
öpdü. Məlik Səmmah Teyfuru bütün məliklərə başçı
təyin edib, özünə köməkçi naib eylədi. Bütün əyanlara
göstəriş verdi ki, ona itaətdə nöqsan eyləməsinlər.
Ondan sonra məlik Səmmah belə bir əmr verdi ki,
ölkənin idarə məsələlərini bitirdikdən sonra Əcubə və
Məhcubəyə tapşırılsın ki, qızlar hər gün bir ibrətli
hekayət və maraqlı rəvayət söyləsinlər. Əvvəlcə Əcubə
bir hekayət danışsın, Məhcubə də o mövzuda hala
münasib cavab versin.
Bu kitab onların söylədikləri həmin hekayətlər
əsasında yazılıb, doqquz babda tərtib olunmuşdur. Ta ki
tədqiqatçılar və nəzarətçilər bu söhbətlərin mənasını
ətraflıca düşünüb, bir çox faydalardan öz nəsiblərini
alalar. Yol göstərən və yardım edən Allahdır.
25
Birinci bab ------------ Ədalət və insafın sifətləri
İkinci bab -------------- Mülayimlik və ciddiliyin
sifətləri
Üçüncü bab ------------ Araşdırma və yoxlamadan sonra
siyasətdə oturma
Dördüncü bab --------- İgidlik və sözdən dönməmənin
mədhi
Beşinci bab ------------ Səxavət və comərdliyin bəyanı
Altıncı bab ------------- Əmanətin qorunmasının mədhi
Yeddinci bab ---------- Qadınların sirr saxlaya
bilməmələri
Səkkizinci bab -------- Qısqanclıq və paxıllığın rədd
edilməsi
Doqquzuncu bab ------ Pis adamların söhbətindən
uzaqlaşmaq
26
BİRİNCİ BAB
Ədalət və insafın sifətləri
Elə ki şah Səmmah səltənət taxtında oturub,
dövlət işlərini yerinə yetirdi. Ondan sonra yenə xüsusi
hücrəsinə gəlib nəfsinin istəyiylə məşğul oldu. Sonra da
Əcubə və Məhcubənin söhbət və danışıqlarından həzz
alaraq soruşdu:
-O nədir ki, dövlətin davamına və qəzəbin
sabitliyinə səbəb olar və hansı xasiyyətdir ki, onunla
məmləkət möhkəmləndirilmiş olar?
Əcubə dedi:
-Şahın dövləti əbədi olsun. Dövlətin daimiliyi
insaf ilə möhkəmlənər və səltənət taxtı ədalət ilə
əbədidir. Demişlərdir ki, məliklərin xasiyyətlərində
ədalətdən şərəflisi yoxdur. Çünki, ədalətin bərəkətinin
nəticəsi
cahanda yayılmış və onun ləzzətinin
faydasından hər kəs xeyir görmüşdür. Məliklərdən hər
kimsəyə ki düzgün mülk və əbədi dövlət gərəkdir,
labüddür ki insaf qaydasını əldən qoymayıb, ədalət yolu
ilə gedib, əmin-amanlıq yarada. Ədalət dövləti daimi
edər, zülm isə yıxıb dağıdar. Mənim bu sözlərimin
şahidi o iki şahzadə hekayətidir ki, birisi zülm və
əziyyət yolunda olub can mülkündən ayrıldı. O birisi
isə ədalət və insaf taxtında oturub, cahan mülkünü
hakimiyyətinə aldı.
Məlik Səmmah soruşdu ki, necədir o hekayət?
27
Əcubə dedi:
Ədalət və insaf haqqında Əcubənin hekayəti
Hekayət söyləyənlər belə nəql etmişlərdir ki, iki
şahzadə bir diyarda səltənətdə oturub, ətraf mülkləri öz
aralarında bölüşdürmüşdülər. Hər birisi bir mülkün
səltənət taxtında əyləşib hökm edərlərdi. Böyük qardaş
öz hissəsi olan vilayətdə cövrü-cəfa və zülmə başlayıb,
xalqı əzaba mübtəla eyləmişdi. Kiçik qardaş isə ədalət
və insaf tərəfə üz tutub, öz məmləkətini ədalət və
insafla abad etmişdi. Rəiyyət onun ədalət və insafı
sayəsində
asudə
olub bolluq içində, firəvan
yaşayırdılar. Bir gün onların mülklərinə güclü bir
düşmən hücum etdi. Onlar da məcbur olub müharibə
hazırlığı görməyə başladılar. O iki qardaş bir-birinə
kömək edib, istədilər ki qoşuna bol mallar və qazanc
verməklə müharibəyə cəlb edələr. Hesablayıb gördülər
ki, onların xəzinəsindəki pullar bütün qoşuna
yetməyəcək. O şəhərdə bir qərib və zəngin bəzirgan var
idi. Var-dövləti bol və malı hədsiz idi. Zalım məlik olan
böyük qardaş onu gətirdib dedi ki, nə qədər malın varsa
onun bir hissəsini bizə ver, qoşuna xərcləyək. İnşaallah,
məqsədimizə çatıb, qələbə çaldıqdan sonra o malı geri
qaytararıq. Bəzirgan bu təklifə qəti etiraz eylədi.
Ədalətli qardaş dedi ki, bu cür xoşagəlməz hərəkətdən
uzaq olmaq lazımdır. Çünki, ondan bir neçə zərər əmələ
gələr: bu diyardan tacirlər uzaqlaşar, ticarət yolu
bağlanar. Ölkədə ziyanlıq üzə çıxar və zahir olur. Zalım
Dostları ilə paylaş: |