Həqiqətə arxasını çevirmiş kəs üçün günaha qovuşmaq lazımdır, o, günahı günahsızın da
əyninə “geyindirə”, boynuna qoya bilər. Təki kiminsə (günahkarın və ya günahsızın) əynində
günah görünsün, boy göstərsin.
Həqiqətə yan çevirəndə günahla üz-üzə qalırsan. Tanınmış türk esseisti Ahmet Altanın
Frans Kafka haqqında yazdığı “K” adlı essesində belə bir fikri var ki, günahlandıran varsa,
deməli, “günahkar” tapmaq və kimisə günahlandırmaq çox asandı. “Günahkarlar
günahlandırıldığı üçün günahkardır”. Vay o günə ki, günahsızı günahlandıralar... Bax, onda
həqiqət heç-puç olur.
Günahsızı günahlandıran adam yalanını birə-yüz yarımfabrikat etmək istəyir, nədi-nədi
günahkar tapsın. Həqiqət olmayan yerdə “günahkar” var, amma o “günahkar”ın heç bir günahı
yoxdur və həmin “günahkar”ın olmayan “günahı” həqiqəti unudanlar üçün boğaza qədər bəsdir.
Pritça:
Bir dəfə müstəntiq müttəhimin baş-beynini o qədər aparır ki, axırda müttəhim bezib
soruşur:
– Sizə həqiqət lazımdır, yoxsa günahkar?
“Günahkar” sözünü eşidən kimi gözləri dörd olan müstəntiq elə bilir, müttəhim artıq hər
şeyi etiraf etməyə hazırdır. Sevincək dillənir:
– Günahkar, əlbəttə, günahkar.
Müttəhim sözünə belə davam edir:
– Əgər sizə günahkar lazımdırsa, o mənəm, yox, əgər həqiqət lazımdırsa, həqiqətən,
günahkar deyiləm.
O yerdə ki, günah həqiqətdən daha maraqlıdır, o yerdə günahkarlar qum sayındadır.
O yerdə ki, günahkar, həqiqətən də, günahının cavabını verir, o yerdə günahlar barmaqla
sayılır.
Günahkarı axtaranlar həqiqəti unudanda günahsızların faciəsi başlayır. Nə qədər ki,
“günahkarlar” günah sevərlərin həqiqətinin haqq-hesabını verir, o qədər Gertsenin sualı aktual
olaraq qalacaq: “Kimdir müqəssir?”
P.S. Sokratı edama aparanda arvadı zülm-zülm ağlayır ki, səni günahsız yerə öldürəcəklər,
onda Sokrat belə cavab verir: “İstəyirdin ki, məni günahkar kimi öldürsünlər?”
Çoxları bizə deyir ki, “günahınız yox idi, bəs niyə sizi həbs eləmişdilər”... Bugünkü
reallıqda Sokratın cavabı bizə də aiddir. Şükür, vətənə qayıtmışıq. Amma deyim ki, yeganə
“günahımız” günahsızlığımız idi. Görünür, günahsız olmaq da “günah” imiş...
Ay səni Şərq
İran həbsxanasında olanda o müdhiş və uzun gecələrin sükutunda Şərqin otağına tamaşa
eləmək kifayət idi ki, acı mənzərənin şahidi olasan. Şərqin (söhbət bütün Şərqdən getmir)
otağında hava bürküdür, çağından asılı olmayaraq. Şərq hələ də qəhrəmanlıq xatirələrinə
vurulub, xarabalıqlarını dünyaya car çəkir.
Bir anlıq təsəvvür edin: otağınızda telefon, televizor, soyuducu, kondisioner, işıq yoxdur.
Bütün sadaladıqlarımı əcnəbilər, “kafərlər” dünyaya sunublar. Avropa işığı kəşf etməyi ilə
öyünmür, amma şərqli iki ayağını bir başmağa dirəyə-dirəyə lovğalanır: Günəş Şərqdən çıxır.
Şərq, günəşin Şərqdən çıxmaq labüdlüyünü qəbul edə bilmir, taleyini özünə bəxşeyiş bilir.
Bugünkü Şərqin üzünü Avropanın işığında görmək olur. Şərq öz Günəşini həyatında reallaşdıra
bilmədi, amma Avropa qaranlığını işıqlandıra bildi.
Qoca Şərq deyirlər, amma, əslində, Köhnə Şərqdi.
İndiki reallıqda Mirzə Fətəli Axundovun “Meymunu yadınızdan çıxardın” məzəsi
Füzulinin qəzəllərindən daha bəşəridir.
Şərq şeirdən oyana varmaq istəmir, riyaziyyatçı İsmayıl Mehdiyev “Görkəmli
şəxsiyyətlərin həyatından dəqiqələr” kitabında anektodik bir iddia irəli sürür: “Nizami özündən
dörd əsr sonra yaşamış ingilis alimi İsaak Nyutondan əvvəl ümumdünya cazibə qanununu riyazi
yazılışına daxil olan qravitasiya sabiti haqqında özünün “İqbalnamə” əsərində belə yazır:
Göyə atılan daş yerə tez düşər
Bu qısa müddətdə işlər dəyişər.
Daha sonra Nizami İ.Nyutonun I qanunu ilə eynilik təşkil edən beytində yazır:
Başlanğıc hərəkət olmasa əgər,
Hərəkət edərmi bir cəhrə məgər!”
İndi bu misralara bir quş qoysan, dərinə saman təpəcəklər ki, ay qaqaş, demirik e, Nizami
kəşf eləyib ümumdünya cazibə qanununu, deyirik ki, Nizami “ucun qoyub”. Amma, əslində,
qəlbən razıdırlar ki, ümumdünya cazibə qanununu Nizaminin kəşfidir.
Ey Xuda... mədəd e, mədəd.
Bakı, şərab, yoxsa qadın?
“Təbriz həbsxanasından nə görünür? Heç Azərbaycanı sevən, vətən eşqi ilə alışıb-yanan
vardımı orda?” Hərdən bu cür suallara cavab verməli oluram. Verdiyim cavabdan insanların
üzündə yaranan ifadədən görürəm ki, çoxları heç də hayıl-mayıl olmurlar, çünki sualı soruşan
başqa cavab gözləyir, mən isə gördüyüm reallığı onlara danışıram.
Güney Azərbaycanın ziyalı mühiti, olsun ki, Bakını xəyali “Bütöv Azərbaycan”ın paytaxt
şəhəri kimi arzulayır, amma sadə adamlar üçün sadəcə azadlıq məfhumu kimi qavranılan
“xoşbəxtlər ölkəsidir. Onlar Quzey Azərbaycanda şərab içənin həbs olunub-olunmadığını,
sevdiyin qızla azad gəzib-dolanmaq imkanının mövcudluğunu öyrənəndə çox sevinirdilər,
bəziləri az qalırdılar çırtıq çalıb oynasınlar. Hətta, Bakıya gəlib yaşamaq istəyənlər də varıydı.
Amma onlar Bakını bir məkan, Azərbaycan kimi sevmirdilər. Onlar əyləncə vurğunu idilər və
Bakının sadəcə azadlığını sevirdilər. Onlar bizdən soruşmurdular ki, ölkənizin dərdi nədir,
Azərbaycan bu gün hansı problemlərlə qarşı-qarşıyadır, biz neyləyə bilərik? Onların bizi, quzeyli
Azərbaycanlıları, sevib-sevmədikləri də şəxsən mənimçün qaranlıq idi. Məhbusların sevgisi eyş-
işrətdən, azad sevgidən, şərab nuş etməkdən o yana keçmirdi, ona görə də sualları bunlar olurdu:
Bakıya gəlsəm, başlıq pulu vermədən qızla evlənə bilərəmmi?
Bakıya gəlsəm, yeməkxanada hamının gözü qarşısında şərab içə bilərəmmi?
Bakıya gəlsəm, qızla qol-boyun olub parkda gəzə bilərəmmi?
Bakıya gəlsəm, barda qızlarla rəqs edə bilərəmmi?
Bakıya gəlsəm, məni hər xırda şeyə görə həbs edərlərmi?
Bakıya gəlsəm...
Həbsxana sakinləri ziyalı deyildi, az adam görərdin ki, “Azərbaycan”, “Bakı” sözlərini
deyəndə qəlbində və ya gözlərinin ifadəsində mənəvi, ruhani bir titrəyiş duyulsun. Bu məni
millətini sevən bir vətəndaş olmaqdan daha çox bir insan kimi ağrıdırdı. Onlar Azərbaycanımızı,
öz xalqı, öz ölkəsi, öz tarixi torpağı kimi düşünmürlər, onlar fərdi, bir nəfərlik azadlıq istəyirlər.
Bütün bu fikirlər onları yalnız özünü düşünməyə, bütün hisslərin qurşaqdan aşağıya enməsinə –
əbədi xoşbəxtliklərin müvəqqəti əyləncələrlə əvəzlənməsinə gətirib çıxarır. Onlar bizi
sevməkdənsə, burdakı sonuncu dərəcəli şeyləri sevirlər. Hətta, bir gənc oğlan Bakını ah çəkərək
xatırlayıb deyirdi: “Orda olanda rahat arağımı içir, kefimi çəkirdim, dəyib-dolaşan yox idi.”
Bakını görməmiş, sadəcə ağızdan-ağıza xəbəri olan biri isə belə əhd eləmişdi: “İnşallah
çıxan kimi Bakıya gedəcəm, burnum yerə dəyənəcən şərab içəcəm orda”.
İnsanların Təbriz zindanının məhbuslarının türklük, milli özünüdərketmə duyğuları yerinə
şərab həsrəti və qadınbazlıq kimi hisslərlə yaşamasını gördüm. Bəzilərində tarixi unutqanlığın
manqurtluq həddinə çatdığını, yaddaşın, düşüncənin ötəri maraqlardan, gəldi-gedər eyş-işrətdən