596
Psixiatr–astrofizik:
–Dəli olmusuz? — dedi. — Axı buradakı balkon neçə ildir
uçub, odur ki, biz də bu qapını mıxlamışıq. Oturun.
Ev sahibi tələbəni otuzdurdu və hələ də açıq qapıya çəp-çəp
baxaraq otaqdan çıxdı, bir stəkan su gətirdi, tələbəyə uzatdı:
–İçin.
Tələbə içdi və bir qədər sakitləşdi. O özünü əzgin hiss edirdi.
Elə bil hər şeydən bezmişdi, hər şeydən bıqmışdı, hər şeydən
usanmışdı, dünyada hər şeyə qarşı laqeydlik duyurdu.
Ev sahibi:
–Özünüzü pis hiss edirsiz? — deyə xəbər aldı. Tələbə tam
bir biganəliklə:
–Bilmirəm, — dedi.
–Dincəlin. Hər şey keçib gedər. Görünür, içki sizə çox pis
təsir edir. Bir də ki... Mən çox namünasib vaxtda gəldim...
Gərək məni bağışlayasınız... Bilsəydim...
Tələbə:
–Eybi yoxdur, — dedi.
–Mən elə bil lap göydən düşdüm, — ev sahibi elə hey özünə
bəraət qazandırmağa çalışırdı. — Xaricdən bir az qabaq
gəlmişəm və yenə də gedirəm. İndi də başqa ölkəyə, başqa
konqresə. Vaxt məsələsinə həsr olunmuş konqresə. Vaxtın
fəlsəfi və fiziki mahiyyətinə həsr olunmuş konqresə. İcazə
verərsiniz siqaret çəkim?
Tələbə yüngülcə başını tərpətdi, yəni ki, hə, buyurun, sonra
ikinci dəfə başını yellədi, yəni ki, yox: müsahibi ona siqaret
təklif edirdi. Ev sahibi siqaretini alışdırdı və dərin qullab vurdu
— siqaretin xoş, şirintəhər ətri vardı.
–Bilirsiz, — deyə ev sahibi yenidən sözə başladı, —bütün
bu konqreslərin heç bir əhəmiyyəti yoxdur. Bax mən indicə çox
böyük bir konqresdən gəlirəm, bayaq sizə dedim. Uzaq
dünyalarla əlaqə probleminə həsr olunmuşdu konqres. Bütün
ölkələrdən ən məşhur alimlər toplaşmışdı. Məruzələr,
məlumatlar, filmlər, fotolar, lent yazıları, nə bilim daha nələr,
downloaded from KitabYurdu.org
597
nələr. Ancaq mənim fikrimcə, bu problem kökündən yanlış
qoyulur. Sizi yormuram ki! Taksini 7-30-a sifariş eləmişəm,
odur ki, hələ yarım saat da zəhlənizi tökəcəm... Bəli... Məsələ
belədir ki, mənim fikrimcə kosmik əlaqələr probleminə
tamamilə başqa prinsiplərlə yanaşmaq lazımdır. Tutalım, bax, o
konqresdə nədən danışılırdı? Aresiboda nəhəng bir
radioteleskop qurulub. Bu teleskopun vasitəsilə kosmosun
dərinliklərinə məlumat göndərilib. Nə barədə? O barədə ki, biz-
yer adamları onluq say sistemindən istifadə edirik. Beş atomu
ən vacib sayırıq. İki ayağımız, bir başımız var. Yer üzündə
sayımız da dörd milyarda yaxındır. Çox əcəb. Məni bağışlayın,
amma bu üsulla qıza elçi getmək və oğlan haqqında məlumat
vermək olar — peşəsi bu, vəzifəsi bu, pulu-dövləti bu qədər,
qohum-əqrəbası filankəslər və s. və s. Amma kosmik
kontaktları bu üsulla yaratmaq olmaz. Məsələn, Çikaqo
universitetinin professoru Dreyk, Bombey universitetinin
professoru Mukerçi, Yaponiyadan bir professor, adı yadımda
deyil, çıxış etdilər. Onların hamısı neçə illərdir ki, çox qüvvətli
radioteleskoplar və kompüterlər vasitəsilə yaxın qalaktikaları
izləyirlər, radiosiqnalları yazırlar, amma nə nəticə hasil olub?
Hamısı eyni bir nəticə əldə ediblər, yəni heç bir nəticə —
ulduzlar susub. İndi də oturub başlarını sındırırlar: əgər
doğrudan da uzaq ulduzlarda həyat varsa, bəs niyə ordakılar
hay vermirlər?! Əgər bizim radio və telesiqnallarımızı
eşidirlərsə, niyə dəstəyi qaldırıb cavab vermirlər —o
gülümsündü və qırıq məftilli telefon dəstəyini göstərdi. Mən
telefon dəstəyini nəzərdə tuturam —sonra nə isə düşünüb əlavə
etdi — yeri gəlmişkən, bu təşbeh təsadüfi də olsa, çox dəqiqdir.
Biz kosmosla məhz bu cür telefonla, qırıq telli telefonla,
əlaqəsiz telefonla danışmağa cəhd edirik. Təsəvvür eləyin ki,
bəzən nə cür mənasız işlər görülür. Bir neçə il bundan qabaq
amerikalılar kosmosa Rok-n-Roll musiqisinin melodiyalarını
göndərmişlər. İndi də oturub başlarını bulayırlar — niyə bir
cavab çıxmadı. Bəlkə bu musiqini oradakılar bəyənməyib. Elə
downloaded from KitabYurdu.org
598
bil bu radiodinləyicilərin sifarişilə konsert-zaddır.
Məruzəçilərdən biri hətta belə bir fikir atdı ortalığa: deyir,
şübhəsiz, kosmosdan bizə xəbərlər göndərirlər, amma yüz ildə
bir dəfə. Yüz il bundan qabaq, neçə yüz, neçə min il bundan
qabaq yer üzündə radio yox idi ki, ismarışları qəbul edə bilək.
İndi az qalıb, bu səfər kosmosdan bizə radio vasitəsilə papaq
eləyən kimi başa düşəcəyik. Bişmiş toyuğun gülməyi gəlir belə
sözlərə. Əlbəttə, başqa çıxışlar da oldu. Bəziləri deyirdilər,
canım, ola bilsin ki, qallaktik əlaqə sistemi tamamilə başqa
prinsiplər əsasında qurulur. Amma belə deyənlər də axırda
nikbinliklə nəticə çıxarırdılar: heç kefimizi pozmayaq,
ürəyimizə salmayaq, gec–tez biz də bu əlaqə prinsiplərinə
yiyələnəcəyik. Nə deyəsən? Görünür bizim şüurumuz Əlaqənin
tamamilə başqa növünü anlamağa, təkrar edirəm başqa növ
əlaqə prinsiplərini dərk etməyə qadir deyil. Odur ki, oturmuşuq
nəhəng teleskopların yanında və gözləyirik. Cürbəcür siqnallar
gözləyirik. Hələ çox gözləyəcəyik. Çünki bizə elə gəlir ki,
kosmik Əlaqə balıq tutmaq kimi bir şeydir, torunu atıb
oturmusan çay qırağında, gözləyirsən balıq haçan gəlib tora
düşəcək. Yaxşı, deyək ki, mən ifrata varıram, məsələni
tündləşdirirəm: biz universal şifr-siqnallar, anlaşıqlı rəmzlər,
işarələr göndəririk kosmosa. Yaxşı, olsun, amma bütün bu
özfəaliyyət nə deməkdir? Bizə elə gəlir ki, uzaq dünyalarla
Əlaqə yaratmaq — radiohəvəskarlığı kimi bir şeydir, təsədüfən
efirdə başqa bir radiohəvəskarın ultraqısa dalğalarıyla
rastlaşacaqsan. Amma axı, mənim fikrimin məğzi odur ki,
kosmik Əlaqə tamam başqa cür, gözlənilməz və izaholunmaz
bir şəkildə də meydana çıxa bilər. Yəni biz insanların dərk edə
bilməyəcəyimiz bir şəkildə. Bax, oturub gözləyirik, gözləyirik
ki, bizimlə danışsınlar. Amma bəlkə bizimlə çoxdan danışırlar
və ən müasir cihazlar vasitəsilə deyil, başqa üsulla. Bəlkə bax
elə indinin özündə, bu otağın içində danışırlar bizimlə, amma
biz başa düşə, anlaya, dərk edə bilmirik. —O, dərin bir qullab
vurdu, bayaqdan bəri davam edən, uzun, pərakəndə
downloaded from KitabYurdu.org
599
monoloqunda bu ilk fasilə idi. —Axı uzaq dünyaların sakinləri
— yenidən sözə başladı — bizimlə tamam başqa kanallar
vasitəsilə Əlaqə yaratmağa təşəbbüs edə bilərlər. Tamamilə
başqa rabitə formasından istifadə edə bilərlər. Bəlkə bizə
məlum olmayan imkanlara malikdirlər və beynimizə,
şüurumuza, psixikamıza təsir göstərə bilirlər. Onlar hətta bizim
beynimizin imkanlarını —dünyanı məntiqsiz dərk etmək
imkanlarını yoxlaya da bilərlər. Mən çox qəliz danışmıram ki,
fikrim sizə aydındırmı?
Tələbə:
–Təxminən, — dedi.
–Bəli, bu uzaq aləmlər bizə radio, tele və başqa bizim
qavraya biləcəyimiz işarələr vasitəsilə deyil, tamam başqa
üsullarla müraciət edə bilərlər. Yaxud biz və onlar əyani
şəkildə görüşməli olsaq, yəni onlar bizim planetimizə təşrif
gətirməli olsa, bu görüşü biz bu gün, təqribən, necə təsəvvür
edirik? Nədənsə bizə elə gəlir ki, onlar planetimizə iri kosmik
gəmilərdə gələcək, nəhəng kosmodromlara düşəcəklər. Niyə?
Axı kim dedi ki, onlar — uzaq aləmlərin sakinləri, — çox iri,
azmandırlar və ya hətta elə bizim boyda, adamlar boyda
olmalıdırlar. Lap qoy ən iri ulduzlarda yaşasınlar, axı bunun
onların zahiri ölçülərinə, boy-buxunlarına heç bir dəxli yoxdur.
Onlar ən görünməz mikrobdan belə kiçik məxluqlar ola bilər.
Tamamilə cismsiz varlıqlar da ola bilərlər, məsələn, şüa, qaz
şəklində, səs şəklində. Kim deyər ki, məsələn, səs–şüurlu varlıq
ola bilməz. Təsəvvür edirsiz bütün bir ulduzun şüurlu
sakinləri–yalnız səslərdir. Poeziyadır, eləmi? Və əgər bu tipli
kosmik qonaqlar bizim planetə təşrif buyuracaqlarsa, ya hətta
artıq çoxdan buyurmuşlarsa, onların yer üzündəki məskəni,
qəbul meydançası insan beyninin guşələri də ola bilər.
Kişi elə danışırdı elə bil məruzə oxuyurdu, bəlkə bu
doğrudan da onun konqresdə oxuduğu ya oxumadığı məruzə
idi.
–Axı niyə biz razı olmuruq ki, kainatın başqa guşələrində
downloaded from KitabYurdu.org
600
tamamilə ayrı — şüur qanunları mövcuddur — bizim səbəb-
nəticə bağlılığından fərqlənən qanun sistemi. Və onların
bizimlə Əlaqəsi yalnız o zaman mümkün ola bilər ki, onlar
bizim iqtidarımıza — bu qanunları aşıb keçmək iqtidarımıza
inansınlar. Dünyanı dərk etməkdə bu məntiqi səbəb-nəticə
bağlılığını aşa biləcək bir qüdrət varmı insan şüurunda? Onları
məhz bu maraqlandıra bilər. Onlar beynimizin buna hazır olub-
olmamasını yoxlaya, müayinə edə bilərlər. Şüurumuz
Mümkünsüzlüyü qəbul edə bilirmi? Ya bəlkə onlar hələ bizim
beynimizi — hazırlayırlar — başqa bir məntiq sistemini
qavramaq üçün hazırlayırlar. Və onların bizimlə Əlaqə
yaratmaq cəhdləri məhz bu sahədədir: beynimizdəki səbəb-
nəticə bağlılığını qırmaq, ağlımızın quruluşunu dəyişmək. Axı
bizim bütün idrakımız və kosmik əlaqələr yaratmaq
təşəbbüsümüz ancaq və ancaq bu məntiqə, səbəb-nəticə
bağlılığına əsaslanır. Aman allah, biz necə öz-özümüzdən
müştəbehik, necə də qəti hökm veririk. Kainatı ancaq bizim
məntiqimizlə dərk etmək olar!? İki dəfə iki mütləq dörddür!
hər yerdə, hər zaman, kainatın hər guşəsində! Axı bir zamanlar
biz insanlar eyni inadla inanırdıq ki, Yer hərəkətsizdir, Günəş
onun başına dolanır və ayrı cür düşünənləri asıb-kəsir, odda
yandırırdıq. Mən yalnız din fanatiklərini, inkivizisiyanı nəzərdə
tutmuram. Hələm-hələm adamlar deyil, Ptolomey kimi öz
zəmanəsinin ən parlaq zəkası da buna — Yerin mərkəz
olmasına, Günəşin onun başına dolanmasına inanırdı. Biz isə,
öz zəmanəmizin Ptolomeydən qat-qat aşağı olan zəkaları, eyni
bir inadla başqa şeyə inanırıq: Yer kürəsi günəşin başına
dolanır. Buna zərrəcən şübhəmiz yoxdur, necə ki, Ptolomeyin
də öz iddialarına heç bir şəkk-şübhəsi yox idi. Yaxşı, bəs
birdən sabah, bizim təsəvvür belə eləyə bilmədiyimiz tamam
başqa kəşflər və qanunlar əsasında məlum oldu ki, yox, Yer
Günəşin deyil, Günəş Yerin başına fırlanır. Onda necə? Təbii
ki, bunu mən zarafatla deyirəm, amma prinsipin özü ciddidir.
O nəfəsini dərdi və öskürməyə başladı. Eynilə anası kimi
downloaded from KitabYurdu.org
601
öskürürdü, uzun-uzadı quru öskürəklə. Bir az sakit olub stəkanı
götürdü. Mətbəxə keçdi, Bu adamın nədən danışdığını, ona
nəyi isbat eləməyə çalışdığını tələbə ağıllı–başlı anlamırdı heç.
Tələbə indi yalnız bir şey düşünürdü: əgər indi bu adam
mətbəxdən qayıtmasa, bir də heç bir vaxt görünməsə, tamamilə
anlaşılmaz şəkildə mənzildən qeyb olsa və yaxud qayıtsa,
amma, qiyafəsi, sifəti tamam başqa cür olsa — məsələn saçları
çal, yaxud başı daz keçəl, ya elə olduğu kimi qayıtsa, amma
onu, tələbəni tanımasa, özünü tamamilə ayrı bir adam kimi
aparsa — bütün bunların heç biri artıq tələbəni təəccübləndirə
bilməz. Onun indi keçirdiyi yeganə hiss — tam bir düşüncə
biganəliyi idi, heç bir fikir zəhmətinə qatlaşmaq istəmirdi, heç
bir şeyi dərk etməyə, anlamağa, izah etməyə həvəsi
qalmamışdı.
Ev sahibi otağa qayıtdı. Bığları yaş idi. İndicə su içmişdi.
Divar saatına baxıb:
–Daha lap az qalıb — dedi. — İndicə sizi sakit buraxacam,
başınızı ağrıtmayacam. Taksi on dəqiqədən sonra gələcək. Yeri
gəlmişkən, vaxt haqqında. Vaxtı necə təyin etmək olar? Kim
mənə isbat edə bilər ki, vaxt geriyə yox, irəliyə gedir? Vaxtdan
söhbət gedəndə geri nədir, irəli nə? Nə müəyyənləşdirir vaxtı?
Bax, bu cihaz, — o divar satını göstərdi, — bu qurulu
mexanizm? Deyəcəksiz günəş tsikli — gündüz-gecə, yay-qış.
Amma axı günəşlə bağlı bu hesablar yalnız bizim planetlər
sisteminə aiddir. Bu sistem isə kainatda — zərrəcikdir, tozdur.
Bəs günəşin özündə vaxt necə ölçülür?
Tələbə:
–Bilmirəm, — dedi.
–Amma axı vaxtın tamam başqa anlayışı da ola bilər. — O,
sanki artıq tələbəylə yox, özü özüylə danışırdı. — Siz heç
vaxtın nisbiliyi haqqında məişət səpkisində, adi həyat misalları
səpkisində düşünmüsünüzmü? — deyə yenə tələbəyə müraciət
etdi.
–Yox.
downloaded from KitabYurdu.org
602
–Mən isə düşünmüşəm. Təsəvvür edin ki, yatmısız. Bu
zaman qapınız döyülür, yaxud telefon zəng çalır. Yuxuda yox
ha, gerçəklikdə. Gerçəklikdə bunlar — qapı döyülməsi, telefon
zəngi — bir an çəkir. Amma bu bir real anın ərzində yuxuda
siz uzun bir əhvalat görürsüz. Və yuxuda gördüyünüz bu
əhvalatlar mütləq qapı döyülməsi, talefon zəngilə bitir. Deməli,
bu yuxular zənglə, qapı döyülməsi ilə əlaqəlidirlər. Başqa sözlə
desək, yuxunun bu səhnələri, sizin beyninizdə məhz həmin
səslər səslənən zaman doğulur. Amma yuxuda siz bu səslərlə
bağlı hadisənin əvvəlini də görürsünüz, elə bir şey görürsüz ki,
həmin səslərlə sona çatır, bitir. Deməli, bu səslərin səsləndiyi
müddət ərzində gerçəklikdə və yuxuda iki müxtəlif ölçülü
zaman paralel şəkildə mövcuddur, amma onların müddətləri
ayrı-ayrıdır. Fikrim sizə çatır?
Tələbə:
–Çətinliklə, — dedi, — mən çox yorulmuşam.
–Bağışlayın, bağışlayın, mən də sizi lap yorub əldən saldım.
Bilirsiz mən fikirlərimi kiminləsə bölüşmək istəyirdim. Odur
ki... Hə, vaxtdır, mən getməliyəm.
O, ayağa durdu, papağını qoydu, üzərində müxtəlif
şəhərlərin, otellərin damğaları olan dama-dama çamadanını
götürdü və tələbəylə vidalaşıb qapıya tərəf getdi. Qapını açdı,
sonra nədənsə yenidən otağa qayıtdı və dedi:
–Əlaqə problemi, bax bundadır. Biz şüurumuzun dəyişməz
məntiqi qanunlarının pozulmasına razı olacayıqmı? Hadisələrin
səbəb-nəticə bağlılığının qırılmasıyla barışa biləcəyikmi?
Tamam başqa bir şüur sisteminin olmasını qəbul edəcəyikmi?
Uzaq dünyalarla Əlaqənin yaranıb-yaranmayacağı məhz
bunlardan asılıdır. Amma əgər bütün Qeyri-adi, Dərc olunmaz.
İzahedilməz, Şüurumuzasığışmaz şeylərə yenə məntiqi rasional
səbəblər axtaracayıqsa, vərdişli analogiyalar arayacayıqsa, bir
şeyi kasıb zehnimizin qısa arşınıyla ölçəcəyiksə, o zaman heç
kəslə heç bir Əlaqə yaratmaq mümkün olmayacaq. — O
gülümsündü, amma bu çox kədərli gülüş idi və sifətinin bu
downloaded from KitabYurdu.org
603
kədərli ifadəsiylə o bir daha anasını xatırlatdı. — İnanın mənim
sözlərimə. Salamat qalın...
Qapını örtüb getdi. Az sonra tələbə aşağı düşən liftin səsini
eşitdi.
Pəncərədən açıq bir səhər üzü görünürdü. Ulduzlar çoxdan
sönmüşdü. Daha doğrusu, dan işığının açıqlığında itib
görünməz olmuşdular.
Tələbənin yorğun şüurunda bir fikir oyandı: o düşündü ki,
əl-aqibət axır ki, zəiflik göstərmədi; hə qarı, nə onun dərin
qırıldadan alim oğulları — ya eyni yeganə oğlu — iki idi onlar,
ya bir nəfər idi — kim bilir? — hər halda bu qəribə ailə — ikisi
olsun, üçü olsun, fərqi yoxdur — hamısı bir yerdə tələbənin
şüurunu poza, başını xarab edə bilmədilər. O, dəli olmadı ki,
olmadı.
Tələbə soyunub yatağına girdi. Yuxuya gedə-gedə
düşünürdü: "Gərək kitabxanadan kosmik əlaqələrə aid
ədəbiyyat alıb oxuyam".
Bakı, avqust, 1976.
downloaded from KitabYurdu.org
604
OXUDUQLARINIZ
R.Ulusel. Azərbaycan mədəniyyətinin Anarı........................3
İlk hekayələr
Yağışlı gecə.........................................................................42
İki dəniz ............................................................................. 48
Taksi və vaxt ......................................................................50
Bayram həsrətində ..............................................................68
Könlümüzün gecəsi.............................................................73
Sabah biz ayıq olacayıq.......................................................81
Hekayə.................................................................................90
Asqılıqda işləyən qadının söhbəti.....................................111
Keçən ilin son gecəsi.........................................................114
Dağınıq vərəqlər................................................................129
İki uşaq hekayəsi
Əlifba.................................................................................140
Sayların sərgüzəşti.............................................................142
Üç sandıq hekayəsi
58-ci ilin üç sandıq hekayəsi.............................................148
Nisbət nəzəriyyəsi.............................................................150
İztirabın vicdanı.................................................................155
Ürəyim ağrıyır...................................................................199
60-cı illərin hekayələri
Dörd cahar.........................................................................211
Dağ dağa rast gəlməz........................................................222
Yağış kəsdi........................................................................228
downloaded from KitabYurdu.org
605
Qaragilə.............................................................................244
O gecənin səhəri................................................................257
Gecə yarısında hadisə........................................................267
Ləyaqət..............................................................................315
Mən, sən, o və telefon.......................................................331
Gürcü familyası.................................................................356
Dantenin yubileyi..............................................................383
Molla Nəsrəddin — 66
Zarafatsız...........................................................................441
—Məlumat
—Gülməşəkər kəndinin sabahı
—Zəncir
—Rəng
—Başımızın ağası
—Əl əli yuyar və yaxud bozbaş dəsgahı
—Bir istəkan su
—Maraqlı tədqiqat
—Kəlam qonaqlığı
—Bizim müsahibə
—Yeni il planları
—Xəbərlər
—Son poçt və yaxud replika
—Biz tənqid edəndən sonra
—Hikmətli sözlər
—Elanlar
—Bildiriş
—Düzəliş
—Marallarım
Molla Nəsrəddin — 86..................................................... 520
Yaxşı padşahın nağılı....................................................... 523
Əlaqə.................................................................................543
downloaded from KitabYurdu.org
606
ANAR. Əsərlər I cild
Bakı, Nurlan, 2003, 578 səh.
Nəşriyyat redaktoru:
MƏLAHƏT QƏMBƏROVA
Bilgisayar tərtibi:
SEVİNC HÜSEYNOVA
Yığıcı:
ARZU MAHMUDOVA,
SEVİNC HÜSEYNOVA
Yığılmağa verilib: 10.07.2003.
Çapa imzalanıb: 05.09.2003.
Həjmi: 36,1ç.v. Format:60x88 1/2
Ofset çap üsulu
Sayı: 500.
Qiyməti müqavilə yolu ilə
Nurlan Nəşriyyat Poliqrafiya Birliyi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |