|
Fransada xristianlıq
Fransada xristianlıq
Xristianlıq-İsa Məsihin Əhdi-Cədid dini kitabında əksini tapmış həyatının təsvirinə
və baxışlarına əsaslanan monoteistik dünya dini. Digər adları: məsihçilik,
məsihilik, nəsraniyyət, tərsa. Üç əsas dünya dinlərindən (yəhudilik və islamla
bərabər) biri, İbrahimi dini kimi də sayılır.
Xristianlar inanırlar ki, Nazaretli olаn İsa "məsh olunmuş ilahi
varlıqdır(MƏSİHDİR)", Allahın Kəlamıdır, bəşər olmuş Kəlamdır, Allahdır və
bəşəriyyəti xilas edəcək Məsihdir.
Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına
görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir. Avropada, hər iki
Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır.
Xristianlığın üç əsas cərəyanları katoliklik , pravoslavlıq və protestanlıqdır.
Demək olar ki, hər xristian məzhəb kilsə formada təşkil olunur. Xristianlıq Üçlü
Birlikə, yəni, tək Allahın üç ilahi Şəxsiyyətdə var olmasına inanır.
Xristianlıq bizim eranın I əsrində Roma imperiyasının tərkibində olan Fələstin
torpağında, yəhudilərin arasında yaranıb. Sonradan o digər əyalətlərdə və
xalqların arasında yayılmağa başladı.
Xristianlığın məzhəbləri
Xristianlığın əsas ehkamı odur ki, İsanın ölümü və dirilməsi vasitasilə günahkar
insanlar Ata ilə barışmış, əbədi həyatı əldə etmişlərdir. Xristianlar inanırlar ki,
bəşəriyyətin nicatına görə məsh edilmiş İsa Əhd-i ətiq peyğəmbərliyini yerinə
yetirmək üçün dünyaya gəlmişdir. Xristianlar həmçinin inanırlar ki, o şəxslənmiş
Allahdır, həmçinin tamamilə ilahi və tamamilə insani. Bu o deməkdir ki, İsanın iki
təbiəti vardır: ilahi və insani. Nicat ilahi iltifat vasitasilə nail olunur.
Esxatologiyasında adamın ölümündən sonra onun ruhu cənnətə və ya cəhənnəmə
gedir (katolisizmdə həmçinin əraf var). Məhşərdən sonra ölülər dirilmiş olacaqlar.
Tarixi
Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən
qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə
sıx surətdə əlaqədar olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin
(məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən
məlum olduğu kimi, I əsrdə yəhudi dövləti Roma imperiyası tərəfindən işğal
edilmişdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmışdı və dərin böhran içində
idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar
kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və
istibdad hökm sürməkdə idi. Nəticədə isə, imperiyadaxili çəkişmələrin sayı artır,
cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu
proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür
acınacaqlı vəziyyətdən çıxmaqdan ötrü imperiyada yaşayan xalq kütlələri öz
ümidlərini daha çox dinlərə bağlayırdılar. Bu səbəbdən də yəhudi xalqı arasında
İsraili xilas edən Məsihin gəlməsinin yaxın olduğu ideyası geniş yayılmışdı. Hətta
o zamanlar bir neçə şəxs özlərini peyğəmbər elan edərək üsyan etməyə cəhd
etsələr belə, sonda fəaliyyətləri məğlubiyyət ilə nəticələnmişdi.
Bu cür gərgin ictimai-siyasi vəziyyətdə, yəhudilər arasında İsa adlı bir adam
peyğəmbərlik edərək, bir sıra yeni dini və etik prinsipləri ifadə etmişdir. O, qədim
yəhudi dininin bəzi müddəalarına yeni baxışlarla çıxış etmişdir. Rəvayətlərə görə
İsa özünü bir Məsih kimi təqdim etmişdi. İsa peyğəmbərin bizim zəmanəmizə gəlib
çatmayan, İncil adlı İlahi Kitab gətirdiyi haqqında rəvayətlər olsa da, əslində bu
kitab yalnız şifahi olaraq onun tələbələrinə (həvarilərə) məlum idi. Çünki bugün
mövcud olan müxtəlif İncil adlı kitabların İsadan sonra yunan dilində yazıldıqları
heç də sirr deyildir. Halbuki İsanın yunan dilində danışa bilməsi haqqında heç bir
dəlil yoxdur. İsanın fəaliyyətindən narazı olan yəhudi kahinləri çox çəkmədi ki,
İsanı öldürmək fikrinə düşdülər və bu işi həyata keçirmək üçün Roma
imperiyasının Fələstində olan canişininə müraciət etdilər. Məqsəd isə İsanın İsraili
xilas edən Məsih olmadığını sübut etmək idi. Belə ki, məğlub olan adam Məsih ola
bilməzdi. Məsih yalnız xalqı xilas edən adam olmalı idi. Bu məqsədlərinə nail
olmaqdan ötrü isə, onlar az sonra elan etdilər ki, İsanı tutub mühakimə etdikdən
sonra çarmıxa çəkərək edam etmişdirlər. Belə bir hadisənin baş verdiyinin, hətta
şahidlərinin belə olduqları barədə məlumatlar xristian ənənəsində də öz təsdiqini
tapdı. İsanın ardıcılları arasında onun ölümü, və ya qeybə çəkilməsi haqqında
vahid fikir yox idi. Daha sonralar İsanı artıq peyğəmbər kimi qəbul etmiş bəzi
yəhudilər, öz əqidələrini Roma imperiyasının müxtəlif yerlərində yaymağa
başladılar. Belə ki, çoxlu sayda dini dəvətçilər bu işi həyata keçirməyə başladı.
Nəticədə isə, dərin mənəvi böhran keçirən Roma imperiyasının müxtəlif sosial
təbəqələri arasında yeniləşmiş yəhudi dininə meyillər günü-gündən artmağa
başlamışdı. Ənənəyə görə xristianlığı yaymağa həvarilər Pyotr və Pavel
başlamışdılar. Roma imperiyasının müxtəlif bölgələrində İsanın ilk ardıcılları
yığıncaqlarını keçirirdilər və özləri bütpərəstliyə qarşı etiraz səslərini ucaldırdılar.
İsanı onlar Xristos adlandırırdılar. Bu söz isə yəhudilərin “Maşiax” (Məsih)
sözünün yunancaya tərcüməsidir. Roma imperiyasında Xristianlıq əvvəlcə qullar,
miskinlər arasında yayılırdı. Dözülməz şəraitdə yaşayan bu adamlar Xristianlıqda
nicat yolunu tapırdı, bu ideya onlara mənəvi qida verirdi. Lakin sonra Xristianlığı
tədricən varlı zümrələrin nümayəndələri də qəbul etməyə başladılar. Məsələ
bundadır ki, Roma imperiyasında ənənəvi yayılmış bütpərəst inanclar artıq
cəmiyyətdə təsir gücünü itirmişdi. Onlar artıq Roma imperiyasında hökm sürən
ədalətsizliyin və istibdadın rəmzinə çevrilmişdi. Buna görə də imperiyada müxtəlif
qeyri-ənənəvi dinlər yayılmışdı. Onların arasında Misir tanrıları İzida və Osiris,
İran tanrısı Mitranın kultlarını xüsusilə qeyd etmək lazımdır. Belə ki, bir vaxtlar
onlar xristianlıqla ciddi rəqabət aparır, hətta bəzi tədqiqatçılara görə, məsələn
mitraizmin bəzi inancları sonralar Xristianlığa daxil olmuşdur. Belə ki, məsələn,
ölən və dirilən tanrı ideyası mitraizmin əsaslarınlan biri idi. Lakin sonda
Xristianlıq bu rəqabətdən qalib çıxa bildi.
Romada geniş xalq kütlələri tərəfindən Xristianlığın qəbul edilməsi prosesi
kilsənin və keşiş zümrəsi olan klerosun (yepiskoplar, arxiyepiskoplar və s.)
yaranması ilə nəticələndi. Getdikcə bu dində təşkilatlanma prosesi gücləndi və
onun strukturları imperiyanın ictimai-siyasi həyatında aparıcı rol oynamağa
başladı. İmperator Konstantinusun (lat. Constantinus) (306-337) hakimiyyəti
zamanı isə, kilsələrin dövlət maraqlarına qulluq etməsi məqsədi ilə, Xristianlıq
rəsmi dövlət dini elan edildi. Bundan sonra bütün bütpərəst məbədlərinin
bağlaması prosesi başlandı. Nəhayət 451-ci ildə Kalkedon Ümumdünya Kilsə
Yığıncağı son olaraq Romanın həm Qərbində, həm də Şərqində Xristianlığı rəsmi
dövlət dini kimi təsdiq etdi. Cənubi Qafqazda yeni din yaranandan yayilmağa
başlamışdır. Albaniyalı həvari Yelisey, Yerusəlimin birinci patriarxı həvari Yaqub
tərəfindən Qafqaz Albaniyası patriarxı təyin olunmuşdu. 313-cü ildə çar Urnayr
xristianlığı Qafqaz Albaniyasında dövlət dini elan etdi.
Qeyd etmək lazımdır ki, Xristianlıqla bütpərəstliyin mübarizəsi təkcə ideoloji
mübarizə müstəvisində aparılmırdı. Məsələn, imperatorlardan Nero (54-68),
Domitianus (81-96), Trayan (98-117), Markus Aurelius (161-180), Septimi Sever
(193-211), Maksimus (235-238), Valerian (253-260), Dialektian (284-305) öz
hakimiyyətləri zamanı xristianlara qarşı təqiblər və zorakılıqlar həyata keçirməklə
yadda qalmışdırlar. Bunun əsas səbəbi isə, xristianların imperatorları Tanrı kimi
tanınmamaları idi. Öz növbəsində Xristianlıq da qalib gələndən sonra
bütpərəstliyə qarşı hücuma keçdi. Belə ki, bütpərəstlərin məbədləri məhv edilir,
kahinləri öldürülür, ədəbiyyatları isə yandırılırdı. Məsələn, II Teodosiusun və III
Valentinusun əmri ilə 448-ci ildə Porfirinin məşhur “Xristianların əleyhinə” kitabı
tonqallarda yandırılmışdı. 30 il ondan qabaq isə Misirin İsgəndəriyyə şəhərində
Hipatiya adlı tanınmış riyaziyyatçı alim qadın xristian yepiskopu Kirilin (Cyril)
iştirakı ilə təəssübkeş kütlə tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bu hadisələrdən
sonra Avropada azadfikirlilik qadağan olunmuş və hamı Xristianlığı qəbul etmək
məcburiyyətində qalmışdı.
Xristianlığın parçalanması
858-ci ildə Konstantinopolis kilsəsinin patriarxı vəzifəsinə Fotius (lat. Photius)
adlı dünyəvi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün
ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər.
Ondan öncəki patriarx İqnatius (lat. Ignatius) isə, imperator III Mixaellə birlikdə
imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi.
Lakin onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər.
Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolisdə
(İstanbulda) yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Lakin,
onlar Roma papasına müraciət edərək, 861-cı ildə daha bir Kilsə Məclisinin
yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Lakin Roma
papası Nikolas 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan
etdi. Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq, və sonda
kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papas Nikolas bu
addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni
Bizans patriarxlarının hakimiyyətindən almaq üçün atmışdı. Əslində isə, xristian
Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma
papaları, həm də Konstantinopolis patriarxları bütün xristian dünyası üzərində
başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi.
Dostları ilə paylaş: |
|
|