5
mətbuatı və ictimaiyyəti ilə əlaqələr yaranmasına kömək etməli idilər. Onların hər ikisinin Fransada təhsil
alması və bir müddət bu ölkədə yaşaması üzərinə qoyulan vəzifəni uğurla həyata keçirmələrinə imkan yarada
bilərdi. Nəhayət, Ə. Hüseynzadə daha çox tarixi-etnoqrafik və ədəbi materialların seçilməsi və təbliğatda
onlardan istifadə edilməsi üçün məşğul idi. Lakin yuxarıda da qeyd etdiyim kimi, Nümayəndə heyəti Parisə tam
tərkibdə gedə bilmədiyindən təbii ki, İstanbulda müəyyənləşdirilmiş bu iş bölgüsü dəyişikliklərə uğradı.
Bütövlükdə isə lazım gəldiyi təqdirdə Nümayəndə heyətinin hər bir üzvü gərəkli bilinən və tapşırılan hər bir işi
yerinə yetirməyə hazır idi.
Nümayəndə heyəti nəyə nail oldu?
Paris sülh konfransı Azərbaycan Nümayəndə heyəti hələ İstanbulda olarkən - 1919-cu il yanvarın 18-də
açılmışdı. Azərbaycanlılar Müttəfiq Dövlətlərin təmsilçiləri ilə uzun və üzücü yazışmalardan sonra yalnız
aprelin 22-də Fransa paytaxtına yola düşmək imkanı qazanmış və mayın 7-də Parisə gəlib çıxa bilmişdilər.
Lakin buna baxmayaraq Nümayəndə heyəti öz üzərinə qoyulan vəzifələrin icrasına hələ İstanbulda başlamışdı.
Burada bir tərəfdən çar Rusiyasının süqutundan sonra yaranan yeni, müstəqil dövlətlərin - Gürcüstanın,
Ukraynanın, Şimali Qafqazın və s, o biri tərəfdən isə Qərb dövlətlərinin - ABŞ-ın, İngiltərənin, Fransanın,
Almaniyanın və s. təmsilçiləri ilə danışıqlar aparılmış, Azərbaycan Cümhuriyyətinin müstəqil dövlət kimi
beynəlxalq miqyasda tanıdılmasına təşəbbüslər göstərilmişdi.
Parisdə Nümayəndə heyəti bir neçə istiqamətdə fəaliyyət göstərirdi. İstər heyətin sədri Ə. M.
Topçubaşov, istərsə də ayrı-ayrı üzvlər siyasi danışıqlar aparır, öz ölkələrinin iqtisadi maraqlarını təmin edir,
dövrün mürəkkəb beynəlxalq münasibətlərində Azərbaycanın layiqincə təmsil olunmasına çalışırdılar.
Azərbaycanın istiqlaliyyətinin birinci ildönümü günündə Nümayəndə heyəti ABŞ prezidenti, sülh konfransının
keçirilməsi üçün məşhur prinsiplərin müəllifi V. Vilson tərəfindən qəbul olunmuşdu. həmin görüşdə Vilson
Azərbaycanın və Rusiya əsarətindən qurtararaq öz milli dövlətlərini qurmuş digər xalqların gələcəyi ilə bağlı öz
üzərinə heç bir təəhhüd götürməsə də, bütövlükdə bu görüş Nümayəndə heyətinin dünya siyasəti meydanındakı
fəaliyyətinin uğurlu başlanğıcı kimi diqqəti cəlb edir.
Yenicə qurulmuş dövlətlərini Avropa miqyasında təmsil etmək məsuliyyətini öz üzərinə götürmüş
diplomatlarımız, ilk növbədə isə heyətin sədri Ə. M. Topçubaşov tezliklə özlərini proseslərdən yaxşı baş
çıxaran, şəraitə uyğun şəkildə hərəkət etməyi və düzgün qərarlar çıxarmağı bacaran siyasətçilər kimi göstərə
bildilər. Təsadüfi deyil ki, Ə. M. Topçubaşov Bakıya, Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə
göndərdiyi məlumatlarda təkcə Nümayəndə heyətinin fəaliyyətindən bəhs etmir, həm də ölkəsində ideya və
əməl dostlarına dövlət quruculuğu, xarici siyasət, idarəçilik, beynəlxalq münasibətlər və s. bağlı bir sıra qiymətli
məsləhətlər verirdi. Paris mühitindən və Sülh konfransının təcrübəsindən yalnız Azərbaycanın dövlət
müstəqilliyinə nail olmaq üçün yox, həm də ölkədə demokratik, sivil, sözün yaxşı
mənasında Qərb standartlarına cavab verən bir dövlət qurmaq üçün istifadə olunurdu.
Azərbaycan nümayəndələri öz ölkələrinin siyasi və iqtisadi maraqlarından çıxış edərək fəal və
mütəhərrik siyasət yürüdürdülər. Bu siyasətin əsas guşə daşını isə Azərbaycanın müstəqilliyi ideyası təşkil
edirdi. Paris sülh konfransına hazırlıq mərhələsində Nümayəndə heyətinin səyləri nəticəsində Azərbaycanın
ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İran və s. ölkələrlə qarşılıqlı münasibətlərinin qurulması və inkişaf
etdirilməsi sahəsində bir sıra işlər görülmüşdü.
Öz ölkəsinin müstəqilliyinə zəmanətin yalnız Avropada deyil, daha çox okeanın o tayında olduğunu
başa düşən Ə. M. Topçubaşov qısa müddət ərzində amerikanlarla işgüzar münasibətlər yaratmağa nail olmuşdu.
Vəkil V. Çandler və M. Robinovla müqavilə bağlanmış, onlara ABŞ və Kanadada Azərbaycanın maraqlarını
təmsil etmək həvalə olunmuşdu. Azərbaycanı tanıtmaq məqsədi ilə Parisdə ingilis və fransız dillərində çap
edilən kitab və broşüraların mühüm bir qismi hələ 1919-cu ildə bu ölkələrə yola salınmışdı. Ə. M. Topçubaşov
uzaqgörən bir siyasətçi kimi ABŞ və Avropada Azərbaycan lobbilərinin yaranmasını öz ölkəsinin dünya
miqyasına çıxmasının və geniş tanınmasının, habelə onun maraqlarının daha Etibarlı şəkildə müdafiəsinin əsas
qarantı sayırdı. Nümayəndə heyətinin səyi nəticəsində hələ 1919-1920 - ci illərdə Azərbaycanın tarixi keçmişi,
ölkənin zəngin təbii sərvətləri, Azərbaycanda rus istilasının xarakteri və miqyası, Qafqazdakı qonşularla
münasibət, erməni-azərbaycanlı qarşıdurmasını meydana çıxaran amillər, azərbaycanlılara qarşı erməni zülmü,
1918-ci ilin dəhşətli mart soyqırımı və s. barəsində Avropa ölkələrində müəyyən məlumatlar yaymaq mümkün
olmuşdu. Bütün bunlar isə öz növbəsində həm Azərbaycanın nisbətən geniş tanınmasına imkan yaratmış, həm
də ölkəmiz və xalqımız barəsində daha çox qərəzkar rus-erməni mənbələrinin təsiri altında formalaşmış yanlış
təsəvvürlərin tədricən dağılmasına, onun inamlı və obyektiv münasibətlərlə əvəz olunmasına kömək etmişdi.
Azərbaycan Nümayəndə heyəti yalnız öz ölkəsinin deyil, bütün Qafqazın müstəqilliyi və siyasi-mənəvi
birliyi uğrunda mübarizə aparırdı. İstər İstanbulda, istərsə də Parisdə məhz azərbaycanlılar bu gün geniş
yayılmış ifadə ilə desək, "Qafqaz evi" yaratmağın qızğın tərəfdarları kimi çıxış edirdilər. Nümayəndə heyəti
mühüm sənədlərin qəbulu ərəfəsində Ümumqafqaz maraqlarını əsas götürərək Gürcüstanın və Dağlı
Respublikasının təmsilçiləri ilə əlbir fəaliyyət göstərirdi. Təəssüf ki, bizim günlərdə olduğu kimi həmin dövrdə