canlandı, dik oturdu və gözlərini ona zillədi. Cip ixtiyarsız halda geri çəkildi.
– Boş yerə mənə elə baxma. Bu həqiqətdir.
O, başını qucaqladı və söz axını qopub töküldü:
– Yox, mən istəmirəm! Mən uşaq istəmirəm!... O, mənim Cipimi korlayacaq!
Birdən
qorxudan sifəti dəyişmiş halda, Cipin yanına sıçradı:
– Mən istəmirəm! Mən qorxuram! Uşaq lazım deyil!
Cip o, burada, divarın yanında sərxoş halda dayanarkən keçirdiyi hisslərə bərabər hisslər
keçirirdi, daha doğrusu, bu, onun uşaq hərəkətlərinə nifrət yox, şəfqət idi. Onun əlindən yapışaraq dedi:
– Qustav, yaxşı. Qoy bu səni narahat eləməsin. Mən o, vəziyyətdə olanda Betti ilə gedərəm,
hər şey
qurtarmayana qədər də qayıtmaram.
O, qızın qarşısında dizləri üstə çökdü.
– Ah, yox! Yox, yox! Mənim Cipim gözəldir!
Özünün də «Ah, yox!» deyəcəyindən qorxaraq, Cip hərəkətsiz halda oturmuşdu. Pəncərə açıq idi,
içəri kəpənəklər uçuşurdu. Onlardan biri buxarının üstündəki dibçəkdəki gülə qondu. Cip zərif,
yumşaq, yaşıl yarpaqlar arasında gizlənmiş, çiçəkləri bayquşun başına oxşayan gülə, buxarının
bənövşəyi rəngli kaşılarına, lampa işığında yumşalan parçalarının parlaq rənglərinə baxırdı və onun
«Ah, yox!» qışqırıqlarından oyadılan sevgisi gözəlliyə üsyan edirdi. Tezliklə eybəcər olacaqdı
və əzab
çəkəcəkdi, ya da ola bilsin ki, öz anası kimi öləcəkdi…
Həmin axşam və sonrakı gün Cip Forseni bu qədər həyəcanlandıran yeniliyə onun necə alışmasını
müşahidə eləyirdi. O, nə vaxt təbiətə tabe olmağın lazım gəldiyini başa düşdü, gələcək uşağı ona
xatırladacaq hər şeydən qaçmağa başladı. O, Roseklə birlikdə Ostendə gedəndən sonra Cip rahat oldu.
Hər dəqiqə evdə ona yad olan, nizam-intizamsız adamı hiss eləmək! Sonrakı gün yay səhərinin
sakitliyində yuxudan oyananda, özünü inandırmağa nə qədər çalışsa da, onun yerinin göründüyünü
etraf eləməli oldu. Ürəyində nə boşluq, nə də ağrı vardı, o, yalnız bir
şeyi hiss edirdi, beləcə tək
uzanmaq necə də xoş və rahatdır! Bir xeyli yataqdan durmadı. Bu çox gözəl idi, pəncərələr və qapılar
taybatay açılmışdı, otağa elə hey küçüklər qaçıb gəlirlər, sənsə mürgü içində uzanıb göyərçinlərin
qurultusunu, şəhərdəki hərəkətin uzaq səslərini eşidirsən və yenidən özünün,
öz qəlbinin və bədəninin
sahibi olduğunu hiss edirsən. Cip atasına zəng eləyib tək olduğunu dedi.
Uinton Londondan getməmişdi. Qudviddə, sonra da Donkasterdə keçirilən at yarışlarında diqqət
cəlb eləyən bir yarış iştirakçısı yox idi, həm də ilin bu vaxtı ov mövsümü də deyildi, Londonu tərk
eləmək üçün bir səbəb yox idi. Paytaxtda o, ən çox avqust ayını sevirdi, klub adamsız olurdu, orada
hansısa bir zəhlətökən qocanın yaxandan yapışıb səni uzun söhbətə çəkəcəyindən qorxmayaraq,
istədiyin qədər otura bilərdin. Qılıncoynatma müəllimi balaca Bonkart həmişə onun xidmətində idi.
Uinton artıq çoxdandı bir vaxtlar sağ əli ilə silahı necə tuturdusa, sol əliylə də elə tutmaq istəyirdi.
Cermi-stritdəki türk hamamı da demək olar ki, boşalmışdı, kök müştərilər çıxıb getmişdilər. Kovent-
qardendə gəzmək, yemiş alıb evə aparmaq və bu zaman kimləsə rastlaşmamaq olardı, yalnız hansısa
düşkün hersoqinya Pikadilla nəzərə alınmazsa. İsti axşamlarda isə, sadəcə,
siqaret çəkərək, parklarda
və küçələrdə dolaşmaq, dumanlı fikirlərə, dumanlı xatirələrə dalmaq olardı. Qızının evdə tək
olduğunu, o şəxsin evdə olmadığını eşitmək çox xoş oldu. Ona harada nahar versin? Missis Marki
məzuniyyətdə idi. Bəs nəyə görə də Blefardda yox? Orada sakitlikdi, balaca salonları elə də hörmətə
layiq deyildi, amma həmişə sərin olurdu. Qərara alındı, Blefardda!
Qızı Beri-stritdəki evə yaxınlaşanda o, artıq hazır idi və özünü məktəbdən bir neçə günlüyə
buraxılmış uşaq kimi hiss edirdi. Qızı
necə də məftunedicidir, düzdü, bir balaca solğundu, qara gözləri,
təbəssümü necə də yaxşıydı! Və cəld maşına yaxınlaşaraq dedi:
– Yox, düşmə. Mən də minirəm. Blefordda nahar elərik. Cip, bu gecə əylənmək gecəsidir!
Qızının arxasınca balaca restorana daxil olmaq, restoranın alçaq, qırmızı rənglə rənglənmiş
salonuyla gedərkən, müştərilərin onları həsəd dolu baxışlarla ötürməsi ona əsl ləzzət bəxş eləyirdi. Cipi
pəncərənin yanındakı uzaq küncdə oturtdu, buradan onu görmək olurdu, o, da istədiyini görə bilərdi. O,
çox istəyirdi ki, qızına
tamaşa eləsinlər, özü isə müştərilərə çallaşmış boynunun arxasını seyr etməyə
imkan yaradaraq, arxası zala doğru oturmuşdu. O, ümumiyyətlə, şampan şərabı içib, buğa verilmiş ət
aşıran bu alabəzək kütləyə baxaraq, öz məmnunluğunu korlamaq fikrində deyildi. Ya da gizlicə olaraq,
təkcə bu gecəylə yox, həm də qızın anasıyla burada oturub şam elədiyi axşamın da xatirələrindən həzz
almaq istyirdi. O vaxt baxışlar ona hücum eləyirdi, qadın isə üzünü gizləmişdi. Ancaq bu haqda Cipə
heç nə demədi.
Qızının
dediyi yeniliyi o, dodaqlarını sıxaraq və harasa yuxarılara baxaraq, sifətində qızına çox
yaxşı tanış olan ifadəylə qarşıladı.
– Nə vaxtdır? – o soruşdu.
– Noyabrda.
Həmin ay! Əlini masanın üstündən uzadaraq, qızının barmaqlarını möhkəmcə sıxdı.
– Hər şey yaxşı olacaq, mənim balam. Mən şadam.
Cip onun əlindən yapışaraq mızıldandı:
– Mənsə yox. Ancaq qorxmayacağam, söz verirəm!
Onların heç biri heç nəyi yalan demirdilər. Hər ikisi hər cür şəraitdə öz sakitliklərini qoruya
bilərdilər. Bundan əlavə həm də bu gecə «əyləncə gecəsi»ydi – qız ərə gedəndən bəri ilk azad
gecəsiydi. Uintonun: «Demək, o, Ostendə getdi?» deməsindən və «Hələ bir!» deyə səslənməsindən
sonra Forseni bir daha xatırlamadılar. Mildenxemdəki atlardan danışırdılar. Cipə elə gəlirdi, onun
oradakı uşaq dəcəlliklərini xatırladan illərin üstündən çox keçib. Atasına bic-bic baxaraq soruşdu:
– Ata, sən özün uşaqlıqda necəydin? Rozamunda bibi deyir, sən bəzən elə qəzəbli olurmuşsan, sənə
yaxın düşmək olmurmuş. Deyir, ağaclara dırmaşır, quşvuranla daş ataraq hamını cırnadırmışsan və elə
hal olmayıb ki, sən demək istəmədiyin sözü deyəsən.
Hələ bir, öz mürəbbiyənə də vurulubmuşsan, bu
doğrudurmu?
Uinton gülümsədi. Missis Xantli! Hörülmüş şabalıdı saçları, mavi gözləri olan, həmişə zərif
geyinən qadın!