- 175 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
AYNUR SƏFƏROVA
Naxçıvan Dövlət Universiteti
UOT:78
AZƏRBAYCAN BƏSTƏKARLARININ FORTEPİANO VƏ ORKESTR ÜÇÜN
KONSERTLƏRİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: fortepiano, janr, üslub, konsert, əsər
Key words: piano, genre, style, consert, work
Ключевые слова: фортепиано, жанр, стиль, концерт, произведение
Keçən əsrin 40-cı illərindən etibarən Azərbaycan bəstəkarlarının yaradıcılığında
instrumental konsertlərə, o cümlədən fortepino konsertlərinə böyük maraq yaranmışdı. Məlumdur
ki, konsert müsbət emosiyalar daşıyıcısıdır və bu, müharibədən sonrakı
qələbə əhval-ruhiyyəsinə bir
növ cavab verirdi. Konsert, demək olar ki, həmişə müsbət emosiyalar yaradır.
Azərbaycanda instrumental konsert janrının yaranmasına, eyni zamanda milli
bəstəkarlarımızın simfoniya sahəsində müharibə illərindəki professionallıq səviyyəsinin yüksəlməsi
də böyük təkan vermişdir. Bununla birlikdə, qeyd etmək lazımdır ki, Azərbaycanda ifa mədəniyyəti
də xeyli artmışdır. Çoxlu istedadlı pianistlər meydana gəlmişdir.
Azərbaycan instrumental konsertinin inkişafında Fikrət Əmirov böyük rol oynamışdır. 1946-cı
ildə o simfonik orkestrlə skripka və fortepiano üçün birhissəli ikili konsertini yazır. 1947-ci ildə
S.Ələsgərov da bu janra müraciət edərək, orkestrlə violençel və fortepiano üçün ikili konsert yazır. Bu
konsertlərdə fortepiano soloedici ansambl tərkibində skripka və ya violonçel ilə birlikdə çıxış edirdi.
F.Əmirovun əvvəlki konsertlərindən fərqli olaraq, bu əsərdə müşayiətedici partiya
Azərbaycan xalq çalğı alətləri orkestrinə tapşırılır. Konsert fortepiano ilə xalq çalğı alətləri orkestri
üçün həmin mövzuda ilk nümunə olmuşdur. Əsərdə, eyni zamanda, müəllif fortepianonu solo aləti
kimi orkestrin ümumi tərkibindən ayırmışdır.
Konsert ilk dəfə 1948-ci ildə Sovet bəstəkarlar ittifaqının üçüncü plenumu günlərində ifa
olunaraq, böyük müvəffəqiyyət qazanmışdır. Bununla əlaqədar “Sovet musiqisi” jurnalında
yazılırdı: “Konsert rus xalq orkestrləri də daxil olmaqla xalq alətləri orkestri üçün fövqəladə şəkildə
mütərəqqi sevindirici və layiqli bir nümunə kimi qiymətləndirilməlidir”. Qeyd olunanlar
Azərbaycan fortepiano musiqisinin, ümumiyyətlə Azərbaycan musiqisinin Ümumittifaq miqyasında
tutduğu mövqedən xəbər verir. Onu də göstərmək yerinə düşərdi ki, Konsert bu janrda Qərbi
Avropa, rus klassik və Sovet musiqi yaradıcılıqları ilə Azərbaycan xalq yaradıcılığının xarakterik
xüsusiyyətlərini özündə bariz şəkildə birləşdirir.
Bu əsərlə demək olar ki, eyni vaxtda Ə.Abbasov fortepiano ilə simfonik orkestr üçün
konsertini yazır. Bu əsərin əsas xüsusiyyəti onun təntənəli təmkinli giriş və variasiya formalı finaldan
ibarət sonata Alleqrosu olmasıdır. Silsilənin belə kompozisiyasına, konsert janrında olmasa da, Qərbi
Avropa musiqisində (L.Bethovenin 32 nömrəli sonatası) və rus musiqi klassikasında (P.Çaykovskinin
triosu) rast gəlinir. Konsert respublikamızda fortepiano ilə simfonik orkestr üçün ilk əsərdir.
Bu əsərin yaradılmasından on ilə yaxın bir vaxt ötdükdən sonra konsert janrında
özünəməxsusluğu ilə seçilən daha bir əsər – F.Əmirov və E.Nəzirovanın ərəb mövzusunda
yazdıqları Konsert həyata vəsiqə alır və ilk dəfə oktyabrın 40 illiyi ərəfəsində E.Nəzirovanın solosu
və Niyazinin dirijorluğu ilə ifa olunur. Əsər böyük şöhrət qazanır və ümumittifaq səviyyəsində çox
yüksək qiymət alır.
Məşhur musiqi tənqidçisi D.Danilovun yazdığı kimi, E.Nəzirova və F.Əmirovun
Konsertində Ərəb musiqi mövzusundakı ayrı-ayrı intonasiyalar Azərbaycan musiqisi ruhunda
işlənilməklə istifadə olunmuşdur.
Konsert musiqi həyatına çox möhkəm daxil olmuşdur. Uzun illərdir ki, F.Əmirovun və
- 176 -
E.Nəzirovanın bu əsəri istər ölkəmizdə və istərsə də onun xaricində müvəffəqiyyətlə ifa olunur.
V. Adıgözəlov fortepiano ilə orkestr üçün üç konsertin müəllifidir. Bir neçə dəfə çap
olunmuş bu əsərlər həm konsert proqramı, həm də tədris repertuarı kimi dəyərlidir. Bu sahədə
səmərəli fəaliyyət göstərən V. Adıgözəlovun “Fortepiano ilə orkestr üçün üç nömrəli Konsert”inin
Respublika Bəstəkarlar İttifaqı tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim edilməsi bu
baxımdan təsadüfi deyil.
Haqqında danışdığımız əsər ilk dəfə Respublika Bəstəkarlarının VI Qurultayında səslənmiş
və musiqi ictimaiyyəti arasında təqdiredici rəy doğurmuşdur. Sonra isə Kemerovo şəhərində
keçirilmiş SSRİ Bəstəkarlar İttifaqının plenumunda “Konsert” yeni redaktə ilə ifa olunmuşdur.
Həmin əsər Moskva filarmoniyasının abonementli simfonik konsertlərinin proqramına da daxil
edilmişdir.
“Fortepiano ilə orkestr üçün üç nömrəli Konsert”i dinlərkən, belə qənaətə gəlmək olur ki,
müəllif instrumental konsertin simfonikləşdirilməsi məsələsini qarşısına əsas məqsəd qoymuşdur.
Bundan əlavə, bəstəkar fortepiano alətinin texniki imkanlarını təfəkkür süzgəcindən keçirmiş, onun
orkestrlə, necə deyərlər, “yarışı”nı bədii ustalıqla vermişdir.
“Konsert” klassik üçhissəli formada yazılmışdır. Birinci hissə variasiya formasındadır. Yeri
gəlmişkən deyək ki, variasiya bir musiqi mövzusu əsasında qurulur; mövzunun melodiyası və
müşayiət fakturası hər dəfə variasiyaya (dəyişikliyə) uğrayır, yeni variantlarla səslənir. Avropa
musiqi ədəbiyyatında XVI-XVIII əsrlərdə daha çox inkişaf tapmışdır. Azərbaycanda isə variasiya
prinsipi daha əvvəllərdə – orta əsrlərdə muğam sənətində əmələ gəlmişdir. Məhz muğam formasının
əsas xüsusiyyətlərindən biri ondakı musiqi mövzularının variantlı inkişaf prinsipidir. ”Konsert”in
birinci hissəsində bəstəkar muğamlardan irəli gələn variasiya prinsipindən istifadə etmişdir.
Əvvəlcə bu gözəl, məlahətli mövzu qaboy alətinin ifasında səslənir. Sonra hər variasiya yeni
obrazın yaranması ilə nəticələnir. Buradakı hər obraz müxtəlif yozuma verilmiş, variasiyalar
arasında təzadlılıq yaradılmışdır.
Birinci hissədə dramaturji zirvə son variasiyaların –altıncı və yeddinci variasiyaların üzərinə
düşür.
Bəstəkar hissəni əzəmətli, təntənəli ruhlu musiqi ilə tamamlamışdır.
“Konsert”in ikinci hissəsi əsərin lirik mərkəzidir. Bu hissə üç bölmədən ibarətdir. Əvvəl
poetik səciyyəvi, bahar nəfəsli lirik bir mövzu eşidilir. Bu mövzunun inkişafı orta bölməyə-
dramatizm ilə dolğun bölməyə gətirib çıxarır. Nəhayət, əvvəlki mövzu yenidən, lakin
dinamikləşdirilmiş şəkildə səslənir. Üçüncü hıssə isə öz musiqisi etibarilə ikinci hissə ilə təzadlıdır.
Bütün hissə özünün parlaq, virtuoz səciyyəli musiqi mövzuları ilə diqqəti cəlb edir. Ayrı-ayrı
bölmələrin bir-biri ilə təzadlılığı bu hissənin musiqi inkişafının əsas qayəsidir. Üçüncü hissəni
dinləyərkən gözlərimiz önündə, bir növ, bayram lövhələri canlanır. Hər bir lövhə isə rəngarəng
şənlik səhnəsini xatırladır. Ümumiyyətlə, təntənəli bayram şənliyi obrazı “Konsert”in bütün musiqi
materialı üçün xarakterik keyfiyyətdir.
1961-cı il noyabrın 16-da Azərbaycan gənc bəstəkarlarının yaradıcılıq baxışında Vasif
Adıgözəlovun fortepiano ilə orkestr üçün do major konserti göstərildi. Əsər böyük müvəffəqiyyət
qazandı və bir il sonra ümumittifaq müsabiqəsində birinci dərəcəli diploma layiq görüldü.
Əsərin forması adidir: sonata Alleqrettosu, oynaq orta epizodlu lirik təsviri Andante
sosdenuto və qızğın final. Konsert şən əhval ruhiyyəli rəqs musiqili bir qədər də zarafat yönümlü
əsas partiya ilə başlayır.
Əlavə partiya nəinki ciddi şəkildə əsas partiyaya qarşı qoyulmur, hətta mahnının rəqsi
tamamladığı kimi onu janr cəhətdən tamamlayır. Əlavə partiyanın əsasını səlis, geniş axımlı olan
ahəngdar, lirik oxunaqlı mövzu təşkil edir. Bir səsdən başqa səsə keçməklə, mövzu getdikcə daha
çox hiss olunan gərginliyə çatır. İnkişafının ən yüksək mərhələsində isə o, böyük daxili güc əldə
etməklə, qəhrəmanlıq zirvəsinə qədər yüksəlir.
İşləmə fortepiano kadensiyasına keçir ki, bu da Konsertin birinci hissəsinin quruluşunun
əsas xüsusiyyəti hesab olunur. İkinci hissə orkestrin uzun və harmonik cəhətdən çox gərgin olan
çıxışı ilə başlanır sonradan solist orkestrin köməyi olmadan təsirli və nağıl formalı temanı davam
etdirir. Daha sonra isə bu mövzu orkestrdə fortepiano fiqurasiyası fonunda əvvəlcə kvarta yüksək
olmaqla, getdikcə bir kvinta aşağı enərək səslənir. Final əvvəlki hissələrdən özünün qəhrəmanlıq-