O vaxtdan səkkiz il keçib. Amma Şuşada Firudin
bəyin dədə-baba mülkünün
qapısından asılmış daş boyda qıfıl hələ də gözümün qabağından getmir. Ömrünün
qırx ildən çoxunu ədəbiyyatımıza, maarifimizə həsr etmiş Firudin bəy Əhmədağa
oğlu Köçərli kimi müqtədir bir şəxsə ehtiramımız budurmu?..
* * *
Firudin bəyin dədə-baba mülkünün qonşuluğundakı iki mərtəbəli əzəmətli
mülk də istər-istəməz diqqətimi cəlb elədi. Maraqlanıb belə gözəl imarətin kimə
məxsus olduğunu soruşdum. Dedilər ki, şahzadə Bəhmən Mirzənin olub. Mənim
tərifləyə-tərifləyəə, heyranlıqla mülkə baxdığımı görən “bələdçim” - əşşi, çox da
tərifəlayiq deyil, - dedi.
-
Niyə? - deyə maraqla soruşdum.
- Bəhmən
Mirzə arvad düşkünü olub, çox arvad alıb, çoxlu da övladı olub, -
deyən bələdçim kişinin qarasınca deyindi.
-
Bəhmən Mirzənin ailə məsələsini bilmirəm. Amma Azərbaycan tarixində
müəyyən xidmətləri var. Bir də ki, bunun nəyi pisdir, daha yaxşı, millətin sayını
artırıb, ziyalı oğul, qız yetişdirib, - dedim və ürəyimcə olmayan söhbəti
yumşaltmaq məqsədilə yekunlaşdırdım.
Həmin günü gəzə-gəzə Şuşanın yuxarı hissəsinə gedib çıxdım. Nəhəg bir
kilsəyə rast gəldim.
Burada iyirmi beş-otuz usta, fəhlə canfəşanlıqla işləyirdi.
Öyrəndim ki, Yerevandan gətirilmiş ustalar bizim Daşkəsən mərməri ilə erməni
kilsəsini yenidən bərpa edir, zərif naxışlar salırlar. Uzərində pozulmaqda olan
yazılara qızılı rəng vururlar.
O gecə mehmanxanadakı pambıq yorğan-döşəyim od olub məni yandırdı.
İlan vuran yatdı, mən yatmadım...
1983-cu ildə şahidi olduğum bu iki hadisənin günahkarları bu gün xəcalət
çəkirmi görəsən?
Nə isə... Belə sağalmaz yaralarımız, çəkilməsi mümkün olmayan dərdlərimiz
çoxdur... Bir tərəfdən də Bəhmən Mirzənin kimliyi dərd olub ürəyimi yeyirdi.
Fikirləşdim ki, belə əzəmətli mülkün sahibi imkansız, bacarıqsız
adam ola
bilməzdi... Sonralar arxivlərdə işləyəndə, inqilabdan əvvəlki ədəbiyyatları mütaliə
edəndə tez-tez Bəhmən Mirzənin adına rast gəlirdim. Hər yerdə də onun və
oğlanlarının fəaliyyəti barədə xoş sözlər söylənirdi.
Bəhmən Mirzənin müasiri, məşhur tarixçi M.Baharlı 1888-ci ildə qələmə
aldığı “Əhvalati-Qarabağ” əsərində onu hörmət və ehtiramla xatırlayır. O, yazır:
“Mərhum Bəhmən Mirzə çox həlim, nökərə və kənizə mehriban adam idi.
Bir xasiyyəti var idi ki,
hər şeydən ki, əhli və əyali göyərdi, Həmən şeydən nökər
və kəniz üçün verərdi və o nemətdən ki, özü yeyerdi, gərək tamaməmələlər
(nökərlər - Ş.N.) ondan yeyəydi. Razı olmazdı ki,
bir kimsənə o nökərlərə və
qaravaşlara bir kəlmə söz desin. Çox artıq əzizlik ilə əmələ saxlardı. Artıq insaflı
və rəhmdil adam idi. Belə ki, hər yerdə ki, bir nəfər qoca övrət və ya kişi biləydi ki,
var, onun üçün məvacib qərar edəcəydi. Və hərdəm bir dəfə o qoca kişiləri və
qarıları götürüb öz qulluğunda oturdub söhbət edirdi və onlardan qədim sözlərdən
xəbər alardı. Çünki qədim sözü artıq dost tutardı. Və əlavə bu qocaların danışmağı
və söhbətləri xoşuna gəlirdi və onlar üçün öz qulluğunda nahar və çay gətirdərdi. O
qocaların yeyib-içməyindən xoşu gəlirdi. Həmişə özünə məşğuliyyət onların və
qara kənizlərin və qara qulluqçuların oynamağı idi. Çox dost tutardı qoca və avam
adamları.
...Şahzadə Bəhmən Mirzə öz övrətlərinin birisinin
mənzilində imiş və bir
nəfər biganə övrət o xanım üçün halva payı göndərmiş. Bu halva payı gətirən övrət
həmişə şahzadənin qulluğuna gəlib-gedən adam imiş. Qərəz, bir məcməyi çini qab
tamam halva ilə dolu ki, hər birini xanımların biri üçün qoymuş imişlər, bu övrət
əlində içəri girib, görüb şahzadə oturubdur. Övrət əlində dolu məcməi şahzadəyə
baş endirib. Baş əyən vaxt məcməidə Hər nə qab
var imiş tamamən tökülüb
sınıbdır. Şahzadə çox gülüb və buyurub neçə boşqab bazardan alıb, gətiriblər. İki
manat övrətə əlavə pul verib yola salıb ki, bu pul da sənin peşman olmağının əvəzi
olsun”.
QACARLARDAN İLK ŞAH
Dünyanın sivil ölkələrində hamılıqla qəbul
edilmiş əxlaq normalarından biri də odur ki,
keçmişini yalnız nifrətlə xatırlayan xalq
gələcəkdən məhəbbət uma bilməz.
Fransız xalqının tarixində heç də bir
mənalı rol oynamamış Napaleon, Taleyran,
Fuşe haqqında yazılmış və hələ də yazılmaqda
olan əsərləri xatırlamaq kifayətdir.
Tofiq Rüstəmov,
professor.
Şahzadə Bəhmən Mirzə Qacarın insani keyfyyətləri və tarixşünaslırımızdakı
təmənnasız elmi fəaliyyəti barədə məlumatlar topladıqca qeyri-ixtiyari olaraq
Şuşada onun ünvanına qara yaxan “bələdçi”ni xatırlayırdım. İstər-istəməz
düşünürdüm ki, şahzadə Bəhmən Mirzənin bircə “günahı” varsa,
o da nüfuzlu
şahzadə nəslindən olmasıdır.
Sovet dövrndə Qacarlar kimi təqib olunan, hökumət yanında gözükölgəli
yaşayan ziyalı nəsillərimiz çox olub. Qacarlar nəslinin totalitar recim illərində
gözükölgəliyinin ilkin səbəbkarı bu sülalədən olan Ağa Məhəmmədşah Qacardır.
Bu nəslin oğulları 1796-cı ildən ta 1925-ci ilə qədər, yəni yüz iyirmi doqquz il İran
taxt - tacına şahlıq
ediblər. Rusiyanın Qafqazı işğal etmək planlarını puç edən Ağa Məhəmməd şah
Qacar
təbiidir ki, xristianlar tərəfindən sevilmirdi. Ona görə də Sovet tarixində
işğalçı, qəddar, qaniçən və zalım bir şah kimi təbliğ olunurdu. Zamanın və dövrün
təzyiqilə bizim bir çox alim və bədii söz ustalarımız da totalitar rejimin
süzgəcindən keçən obraz yaratmağa məcbur idilər. Gec də olsa etiraf etməliyik ki,
Ağa Məhəmməd şah Qacarın Qafqaza hərbi yürüşündə ilkin məqsədi biz