3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə12/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   ...   6   7   8   9   10   11   12   13   14

Allah-taala “Həşr” surəsinin 7-ci ayəsində buyurur: “Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin və qadağan etdiyi bütün şeylərdən uzaq olun.”

1-Qızıl və gümüş qabda xörək yemək..

2-Heyvanı yandırmaq.

3-cinsi əlaqə zamanı üzü qibləyə olmaq.

4-Kişilərin ipək paltar geyinməsi..

5-Kişilərin qızıl üzük taxması..

6-Cadugərlərə müraciət etmək.

7-Nərd oynamaq, tar və tənbur çalmaq.

8-Qeybət etmək və ona qulaq asmaq.

9-Xəbərçilik etmək və xəbərçi edənə qulaq asmaq.

10-Günaha sövq edən məsələlər haqqında danışmaq.

11-Sələm almaq və yalandan şəhadət vermək.

12-Tualetdə üzü qibləyə oturmaq.

13-Yuxunu nəql edərkən yalan danışmaq.

14-Cənabətli halda məsciddə oturmaq.

15-Qəzəblənmək və başqaları ilə əlaqəni kəsmək.

16-Təkəbbürlə yol getmək.

17-Qadının mehriyyəsi barəsində zülm etmək.

18-Şəhadəti gizləmək.

19-Qonşuya əzab-əziyyət vermək.

20-Yoxsul bir müsəlmanı təhqir etmək.

21-Naməhrəmə baxmaq.

22-Əza məclislərində qadının növhə deməsi və ona qulaq asmaq.

23-Fırıldaqçılıqla məşğul olmaq və insanları aldatmaq.

24-Həyat yoldaşına əzab-əziyyət vermək.

25-Pis işləri kiçik saymaq, nəzərə kiçik gəlsə də belə.

26-Heyvanın ayaqlarını (çubuqla) vurmaq.

27-Ev əşyalarını qonşudan əsirgəmək.

28-Meyvəni yetişməmişdən qabaq satmaq.

29-Cənabət halında yemək.

30-Hamamda misvak vurmaq.

31-Ağız və ya burun suyunu məscidə atmaq.

32-Məscidi keçid yolu qərar vermək.

33-Yola və barlı ağacın altına bövl etmək.

34-Suya bövl etmək.

35-Bal arısını öldürmək.

36-Allahdan qeyrisinə and içmək.

37-İmam cümənin xütbə oxuduğu vaxt söhbət etmək.

38-Misdən, yaxud dəmirdən düzəldilmiş üzük taxmaq.

39-Heyvanlar kimi su içmək.

40-Yeyməyi isti-isti yemək.

1-Şübhəsiz ki, qeybət böyük günahlardan biridir və böyük günahlara batmış şəxslərin yeri də cəhənnəmdir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Böyük günahlar onlardır ki, Allah-taala cəhənnəm odunu onlar üçün vacib etmişdir.”

2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: “Vay olsun, qeybət edib (üzdə) tənə vuran hər kəsin halına!”

3-Allah-taala başqa bir ayədə belə buyurmuşdur: “(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (Yəqin ki,) hamınız bu işdən ikrah edirsiniz.” (Deməli, bilin ki, qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin!)

4-Cabir ibn Abdullah və Əbu Səid Xudri həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər: “Qeybətdən çəkinin, qeybət zinadan daha pisdir; çünki zinakarın tövbə edib günahının bağışlanması mümkündür, qeybət sahibindən halallıq alınmamış günahın bağışlanması isə qeyri-mümkündür.”

5-İmam Sadiq (ə) buyurmuşdur: “Qeybət etmək hər bir müsəlmana haramdır. Alov odunu yandırıb kül etdiyi kimi, qeybət də insanın yaxşı əməllərini yandırıb kül edir.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qiyamət günü sizdən birinin əməllərinə baxmaq üçün məhşər səhnəsinə gətirib əməl dəftərini ona verərlər. O, özünün əməl dəftərinə baxanda yerinə yetirmiş olduğu xeyir əməllərdən heç birini orada görməyib deyər: “İlahi, bu mənim əməl dəftərim deyildir. Çünki yerinə yetirdiyim saleh əməllərdən və ibadətlərdən heç biri onda yazılmamışdır.” Ona deyilər: “Sənin Allahın səhvə düçar olmaz, heç bir şeyi unutmaz. Bu elə sənin əməl dəftərindir; lakin qeybət etdiyinə görə sənin yaxşı əməllərin pisliyinə danışıb qeybətini etdiyin şəxsin əməllərinə əlavə olunmuşdur.” Sonra başqa bir adamı gətirib əməl dəftərini ona verərlər. O, öz əməl dəftərinə baxarkən orada çoxlu yaxşı əməllərin və ibadətlərin yazıldığını görüb təəccüblə deyər: “İlahi, bu mənim əməl dəftərim deyildir! Mən burada yazılmış xeyir işləri və ibadətləri dünyada yerinə yetirməmişəm.” Ona deyilər: “Filankəs sənin qeybətini etdiyinə görə, onun xeyir əməlləri sənin əməl dəftərinə yazılmışdır.”

7-İmam Əli (ə) buyurmuşdur: “Ən pis adam odur ki, başqalarının eybini axtarsın, amma öz eybini görməsin.”

8-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kim bir möminin abır-həyasını aparmaq və eybini axtarmaq, onu xalqın gözündən salmaq üçün onun əleyhinə danışarsa, Allah-taala belə bir şəxsi Öz himayəsindən çıxarıb Şeytanın himayəsinə atar, heç Şeytan da onu qəbul etməz.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qeybətin müsəlmanın dininə qoyduğu təsir, bədənindəki yaranın təsirindən (yaranın daha dərinə işləməsindən) daha güclüdür.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Xoş olsun o şəxsin halına ki, öz eybi onu başqalarının eybini axtarmaqdan saxlasın!”

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsandan bir hadisə baş verməyincəyə qədər məsciddə oturub, namazının vaxtını gözləmək ibadətdir.” Soruşdular: “O nə hadisədir?” Həzrət buyurdu: “Qeybət!”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əməllərinin qoruqçusu olan məmurlar (mələklər) insanın günəş kimi nur sacan əməlini yuxarı apardıqda, əməlləri qəbul edib ən yüksək dərəcəyə çatdıran mələk deyər: “Bu əməli sahibinin başına çırpın, çünki Allah-taala tərəfindən mənə tapşırıq verilib ki, qeybət edənlərin yaxşı əməllərini geri qaytarıb Allah dərgahına aparılmasına mane olum.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Behişt üç nəfərə haramdır: Sözgəzdirənə, qeybət edənə və həmişə şərab içənə.”

14-İmam Baqir (ə) Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: “Hər kimdə üç xislət və yaxud onlardan biri olarsa, Allahın lütf sayəsindən başqa bir sayənin olmadığı qiyamət günü İlahi ərşin sayəsində (kölgəsində) olar: Özünə rəva biləni başqalarına da rəva bilən, Allahın razılığını və ya qəzəbini bilmədən heç bir işə qol qoymayan və özündə olan eybi tərk etməmiş, başqalarında o eybi axtarmayan. Çünki hər kəs özündən bir eybi uzaqlaşdırarsa, şübhəsiz ki, özündə başqa bir eyb görəcəkdir. Hər kəsin başı özünə (öz eyblərinə) qarışarsa, başqalarında eyb axtarmağa macal tapmaz.”

15-Allah-taala Musa ibn İmrana belə vəhy göndərdi: “Qeybət edən şəxs əgər tövbə edərsə, behiştə daxil olan axırıncı; yox əgər tövbə etməzsə, cəhənnəmə daxil olan birinci şəxs olar.”

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qeybət etməklə xalqın ətini yeyən şəxs halalzadə olduğunu yalandan deyir; çünki qeybət cəhənnəm itlərinin yemidir.”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ey dildə iman gətirib, qəlbi ilə iman gətirməyənlər! Müsəlmanların qeybətini edib gizli eyblərini aramayın. Çünki hər kim öz din qardaşının gizli eyblərini arayarsa, Allah-taala onun gizli sirlərini faş edib onu öz ailəsində rüsvay edər.”

18-Aişə deyir: “Bizim yanımıza bir qadın gəlmişdi, evdən çıxıb gedəndə əlimlə işarə etdim ki, boyu balacadır. Bu zaman Peyğəmbər (s) buyurdu: “Onun qeybətini etdin!”

19-İmam Sadiq (ə) buyurmuşdur: “Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qeybətə qulaq asan şəxs qeybət edən iki nəfərdən biridir.” (Yəni qeybətə qulaq asan qeybət edən kimidir.)

21-İmam Əli (ə) buyurmuşdur: “Qeybəti eşidən adam qeybət edən qədər günah qazanır.”

22-İmam Sadiq (ə) buyurmuşdur: “Müsəlmanın qeybətini etmək küfr, ona qulaq asmaq isə şirkdir.”

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir kəsin yanında din qardaşının qeybəti edilərsə və o, imkan daxilində onun köməyinə yetişərsə (onu himayə edərsə), Allah-taala dünya və axirətdə onun köməyinə yetişər.”

24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir kəs məclisdə din qardaşının qeybətini eşidib onu inkar etsə və müdafiəsinə qalxarsa, dünya və axirət bəlaları ondan uzaqlaşar.”

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs öz müsəlman qardaşının ləyaqətini və abır-həyasını qoruyarsa, behişt ona vacib olar.”

26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir kəsin yanında din qardaşının qeybəti olunarsa və o, imkanı olduğu halda onu müdafiə etməzsə, Allah-taala dünya və axirətdə onu özbaşına buraxar (və onu xar edər).”

27-Mərhum şeyx Səduq, həzrət Peyğəmbər (s)-in buyurduğu bir hədisi (imam Sadiq (ə)-dan) belə nəql etmişdir: “Hər kim imkanı olduğu halda din qardaşının qeybətini inkar etməzsə, onun günahı qeybət edənin günahından yetmiş dəfə çoxdur.”

28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Üç nəfərin qeybətini etmək haram deyildir: Bihudə və batil fikirlərə malik olanın, açıq-aşkar və qəsdən günah edənin, bir də zülmkar hakimin.”

29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qəsdən və açıq-aşkar günah edənin qeybəti haram deyildir.”

30-İmam Sadiq (ə) buyurmuşdur: “Fasiq öz günahını açıq-aşkar göstərmək istəyərsə, onun hörməti yoxdur, qeybəti isə caizdir.”

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs bir müsəlmanın qeybətini edərsə, qeybəti olunan şəxs onu bağışlamayınca, onun oruc və namazı Allah dərgahında qırx gün qəbul olunmaz.”

32-İmam Sadiq (ə) buyurmuşdur: “Qeybət etdiyin şəxs (bu işdən) xəbərdar olarsa, onun yanına gedib halallıq al, əgər xəbərdar olmazsa, onun üçün istiğfar et.”

33-İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: “Hər kim bir şəxsin arxasınca onun haqqında hamının bildiyi şeyi danışarsa, bu, qeybət deyildir. Hər kəs bir şəxsin arxasınca onun haqqında camaatın bilmədiyi şeyi danışarsa, bu qeybətdir. Hər kəs bir şəxsin arxasınca onun etmədiyi bir şeyi danışarsa, bu böhtandır.”

34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qeybəti tərk etmək Allah yanında on min rükət müstəhəb namazdan daha əzizdir.”

36-Əbdül-mömin Ənsari deyir: İmam Musa ibn Cəfər (ə)-ın yanına getdim. Məhəmməd ibn Abdullah Cəfəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: “Onu sevirsənmi?” Dedim: “Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm.” Buyurdu: “O, sənin qardaşındır, mömin möminin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən, mömin qardaşını aldadan, ona nəsihət verməyən və mömin qardaşının qeybətini edən şəxslər məlundur.”

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Çobanın ağacı silkələyib yarpaqları tökdüyü kimi, qeybət də insanın imanını qolsuz-budaqsız edir.”

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Merac gecəsi bir tayfa gördüm ki, öz sifətlərini dırnaqları ilə didirdilər. Cəbraildən soruşdum ki, bunlar kimdir?” Dedi: “Camaatın ardınca qeybət edib onların abır-həyasını tökənlər!”

39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mömini söymək günah, onlarla döyüşmək küfr, ətini yemək (qeybətini etmək) haramdır və onun malının ehtiramı qanına ehtiramı kimidir.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sələm yolu ilə qazanılan bir dirhəmin günahı Allah dərgahında otuz altı zinadan da böyükdür. Sələmdən daha böyük günah isə müsəlmanların abır-həyasını tökməkdir.”

1-Kişilər içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs imam Əli (ə)-dır.

2-Qadınlar içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: “Allah hər şeydən əvvəl əqli yaratdı (və ona buyurdu: Hər şeyi sənin vasitənlə alacağam, sənin vasitənlə əta edəcəyəm və sənin vasitənlə savab və cəza verəcəyəm).”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bu ümmətdən götürülən birinci şey həyadır.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Din işlərində əldən gedən ilk şey əmanətdir.”

6-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi.)

7-Hər (qəməri) ayın əvvəlində qusl vermək müstəhəbdir.

8-Hər günün əvvəlində ruzi qazanmaq üçün getmək müstəhəbdir.

9-Yemək yeyəndə birinci Allahın adını çəkmək lazımdır.

10-Miqdad Peyğəmbər (s)-dən sonra “Əli (ə) şiəsi” adı ilə məşhur olan birinci şəxsdir.

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “(Qiyamət günündə) əməl tərəzisində ölçüləcək birinci əməl yaxşı əxlaqdır.”

12-İslam yolunda şəhid olan birinci qadın Əmmarın anası Süməyyə idi.

13-Küfrə səbəb olan birinci əməl namazı tərk etməkdir.

14-Ağızdan çıxan birinci söz mütəal Allahın adı olmalıdır.

15-Allah-taalanın bağışladığı birinci şəxs başqalarını bağışlayandır.

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizi dəvət edən birinci (mömin) şəxsin dəvətini qəbul edin.”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Behiştə daxil olan ilk şəxslər şəhidlər olacaqlar.”

18-Təqvanın birinci yeri ariflərin qəlbidir.

19-İmam Sadiq (ə) buyurmuşdur: “Salamı birinci verən şəxs Allahın və Onun Rəsulunun yanında ən əziz şəxsdir.”

20-Hər ayın birinci günü bacardığınız qədər sədəqə verin.

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Behiştə daxil olan birinci şəxs Əlidir.”

22-Kəbənin üstündə azan deyən birinci şəxs Əli (ə) olmuşdur.

23-Allahın evi Kəbədə dünyaya gələn birinci şəxs Əli (ə)-dır.

24-İbadət mehrabında şəhid olan birinci şəxs Əli (ə)-dır.

25-Peyğəmbər (s)-lə namaz qılan (İslamda camaat namazı qılan) birinci şəxs Əli (ə) olmuşdur.

26-İlin birinci günündə (Novruz bayramında) oruc tutmaq müstəhəbdir.

27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə və Əlinin imamətinə şəhadət verən birinci daş qırmızı əqiq idi.”

28-İmam Sadiq (ə) buyurmuşdur: “Günahların əvvəli altı şeydən ibarətdir: 1-Dünya malına məftun olmaq. 2-Vəzifəpərəstlik. 3-Yeməyi sevmək. 4-Qadınları sevmək. 5-Rahatlığı sevmək (tənbəllik). 6-Yatmağı sevmək.”

29-Həzrət Peyğəmbəri-Əkrəm (s)-ə nazil olan birinci surə “Ələq” surəsi idi.

30-Həzrət Peyğəmbəri-Əkrəm (s) ümməti üçün gətirdiyi birinci vacibi əməl namaz idi.

31-Müsəlman şəxs öləndən sonra ondan soruşulan birinci əməl namazdır.

32-İşlərin ən yaxşısı namazı əvvəl vaxtında qılmaqdır.

33-Birinci məqtul (öldürülən şəxs) həzrət Adəm (ə)-ın oğlu Habildir.

34-Allahın torpaqdan yaratdığı birinci peyğəmbər (və yaxud birinci insan) həzrət Adəm (ə)-dır.

35-İnsanın həyatına səbəb olan birinci şey sudur.

36-İslamda birinci tabut həzrət Fatimeyi-Zəhra (ə) üçün düzəldi.

37-Həzrət Peyğəmbər (s)-in birinci müharibəsi “Bədr” müharibəsi idi.

38-Həzrət Məhdi (ə) zühur edəndə, o həzrətə beyət edən birinci şəxs həzrət Cəbraildir.

39-Həzrət Nuh (ə)-a iman gətirən birinci qadın zövcəsi Amurə idi.

40-Məkkədən Mədinəyə ayaq yalın hicrət edən birinci qadın imam Əli (ə)-ın anası Fatimə binti Əsəd olmuşdur.

1-İnsan qəflət və nadanlıq, habelə heyvani və nəfsani qüvvələrin coşması nəticəsində günaha batarsa, dərhal Allahın mərhəmətinə sığınıb, Ondan bağışlanmağını diləməli, tövbə və istiğfar suyu ilə qəlbini və ruhunu yuyub saflaşdırmalıdır.

2-Allah-taala Qurani-kərimdə buyurur: “Tövbə edib Rəbbinizə tərəf qayıdın. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Günahdan peşmanlıq tövbədir.”

4-Allah-taala Qurani-kərimdə buyurmuşdur: “Hər kəs tövbə edib yaxşı işlər görsə, şübhəsiz ki, o, yaxşı bir dönüşlə Allaha tərəf dönər.”

5-Nəql olunmuşdur ki, həzrət Musa (ə)-ın dövründə bir cavan o qədər günah işlər görür ki, şəhərdən çıxarılmasına əmr olunur. Bu cavan məcbur olub şəhərdən çıxır. Əcəli yaxınlaşdıqca günahları yadına düşüb Allahdan xəcalət çəkir və tövbə edərək deyir: “Ey dünya və axirətin sahibi! Nə dünyası, nə də axirəti olmayan kəsə rəhm et!” Onun bu sözlərindən sonra Allah-taala onun tövbəsini qəbul edir, mələkləri ata-anası və qonşuları surətində onun başı üstünə göndərir. Vəfat etdikdən sonra həzrət Musa (ə)-a xitab olunur ki, yaxşı bəndələrdən biri dünyasını dəyişib, get onu dəfn et. Həzrət Musa (ə) gedib, şəhərdən qovulmuş cavanın öldüyünü görür və təəccüblə deyir: “İlahi, bu, həmin qovulmuş və günahkar cavandır, neçə oldu ki, Sənin yaxşı bəndən oldu?!” Xitab oldu: “Ey Musa! Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Nə qədər ki, günaha batırdı, pis idi, lakin günahlarını tövbə suyunda yuduqdan sonra, onu bağışladım və behişt əhli oldu.”

6-Tövbə edən şəxsin günahları bağışlanar və o, behiştə daxil olar. Allah-taala buyurur: “Ey iman gətirənlər! Allaha xaliscəsinə (səmimi-qəlbdən, bir daha günaha qayıtmamaq şərti ilə) tövbə edin. Ümid var ki, (bu əməlinizə görə) Rəbbiniz günahlarınızı bağışlayıb, sizi ağaclarının altından arxlar axan behişt bağlarına daxil etsin.”

7-Əbu Səbban Kinani adlı bir şəxs deyir: İmam Sadiq (ə)-dan “Ey iman gətirənlər! Xaliscəsinə tövbə edin, Allah dərgahına qayıdın!” – ayəsinin təfsirini soruşdum. O həzrət buyurdu: “Yəni bəndə günahdan tövbə edib, bir daha günaha batmasın.”

8-Məaz ibn Cəbəl həzrət Peyğəmbər (s)-dən soruşdu ki, ixlasla və səmimi qəlbdən tövbə etmək nədir? Həzrət buyurdu: “Səmimi qəlbdən olan tövbə, sağılmış südün bir daha öz (əvvəlki) yerinə qayıtmayacağı kimi, tövbə edən şəxsin də bir daha günaha tərəf dönməməsidir.”

9-İmam Əli (ə) “əstəğfirullah” (Allahdan bağışlanmaq diləyirəm) deyən şəxsə buyurdu: “Anan halına ağlasın! “Bilirsənmi “istiğfar” nədir? İstiğfar yüksək məqamlara malik olanların dərəcəsidir. O, bir kəlmədən ibarətdir, lakin altı şərti vardır:

a) Ötən əməllərdən peşman olmaq və təəssüflənmək.

b) Bir daha keçmiş günahlara qayıtmamaq barədə ciddi qərara gəlmək.

v) Allah-taalanın müqəddəs dərgahına qayıdarkən boynunda heç kəsin haqqı olmasın deyə, camaatın haqqını özlərinə qaytarmaq.

q) Yerinə yetirmədiyin vacib əməllərin qəzasını yerinə yetirmək.

d) Haramdan yaranmış ətləri qəm-qüssə (və peşmançılıqla) əritmək və (nəticədə) dəri sümüklərə yapışdıqdan sonra onların yenidən ətə gəlməsi.

s) Bədənə günahların ləzzətini dadızdırdığın kimi, ibadət və itaətin də çətinliyini dadızdırmaq. Bu mərhələləri yerinə yetirdikdən sonra “əstəğfirullah” de (və Allahdan bağışlanmağını istə).”

10-Tövbə insanın nicat tapmasına səbəb olur. Allah-taala buyurur: “Ey möminlər! Hamınız tövbə edin, Allah dərgahına qayıdın ki, bəlkə, nicat tapasınız.”

11-Tövbə nsanın Allah yanında sevimli olmasına səbəb olur. Belə ki, Allah-taala buyurur: “Doğrudan da, Allah çox tövbə edənləri dost tutur.”

12-İmam Baqir (ə) buyurmuşdur: “Allah-taala Öz bəndəsinin tövbə etməsinə, gecə ikən səhrada miniyini azuqəsi ilə birgə itirib sonradan tapan adamdan artıq sevinir. Deməli, Allah-taala bəndəsinin tövbəsində itirdiyini yenidən tapan şəxsdən daha artıq şaddır.”

13-Tövbə insanın günahlarını savaba çevirir. Allah-taala buyurur: “Onlar Allahla yanaşı başqa bir məbuda ibadət etməz, Allahın haram buyurduğu (toxunulmaz) cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o, əzab içində zəlil olub daim qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və mehribandır.”

14-İmam Sadiq (ə) buyurmuşdur: “Allahın Rəsulu (s) hər gün yüz dəfə tövbə edər və Allahdan bağışlanmaq istəyərdi, hansı ki, heç bir günaha sahib deyildi.”

15-Hədislərdə deyilir ki, Peyğəmbər (s) bir məclisdə (bir oturumda) iyirmi beş dəfə “əstəğfirullah” deyərdi.

16-Tövbə edən şəxs üçün mələklər də dua edir. Allah-taala bu barədə buyurur: “Ərşi daşıyan mələklər öz Rəbbini həmd-səna ilə təsdiq edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmət və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yolunu tutanları bağışla və onları cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Həm onları, həm də atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları vəd etdiyin “Ədn” cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən uzaq saxla. O gün (qiyamət günü) hər kimi pisliklərdən qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur!”

17-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir bəndə günaha batdıqdan sonra tövbə etsə, əməlləri yazan mələklərə əmr olunar ki, qiyamət günü onun günahlarına şahidlik etməsinlər. Üzərində günah etdiyi torpağa əmr olunar ki, bir daha onun günahına şəhadət verməsin. Şahidlər də İlahi əmrə görə şahidlik etməzlər.”

18-Tövbə insanın rifahda yaşamasına səbəb olur. Qurani-kərimdə buyurulur: “Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizi yaxşı şeylərlə faydalandırar.”

19-Allah-taala tövbə edənlərin tövbəsini qəbul edər, belə ki, buyurur: “Bəndələrinin tövbəsini qəbul edən, günahlarını bağışlayan və sizin nə etdiyinizi bilən Odur!”

20-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala Davud (ə)-a buyurdu: “Ey Davud! Günahkarları müjdələ, pak insanları isə qorxut!” Soruşdu ki, günahkarları neçə müjdələyim və pak insanları neçə qorxudum? Buyurdu: “Günahkarları müjdələ ki, tövbələrini qəbul edib, günahlarından keçərəm. Pak insanları da qorxut ki, məbada öz işlərinə qürurlanıb, özlərini bəyənsinlər. Çünki hər kəsi hesaba çəksəm, həlak olar.”

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən Allah-taala hər gecənin son üçdə bir hissəsində, cümə gecəsi isə gecənin əvvəlində dünya asimanına bir mələk nazil edib əmr edir ki, nida edib belə desin: “Bir şey istəyən varmı ki, istədiyi şeyi əta edəm?! Bir tövbə edən varmı ki, Mən onun tövbəsini qəbul edəm?! Günahlarının bağışlanmasını istəyən bir şəxs varmı ki, Mən onun günahlarını bağışlayam?!”

22-Həqiqi tövbə etməklə bütün günahlar bağışlanır. Allah-taala buyurur: “(Ey Peyğəmbər!) De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir.”

23-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kim gündə yüz dəfə “Əstəğfirullah” deyərsə, Allah o gün onun yeddi yüz günahını bağışlayar.”

24-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kim gün ərzində yüz dəfə “əstəğfirullah” deyib yatarsa, günahları ağacın yarpaqları kimi tökülər və günahsız bir insan tək sübhə çıxar.”

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Tövbə edən şəxs günahı olmayan şəxs kimidir.”

26-İmam Baqir (ə) buyurmuşdur: “Etdiyi günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir.”

27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər bir dərdin dərmanı vardır, günahların da dərmanı tövbə etməkdir.”

28-Allah-taala buyurur: “Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü-Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra da tövbə edib düzəlsə, (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir.”

29-İmam Baqir (ə) buyurmuşdur: “İstiğfar etdiyi halda, (yenidən) günaha batan şəxs, özünü istehza edən şəxs kimidir.”

30-İmam Əli (ə) buyurmuşdur: “Tövbənin dörd əsası vardır: 1-Qəlbən peşmançılıq. 2-Dil ilə istiğfar etmək. 3-Bədən üzvləri ilə saleh əməl yerinə yetirmək. 4-Bir daha günaha qayıtmamaq barədə (ciddi) qərara gəlmək.”

31-Allah-taala buyurur: “Şübhəsiz ki, Mən həm tövbə edib iman gətirəni, həm də yaxşı işlər görüb, sonra da doğru yol tutanı çox bağışlayanam.”

32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, cəhənnəm əhlinin əksəriyyətinin nalələri tövbəni təxirə salmaqlarına görədir.”

33-İmam Əli (ə) buyurmuşdur: “Nə çox (tövbə) və yaxşı əməlləri təxirə salanlar olub ki, qəflətən əcəl onları haqlayıb.”

34-Günahından peşman olmayıb, tövbə etməyi təxirə salanları qarşıda açınacaqlı bir aqibət gözləyir. İmam Sadiq (ə)-dan belə bir hədis nəql olunmuşdur: “Atam (imam Baqir (ə)) dəfələrlə buyurardı: “Qəlb üçün günahdan da pis bir şey yoxdur; çünki qəlb günaha batıb, günahı təkrar etdikcə, günah qəlbə hakim kəsilər və onu xarabaya çevirər.” (Yəni təbii olaraq, əvvəldə üzü Allaha tərəf olan qəlbin qiyafəsi dəyişilir və qaralır, bir daha haqq sözü və nəsihəti eşitmir.)

35-Allah-taala buyurur: “Məgər onlar Allahın dərjahında tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər?! Axı, Allah bağışlayan və rəhm edəndir!”

36-İmam Sadiq (ə) buyurmuşdur: “(Tövbə edib) çox-çox bağışlanmaq istəyən bəndənin əməl dəftəri parlaq halda yuxarı yüksələr.”


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə