adaya bənzədən Fales antik dövrün riyaziyyat və astronomiya
tarixində müəyyən iz
buraxmış ilk alimlərindən biri olmuşdur. O, ilin 365 gündən ibarət olduğunu
söyləyərək onun otuzgünlük 12 aya bölündüyünü müəyyən etməklə təqvim irəli
sürmüşdür.
Milet məktəbinin ikinci görkəmli nümayəndəsi Falesin şagirdi Anaksimandr
(e.ə. 611-546) öz müəllimindən, eləcə də qədim hind və Çin filosoflarından fərqli
olaraq bütün mövcud olanların ilk əsasını duyğu ilə qavranılan konkret ünsürlərdə
(od, su, torpaq, hava, metal və ağacda) deyil, əbədi, sonsuz, qeyri-məhdud və qeyri-
müəyyən maddi varlıqda-«apeyron»da görürdü. Bununla da o, idrak tarixində fəlsəfi
kateqoriya olmaq etibarilə materiya anlayışının işlənməsi yolunda ilk addım atmışdı.
Anaksimandr Avropa elmində ilk dəfə olaraq dünyanın umumi kosmoloji mənzərəsini
verməyə cəhd etmişdir.
Milet məktəbinin digər nümayəndəsi Anaksimandrın şagirdi və ardıcılı
Anaksimen (e.ə. 585-524) təbiət elmlərindən əsasən astronomiya və meteorologiya ilə
məşğul olmuşdur. O, mövcudatın əsasını hüdudsuz olan havada görürdü. Onun
fikrincə, hava seyrəkləşərək əvvəlcə od, sonra efir və qatılaşaraq külək, bulud, su,
torpaq və daş olur. Anaksimen burada kəmiyyət dəyişmələrinin keyfiyyət
dəyişmələrinə keçməsi kimi dialektik ideyaya yaxınlaşmışdı (16, 132). Göründüyü
kimi, eyni zamanda təbiətşünas kimi çıxış edən ilk yunan naturfilosofları dünyanı
onun özündən izah edərək bütün mövcudatın əsasını konkret maddi başlanğıcdan
çıxarırdılar. Həmin filosofları nəzərdə tutaraq Aristotel «Metafizika» əsərində
yazmışdı ki, onlar «… Ancaq bir maddi başlanğıcı, məhz bütün şeylərin ibarət
olduğu, ilk dəfə əmələ gəldiyi və sonda məhv olaraq çevrildiyi şeyi… hər şeyin
başlanğıcı saymışlar» (13, 184).
Antik yunan fəlsəfəsinin ilk görkəmli dialektiki olan Efesli Heraklit (e.ə. 544-
483) də eyni zamanda təbiətşünas idi. Özünün naturfəlsəfi baxışlarını «Təbiət
haqqında» adlı əsərində şərh edən Heraklit mövcudatın ilk əsasını əbədi hərəkətdə,
dəyişmə və çevrilmədə olan fəal atəşdə (odda) görürdü. Bu, özünün aydın ifadəsini
onun aşağıdakı sözlərində tapmışdır: «Bir vahid olan bu dünya heç bir allah və heç bir
insan tərəfindən yaradılmamışdır, lakin o, tam ölçüdə alovlanan və tam ölçüdə sönən
əbədi canlı od olmuşdur, oddur və od olaraq qalacaqdır» (16, 135). Hər şeyin
substansional-genetik başlanğıcını odda görən Heraklit onu qızıla, şeyləri isə əmtəəyə
bənzədirdi: «Qızıl əmtəələrə və əmtəələr qızıla mübadilə olunduğu kimi, hər şey oda
və od da hər şeyə mübadilə olunur» (16, 134).
Heraklitin «Loqos» haqqında təlimi də çox maraqlıdır. Antik naturfəlsəfə üçün
səciyyəvi olan «ölçü» ideyası Heraklit tərəfindən Loqos (söz, fikir, qanun deməkdir)
anlayışında ümumiləşdirilmişdir. Nizam və ölçü prinsipi olan Loqos dünya binasının
obyektiv dialektik qanunudur. Heraklitə görə, mövcud olan hər şey mütləq dəyiş-
mədə, əbədi axın halındadır: «hər şey axır («panta rei»)». Onun fikrincə, axar bir çaya
iki dəfə düşmək olmaz. Mövcud olan bütün şeylər əksliklərə bölünür və onlar
arasında daim mübarizə gedir ki, həmin mübarizə də hər cür yaranmanın və inkişafın
mənbəyi və səbəbidir: mübarizə – hər şeyin atası və hər şey üzərində hökmdardır,
mübarizə ümumidir və hər şey mübarizə sayəsində və zərurət üzündən doğulur (16,
136). Sadəlövh materialist olan Heraklitin hər şeyi axma, dəyişmə halında götürən
kortəbii dialektik baxışı F.Engelsin qeyd etdiyi kimi «… bütün hadisələr mənzərə-
sinin ümumi xarakterini düzgün qavrasa da, həmin mənzərəni təşkil edən təfərrüatı
izah etmək üçün hələ kifayət deyildir biz isə, nə qədər ki, bu təfərrüatı bilmirik,
101
ümumi mənzərə də bizə aydın deyildi» (7, 21). Həmin təfərrüatların məlum olması
üçün onları müəyyənləşdirməyə imkan verən kifayət qədər material toplanmalı idi. O
dövr naturfilosofları isə təbiəti tərkib hissələrinə ayırıb sonuncuları ayrılıqda
öyrənməyərək ümumi mənzərəni aydınlaşdırmaqla kifayətləndiklərindən lazım olan
həmin materialları toplamaq diqqətdən kənarda qalmışdı. Hər şeyə əbədi hərəkətdə və
dəyişmədə baxan Heraklit dayanıqlıqla dəyişkənliyin vəhdətindən ibarət olan hərəkət-
də dayanıqlığı görməyərək, ancaq dəyişkənliyi qəbul edib onu mütləqləşdirirdi.
Qədim yunan naturfəlsəfəsində öz dövrü üçün riyaziyyat və astronomiyanın
inkişafında Pifaqor və pifaqorçuların xüsusi rolu olmuşdur. Onların riyaziyyat və
xüsusilə həndəsə sahəsindəki işləri sonralar həmin elmlərin inkişafına təsir
göstərmişdir. Öz astronomik baxışlarında Yerin kürə şəklində olması və öz oxu
ətrafında fırlanması fikrini söyləyən Pifaqor (təxminən e.ə. 580-500) özünün
kosmoloji baxışlarında geosentrist olub, Ptolemeydən 5 əsrdən də çox əvvəl Yerin
Kainatın mərkəzi olduğu fikrini söyləmişdir. Pifaqorun naturfəlsəfi dünya anlamının
mühüm fərqləndirici cəhəti ədədlər haqqında təlimi inkişaf etdirməsi və Kainatın
əsasını ədədlərdə görməsi idi. Məlumdur ki, obyektləri kəmiyyət və keyfiyyət
müəyyənliklərinin vəhdətində götürüb öyrənən digər elmlərdən fərqli olaraq
riyaziyyat öyrəndiyi obyektlərin keyfiyyət müəyyənliklərindən sərfnəzər edərək
onların hamısı üçün ümumi olan kəmiyyət münasibətlərini, miqdar nisbətlərini
öyrənir. Kəmiyyət isə bir qayda olaraq, ədədlərlə (rəqəmlərlə) ifadə olunur. Görünür,
buradan da Pifaqor ədədlərin mütləqləşdirilməsinə – ədədlər mistikasına gəlib çıxaraq
ədədləri bütün mövcudatın əsası saymışdır.
Qədim yunan naturfəlsəfəsinin inkişafında Eley məktəbi nümayəndələrinin,
xüsusilə Zenonun böyük xidmətləri olmuşdur. Zenonun (e.ə. 490-430) dünyaya
münasibəti öz ifadəsini onun məşhur aporiyalarında tapmışdır. Mövcud olan hər şeyin
daimi hərəkətdə olması haqqında Heraklit fikrinin əksinə olaraq, öz aporiyaları
(xüsusilə «Dixotomiya», «Axilles və tısbağa», «Uçan ox» aporiyaları) vasitəsilə
Zenon hərəkətin mövcud olmaması haqqında müddəasını əsaslandırmağa çalışırdı. Bu
aporiyaları ilə o, sübut etməyə çalışırdı ki, hərəkəti qəbul etmək ziddiyyətə gətirib
çıxarır. Zenon hərəkətin tərəflərindən birini – dəyişkənliyi, fasiləsizliyi əsas götürən
Heraklitin əksinə olaraq dayanıqlığı, fasiləliyi əsas götürərək mütləqləşdirir,
dəyişkənliyi, fasiləsizliyi rədd edirdi. Onun fikrincə, hər şeyin başlanğıcı olan varlıq
tək və hərəkətsizdir. Həqiqətin açarını ziddiyyətlərdə görən Zenon dialektik
düşüncələr və mübahisə, etiraz etmək vasitəsilə rəqibi çətin vəziyyətə salmaq sənəti
olan subyektiv dialektikanı irəli sürüb inkişaf etdirmişdir. Bu da Zenonu dialektikanın
ixtiraçısı adlandırması üçün Aristotelə əsas vermişdir (16, 155).
Yunan naturfəlsəfəsində Anaksaqor və Empedoklun da özünəməxsus yeri
vardır. Dünya binasının əsasında məlum dörd ünsürün durduğunu söyləyən,
Empedoklun (e.ə. 483-423) təlimi çarvaklardan başlayan hind və Miletlilərin,
Heraklitin naturfəlsəfəsinin yekunu kimi çıxış etmişdir. O, «şeylərin dörd kökü»
adlandırdığı həmin ünsürləri əbədi sayır və bildirirdi ki, şeylərin bu «kökləri» ölmür,
ona görə ki, əks təqdirdə onların niyə mövcud olduqları aydın olmazdı. Bioloji
problematika ilə daha çox maraqlanan Empedokl üzvi məqsədəuyğunluq məsələsini
qoyub onu materialistcəsinə həll etməyə cəhd etmişdi. O, bütün canlı orqanizmlərin
deyil, ayrı-ayrı orqanların yaranmasından danışır və tam və hissədən hansının əvvəl
yaranması məsələsini qoyurdu. Onun fikrincə, əvvəlcə bütöv canlıların ayrı-ayrı
orqanları yaranır, sonra onlar müxtəlif şəkildə birləşərək müxtəlif canlıları əmələ
102