57
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-siyasi elmlər seriyası
2010
BEŞİNCİ KİTAB. FRİDRİX NİTSŞE VƏ NİTSŞEÇİLİK
S.M.ƏLİYEVA
Azərbaycan Universiteti
azzizon@mail.ru
Ya rəbbim, görəsən mənim hədər
getmək üçün nə qədər ömrüm qalmışdır?
V
.Q.Belinski
Məqalədə Fridrix Nitsşenin həyat və yaradıcılığının əsas cəhətləri öz əksini tapmışdır.
Məqalədə müəllif Fridrix Nitsşenin həyat və yaradıcılığının ən mühüm hadisələrini onun
yaşadığı dövrün tarixi və siyasi hadisələri ilə əlaqələndirmişdir. Yeni kapitalizm cəmiyyətinin
köhnə Prussiya qaydalarına sığa bilməyən ənənələri və bu iki fərqli istiqamətin ziddiyyət-
lərinin doğurduğu düşüncələrin ədəbi və fəlsəfi yaradıcılıqda əks olunmasını müəllif ifadə edir
və göstərir ki, Zərdüştü məhz həmin mühit yetişdirmişdir. O, həmçinin əsərin müsbət və mənfi
cəhətlərini izah edir, bu əsəri İsa peyğəmbərin dörd həvarisi tərəfindən qələmə alınmış
İncildən köklü surətdə fərqini göstərir. Müəllif məqalədə həm də ədəbi və fəlsəfi dillə bağlı
olan problemlərə də münasibətini bildirmişdir. O, Azərbaycan fəlsəfi dili ilə bağlı öz
mülahizələrini irəli sürmüşdür.
İnsan öz mühitinin məhsuludur, onun mövcudluğu yalnız zaman və məkanın
çevrəsində mümkündür, demək dahilər haqqında danışmaq üçün də, əvvəlcə onların
mühitindən başlamaq, yaşadığı dövrü analiz etmək lazımdır. Digər tərəfdən, istənilən
elmi tədqiqat üçün kontent - analiz tələb olunur və təkcə ona görə yox ki, insanı mühit
yetişdirir və təkcə ona görə yox ki, sosium öz mühitindən heç vaxt tam təcrid oluna
bilmir, yox, əsla yox, hər şeydən əvvəl ona görə ki, mühit dahiləri yetişdirdiyi kimi,
bəzən də dahilər özləri öz mühitini yaradırlar...
Fridrix Nitsşe (1844 – 1900) ilə ilk tanışlıqdan başlayaraq həssas oxucu üçün
diqqəti çəkən birinci məsələ, onun ideala pərəstişlə bağlı şəxsi həyatı və bu həyatdan
dolayı əzablı bir ömür yoludur. Ömrünün hansı məqamındasa, sənətə pərəstiş duy-
ğusu onun düşüncələrinə hakim kəsilir və Fridrix Nitsşe yerdə qalan həyatını, kimin
üçün isə idealın qara-boz kölgəsində, kimin üçün isə ülvi bir düşüncənin işığında
görür. Fridrix Nitsşenin həyatından və yaradıcılığından heç vaxt ona dərs deməyən,
lakin bütün varlığı və qəlbi ilə onun mənəvi müəllimi olmuş böyük alman bəstəkarı,
məşhur filosof Rixard Vaqnerə (1813-1883) pərəstiş duyğusu sezilir, daha doğrusu,
ülvi bir sənət idealı onun ömründən qırmızı xətt kimi keçir və özündən sonra dərin bir
iz buraxır, Fridrix Nitsşenin əsərlərindən hələ indi də böyük sənət qarşısında əriyən
bir qəlbin çırpıntıları duyulmaqdadır...
Fridrix Nitsşeni yalnız oxumaqla onu tanımaq mümkün deyil, yalnız təkrarla,
zikrlə onu dərk etmək olmaz, yaxud yalnız ona vurulmaqla da iş bitmir. Almaniya
58
mühitində nə vaxtsa partlayacaq yeni bir “esse homo” – yəni dinamit yaradan Fridrix
Nitsşeni duymaq və tanımaq üçün ciddi və rasional bir düşüncə qədər, elə o dərəcədə
də, həssas qəlb tələb olunur. İ.Qarin yazırdı: “Nitsşenin fəlsəfəsi – Nitsşenin daxili
aləminin fəlsəfəsidir” (15,79). 1897-ci ildə Vladimir Solovyov (1853 - 1900) “Söz-
çülük və həqiqət” adlı məqaləsini yazdığı zaman Fridrix Nitsşeni “adi bir filoloq,
onun yaratdığı “fövqəl – insan”ı isə “fövqəl – filoloq” kimi xarakterizə etmişdi (26,
187). Vladimir Solovyov, hətta istehza ilə Fridrix Nitsşenin öz əsəri üçün “Zərdüşt”
adını seçməsini, onun tərcümə zamanı qadın adları ilə dəyişik düşə biləcəyi qorxusu
ilə izah edirdi. Amma onun düşüncələrinin tam əksinə olaraq, Fridrix Nitsşe J.P.Sartr-
dan, Karl Yaspersdən (“Nitsşe və xristianlıq”), Stefan Sveyqdən (“Fridrix Nitsşe”),
Şopenhauer, Şiller, Bayron və Helderlinə qədər, bütün böyük yaradıcıların diqqətini
çəkdi. İ.İ.Qarin (“Nitsşe”), A.E.Smolyaninov (“Mənim Nitsşem”) nitsşeçilik fəlsəfə-
sini müasir dövrün kontekstində izah etdilər, hətta bir sıra din xadimləri də bu
mövzuya qayıtdılar. Müqəddəs İustin “Fəlsəfi uçurumlar” adlı əsərində nitsşeçiliyi
belə ümumiləşdirmişdi: “İnsanın ağlı və düşüncəsindəki mövcud çatlar və təbəddü-
latlar əvvəlcə onun qəlbində yaranır” (25,15). Müqəddəs İohann isə “Simfoniya” adlı
əsərində nitsşeçiliyi tamamilə orijinal bir şəkildə çözdü. Və bu gün də Nitsşenin
tədqiqatları davam edir, hətta Rusiyada onun virtual seminarları keçirilir, demək,
Nitsşe yaradıcılığının resepsiyası XXI əsrdə yenidən dünyanın diqqət mərkəzindədir.
Daimi, ünvansız axtarışlar, yalana patoloji nifrət və yaradıcılıq “evrika”sından yerə -
göyə sığmamaq, - bunlar onun qeyri – adi cəhətləri idi. Fridrix Nitsşe ömrünün so-
nuna kimi özündən “daha yaxşı deyə bilənlərin” qarşısında sarsılırdı, bütün həyatı
boyu sənətə pərəstiş duyğusu onu tərk etmirdi, o, heç vaxt sənət və həqiqət qarşısında
əyilməyə utanmırdı. Gənc Henrix Şteynin “Materializmin idealı. Lirik fəlsəfə” adlı
əsəri onun qəlbini fəth etmişdi, ruhuna qanad vermişdi. Fridrix Nitsşe bunu etiraf
etməkdən çəkinmirdi. O, bəzən sözlərə, sənətə canlı bir insan kimi vurulurdu...
Fridrix Nitsşenin yaradıcılığında “Zərdüşt belə demişdir” əsəri xüsusi bir yer tutur,
çünki bu əsərlə o dünyaya öz ilk və son sözünü deyə bilmişdir. Zərdüştü o, bir
peyğəmbər kimi təqdim edir və buna görə də Zərdüştün dedikləri, bəzən İsanın
pritçalarını, bəzən də Məhəmmədə göndərilən vəhyləri xatırladır. Fridrix Nitsşenin
Zərdüştü peyğəmbər kimi pritçalar söyləsə də, əslində o həyat bilicisidir, filosofdur.
O, bir qədər Empedokldan, Heroklitdən, Spinozadan və nəhayət, Hötedən öyrənən,
“İnsanın əldə edəcəyi ən yüksək şey, - onun öz şəxsi qənaətlərini və fikirlərini dərk
etmək, yəqinləşdirmək, özünü tanımaqdır, bunlar onu ruhunun mahiyyətini anlamağa
və başqalarının fikirlərini qavramağa yönəldir” (18, 307)qənaəti ilə yaşayan, həyatın
əbədi mövcudluğunda ən sadə qanunların mürəkkəb vəhdətini görməyə can atan bir
filosofdur. Böyük sənət əsəri həmişə böyük yanaşma tələb edir. Fridrix Nitsşenin
sənətinin böyüklüyü, fəlsəfəsinin gücü isə onun əsərlərində başqalarına xas olmayan
düşüncə azadlığı və yaratdığı qəhrəmanın iddiasızlığıdır. Zərdüşt dünyadan heç nə
istəmir, günəş öz işıq və hərarətini əvəzsiz payladığı kimi, o da dünyaya təmənnasız
boylanır. Hələ çox gənc yaşlarından Fridrix Nitsşenin həyat haqqındakı mülahizələri
belə idi: “Hələ ki, mən yaşayıram, mən düşünürəm, mən hələ yaşamalıyam, çünki
mən hələ düşünməliyəm... (Sum, erqo codito, codito, erqo sum) Mən bütün həyat
hadisələrində vacib olanları, gözəllik əlamətlərini görməyi öyrənmək istəyirəm... Mən
pisliklə mübarizə aparmayacağam, mən ittihamçı olmaq istəmirəm. Bir sözlə, mən
həyatın bütün hallarında yalnız təsdiq etmək, yalnız inandırmaq istəyirəm” (16,202).
O, bu fikirlərini qələmə aldığı zaman hələ çox gənc idi və həyatın yalnız görünən
59
tərəflərini tanıyırdı, həyat isə romanlara sığacaq qədər sadə və konkret deyildi...
Fridrix Nitsşeyə - 24 yaşlı filologiya doktoruna çox sonralar bəlli oldu ki;
“filologiyanın tədqiq etdiyi sahə tükənə bilər, əbədi olmaya bilər, yalnız xronotop
yanaşma tükənmir” (4,9). Tezliklə o anladı ki, ədəbiyyat cari həyat kolliziyalarından
bəhs edərkən, məişət hadisələri çərçivəsindən kənara çıxa bilmir, bütün düşüncələr
ifadə olunmur, bütün sözlər lüğətə yerləşmir və ədəbiyyatda düşüncə ilişib qalırkən,
fəlsəfə insana intəhasızlıq, hüdudsuzluq vəd edir. Fəlsəfə onu cəlb etdikcə, aydın oldu
ki, adi insan həyatı və insanın gündəlik qayğıları getdikcə onun üçün öz mahiyyətini
itirir. Ona qeyri-adi bir hadisə, partlayış, şan – şöhrət lazım idi. Hələ yaradıcılığının
ilk dövrlərində Demokritin “Hər şey axır, hər şey dəyişir” düşüncəsi onun “əbədi
qayıdış” kredosunun yaranmasına səbəb olmuşdu və bu onu bütün həyatı boyu o
əbədiyyətin sirrini axtarmağa sövq edirdi...
Sent– Ekzüperinin yaratdığı Balaca Şahzadə isə deyirdi: “Bir dəfə mən ...
günəşin qürubunu gördüm!... Bilirsənmi... nə zaman ki, insan üçün hər şeyə və hər
yerə kədər çökür, bu zaman o günəşin qürubuna baxmalıdır. Günəş öz qürubunda
əbədiyyətdən danışır” (13,384). C.X. Cübran isə əbədiyyəti belə təsəvvür edirdi:
“...qızılgülün ləçəkləri ilə tikanları arasındakı həqiqət əbədiyyət yuxusu ilə yatır”
(2,166). İnsanlar tarix boyu əbədiyyətin sirrini gah sonsuzluqda, gah uyğunluqda, gah
çərçivədə, gah azadlıqda axtarmışlar. Məsələn, O. Şpenqler deyirdi ki, yunanların
idealı sonsuzluq deyil, uyğunluqdur, yunanlar ona görə uyğunluq axtarırdılar ki, bir –
birinə uyğun olanların əlaqəsindən gözəllik kultu yaratsınlar... Gözəllik isə daimi
olmadığı üçün o özündə əbədiyyətin sirrini saxlaya bilməzdi. Əbədiyyətin sirri əbədi
yolçuluqda olan sonsuzluqdur, bu, əslində “Səvvan yoxuşu”nun yolçuluğudur (6,
270), insanlar ölüb gedir, münasibətlər, düşüncələr yaşayır və üst-üstə toplanır. Bizə
elə gəlir ki, əbədiyyətin sirri hərəkətin deyil, duyğuların, düşüncənin sonsuzlu-
ğundadır. Eyni mahiyyətdə hər dəfə fərqli keyfiyyət tapmaq, hər dəfə yeni bir
məzmun əldə etmək və Səməd Vurğun demişkən, bunun “sənələrcə” davam etməsi...
kumulyativlikdə fərqli bir cəm... (yaxud fərqli lövhələrdə tamamilə fərqli şəkildə
toplanan cəm) və əslində insanı cəlb edən, daim dəyişən bu axının əbədi dayanıq-
lığıdır. Gedəndə qalanın yəqinliyi Qurani–Kərimdə “kulli jəvmin huva fa şənin”
məntiqi ilə izah edilir. Yəni insan həyatının hər bir günü sanki böyük bir ssenarinin
gündəlik yazılan bütöv və təkrarsız məzmununun qısa xülasəsidir... Biz öz fikirləri-
mizdə Fridrix Nitsşenin dünyada ən gözəl tədqiqatçılarından biri hesab edilən fransız
alimi və filosofu Daniel Qaleviyə istinad etmək qərarına gəldik, çünki onun
yazılarından təkcə yazıçı, tənqidçi, filosof yox, diqqətli və ağıllı bir tədqiqatçı, həm
də həssas və incə qəlbli bir oxucu boylanır. Bundan başqa, Daniel Qalevi, həm də
irsən Fridrix Nitsşenin yaradıcılığı və mənəvi dünyası ilə bağlı idi. Onun atası Lüdviq
Qalevi vaxtilə böyük fransız bəstəkarı Corc Bizenin məşhur “Karmen” operasının
librettosunu yazmışdı, o əsər ki, Fridrix Nitsşenin yaradıcılığında xüsusi yer tuturdu.
Günlərin birində, təsadüfən, Corc Bizenin “Karmen” operasını dinləyən Fridrix
Nitsşe, əsərdən çox mütəəssir olur və deyir: “Eşq olsun, eşq olsun! Bu opera adama
Merimenin novellaları kimi təsir bağışlayır, ... o, fərasətlidir, o, güclüdür və bəzən
dərin həyəcan yarada bilir... əsil fransız istedadıdır, hələ Vaqnerin təsiri altına
düşməmişdir, həqiqi Berliozun davamçısıdır (16,201). Çox sonralar isə o, “Karmen”
operası haqqında yeni bir qənaətə gəlir: “Bu əsər məni azad edir”. Daniel Qalevi
Fridrix Nitsşenin həyatının bütün incə məqamlarını aça-aça, əslində onun yaradıcı-
lığının elmi, ədəbi, fəlsəfi mahiyyətini meydana qoyur. Bəlkə də A. Paysda ona görə
60
Albert Eynşteynin böyük kəşfləri belə sadə və ətraflı şəkildə öz əksini tapmışdır ki,
müəllif: “Mən heç vaxt ondan azad adama rast gəlməmişəm” düşüncəsi ilə yaşamış,
böyük alimin bütün şəxsi keyfiyyətlərini, psixoloji – mənəvi yaşantılarını duymuş,
“evrika” momentlərini, düşüncənin işıqlanma anlarını oxucuya təqdim edə bilmişdir
(24,9). Fridrix Nitsşenin qəlbində çox gənc yaşlarından poeziya, proza, təhdid və
fəlsəfədən ibarət olan bir “İsgəndər kələfi” yaranmışdı. O, bu kələfi açmaq üçün
bəzən öz fəlsəfi doktrinasının poetik sistemini yaratmaq, bəzən də öz bədii düşün-
cələrinin fəlsəfi həllini tapmağa can atırdı. Bu zaman bütün qədim Prussiya Zərdüştün
“Zənd Avesta”sındakı fərziyyələrin təsiri altında idi. Təbiət-insan, insan-insan
münasibətləri haqqındakı “Avesta” təlimindən təsirlənən Fridrix Nitsşe, deyəsən,
mənəvi intəhasızlığın yolunu tapmışdı: “Mən çox səbirsizliklə oturmuşdum, amma
heç nə gözləmirdim, mən nə xeyir, nə də şər haqqında düşünmürdün, amma
sevinirdim...” (16,118). Daniel Qalevi Fridrix Nitsşenin psixologiyasına kölgə salan
nifrətin, hüzn və kədərin kökünü məharətli bir tədqiqatçı kimi axtarmış və onu
əsaslandıra bilmişdir. Fridrix Nitsşe bəzən həyatın xaotik məzmunundan yorulurdu,
ona elə gəlirdi ki, həyatda qara rənglər daha çoxdur. Amma onun bu asketik
düşüncələri rus yazıçısı M.Zoşenkonun “Etiraf” əsərindəki “dahilərin ruhi sarsıntı-
larını, mənəvi və psixoloji böhranlarını ictimai mühitdə axtaran” tədqiqata (20,94), və
ya Ziqmund Freydin kəşf etdiyi insan həyatının “ilkin sarsıntı” sindromuna
bənzəmirdi. Buna baxmayaraq, nədənsə, Fridrix Nitsşenin ən çox oxuduğu və sevdiyi
müəllifin - Mopassanın adı da M. Zoşenkonun “qara siyahısında” var idi... Fridrix
Nitsşenin həyatını bütün incəliklərinə qədər çözməyə çalışan Daniel Qalevi göstərir
ki, onun can atdığı əbədiyyət qanunlarının axtarışlarında belə, Rixard Vaqnerin təsiri
duyulur. O, həyatda öz “idealını olduğundan kiçik” (3, 59) görsə də, ondan heç vaxt
tam təcrid oluna bilmir və bu mənəvi asılılıq bəzən bir xəstəlik olaraq onu izləyirdi,
bəzən isə o, bu müqəddəs yaşantıları olduğu kimi ifadə edə bilirdi; ”...mən onun
qarşısında özümü Allahın hüzurunda olduğu kimi hiss edirəm”, - deyirdi... Yeri
gəlmişkən, qeyd etmək lazımdır ki, bu pərəstiş duyğusu xristian apologetçiliyinə və
ya bizə yaxşı tanış olan müsəlman məddahlığına qətiyyən bənzəmirdi. Bu hiss,
həyatda çox az sayda insanlar üçün ayrılmış böyük sənət qarşısındakı mənəvi
təslimçilik, bəlkə də insanın öz qəlbi üçün yaratdığı qandalların ağırlığından doğan
mənəvi - ruhi bir sıxıntı, keçilməz bir çərçivə idi...
Zənnimizcə, belə böyük duyğuların adi ürəklər və sadə düşüncələr üçün
mövcud olmadığını qeyd etmək, yersizdir. Zatən, elə əvvəlcədən də biz, mənəvi - ruhi
varisliyin xətti quruluşunu qəbul etmirdik, amma Fridrix Nitsşedə Şərqə pərəstiş
duyğusunu belə açıq-aydın görmək bizi heyrətləndirdi və bizdən sənətə və
yaradıcılığa fərqli bir yanaşma tələb etdi. Fridrix Nitsşe hələ çox gənc ikən müəllifinə
pərəstiş etdiyi “Ziqfred”, “Tanrıların ölümü”, “Tristan və İzolda” (22,91) əsərlərinin
təsiri altına düşür və bu əsərlər öz mifik məzmunu və lirik təntənəsi ilə onun düşün-
cələrini şumlayır və xeyli dərin çevrilən bu mənəvi sahədən daha ifratçı bir filosof
təxəyyülü cücərdi... Rixard Vaqnerin dövlətçilik modeli təkcə Fridrix Nitsşenin yox,
bütün Avropanın taleyində dönüş nöqtəsinə çevrildi və gələcək alman nasional-
sosializminin yaranmasında ilk və möhtəşəm bir addım oldu. Digər tərəfdən, Rixard
Vaqnerin ideyaları Şərqdən Avropaya gəlmiş mistik düşüncənin təsiri ilə yaranan
maarifçi modernizmi cəmiyyət üçün mənəvi dekadansa çevirməsi ilə səciyyəvidir.
Yeni dövrün ən parlaq və eyni zamanda ən faciəvi düşüncə sahibləri getdikcə Fridrix
Nitsşenin əsərlərini oxuyur və onun pərəstişkarlarına çevrilirdilər. Bernard Şou,
61
Maksim Qorki, Tomas Mann, Andrey Belıy, Jül Renar, Alber Kamyu kimi mütəfək-
kirlər daim onu mütaliə edirdilər və onun nəyə görə “mədəniyyəti - hissələrə bölün-
müş xaosun üzərindəki nazik bir alma qabığına bənzəyən pərdə” hesab etməsinin
səbəbini anlamağa çalışırdılar (23,121). Fikirlər, mühakimələr isə həmişə olduğu kimi
çox fərqli idi. L. N. Tolstoy Fridrix Nitsşeni Monassanla müqayisə edirdi. Jül Renar
isə onun haqqında yazmışdı: “Nitsşe? Onun barəsində nə fikirləşirəm? Fikirləşirəm
ki, familiyasında samit səslər çoxdur” (10,60). Jül Renardan fərqli olaraq, XX əsrin
əvvəllərində yazıçı German Gess isə Fridrix Nitsşedən doktor Faustla eyni səviyyədə
duran “müqəddəs bir məbəd” kimi söz açmışdı... Rixard Vaqnerin “Parsifal” əsə-
rindən dərhal sonra Fridrix Nitsşe yazırdı: “biz dost idik və indi bir-birimizə yad
olmuşuq. Biz ayrı-ayrı yollarla və müxtəlif istiqamətlərə üzən iki gəmiyik... Əgər bizə
yerdə düşmən olmaq nəsibdirsə, biz kainatın idarə etdiyi əlaqəyə inanmalıyıq”
(16,204). Daniyel Qalevi yazırdı: “Rixard Vaqner gah ona çox yaxın, gah da çox uzaq
olurdu” (16,203). Fridrix Nitsşe üçün nə qədər ağır olsa da, o etiraf etməli olur ki,
Rixard Vaqner müasir alman cəmiyyətində özünü doğrultmayan xristian ənənələrinə
güzəştə getmişdir. Və yaş ötdükcə, Rixard Vaqner xristianlığa qayıtmaq üçün vaxtilə
böyük anşlaqla keçən məşhur operalarında öldürdüyü Tanrıları indi yenidən diriltmək
məcburiyyətində qalmışdır. Həyat reallığı ilə barışan Rixard Vaqnerin xəstəliyi ilə
əlaqədar olaraq Venetsiyaya getdiyini eşidən Fridrix Nitsşe deyir: “ “Parsifal”ı yazan
adam, bu cinayətdən sonra öz qalan ömrünü Venetsiyada yox, islah evində keçirmə-
lidir” (16,223). Buna baxmayaraq, Fridrix Nitsşe Vaqnerin ölümündən sonra daha bir
cümlə də yaza bilmədi...
Fridrix Nitsşe 1889-cu ildə yazdığı “Antixrist” əsərində İsanın təbliğ etdiyi kölə
düşüncəsinə, xristian kilsəsinin insanların fiziki varlığına müdaxilə etməsinə böyük
istehza ilə yanaşır, kilsənin raskolçu və asketik ənənələrinə qarşı çıxır, tərki-dünyalığa
dözə bilmirdi, düşünürdü ki, əgər hər hansı bir din, insana yarımçıq azadlıq vəd
edirsə, onun ardınca getməyə dəyməz. Hətta o, islam dinini bu mənada xristianlıqla
müqayisə edirdi və islam dininin insana verdiyi fiziki və mənəvi azadlığa görə onun
üstünlüyünü qəbul edirdi. Fridrix Nitsşe öz fövqəl insanını axtara-axtara geriyə gedib
Budda təliminə çıxdı. “Antixrist”də buddizmi göylərə qaldıran, onun başı açıq,
ayaqyalın azadlığında rahatlıq tapan Fridrix Nitsşe, belə hesab edirdi ki, buddizmdəki
tənhalıq, özünə qapanma hissi şüuru işıqlandırır və insan düşüncəsinin yeni
imkanlarını üzə çıxarır. Nirvana ilə işıqlanmış, nurlanmış Budda həyatı belə xarak-
terizə edirdi: “Həyat düqhə - yəni iztirabdır. Həyat burxulmuş oynaq kimidir, kiçik
hərəkətlərdən belə ağrıyır”. Buddanın Fridrix Nitsşenin qəlbini fəth edən başqa bir
nəsihəti isə belə idi: “Şayiələrə inanmayın, ənənələrə etibar etməyin, kitablardan
oxuduğunuzu və müəllimlərdən eşitdiyinizi, özgələrinin fikirlərini qəbul etməyin, öz
yolunuza özünüz işıq salın” (12,76). Amma nədənsə, Fridrix Nitsşe düşünə bilmirdi
ki, “taha”nı – yəni xudbincəsinə istəməyi və arzuları inkar edən buddizmdəki bu bəsit
və ibtidai azadlıq nə qədər cəlbedici və parıltılı görünsə belə, o, insanların ruhi və
mənəvi əlaqələrini büsbütün qıra bilmir, zatən insan yox, insanlıq əbədidir...
Maraqlıdır ki, son zamanlar elə bizdə də “insan dünyaya tək gəlir, tək yaşayır və
tək gedir” - fəlsəfəsi dəbdədir, amma bu düşüncə nə qədər güclü məntiqə söykənsə
də, A.N.Uaytxedin (1861-1947) “mövcudluq yalnız subyekt üçün mümkündür”
(28,36) düşüncəsinin məsuliyyətini kim öz üzərindən ata bilər? (görəsən dünya, təkcə
özü üçün mövcud olanlara, öz maraqları üçün yaşayanlara bizim bilmədiyimiz qeyri –
adi nəyi vəd etmişdir?).
62
Ən vacib bir məqam da ondan ibarətdir ki, Fridrix Nitsşenin bütün cəhdlərinə bax-
mayaraq, “Zərdüşt belə demişdir” əsəri yazılarkən o, artıq nə siyasətçi, nə ədəbiy-
yatçı, nə də tənqidçi idi, o filosof idi. Bu zaman o, sosial mühiti dəyişmək haqqında
düşünmürdü, o cəmiyyəti görmürdü, onun üçün dünya şəxsi münasibətlərinin onsuz
da hədsiz dərəcədə kiçik olan çevrəsindən çıxıb yaratdığı fövqəl - insanın fəlsəfi
baxışlarına yönəldi. Fridrix Nitsşe bu əsərdə həyatın bütün sahələrinə boylanırsa da,
heç nə onu təəccübləndirə bilmir, heç bir şey onu tutub saxlamır, o daim yuxarıya,
düşüncənin, mənəviyyatın hüdudsuz ənginliyinə doğru can atır, dünya onu
təəccübləndirmək, özünə bağlamaq üçün bir də geriyə qaytarmalı, bu dəfə yeni bir
adla çağırmalı idi. Ölüm isə onun üçün bu əbədi qayıdışın başlanğıcı, keçid nöqtəsi
olduğu üçün cəlbedicidir. Əsərdə həyatın bütün tezalarına qarşı Zərdüştün daha
mükəmməl bir antitezasının mövcud olması, fəlsəfi ümumiləşdirmələr göstərir ki,
müəllif abstrakt təfəkkürü həyatın bədii həllindən daha üstün hesab edir. Fridrix
Nitsşe bu əsərdə özünü axtarmır, o artıq özünü tapmışdır, bu əsər yekundur, axta-
rışların nəticəsidir, mənəvi böhranların, ruhi çırpıntıların sonudur, məcrasına düşmüş
düşüncələrin axınıdır. İdeala pərəstişdən doğan bir düşüncənin məhsulu hesab edilən
və bəzən isə xəstə bir təxəyyüllə yazılması güman olunan bu əsərin nə üçün bu günə
qədər dünyanın diqqətində qalması maraq doğurmaya bilməz. Nə üçün Fridrix Nitsşe
yaddaşlardan silinib getmir? Daniel Qalevi bu sualın cavabını onun əsərlərindəki
azadlığın təntənəsi ilə bağlayır. Amma bəzən insan qəlbi azad olduqda da o, insanı
büsbütün azad edə bilmir. Bu dəfə insan, öz təfəkkürünün, ağlının əsarətinə ilişib qalır
və qəlbinə xəyanət edir... Fridrix Nitsşenin azadlığında qəlbin və ağlın təntənəsi
bütövlükdə görünməsə də, ondan başqa kim deyə bilərdi ki: “Həqiqətən də, insan –
çirkli axındır. Dəniz olmaq lazımdır ki, bu çirkabı özündə çökdürəsən və təmiz
qalasan”, (23,6). və ya kim deyə bilərdi ki: “Dağlarda ən qısa yol zirvədən –zirvə-
yədir, amma bunun üçün uzun ayaqlara malik olmaq lazımdır”, və ya “Mən eləsini
sevirəm ki, onun başı ürəyinin məzarıdır”? (23, 29).
Mənəviyyat ilk öncə Şərqin tədqiqat sahəsi olmuşdur. Konfutsi, Fridrix Nitsşedən
fərqli olaraq insanı cəmiyyətlə daha sıx bağlayırdı və düşünürdü ki, hər bir insan
əslində öz həyatında olan incə duyğuların, xırda detalların, kiçik hissələrin, əhə-
miyyətsiz görünən hadisələrin cəmidir. Konfutsi asketizmi rədd edir, sosial sistemləri
cəmiyyətin mənəvi bağı sayır, rituallarda həyatın harmoniyasını axtarırdı və tələ-
bələrinə deyirdi: “Rituala yad olanlara baxma, rituala yad olanlarla oturub – durma,
rituala yad olan sözlər danışma, ritualdan kənara çıxan işlər görmə” (21,74)... Fridrix
Nitsşe isə Şərqin yalnız mənəviyyata köklənən, özünü axtaran, insanı ilahiləşdirən
düşüncələrinə söykənirdi. “Zərdüşt belə demişdir” əsərində Zərdüştün təbiətlə müna-
sibətinə diqqət yetirsək, Fridrix Nitsşenin düşüncələri bizə daha çox aydın olacaqdır.
Zərdüşt onu sancan ilana deyir: “... öz zəhərini geri götür, sən kifayət qədər varlı
deyilsən ki, mənə nə isə bağışlayasan ” (23,48). İnsan iradəsinin böyüklüyü, ağıl və
zəkasının hər şeyə qadir olması müəllifin qəlbini coşdurur və onun ictimai deyil, fərdi
şüuruna əsaslandığını sübut edir. Cəmiyyətdən yayınan Fridrix Nitsşenin böyüklüyü
nədədir? Nə üçün onu hələ də oxuyurlar, Zərdüşt bizə nə verir? Bu suala ilk əvvəl
müəllifin özü cavab vermişdi, o adilikdən qaçmağa çalışır, mənəviyyatı ideallaşdırır-
dı: “...insan mənim üçün o qədər təkmil deyil ki, mən onu sevə bilim, insana mə-
həbbət məni öldürərdi” (23, 6). Bəli, adi insan onu özünə cəlb edə bilməzdi, o fövqəl,
ilahi bir varlıq axtarırdı, elə bir varlıq ki, onu öz düşüncələrinin sehrinə sala bilsin.
Onun üçün həyatın heç bir əziz neməti mövcud olmasın, o, dar mənada işlənən hər
63
cür məna və mahiyyətdən azad olsun. Dünyadan, insanlardan azad olmaq mümkün ol-
duğu kimi, özündən azad olmaq da ona nəsib olsun. İnsan həyatının mənası bəzən
Fridrix Nitsşenin özü üçün də bu düşüncələrin, tərəddüdlərin içərisində itib gedirdi:
“həyat uçurum üzərindən çəkilmiş kanat kimidir, getmək qorxuludur, qalmaq qorxu-
ludur, yolda olmaq qorxuludur ”- deyə etiraf edirdi. Fridrix Nitsşe insan qəlbinin in-
cəliklərinə, mənəviyyatın dərinliklərinə daha çox endikcə, özündən uzaqlaşırdı (23,5).
Fridrix Nitsşe “Zərdüşt belə demişdir” əsərini “Beşinci Yevangeliya” (İncil)
adlandırırdı. Bu əsər onun mənəvi – ruhi axtarışlarının həcminə görə nə qədər mü-
kəmməl olsa da, onu İsanın dörd apostolu - həvarisi- Matfey, Mark, Luka və İohanın
qələmə aldığı müqəddəs İncilə əlavə saymaq düzgün deyildi. İsanı qəbul etmədən
onun kölgəsinə sığınmaq, ona bu qədər yaxınlaşmaq, nəhayət, onunla yanaşı durmaq
iddiası nə dərəcədə doğru idi? Bu iddiada olan Fridrix Nitsşe nədənsə, İncildə ən
vacib bir məqamı, insana sevgini diqqətdən qaçırmışdı. Müqəddəs İncildə deyilirdi:
“Əgər peyğəmbərlik ənamım varsa və bütün sirləri bilirəmsə, hər cür biliyə və dağları
yerindən tərpədəcək dərəcədə imana malikəmsə, amma məhəbbətim yoxsa, mən
heçəm” (9; 13, 8.). Zərdüşt, insanlara İsanın öyrətdiyi bu vacib şeyi verə bilmirdi, o
insanlara elə bir şeyi gətirməmişdi ki, yer üzündə qurtuluşun yeganə yolu, məhz onda
idi. İsaya qədər gələnlər də insanlara çox şey öyrətmişdilər. Bir anlıq, İsanın gələ-
cəyini böyük həsrətlə gözləyən və insanları tövbə üçün İordan çayında vəftiz edən
müqəddəs Yəhyanın sözlərini xatırlayaq: “Mən sizi tövbə üçün su ilə vəftiz edirəm;
fəqət məndən sonra Gələn, məndən daha qüdrətlidir... O, sizi Müqəddəs Ruh və atəşlə
vəftiz edəcəkdir” (9; 3,11.). İsa insanlara onların hələ bilmədikləri müqəddəs bir
hissdən, ruhani bir sevgidən xəbər gətirdi, çünki İsanın imtina düşüncəsində sevgi
böyüdülmüşdü, İsa ruhaniliyi yenidən kəşf etmişdi... Fiziki varlığı önə çəkən instinkt
heç vaxt azadlıq verə bilməz, insan öz ağlının qüdrəti və qəlbinin hökmü ilə bö-
yükdür. Şərq sufizmindən fərqli olaraq, Fridrix Nitsşe Allaha daha primitiv yanaşaraq
onu kiçiltdi və fiziki cəhətdən öldürürdü. Allahı öldürmək üçün onu insanlaşdırmaq,
fiziki varlığını hasilə gətirmək lazım idi ki, bunu əzabkeşlər və sufilər artıq Fridrix
Nitsşe üçün tarixi baxımdan hazırlamışdılar. Nəzəri cəhətdən bu təlimlər biri digərini
doğurmuşdu, çünki hər ikisində Allaha maddi məzmun verilmişdi... Zərdüşt öz fəlsəfi
axtarışlarında fəlsəfə daşını tapır, amma onu nə edəcəyini bilmir, çünki bu zaman o,
polyak aforisti S.Letsin (1909-1966) bu məntiqdən hələ xəbərsiz idi: ”Filosoflar!
Fəlsəfə daşını gəzməyin! Onun sizin boğazınıza bağlanacağı ehtimalı vardır” (27, 34).
Fridrix Nitsşenin yaradıcılığı bəzən Hüseyn Cavidlə müqayisə edilir. Hüseyn
Cavid Fridrix Nitsşedən fərqli olaraq əxlaq qanunlarını danmır, əksinə hətta onun
iblisə münasibətində də tərbiyə üçün yer vardır. Bəlkə də hər iki müəllifi “Peyğəm-
bər” mövzusuna müraciət etdiyinə görə müqayisə etmək olar. O zaman bu siyahıya
C.X.Cübranın “Peyğəmbər”ini, İ.Hötenin “Məhəmmədin nəğməsi”, bəlkə M. Nüay-
mənin “Mirdadın kitabı”nı da əlavə etmək olar (6, 266). Əgər biz “gəzən süjetlər”
axtarırıqsa, müqayisə caizdir. Yox, əgər müqayisə dini məzmundadırsa, o zaman
atəşpərəstlik, buddizm, yəhudilik, xristianlıq və islam dini paralel şəkildə tədqiqat
obyektinə çevrilə bilər...
Böyük fransız filosofu Eduard Şüre (1841-1929) Rixard Vaqnerlə şəxsən tanış idi
və onun dinə qayıtmasına bəraət qazandırmaq üçün yazmışdı: “Nə zaman ki, insanın
qəlbi kütləşir, o zaman din bütpərəstliyə çevrilir” (30,323). Əslində bu fikirlər Fridrix
Nitsşeyə də eyni dərəcədə aid idi, çünki yalnız dini hiss qəlbi olduğu kimi əks etdirə
bilir...
64
Bəzi nitsşeçilər düşünürlər ki, Nitsşenin zəngin fəlsəfi dili Alman fəlsəfi təfək-
kürünün formalaşmasına səbəb olmuşdur, guya fəlsəfə tamamilə dilin zənginliyindən
asılıdır. Əslində fəlsəfə filoloji düşüncənin məhsulu deyildir və yalnız dil, təkcə dil nə
qədər zəngin olsa belə, fəlsəfə yarada bilməzdi. Əgər fəlsəfə dili yaratmırsa, demək
dil də fəlsəfənin radikal şəkildə yaradıcısı ola bilməz. Məsələn, “Peyğəmbər” möv-
zusu nə qədər geniş yayılsa və nə qədər cəlbedici olsa da, Cavidin, Cübranın yaradıcı
düşüncəsinin həddini keçə bilməzdi, necə ki, iblislər, Mefistofellər adi insan
düşüncəsində yerləşən şeytan təsəvvüründən uzağa getmir. Təbii ki, İnsan dildə
kiçildilmişdir. O heç vaxt yaşadığı hissi olduğu kimi çatdıra bilmir. O, həmişə nə isə
deyir, bu danışıq ya evfemik, ya da disfemik ola bilər, bu əsas deyil, əsas odur ki,
kobud və ya incəliyindən asılı olmayaraq, burada həmişə müəyyən bir fikri axtarıb
tapmaq mümkündür. Şüur hansı səviyyədədirsə, dil də o ölçüdədir, təfəkkür də elə
həmin əhatə dairəsindədir. Fridrix Nitsşe Rodeyə yazmışdı. ”...mən bir homo literatus
kimi etiraf etmək istəyirəm, mənə elə gəlir ki, mən yüksək dərəcədə öz Zərdüştümlə
alman dilini yaxşılaşdırmışam. Lüter və Hötedən sonra üçüncü bir addım qalmışdı;
fikir ver, gör... nə vaxtsa, bizim dildə belə bir gücün birləşməsi, çeviklik və səslərin
gözəlliyi olubmu... Mənim stilim rəqsə bənzəyir; mən azad bir şəkildə mümkün bütün
simmetriyalarla oynayıram, mən onlarla hətta sait səsləri seçəndə də oynayıram” (16,
241). Həqiqətən də, o, bir bəstəkar, bir şair olaraq səsləri, sözləri, musiqini çox gözəl
bir şəkildə ayırd edir, seçə bilirdi. O, bəzən düşünürdü ki, italyan dili və musiqisi çox
şirindir, alman dili və musiqisi isə insanı çox yükləyir. Fridrix Nitsşeni həmişə lirik,
canlı, ciddi, incə, ritmik, məzəli və eyni zamanda ehtiraslı dillə yazılmış bir əsər
özünə cəlb edirdi... Dil söz yığınından ibarət deyil, dil fəal nöqtələrin kontaktlarından
yaranan xüsusi bir fəzadır. Dil “...fikrin rahatca axıb töküldüyü hazır forma deyil...”
(5, 212). “... dil iki amorf kütlənin qarşılıqlı əlaqəsindən formalaşaraq öz vahidlərini
hazırlayır... suyun səthi ilə... dalğalar meydana çıxır. Məhz bu dalğalar fikirlə səs
materiyasının əlaqəsi, necə deyərlər, “cütləşməsi barədə təsəvvür yaradır” (5, 213).
Əslində bu prosesi ən sadə şəkildə biz təbiətdə balıqların yaranma faizinin kürü
dənəciklərinin müvəffəqiyyətli toqquşmasından asılı olması ehtimalına bənzədə bi-
lərik, nə qədər kontakt zonası işğal edilirsə, o qədər məhsul əmələ gəlir... Dil sərhədi
təfəkkürü zamanca genişləndirir. Biz deyə bilmiriksə, demək düşünə bilmirik. Hər bir
yeni dil konfiqurasiyası olan cümlə maddiləşmiş fikirdir, fikir maddiləşən kimi
yüklənir və materiyaya çevrilir. Həyat obrazın obrazıdır, modeldən yaranan modelin,
iki dəfə üzü köçürülən və təhrif dolu nüsxənin qarşısında fəlsəfi təfəkkür və ya dil çox
zəif arqumentlə çıxış edir. Dil fəlsəfədə sıxlaşdığı qədər, fəlsəfə dildə genişlənir, yəni
hər bir xalqın düşüncəsi, təfəkkürü həcmində onun dili inkişaf edir və ya əksinə.
Alman klassik fəlsəfəsi alman dilinin, alman düşüncəsinin həcmi qədər böyümüşdü,
təbiidir ki, fəlsəfədə milli şüur, milli təfəkkür böyük rol oynayır, dar düşüncələr
fəlsəfə üçün yararlı ola bilməz. Dil milli xüsusiyyət daşıyır, nitq dildən daha dar bir
anlayışdır, nitq həmişə oyundur və səhnə tələb edir. “Dil ona görə lazımdır ki, nitq
anlaşıqlı olsun, nitq isə ona görə lazımdır ki, dil təşəkkül tapsın. Dil bütövlükdə möv-
cuddur... lüğət kimi, nitq... fərdi və anidir” (5,80). Əgər hər hansı bir dildə aforizmlər,
atalar sözləri yarana bilirsə, əgər hər hansı bir xalq, böyüdə, oxşada, kiçildə, əzizləyə
bilirsə, demək onun dili kasıb deyildir. Əgər metafora, anafora və s. kimi dilə digər
müxtəlif “foralar” verilə bilirsə, dilin bütün bərbəzəyi yerindədirsə, deməli dil
imkanlıdır. Qalır həmin dildə Zərdüştü yaratmaq...Və nəhayət, öz tədqiqatlarında
Fridrix Nitsşenin bu fikirlərinə əsaslanan Daniyel Qalevi Fridrix Nitsşenin qeyri - adi
65
axtarışlarını və qeyri - adi tapıntılarını belə ümumiləşdirir: “Onun ideyalarının əsil
mənası nə idi? Bunlar simvolik xarakter daşıyırdımı və ya real həyat həqiqəti idimi,
bunlar illüziya və ya ümid idimi? Bu suallara cavab vermək çətindir... Bizə elə gəlir
ki, fövqəl – insan, şair-lirikin illüziyası, xəyali yalanıdır” (16,221). Daniel Qalevidən
fərqli olaraq, biz düşünürük ki, bu əsərdə Fridrix Nitsşe şair deyil, tənqidçi deyil, o,
filosofdur və onun fəlsəfi düşüncələrinin mahiyyəti Zərdüştün “qayıdış doktri-
nası”ndan qaynaqlanır. Zərdüştün dünyadan uzaqlaşması dünyanı daha yaxşı görmək
üçün idi, bunu, ekses – yəni təkan üçün geriyə çəkilmək manerası kimi də başa
düşmək olar. Amma dünyada kəsişməyən əbədi həqiqətlər mövcud olsa da, insan öz
gündəlik həyatında kəsişən həqiqətlərlə yaşamalı olur.
Görmək, tanımaq öz qəhrəmanını axtarıb tapmaq və sevmək, Fridrix Nitsşenin
bütün yaradıcılıq idealı budur. Halbuki, “Bu dünyanın izolyasiyası zəifdir. O, həmişə
yarımçıq sistemdir” (7,172).
ƏDƏBİYYAT
1. Bünyadov Z. Məmmədəliyev V. Qurani-Kərim. Bakı: Azərnəşr, 1991, 715 s.
2. Cübran X.C. Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı:
Şərq-Qərb, 2009, 244s.
3. Əfəndiyev A. Mütləqə inam, Bakı: Təbib, 1999, 298 s.
4. Əsədova A. Avropa ədəbiyyatşünaslığı və Azərbaycan ədəbi-nəzəri fikri, Bakı: Elm, 2006, 274 s.
5. Ferdinand de Sössür “Ümumi dilcilik kursu”. Bakı: BDU, 2003, 408 s.
6. Xəlilov S. Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə.
Bakı: Şərq-Qərb, 2009, 380 s.
7. Xəlilov S. Fəlsəfə və sosial siyasi elmlər, elmi-nəzəri jurnal, Bakı: AU, 2008-№ 4, s. 159-185 .
8. Xəlilov S. Mənəviyyat fəlsəfəsi. Bakı: AU, 2007, 520 s.
9. İncil (Əhdi Çədid). Bakı: Bibliya tərcümə İnstitutu, 1991, 621 s.
10. Renar Jül. Gündəlik. Bakı: Gənclik. 1974, 72 s.
11. Səməd Vurğun. Böyük sənət uğrunda B.: Gənclik, 1970, 191 s.
12. Staneki-Kozvoski Mayra, Heyns V., Usami D. Mənim dünyam və mən. Birləşməyə doğru
yol kitabında. Bakı: Gənclik, 1997, 292 s.
13. Антуан Сент – Экзюпери де, Перевод с Фр. М.: Худ. Лит. 1983, 447 с.
14. Библия M.: Российское Библейское Общество, 2007, 1326 с.
15. Гарин И. Ницше, М.: Терра, 2000, 846 с.
16. Галеви Д. Жизнь Фридриха Ницше, Издание М. О. Вольфа, 1911, 318 с.
17. Гете И.В. Собрание сочинений, в 10-ти т., III т. Из моей жизни. Поэзия и правда.
пер. с немец. Н. Манн. М.: Худ. лит., 1376, 718 с.
18. Гёте И.В. Собрание сочинений в 10-ти т., X т. Об искусстве и литературе. М.: Худ.
лит. 1980, 510 с.
19. Закон Божий (для семьи и школы). Составитель С.Слободский. 1987, 723 с.
20. Зощенко М. Исповедь. М.: Советская Россия, 1987, 464 с.
21. Конфуций Уроки мудрости, М.:Эксмо-пресс, Харьков: Фолио, 1999, 958с.
22.Музыкальный энциклопедический словарь. М.: Советская энциклопедия, 1990, 672с.
23.Ницше Ф. Так говорил Заратустра. В 2-х т., II Т. М.: Мысль, 1990, 802 с.
24. Пайс А. Научная деятельность и жизнь Альберта Эйнштейна пер. с анг. (Под ред.
акад. А.А. Логунова). М.: Наука, 1989, 568 с.
25. Преподобный Иустин (Попович) Философские пропасти. М.: Издательский Совет
Русской Православной Церкви, 2004, 288 с.
26. Соловьев В.С. Оправдание добра. Нравственная философия. В 2-х т., I т. М.: Респуб-
лика, 1996, 479 с.
27.Стани́слав Е́жи Лец Непричесанные мысли. Изд.: Вахазар, Рипол Классик, 2007, 384 с.
66
28. Уайтхед А. Н. Избранные работы по философии. M.: Прогресс, 1990, 720с.
29. Фрейд Зигмунд Психоанализ и культура. Леонардо да Винчи, СПб.: Алетейя, 2000, 296 с.
30. Шюре Э. Великие посвящённые. Очерк эзотеризма религий. СП «Книга – Принт-
шоп» пер. с фр. Е.Писаревой. / СПб., 1914, 420 с.
ПЯТАЯ КНИГА. ФРИДРИХ НИЦШЕ И НИЦШЕАНСТВО
С.М.АЛИЕВА
РЕЗЮМЕ
В статье полностью отражается жизнь и творчество Фридриха Ницше. Здесь ав-
тор связывает самые важные исторические события того времени с творчеством Фрид-
риха Ницше. Автор объясняет сходные и отличительные особенности произведений
"Так сказал Заратустра" и Евангелия. Анализирует все особенности Заратустры и объ-
ясняет, почему до сих пор это произведение читается с большим интересом. В статье
указываются положительные и отрицательные особенности Фридриха Ницше и ницше-
анство. В статье внимание направлено в сторону отделяющихся друг от друга особен-
ностей законов природы и общества. Здесь автор также исследовал проблемы возник-
новения литературного и философского языка.
THE FIFTH BOOK. FREDRIK NIETZSCHE AND NIETZSCHEISM
S.M.ALIYEVA
SUMMARY
The article deals with the life and the creative works of Fredrik Nietzsche. The author
connects the most important historical events of those times with the creative works by
Fredrik Nietzsche. Similar and distinctive features between the works "So Zarathustra told"
and “the Gospel” are studied. The author analyzes Zarathustra’s all characteristics, and
explains why this work is still read with great interest. In the article, positive and negative
features of Fredrik Nietzsche and Nietzscheism are noted. The attention is directed to the
features of the distinctive rules of nature and society. The author researches the problems of
formation of the literary and philosophical languages in the article.
Dostları ilə paylaş: |