il rayonda işlədikdən sonra 1962-ci ildə Bakıya qayıdıb
Azərbaycan dilçiliyi ixtisası üzrə V.İ.Lenin adına APİ-nin
aspiranturasına qəbul olunur. Görkəmli türkoloq, professor
Ə.Dəmirçizadənin rəhbərliyi ilə «Ə.Haqverdiyevin dramaturgiya
dili («Dağılan tifaq» pyesi əsasında)» mövzusunda namizədlik
dissertasiyası üzərində işləməyə başlayır.
Beləliklə, Qəzənfər müəllimin həyatının elmi-tədqiqatçılıq
dövrü başlanır. O, «Dağılan tifaq»ın Peterburq çapı ilə (1899)
Bakı nəşrləri (1926, 1935 və s.) arasında müqayisələr aparır,
onların fərqli cəhətlərini müəyyənləşdirir, yazıçının arxivini
gözdən keçirir. «Müxtəlif qeydlər dəftəri»ni oxuyub ədibin pe-
daqoji fəaliyyətinə, Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyətində
dil, tarix və etnoqrafiya şöbəsinə rəhbərliyi dövründə akademik
N.Y. Marr, məşhur türkoloqlardan N.İ.Aşmarin, İ.İ.Meşşaninov
və başqaları ilə elmi əməkdaşlığına dair yeni faktlar üzə çıxarır.
Gənc tədqiqatçı elmi axtarışlarının nəticələri əsasında
«Ə.Haqverdiyev və ədəbi dilimiz» adlı ilk geniş məqaləsini yazır.
Arxiv sənədləri əsasında yazılmış bu məqaləsində o, görkəmli
yazıçının ədəbi dil haqqında fikirlərini araşdırır, ədibin mövcud
türkoloji fikirlər barədə kifayət qədər əhatəli elmi məlumata
malik olduğunu müəyyənləşdirir. Aspirantlıq dövründə onun
yazdığı başqa məqaləsində isə Ə.Haqverdiyevin dramaturgiya dili
tədqiq olunur. «Dağılan tifaq» pyesinin leksik xüsusiyyətləri,
özəlliklə oradakı polisemantik frazeoloji vahidlərin, məhəlli və
arxaik sözlərin işlənmə məqamları, semantik incəlikləri və bədii
funksiyası aydınlaşdırılır.
Q.Kazımovun «Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan
tifaq» pyesinin frazeologiyası» məqaləsi yazıçının əsərindəki
sabit söz birləşmələrinin dilçilik təhlilinə həsr olunmuşdur.
Məlumdur ki, dramaturgiyada canlı danışıq dilinə üstünlük
verildiyi üçün frazeoloji vahidlərin üslubi imkanları genişdir. Fikri
emosional, yığcam və obrazlı ifadə etmək, surətlərin xarakterini
incəliklərinə qədər səciyyələndirmək üçün xalq deyimlərinin çox
mühüm əhəmiyyəti var. Q.Kazımovun dediyi kimi, bədii əsərdə
canlı xalq dilinə məxsus ifadələrdən istifadə «həyati bir
zərurətdir».
7
Məhz həmin zərurətə görə Ə.Haqverdiyev başqa
əsərlərində olduğu kimi, «Dağılan tifaq» faciəsində zəngin
frazeoloji materialdan istifadə etmişdir. Q.Kazımov onların
hamısını elmi tədqiqata cəlb edərək, məna növlərini
müəyyənləşdirmiş, işlənmə səbəblərini və yerinə görə semantik
calarlarını aydınlaşdırmışdır. Əslində, «Dağılan tifaq»ın
frazeologiyasının araşdırılması tədqiqatçıya yazıçının fərdi üslu-
bunu, onun sənətkarlıq məziyyətlərini müəyyənləşdirmək üçün
lazım olmuşdur. Bundan ötrü o, məsələnin xalis dilçilik tərəfini
ön plana gətirərək, əsərdəki sinonim, omonim və antonim fraze-
oloji vahidlərin quruluşu, tərkibi, yaranma üsulları, işlənmə
yerləri haqqında elmi məlumat verib, pyesin dilindəki frazeoloji
vahidlərin xalq danışıq dilindən gəldiyini və əsərin bədii
keyfiyyətini yüksəldən amillərdən olduğunu əsaslandırmışdır.
Q.Kazımov «Dağılan tifaq» faciəsinin leksik
xüsusiyyətləri, frazeologiyası və üslubu ilə bağlı tədqiqatlarını
«Ə.Haqverdiyevin dramaturgiya dili» mövzusunda namizədlik
dissertasiyasında ümumiləşdirmişdir. O, əsərini 1967-ci ildə
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda
«Ədəbiyyat və dilçilik» ixtisası üzrə İxtisaslaşdırılmış Şurada
müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi
almış, sonralar bu dissertasiyanın mətnini monoqrafiya kimi
hazırlayıb, «Yazıçı və dil» kitabında çap etdirmişdir.
İlk məqalələrindəki fikir və mülahizələri daha da
cilalayan, dəqiqləşdirən müəllif kitabda Ə.Haqverdiyevi
Azərbaycan milli ədəbi dilinin inkişafı və sabitləşməsi dövrünün
ən görkəmli nümayəndəsi kimi təqdim edir. Ə.Haqverdiyevin
yaşadığı dövr, məlum olduğu kimi, Azərbaycanın sosial-mədəni
həyatının bütün sahələrində milli dirçəliş, ictimai tərəqqi dövrü
kimi səciyyələndirilir. Ölkədə maarifçilik hərəkatının, siyasi
azadlıq uğrunda ideya mübarizələrinin geniş vüsət alması
dövlətə, dinə, dilə, millətə, elmə və mədəniyyətə baxışların
müxtəlif formalarını - polifonizmini meydana gətirir. Q.Kazımov
bu polifonizmi dövrün hakim metodoloji prinsiplərinə uyğun
olaraq, «ziddiyyət və toqquşmalar» kimi mənalandırır və Ə.Haq-
verdiyevi demokratik cəbhədə dayanan, «ədəbi dili milli zəmin
8
üzərində möhkəmləndirmək, sabitləşdirmək xətti yeridən» yazıçı
kimi qiymətləndirir.
«Ə.Haqverdiyev və ədəbi dil» mövzusu ilə bağlı tədqiqat
obyektinin çox geniş olduğunu nəzərə alan müəllif öz
mülahizələrini və nəzəri-filoloji qənaətlərini əsaslandırmaq üçün
yazıçının konkret bir əsərinin – «Dağılan tifaq» faciəsinin dilini
predmetləşdirir. Mövzuya belə yanaşma üsulu bir qədər lokal
görünsə də, Q.Kazımovun araşdırmalarına məhdudluq gətirmir.
Əksinə, tədqiqatçı bir əsərin timsalında problemin dərin qatlarına
enərək, məzkur pyesin leksik, üslubi, semantik və frazeoloji
xüsusiyyətlərinin əhatəli tədqiqinə nail olur. O, ədəbi dilin nəzəri
problemlərinə Ə.Haqverdiyevin münasibəti, xüsusilə, XX əsrin
20-ci illərində elmi-ictimai və mədəni-siyasi mühitdə qızğın
müzakirə və mübahisə predmetinə çevrilmiş dil məsələlərinin
həllində konstruktiv fikirlərlə iştirakı, əməli fəaliyyəti –
ölkəşünaslıq cəmiyyətində türkoloji yarımbölməyə rəhbərliyi,
tarix-etnoqrafiya bölməsinə sədrliyi, N. Aşmarin, V.Tomaşevski,
Y.Baybakov, V.İvanov, V.Sısoyev, V.Ryumin və başqa görkəmli
alimlərlə yaxın əlaqə və əməkdaşlığına dair ətraflı elmi məlumat
verməkdən başqa, yazıçının ədəbi dil və mətbuat dili haqqında
mülahizələrinin təhlilinə də geniş yer ayırır.
Əsərin «Yazıçı duyğusu və dilçi əməliyyatı» adlanan ikinci
fəsli Q.Kazımovun ağır tədqiqatçı zəhmətinin, Sizif əməyinin
məhsuludur. Bu fəsildə o, təkcə istedadlı dilçi yox, həm də
mətnlə işləməyin ciddi məsuliyyətini dərk edən, bu işin
əzablarına böyük sevgi ilə qatlaşan və söz sənətinin incəliklərini
duyan həssas bir mətnşünas-alim kimi görünür. Xüsusilə «Ayın
şahidliyi» hekayəsinin və «Dağılan tifaq» faciəsinin müxtəlif
nəşrlərini tutuşdurmaqla onların nüsxə fərqlərinin
müəyyənləşdirilməsi müəllifin tədqiqatçı ciddiliyindən xəbər verir.
Şivə sözlərinin bədii mətndən çıxarılaraq ədəbi dil vahidləri ilə
əvəzlənməsi, söz sırasının sintaktik normalara uyğunlaşdırılması,
əvəzetmələr, əlavələr, ixtisarlarla bağlı Q.Kazımovun üzə
çıxardığı zəngin faktlar Ə.Haqverdiyevin öz əsərlərinin dili
üzərində necə işlədiyini, bütövlükdə onun sənətkar qayğılarını
göz önünə gətirən elmi təfərrüatlardır.
9
Dostları ilə paylaş: |